“Man Booker İnternational Prize” 2018-in qalibi polşalı yazar oldu
Polyak
yazar Olqa Tokarzukun yazdığı, Cennifer Kroftun tərcümə etdiyi "Uçuşlar”
("Flights”) romanı "Man Booker İnternational Prize” ədəbiyyat mükafatının
builki qalibi elan edildi. Tərcümə olunmuş ən yaxşı romanlara verilən mükafatla
birgə təqdim olunan 50000 funt sterlinq məbləğindəki pul da müəlliflə tərcüməçi
arasında yarı bölünəcək. Eyni zamanda onların hər biri həm də qısa siyahıya
düşərkən artıq 1000 funt sterlinqlə mükafatlandırılıb.
Olqa
Tokarzuk müasir Polşa ədəbiyyatının parlaq simalarından, uğurlu müəlliflərindən
sayılır. Əsərləri bolqar, rus, çex və Mərkəzi Asiya ölkələrinin dillərinə
kütləvi şəkildə tərcümə olunsa da, ingilisdilli ədəbiyyata nədənsə çox uzaq
qalıb. İxtisasca psixoloq olan yazar yaradıcılığa şair kimi başlayıb. İlk şeir
toplusu 1989-cu ildə işıq üzü görüb. Onun yazar kimi istedadını ard-arda nəşr
olunan qısa hekayə topluları nümayiş etdirib. İova Universitetinin professoru,
polyak, ispan və ukrayncanın ingilis dilinə peşəkar ədəbi tərcüməçisi,
Argentina və Polşada yaşayan Cennifer Kroft ilə tanışlıq isə Olqaya beynəlxalq
bazara çıxış imkanı verib.
Mükafat
dəyərləndirməsi aparan "The Financial Times” dərgisi "Uçuşlar”-ı "Yoldan çıxmış
zəmanəmizin fəlsəfi nağılı” kimi təqdim edib. London "Viktoriya və Albert”
muzeyindəki tədbirdə qalibi elan edən Lisa Appiqnanes isə qalib haqqında
bunları deyib: "Builki qısa siyahı olduqca güclü idi. Seçim etmək çox
çətinləşdi. Siyahıda əsərləri ilə əvvəllər tanış olub, bəyəndiyim yazarlar
vardı. Xanım Tokarzukun yaradıcılığı ilə ilk dəfə idi tanış olurdum. Verilən
qərardan razı qaldım. O, böyük bir romanı sanki yazıçı yox, olduqca kövrək bir
şahid kimi təhkiyə edib. Mən buradan xanım Krofta belə bir nümunəni tərcümə
edərək beynəlxalq bir dildə dünya ədəbiyyatına qazandırdığı üçün xüsusi
minnətdarlığımı bildirirəm”.
Məlumat
üçün bildirək ki, builki qısa siyahıda qalib yazarda daxil olmaqla, Virciniya
Despentes (Fransa), Han Kanq (Koreya), Lazlo Krasnoharkay (Macarıstan), Antonio
Muno Molina (İspaniya) və Ahmed Sadavi (İraq) yer almışdı.
Digər
qaliblər və nominasiyalarla "manbookerprize.org” internet ünvanında tanış ola
bilərsiniz.