• şənbə, 20 Aprel, 16:23
  • Baku Bakı 23°C

Manata inamın gətirdiyi divident

23.11.19 13:00 1036
Manata inamın gətirdiyi divident
Mütəxəssislərin fikrincə, milli valyutaya güvəni tam bərpa etmək üçün bank sektorundakı vəziyyəti nizamlamaq lazımdır
2019-cu il oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 8 milyard 605,3 milyon manat təşkil edib. Əmanətlərin 55,7 faizi xarici, 44,3 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artıb, xarici valyutada əmanətlər isə 6,5 faiz azalıb. 2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 14 milyard 211,3 milyon manat təşkil edib, onun 11 milyard 563,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.
Manatla qoyulan əmanətlərin həcminin artması onu göstərir ki, əhalinin milli valyutaya inamı artıb. Bəs bu inamı artıran səbəblər hansılardır?
İqtisadçı Pərviz Heydərovbanklarda əhalinin manatla olan əmanətlərinin artmasının, bilavasitə, valyuta bazarında yaranan sabitliklə əlaqəli olduğunu deyir: "Bildiyimiz kimi, 2015-ci ildə ard-arda devalvasiya baş verdi və 2016-cı il ərzində isə manat təxminən 15%-ə yaxın ucuzlaşdı. Bu da vətəndaşlarda manata olan inamı sarsıtdı. Nəticə olaraq, vətəndaşlar banklarda olan əmanətlərini geri çəkdi. Geri çəkməyənlər isə xarici valyutaya çevirdilər. Beləliklə, həmin dövrdə banklara dollarla əmanət qoyuluşu 90%-ə qədər qalxdı. Amma 2017-ci ildən ölkənin valyuta bazarında sabitlik yarandı və manatın məzənnəsi 1.70 həddində dayandı. Bu amil, əhalidə əvvəlki dövrdə manatla bağlı itmiş inamın bərpasına şərait yaratdı. Lakin hazırda əmanətlərdə müşahidə edilən artım təkcə manatın məzənnəsinin sabit olması ilə bağlı deyil. Bildiyimiz kimi hökumət də 2016-cı ilin mart ayında əmanətlərin sığortalanması haqqında qanun qəbul etdi. Həmin qanunda manatla yerləşdirilən əmanətlərdə faiz dərəcəsi dollar ilə müqayisədə daha çox idi. Qanuna əsasən manatla olan əmanətlər tam olaraq sığortalandı. Bu addım da əhalidə banklara olan inamın artmasına müsbət təsir etdi. Qeyd edilən qanunun müddəti mart ayında başa çatacaq, amma bir müddət əvvəl Milli Məclisin iclasında müddət uzadıldı”.
Müsahibimiz qeyd etdi ki, keçən dövr ərzində xarici valyuta ilə əmanətin səviyyəsi aşağı düşüb: "Bu, müsbət tendensiya idi. Digər tərəfdən, infilyasiya 2 rəqəmli deyil, daha aşağı səviyyədədir. Belə ki, keçən il infilyasiyanı 3% ətrafında başa vurduq, halbuki 2017-ci ildə 12.9 faiz idi. Bu il üçün də infilyasiyanın 3% ətrafında olacağı gözlənilir. Sadalanan bu nüanslara əsasən, əhalinin manatla əmanət yerləşdirməsi əvvəlki dövrlərə nisbət artıb. Amma bunlar arxayınlıq yaratmamalıdır. Çünki məsələ təkcə manata inamda deyil. Əmanət məsələsində banklara da inam olmalıdır. Təəssüf ki, bank sektorundakı vəziyyət qənaətbəxş olmadığı üçün vətəndaşlarda müəyyən tərəddüdlər var. İnamı tam bərpa etmək üçün bank sektorundakı vəziyyəti düzəltmək lazımdır. Problemli kreditlər həll olunmalı, banklar biznes dairələrinə, iqtisadiyyatın real sektoruna da kredit verməlidirlər. Həmçinin banklar kredit faizlərini aşağı salmalıdırlar”.
İqtisadçı Rəşad Həsənovbildirdi ki, əmanətlərin artımı müəyyən qədər də olsa, bank sektoruna olan inamın bərpasının göstəricisidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu məsələdə xüsusilə də əmanətlərin sığortalanması ilə bağlı dövlətin ortaya qoyduğu mövqe də əsasdır: "Əgər əmanətlərin tam sığortalanması baş verməsəydi, həcm bu səviyyədə olmazdı. Çünki bank sektoru faktiki olaraq riskli hesab olunur. Mövcud sığorta sistemi əmanətlərin həcminə müsbət təsir etdi. İkinci məsələ isə manatın məzənnəsinin sabit olmasıdır. Bu da müəyyən qədər manata olan inamı artırıb. Artım daha çox müddətli əmanətlərin həcmində hiss edilir. Amma buna baxmayaraq, faktiki olaraq bu gün əhalinin əlində dövriyyədən kənarda qalan vəsaitlərin həcmi də kifayət qədər çoxdur. Çünki insanlar həmin əmanətlərini hansı bankda yerləşdirməklə bağlı ciddi tərəddüdə sahibdirlər. Bu zaman həmin vəsaitə nəzarət imkanları məhdudlaşır. Eyni zamanda pulun dövretmə sürəti aşağı düşür. Nəticə etibarı ilə də iqtisadiyyata dəstək də azalır. Bu baxımdan banklarda əmanətlərin həcminin artması çox əhəmiyyətlidir. Burada əsas məsələ bank sektoruna olan inamı artırmaqdır. Düşünürəm ki, əmanətlərin sığortalanma müddətinin uzadılması effektli olacaq. Digər tərəfdən, bank sektorunda sağlamlaşdırma işləri sürətlənməli və eyni zamanda birləşmə prosesində olan problemlər də öz həllini tapmalıdır. Həmçinin problemli kreditlərlə bağlı konkret qərarlar qəbul edilməlidir. Əgər sadalanan məsələlər reallaşarsa, bankların göstəriciləri kifayət qədər yüksələcək”.
İqtisadçı Ramin Rəhimov milli valyuta ilə olan depozitlərin artmasının olduqca yaxşı hal olduğunu vurğulayır: "Xatırlayırsınızsa, bir müddət öncə Milli Bankın prezidenti açıqlama vermişdi ki, hazırda manata qarşı hər hansı bir təzyiq yoxdur və üzən məzənnə siyasətinə keçid bir müddət təxirə salınır. Bu da o deməkdir ki, əhali, xüsusilə də sahibkarların milli valyutaya inamı bərpa edilib. Fikir versəniz, xarici valyuta ilə manatda depozitlərin qoyuluşu arasında kəskin fərqlər var. Bu da gəlirlilik baxımından əhalini əlindəki pulu milli valyutada saxlamağa təşviq edir. Bu tendensiyanın belə davam etməsi iqtisadiyyatımız üçün yaxşıdır ki, dolardan asılılıq aşağı düşür. İnsanların pulunun dollarla olması, əmanət qoyuluşunda dolların artması, gələcəkdə dolların kursunun dəyişməsi zamanı bankları əlavə yükə məruz qoyar. Banklar məzənnə riskinə məruz qalmamaq üçün dollarla olan əmanətlərin faiz dərəcələrini aşağı saxlayırlar. Əhali isə daha çox gəlir əldə etmək istəyir. Nəticə etibarı ilə Mərkəzi Bankın sədrinin çıxışı, eyni zamanda ölkə prezidentinin islahatlarla bağlı atdığı addımlar əhalidə milli valyutaya olan inamı bərpa edib. Bu isə ilk növbədə iqtisadiyyatın stimullaşdırılması baxımından da vacib amildir. Çünki biz xarici valyutanın bahalaşması və ya ucuzlaşmasının idxal-ixrac prosesinə necə təsir etdiyini bilirik. Düşünmürəm ki, yaxın gələcəkdə, ən azı qarşıdakı 6 aylıq müddətdə dolların kursunda dəyişiklik olsun. Xarici valyutada olan əmanətlərin milliyə transfer olunması gözlənilir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər