
Manat möhkəmlənməyə başladı
Təfsilat
23 Sentyabr 2016, 12:13
772
Dünən Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100
milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 61,4
milyon ABŞ dolları 19 banka satılıb. Bu barədə fins.az-a fonddan bildirilib. İl
ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Bəs görəsən, cəmi iki həftə əvvəl dollara tələbatın
400 milyon dollardan çox olmasına baxmayaraq, indi yaranmış bu vəziyyətin səbəbi
nədir? Bu durum manatı dollara qarşı möhkəmləndirəcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, yaranan ajiotaj məhz psixoloji faktorlardan qaynaqlanır: "Belə ki,
faktiki olaraq hökumətin və Mərkəzi
Bankın hansı kursu həyata keçirəcəyi məlum olmadığı üçün həm vətəndaşlarda, həm
də banklarda ciddi narahatlıq yarandı. Bunun nəticəsində manat sürətli şəkildə
dəyərini itirdi. Sentyabrın 8-də bazarlara 300 milyon dollar daxil etməklə
panika demək olar ki, tamamilə aradan qaldırıldı. Daha sonra ayın 14-də bazara
150 milyon dollar çıxarıldı və 78 milyon dollar satıldı. Dünən isə 100 milyon
dollardan 61 milyonu satılıb. Bu onu göstərir ki, hökumət əslində Neft Fondunun
vəsaitlərinin müəyyən bir qismini sərf etməklə valyuta bazarlarını qısamüddətli
dövr üçün, təxminən 1-2 il ərzində tənzimləmək imkanına malikdir. 2014-cü ilin
dekabr ayından etibarən dollarlaşma prosesi getməyə başladı. Artıq əmanətlərin
demək olar ki, 81, o cümlədən vətəndaşların yığımlarının 90 faizi dollarlaşıb.
Eyni zamanda manat kütləsinin daraldılması siyasəti bazarda manat kütləsini
azaltdı. Əvvəlki dövrlərdə Azərbaycanın valyuta bazarları xeyli passiv idi.
Bunun da əsas səbəbi o idi ki, sabit məzənnə siyasəti idi. Faktiki olaraq vətəndaşlar,
o cümlədən biznes adamları bazarda ciddi iştirakçılar deyildilər. İndi həm
biznes adamları, həm vətəndaşlar bazarı diqqətlə izləyir və ona uyğun olaraq da
reaksiya verirlər. Vətəndaşlar bazarlarda iştirak edir, valyuta alır və
satırlar. Hazırki situasiya onu göstərir ki, vətəndaşlar və biznes subyektləri
bundan sonrakı dövrdə manatın möhkəmlənmək ehtimalı qarşısında əllərində olan
valyutanı bazara təklif edirlər”.

İqtisadçı qeyd etdi ki, bu fakt özlüyündə növbəti
dövrlər üçün məzənnənin ucuzlaşmasına, manatın möhkəmlənməyinə gətirib çıxara
bilər: "Lakin burada söhbət ciddi möhkəmlənmədən deyil, təxminən 3-5 faizdən
gedir. Amma hökumətin bunda maraqlı olması məsələsi də mühüm rol oynayır. Hökumət
faktiki olaraq indiki şəraitdə manatın ciddi şəkildə möhkəmlənməsində maraqlı
deyil. Çünki bu, növbəti dövrlərdə kəskin devalivasiya yarada bilər. Eyni
zamanda, hökumət fiskal baxımından manatın hələlik 1.55 üzərində olmasında
maraqlıdır. Bu baxımdan möhkəmlənmə müəyyən qədər getsə də, 1.55 həddini aşağı
keçməyəcək. Sonrakı dövrlərdə isə vəziyyət neftin qiymətindən və hökumətin
valyuta bazarlarından iştirakı və müəyyənləşdirəcəyi məzənnə siyasətindən asılı
olacaq. Böyük ehtimalla 2017-ci ildə üzən məzənnə rejiminə keçidlə bağlı qərar
qəbul ediləcək. Əgər belə bir qərar qərar
qəbul edilərsə, qısamüddətli də olsa manat kəskin şəkildə dəyər itirə bilər”.

"Ekonomiks” Beynəlxalq
İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov açıqlamasında bildirdi ki, valyuta bazarında tələb
və təklifin həmişə bir-birinə uyğun gəlməsi nadir hallarda olur: "Adətən hərraca çıxarılan valyuta tələbatdan az olur,
ya da əksinə, son dəfə olduğu kimi, hərraca çıxarılan valyutanın hamısı satıla
bilmir. Burada bir neçə səbəblər var.
Birinci səbəb budur ki, bundan əvvəlki tarixlərdə valyuta birjasına kifayət qədər
xarici valyuta çıxarıldı (300 milyon dollar Dövlət Neft Fondu tərəfindən, 100
milyon dollar isə Mərkəzi Bank tərəfindən) və bununla da yaranmış ajiotaj demək
olar ki, tamamilə aradan qaldırıldı. Valyuta bazarında əsas satıcı qismində
çıxış edən iki oyunçunun – Mərkəzi Bank və Dövlət Neft Fondunun bundan əvvəl
valyuta satışında bir qədər fasilə vermələri, bazarda xarici valyutaya real təlabatla
yanaşı, bir qədər əsası olmayan gərginlik yarada bilmişdi. Lakin 400 milyon
dollar vəsaitin birdən bazara çıxarılması ilə vəziyyət tam sabitləşdi. İndi heç
bir gərginliyə əsas yoxdur. Bu səbəbdən də dünən keçirilən hərracda satışa
çıxarılan valyutanın cəmi 62%-ə qədəri alındı. Belə vəziyyətdə, dəyəri üzən məzənnə
ilə müəyyən edilən manatın bir qədər bahalaşması da mümkündür”.

İqtisadçı
Ekspert Pərviz Heydərov da
deyir ki, son günlər ölkədə xarici valyutaya tələbdə əvvəlki ajiotajın səngiməsinin
əsas səbəbi cari ay ərzində, yəni sentyabrda Dövlət Neft Fondu tərəfindən Mərkəzi
Bankın keçirdiyi hərraclara əvvəlki aylardakından fərqli olaraq daha çox
valyuta çıxarılması olub: "Bəzi hərracda, rəsmi valyuta ehtiyatlarının həcmi
kritik səviyyəyədək azaldığına baxmayaraq, hətta AMB də vəsait çıxardı. Bütün
bunlar da ondan irəli gəldi ki, əvvəlki aylar ərzində xarici valyutaya qarşı hədsiz
səviyyədə tələb müşahidə olunurdu. Belə ki, bəzi hərraclarda təklif 100 milyon
ABŞ dolları məbləğini aşmasa da, kommersiya bankları tərəfindən 700-800 milyon
qeydə alınırdı. Təbii ki, bu, qeyri-normal mənzərə idi. İqtisadiyyatda heç bir
aktivlik müşahidə edilmədiyi halda, bankların bu tələbi şişirdilmiş sayılırdı.
Odur ki, DNF və AMB elə üst-üstə 1-2 hərracda 100 milyon dollardan artıq vəsait
çıxaran kimi tələb sabun köpüyü təki yox olmağa başladı. Hesab edirəm ki, ölkədə xarici valyutaya aylıq tələbat
maksimum halda 500-600 milyon dollardan bir az çox təşkil edir. Və bunu
qarşılamaq əslində bir o qədər də çətin deyil. Hər halda sentyabr ayındakı mənzərə
belə deməyə əsas verir. Lakin yenidən ajiotaj müşahidə olunacağı istisna deyil.
Çətinlik yaradan məqam isə məhz ondan ibarətdir ki, DNF hər dəfə hərraca 100
milyondan artıq vəsait çıxarmaq gücündə deyil. AMB-nin rəsmi valyuta
ehtiyatlarının həcmi isə, qeyd etdiyim kimi, kritik həddədir... Odur ki, növbəti
aylar barədə proqnoz irəli sürmək çətindir”.
Yeri gəlmişkən, dünən
Mərkəzi Bank sentyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. USD/AZN
rəsmi məzənnəsi sentyabrın 22-si ilə müqayisədə 0,24% zəifləyərək 1,6292 səviyyəsində
müəyyən olunub. Beləliklə, dollar avqustun 31-dən etibarən ilk dəfə 1,63 manat
səviyyəsindən aşağı düşüb.
Şəbnəm
Mehdizadə
Digər xəbərlər