• şənbə, 20 Aprel, 17:34
  • Baku Bakı 23°C

«Man Booker»in bu ilki namizədləri nə düşünür?

13.10.14 13:46 1349
«Man Booker»in bu ilki namizədləri nə düşünür?
Bu il mükafat tarixində ilk dəfə amerikalı yazıçılar da mübarizəyə qoşulublar. Builki mükafatı amerikalı yazıçı alarsa, bu mükafat tarixində ilk olacaq. Son altılığa qalan yazıçılardan üçü amerikalıdır. Mükafatın ən güclü namizədinin Karen Fouler olduğu iddia edilir. Qalibin müəyyənləşməsinə bir neçə gün qalmış fondun rəsmi saytı son altılığa qalmış müəlliflərlə müsahibələr yayımladı. Həmin müsahibələrdən müəyyən hissələri təqdim edirik.
2010-cu ildə “Man Booker” qalibi olmuş Hovard Ceykobson 1942-ci ildə Mançesterdə doğulub. Müəllif “J” romanı ilə mükafatın son altı namizədi arasındadır.

- Yazar Qraham Qrin (XX əsr ingilis ədəbiyyatının tanınmış roman müəlliflərindən – red. E.S.) bir dəfə deyib: “Yazmaq terapiyanın bir növüdür, mən bəzən yazmaqla məşğul olmayan insanların necə yaşadıqlarına təəccüblənirəm. Nəsə bəstələmək, çəkmək insanı dəlilikdən, melanxoliyadan uzaq tutur, xilas edir, gərginlik və qorxudan qoruyur, bunlarla məşğul olmayanlar necə yaşayır bilmirəm”. Bu fikirlə razısınızmı?
- Yazmağın, ədəbiyyatın məndə yaratdığı duyğular heç də “müalicə növü”nün formalaşdırdığı anlayışla uzlaşmır, ona görə də etiraf edim ki, bu təsviri bəyənmirəm. Yəni əlimdəki qələmə özümü nədənsə qorumaq vasitəsi kimi baxmıram. Bu fəaliyyətin daha səmimi və ürək işi olduğunu nəzərə alsaq onu daha çox xeyriyyə işinə bənzətmiş olmaram. Yazmaq mənim üçün daha çox söhbət kimidir, yəni ədəbiyyatı gündəlik qayğılarına başı qarışan insanların həyatını təravətləndirəcək cümlələrin konfiqurasiyası kimi görmürəm.
Digər tərəfdən isə etiraf edirəm ki, bəzən yazmaq müəllifi məntiqli, ağıllı davranmaq kimi düyğulardan uzaqlaşdırır. Bu, dəlilik deyil, özündən qaçmaq, qurtulmaqdır. İnsanlar çox vaxt incəsənəti özünüifadə kimi qəbul edirlər. Məncə, bu ədəbiyyat üçün verilmiş ən adil tərifdir. Amma düşüncələrimizin, ideologiyamızın, gizli qalanlarımızın özünüifadəsidir. Ona görə də mən Qrimin ifadəsini belə dəyişdirərdim ki, yazmaqla, bəstələməklə, çəkməklə məşğul olmayanlar düşüncələrini, inanclarını, ideologiyalarını necə çatdırırlar, necə müdafiə edir, necə yaşadırlar, bu həqiqətən də mənə qərnibə gəlir.
- Yazıda mükəmməlliyi təmin etmək mümkündürmü?
- Xeyr. Leonard Koheni düşünün. Çat var. Hər şeyin bir yerində mütləq çat verən yer var. İşığın süzüldüyü yer isə çox vaxt məhz həmin çatlaqdır. Bunu Tomas Hardi (XİX əsrdə yaşamış ingilis şair – red. E.S.) çox sərrast ifadə edib, amma təəssüf ki, indi o fikri olduğu kimi xatırlaya bilmirəm.
Mükafatın amerikalı namizədi yazar Coşua Ferrislə 1974-cu ildə Denvildə anadan olub. Gənc yazar 2005-ci ildən ədəbi aləmə qoşulub. Üç roman müəllifidir.
- Qustav Flobertin (XİX əsrdə yaşamış fransız yazar – red. E.S.) belə bir sözü var: “Yazmaq inandığın şeyləri kəşf etmək sənətidir”. Bu fikirlə razısınızmı, əgər belədirsə, siz nəyi kəşf etdiniz?
- Olduqca güclü sitatdır Floberdən. Bu fikir mənə Don Delillonun (XX əsr amerikan ədəbiyyatının tanınmış dramaturqu – red. E.S.) təxminən buna yaxın bir ifadəsini xatırlatdı: “Yazmaq düşünməyin daha mərkəzləşdirilmiş, daha məqsədli formasıdı. Hər gənc yazıçı yalnız sözlərlə dünyadakı yerini daha da aydınlaşdıra biləcəyinə inanır”.
Kitablarımın hamısında qəhrəmanlar ekstremal vəziyyətlərdədirlər, bəzən özləri axtarıb tapırlar. Bu mövzular, dilemmalar birinci kitabdan bəri davam edir, ikinci kitabda qəhrəmanım adı olmayan xəstəlik formasında ekstremallığa düşdü, sonuncuda isə ruhi anemiyadan əziyyət çəkən qəhrəman var. Düşünürəm ki, yazmaq ömrün son nöqtələrini, dönüş yerlərini kəşf etməyimə kömək oldu. Yanmaq necə olur? Heç bir mənası, diaqnozu olmayan xəstəlik insanı necə hala sala bilir? Bütün insani instinktləri itirmiş insan necə davranır? Bu ekstrimlərin gündəlik həyatda necə yaşandığını, bununla necə mübarizə aparıldığını, gec-tez hamımızın yaşadığımız sonun insanda necə duyğular oyatdığını kəşf etdim. Şəxsən, bu ekstrimlərdən hansıylasa üzləşmək və ya sonun çatdığı həqiqəti belə məni təəccübləndirməz.
Məsələdən uzaqlaşmayaq, mən yazmağa başlayandan necə yazmalı olduğumu kəşf etmişəm. Necə yaşamağı, necə düşünməyi, necə davranmağı yox, məhz necə yazmağı. Zamanla yazmaq hər yazıçıya proseslə bağlı müəyyən şeyləri şərt kimi, qanun kimi diktə edir. Hekayənin ən zövqlü tərəfi də deyəsən elə budur. Doğru bildiyin şeyləri doğru bildiyin formada təsvir edirsən.
- Sizi yazmağa sövq edən əsas faktor nədir?
- Əksər insanlar üçün uşaqlar və hobbiləri əhəmiyyət kəsb edir. Amma etiraf edək ki, çoxumuz vaxtımızın əsas hissəsini uşaqlarımızla və ya qolf oynamaqla keçirmirik. İşləməliyik. Odur ki, işləmək üçün təklif olunan yerlər laboratoriyalar da ola bilər, insanların tünlük yaratdığı ictimai yerlər də. Amma məncə vacib olan şey o zamanı nə qədər səmərəli keçirdiyindir. Həmin saatlar səni çəkirmi, yoxsa sırf iş saatı olduğu üçünmü gedirsiniz? Sonda əldə edilən nəticə üçün hər şeyə dəyərmi, yoxsa həmin işə sərf etdiyiniz hər saniyə üçün peşman hiss edirsiniz özünüzü? Roman yazan adam üçün bu yerlərlə bağlı cavablanmalı sual çoxdur.
- Bir dəfə demisiniz ki, internetin insan həyatına narahatlıq gətirən texnoloji güc olduğunu düşünürsünüz. Ona görə son əsərinizdə internetin neqativ tərəflərini qabartmısınız?
- Məncə, bunu qabartmasam da, hər insan internetin neqativlərindən qurtulmağın tək yolunun real həyatın insana təklif etdiyi yollardan istifadəni artırmaq olduğunu bilir. İnternet insanlar arasında canlı ünsiyyəti, əlaqəni, istiliyi oğurlayıb. Hansı ki insanı ən çox bunlar stresdən, narahatlıqdan, gərginlikdən qoruyur. Hər halda bununla bağlı uzun danışmağa dəyməz, amma yenə də düşünürəm ki, mümkün olduğu qədər bundan istifadəni azaltmaq lazımdır.

“Hər ikisi olmaq” əsəri ilə mübarizənin sonuna qalan və mükafata ikinci dəfədir namizəd göstərilən Ali Smits 1962-ci ildə Kembricdə anadan olub. Smits 1995-ci ildən ədəbi aləmə daxil olub, dörd roman müəllifidir.

- J.B.Pristli (XX əsrdə yaşamış ingilis dramaturq – red. E.S.) “Bəzən insani duyğulardan çox yazıçı olduğumu hiss edirəm” deyir. Sizcə, bu peşənin yaratdığı təhlükə deyil ki?
- Mənim üçün yox. “Anonimliyi təcrübədən keçirin” Virciniya Vulfun ən çox sevdiyim məsləhətlərindəndir. Yəni bu sualda nəzərdə tutduğunuz yazar olmaq əzabından uzaqlaşmaq üçün məsləhət görülmüş yoldur. Braziliyalı bir yazıçı var Klarisa Lispektor - ədəbi formanın bütün növlərində qələmini sınamış yazıçıdır. Virciniyanın məsləhətini bir qədər eleqant formada ifadə edir – həyat həmişə birinci gəlir. Bununla razıyam. Hətta yazmağın da, yaza bilməyin də səbəbi həyatdır. Yaşayan, canlı, dinamik mexanizmdən başqa heç nə ədəbi nümunənin yaranma səbəbi ola bilməzdi.
- Hər zaman əsər başlamadan əvvəl beyninizdə qurduğunuz kimi irəliləyir, yoxsa tamamilə fərqli bir şey alınır?
- Tamamilə başqa bir kitab formasında başlayır. Baxmayaraq ki, nəsə yazmağa başlamazdan harda durduğumu, hara getmək istədiyimi bilirəm. Əlimdə konkret rəsmi və tematik freskalar olur, freska mənim üçün forma və məzmunu birləşdirir. Amma heç 100 səhifə yazmamış, artıq özümü narahat, hadisələrin idarəsi əlimdən çıxmış kimi, yanlış yoldayam kimi hiss edirəm. Tərtəmiz bir qış səhəri oyanıram, içimdə heç bir konkret fikir olmur, amma nəsə məni sürükləyir yazmağa, başa düşürəm ki, başlamalıyam. Nə qədər yazmış oluramsa, olum, hər şeyi silirəm və yenidən başlayıram. Ümumiyyətlə, kitablar əsla tələsmir. Çox qəribədir, mənə elə gəlir ki, onların şəxsi həyatları və prinsipləri olur. Heç bir əsər təbiətinə yad obrazı, təsviri, hadisəni özününküləşdirmir. Sualınıza gətirirəm sözümü, deyəsən, kitabların gözəlliyi bundadır, əsla bizim beynimizə uyğunlaşmırlar.
Nil Mukerji “Man Booker 2014” uğrunda mübarizəyə “Başqalarının həyatı” əsəri ilə qoşulub. O, 1970-ci ildə Qərbi Benqaliyada anadan olub. İngilisdilli gənc yazar üç roman müəllifidir.
- Robert Frost (XX əsrdə yaşamış amerikalı şair – red. E.S.): “Sonunu bildiyim şeirə əsla başlamıram. Şeir yazmaq kəşf etməkdir” – deyir. Bunu hekayəyə də aid etmək olarmı? Əgər olarsa, hekayə yazmaqla siz nələri kəşf etdiniz?
- Bəli. Hətta elə bu fikri ən çox hekayəyə şamil etmək olar. Çünki çox vaxt planını qurduğunuz hekayənin irəliləyən hissələrində elə yerlərə gedib çıxırsan ki, başlanğıcda ya bunlar heç ağlına gəlmir. Hətta inandırım sizi, bəzən yazdıqca insanın ağlına elə yerlər gəlir ki, ömrü boyu elə bir yerlə bağlı beyində xırda təsəvvür belə olmayıb. Leon Bloyun (XİX əsr fransız ədəbiyyatının nümayəndəsi – red. E.S.) çox sevdiyim bir ifadəsi var: “İnsanın ürəyində elə yerlər var ki, onlar heç mövcud deyil. Kədər ona görə insan ürəyinə yol tapır ki, olmayan yerlər mövcudluq qazansın”. Kitab üçün də analoji vəziyyəti düşünsək, bəzən doğurdan beynin ruhi, psixoloji vəziyyəti elə təsvirlər canlandırır, elə səhnələr yaşatdırır, elə yerlər kəşf etdirir ki, müəllif bunun əvvəllər əsla ağlına gəlmədiyindən adı kimi əmindir.
- Heç olubmu ki, sonradan bir sözünü belə dəyişməyə ehtiyac olmayan nəsə yazmısınız?
- Kitablarla bağlı tənqidlər və ya şərh yazıları ola bilər, amma hekayə yox. “Redaktə edilməmiş hekayə” olduqca qorxunc səslənir.
- Bəzən mübahisə edilir ki, ailə mövzusu ədəbiyyatın özülüdür. Amma görünür, Hind ədəbiyyatında bu mövzu daha geniş yer tutur. “Kiçik şeylər Tanrısı”, “Aşağı kənd”, “Uyğun oğlan” kimi məşhur əsərlərin çoxu bu mövzudadır. Bu fikirlə razısınızmı?
- Həm hə, həm yox. Tamamilə fərqli mövzularda işlənmiş çoxlu sayda məşhur əsərlər var hind ədəbiyyatı nümunəsi kimi tanınır. Amma iddia etdiyiniz fikir müəyyən qədər də doğrudur. Qərb dünyasındakı müasir amma bizə görə olduqca zəif olan ailə anlayışı, dəyərlər, üstəlik kapitalizmin inkişafı fonunda bu kimi əhəmiyyətli qurumların sıradan çıxması qərb ədəbiyyatında bu anlayışın yoxluğunu, boşluğu hiss etdirmir. Ona görə hind və şərq ədəbiyyatında bu mövzuya toxunulması sizə çox görünə bilər. Amma İngiltərə ədəbiyyatı bu baxımdan olduqca güclüdür. Məsələn, elə bu yaxınlarda Marilin Robinsonun (1943-cü ildə anadan olmuş Pulitzer mükafatlı amerikalı yazar – red. E.S) “Lila” romanını oxudum. Bunu necə ailə mövzusunun işləndiyi roman kimi qəbul etməmək olar? Hətta son illərdə bu mövzunun ən güclü işləndiyi əsərdir deyə bilərəm. Eləcə də Kolm Toibin (1955-ci ildə doğulmuş, irlandiyalı şair-dramaturq – red. E.S.) yaradıcılığı. Yəni bu iddianın hər iki tərəfinə baxılmalıdır.
“Şimala aparan yol” əsəri ilə adı son altı namizəd arasında çəkilən yazar Riçard Flanaqan 1961-ci ildə Tasmaniya anadan olub. Flanaqan daha çox ssenarist kimi tanınsa da, altı uğurlu romanın və bir hekayələr toplusunun müəllifidir.
- Bir anlıq düşünün ki, sizin ümumiyyətlə oxucunuz yoxdur. Yenə də yazardınız?
- O qədər səfeh adamam ki, inanın yazardım. Oxucuya nəyinsə sığortası gözü ilə baxmıram. Dünya ədəbiyyatı tarixi oxucuları hesaba almadan yazan və heç bir umacağı olmayan, zamanın yazdıqlarına layiqli qiyməti verəcəyindən əmin olan yazarları həmişə zirvədə saxlayıb. Vasili Qrosman “Sonsuza axan” əsərini yazanda 1950-ci illərin sonu idi, ya da Bulqakov “Master və Marqarita” romanını yazdı, onların hər ikisi tiran rejimin onlar üçün layiq bildiyi qaranlıqda, amma yazdıqlarının və özlərinin hər zaman sevgi, hörmət ilə anılacağından əmin idilər. Çünki onları ədəbiyyata oxucu yox, sevgi gətirmişdi, dünyada müqəddəs hislərin hamısı qorunmağa layiqdir. Məhz ona görə də Bulqakovun əlyazmaları uzun illər əldən-ələ keçirilərək qorundu, insanlar onu kiminsə tapıb, məhv etməsinə imkan vermədi. Qrosmanın əsəri üçün dövrün KQB adlandırılan qurum rəhbəri “300 il SSRİ sərhədlərində oxunması qadağan edilsin” əmri vermişdi. Çünki o bilirdi ki, əsrlər də keçsə, ədəbiyyat ölməyəcək. Amma oxunsa, zülm və istibdad üzərində qurulmuş hər şeyi öldürmək gücü var. Məncə də məsələ məhz burdadır. Yazmağa başlayan heç kimə oxucu sevgisi vəd edilməyib. Sadəcə ədəbiyyata dəyər verən yazar ədəbiliyə layiq nümunələr yaradır.
- Müsabiqəyə təqdim etdiyiniz əsərin adı şair Matsuo Başonun (XVİİ əsrdə yaşamış yapon şair – red. E.S.) şeirindən götürülüb. İkinci Dünya müharibəsinə qədər keçmiş uzun illərdən sonra bu başlıq, dörd əsr əvvəlin Yaponiyasına dönmək necə baş verdi?
- Atam Yaponiya müharibəsi əsirlərinin düşərgəsində uzun müddət qul kimi işləyib. Naqasaki və Xirosimada insanların başına gələn hadisələrin canlı şahidi olmuşdu. Başonun şeirində həmin illərdə artıq onun gördüyündən əsər-əlamət qalmamış bir Yaponiyada baş verən hadisələr var idi. Hətta Başo insanların xəyalını qurduqları Yaponiyaya o qədər yaxın idi ki, atam Başo ilə müqayisədə hadisələrin ən uzaq şahidi kimi idi gözümdə. Nəyisə ittiham etmək Allahın və oxucuların ixtiyarındadır, yazıçı ancaq başlanğıc və yekun yeri göstərir.
1950-ci ildə Bluminqtonda anadan olmuş amerikalı yazıçı Karen Coy Fouler builki mükafatın ən güclü namizədlərindən hesab olunur. Yazıçı bu il ərzində artıq dörd ədəbi mükafatın qalibi olub.
- Simus Hiney: “Yazdığım dəqiqələri hər zaman yüksəldiyim, sevindiyim, gözlənilmədən nəsə mükafat aldığım anlarla müqayisə edirəm. O anlardakı kimi hiss edirəm yazarkən” – deyir. Bu hislər sizə tanışdırmı?
- Bəli, bəli. Olduqca tanış hislərdir. Bu cümlədə təkcə “hər zaman” sözü ilə razılaşmıram. Mənim təcrübəmdə sevinc olduqca etibarlı mənbədir, amma bəzən masaya yaxınlaşmaq, yoldaşlıq eləmək istəmir. Zaman-zaman ümidsizlik də özünü göstərir. Duyğu elə bir şeydir daim şəkil dəyişir, gah sıxlaşır, gah seyrəlir, gah doğmalaşır, gah uzaq durur, ədəbiyyat isə duyğu olmadan yaranmır.
- Yazmaqdan həzz alırsınız?
- Yenidən yazmaqdan daha çox həzz alıram. Bu işi sevirəm. İlk nüsxə nədənsə həmişə ürəkbulandıran, ən azından mənə ümidsiz simptom kimi görünür. Ona görə də bir bölməni bitirən kimi dərhal üzərində işləməyə başlayıram. Bəzən elə olur ki, əsəri yekunlaşdırana kimi o qədər hissə-hissə üzərində işləyirəm ki, adama elə gəlir ki, bu əsərin ilk versiyası olmayıb. Özüm belə birinci dəfə necə yazdığımı unutmuş oluram.
banner

Oxşar Xəbərlər