• şənbə, 20 Aprel, 09:11
  • Baku Bakı 14°C

Manat üçün təhlükə yoxdur

16.04.18 16:49 1017
Manat üçün təhlükə yoxdur
Aprelin 6-da Vaşinqtonda 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiyalar qəbul edilib. Birləşmiş Ştatlar bu yeni tədbirlərini "Moskva üçün siqnal” adlandırıb. Rusiya şirkətlərinə və biznesmenlərinə qarşı tətbiq edilən sanksiyalar siyasəti dolların məzənnəsinin rubla qarşı artmasına səbəb olub. Aprelin 9-u səhər saatlarından dolların kursu Moskva vaxtı ilə saat 15:14-ə qədər 2,06 rubl artaraq 60,23 rubla çatıb. Avronun kursu isə 2,74 rubl yüksələrək 74,12 rubla çatıb. Neftin qiymətlərinin artması fonunda ötən günlər ərzində Türkiyə lirəsi də dollara nisbətdə ucuzlaşmağa başlayıb. Söz-söhbət yayılıb ki, proseslər Qazaxıstan milli valyutasına da təsirsiz ötüşməyəcək. Bu kontekstdə bəziləri guya manatın da məzənnəsinin aşağı düşəcəyini ilə bağlı proqnozlar verməyə başlayıblar. Bəs görəsən bu iddialar əsaslıdırmı? Belə bir şəraitdə manatın məzənnəsində kəskin sıçrayış gözlənilirmi?
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov deyir ki, Rusiya və Türkiyə valyutalarının ucuzlaşmasının əsas səbəbi siyasi proseslərdir: "Rus rublu və Türk lirəsi son günlər ABŞ dolları qarşısında dəyər itirərək, bir qədər öncə nümayiş etdirdikləri sabitliyi pozublar. Türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb. Bu proseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi – ABŞ ilə münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarda nə Rusiyanın, nə də Türkiyənin iqtisadi durumunda elə bir ciddi dönüş baş verməyib ki, milli valyutaların bir neçə gün ərzində belə kəskin ucuzlaşmasını bununla əlaqələndirmək mümkün olsun. Neftin qiymətlərində də son aylar ərzində elə bir azalma baş verməyib ki, neft ölkəsi olan Rusiyanın milli valyutasının ucuzlaşmasını bununla əlaqələndirilsin. Hər iki qonşu ölkənin milli valyutalarının birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir. Türk lirəsinin ucuzlaşmasının səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair Türkiyə Prezidentinin verdiyi bəyanatlardır. Rusiyaya gəldikdə isə bura vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Yaxın Şərqdə baş verən münaqişələrdə Moskvanın dominantlıq etmək cəhdləri və Ukrayna ilə münasibətlərindəki gərginlikdir. Bu fonda Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması rus rublu ətrafında gərginliyi də artırır”.
Ekspert hesab edir ki, manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas yoxdur: "Hər iki ölkənin milli valyutalarının siyasi motivlər əsasında ABŞ-ın istəyinə uyğun bir ssenari ilə ucuzlaşa bilməsinin köklərini bir qədər də əyani şəkildə açmağa cəhd edək. Bu günlərdə Rusiya, İran və Türkiyə ABŞ dollarından imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aparmağı təklif etdilər. Bu nə qədər realdır? Əvvəla onu deyək ki, bu yeni təşəbbüs deyil, bundan öncə başqaları da bunu reallaşdırmağa cəhd etmişdilər. Lakin, ABŞ dollarının bir saylı valyuta kimi on illər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegemonluq buna imkan verməyib.
Bizə gəldikdə isə manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə yoxdur. Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım onu deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Son vaxtlarda insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstəricisi bankalarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir. Yəni Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.
İqtisadçı millət vəkili Azər Badamov "Kaspi”yə açıqlamasında bildirdi ki, manat üçün təhlükə yoxdur: "Dünyada gedən siyasi oyunlar nəticəsində bir çox ölkələrin valyutalarının məzənnəsi aşağı düşüb. Rusiyada tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun dəyərinin enməsinə gətirib çıxardı. Hesab etmirəm ki, manat üçün hər hansı bir təhlükə olsun. Azərbaycan iqtisadiyyatı müstəqil və dinamik şəkildə inkişaf edir. Manatın arxasında istehsal dayanır ki, bu amil də milli valyutamızın güclənməsinə gətirib çıxarır. Rusiya Azərbaycanın iqtisadi tərəfdaşıdır və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bir hissəsi Rusiyaya ixrac olunur. Bu mübadilə ucuz satışa səbəb ola bilər, amma bu o demək deyil ki, manatın məzənnəsi aşağı düşəcək. Azərbaycan təkcə Rusiya ilə əməkdaşlıq etmir. Bizim məhsullarımız dünyanın əksər ölkələrinə ixrac edilir. İqtisadi qanunlara uyğun olaraq biz istənilən ölkəyə satış həyata keçirə bilərik. Bütün bunların fonunda Azərbaycan manatının ucuzlaşacağını ehtimal etmirəm. Əksinə istehsal prosesinin həcmi artdıqca manat daha da möhkəmlənəcək. Qeyd etdiyim kimi dünya ölkələrinin valyutasının ucuzlaşmasının ən əsas səbəbi siyasi amillərlə birbaşa bağlıdır. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara Qərbi Avropanın da qoşulması ilə rus rublunun dəyəri aşağı düşdü. Artıq rus rublunun ucuzlaşması prosesi də dayanıb və əks proses başlayıb. Yaxın gələcəkdə rubl öz əvvəlki qiymətinə qayıdacaq. Bu məsələnin isə manata dəxli yoxdur. Bu gün neftin qiyməti artmaqdadır. Belə bir şəraitdə manatın ucuzlaşacağını demək olmaz”.
"NIKOİL Bank”ın İdarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir: "İlk növbədə, Azərbaycanda daxili istehsal artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb”.
Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur: "Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. "Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək. Qeyd edim ki, daha bir amil isə neft qiymətləridir. Azərbaycan neftinin qiyməti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə problem olmayacaq”.
C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir: "Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər