• çərşənbə axşamı, 19 mart, 10:58
  • Baku Bakı 8°C

“Man Booker İnternational Prize” 2018-in qalibi polşalı yazar oldu

04.06.18 13:30 2914
“Man Booker İnternational Prize” 2018-in qalibi polşalı yazar oldu
Polyak yazar Olqa Tokarzukun yazdığı, Cennifer Kroftun tərcümə etdiyi "Uçuşlar” ("Flights”) romanı "Man Booker İnternational Prize” ədəbiyyat mükafatının builki qalibi elan edildi. Tərcümə olunmuş ən yaxşı romanlara verilən mükafatla birgə təqdim olunan 50000 funt sterlinq məbləğindəki pul da müəlliflə tərcüməçi arasında yarı bölünəcək. Eyni zamanda onların hər biri həm də qısa siyahıya düşərkən artıq 1000 funt sterlinqlə mükafatlandırılıb.
Olqa Tokarzuk müasir Polşa ədəbiyyatının parlaq simalarından, uğurlu müəlliflərindən sayılır. Əsərləri bolqar, rus, çex və Mərkəzi Asiya ölkələrinin dillərinə kütləvi şəkildə tərcümə olunsa da, ingilisdilli ədəbiyyata nədənsə çox uzaq qalıb. İxtisasca psixoloq olan yazar yaradıcılığa şair kimi başlayıb. İlk şeir toplusu 1989-cu ildə işıq üzü görüb. Onun yazar kimi istedadını ard-arda nəşr olunan qısa hekayə topluları nümayiş etdirib. İova Universitetinin professoru, polyak, ispan və ukrayncanın ingilis dilinə peşəkar ədəbi tərcüməçisi, Argentina və Polşada yaşayan Cennifer Kroft ilə tanışlıq isə Olqaya beynəlxalq bazara çıxış imkanı verib.
Mükafat dəyərləndirməsi aparan "The Financial Times” dərgisi "Uçuşlar”-ı "Yoldan çıxmış zəmanəmizin fəlsəfi nağılı” kimi təqdim edib. London "Viktoriya və Albert” muzeyindəki tədbirdə qalibi elan edən Lisa Appiqnanes isə qalib haqqında bunları deyib: "Builki qısa siyahı olduqca güclü idi. Seçim etmək çox çətinləşdi. Siyahıda əsərləri ilə əvvəllər tanış olub, bəyəndiyim yazarlar vardı. Xanım Tokarzukun yaradıcılığı ilə ilk dəfə idi tanış olurdum. Verilən qərardan razı qaldım. O, böyük bir romanı sanki yazıçı yox, olduqca kövrək bir şahid kimi təhkiyə edib. Mən buradan xanım Krofta belə bir nümunəni tərcümə edərək beynəlxalq bir dildə dünya ədəbiyyatına qazandırdığı üçün xüsusi minnətdarlığımı bildirirəm”.
Məlumat üçün bildirək ki, builki qısa siyahıda qalib yazarda daxil olmaqla, Virciniya Despentes (Fransa), Han Kanq (Koreya), Lazlo Krasnoharkay (Macarıstan), Antonio Muno Molina (İspaniya) və Ahmed Sadavi (İraq) yer almışdı.
Digər qaliblər və nominasiyalarla "manbookerprize.org” internet ünvanında tanış ola bilərsiniz.
banner

Oxşar Xəbərlər