Maliyyə bazarında birdən-birə “yanan” kriptovalyutalar
Ötən il
birdən-birə bahalaşan bitkoinə, dünyanın əksər ölkələrində maraq artdı. İş o
həddə çatdı ki, qiymətlər fantastik həddə yüksəldi. Bir müddət bu məsələ
gündəmə çevrildi. Hətta qiymətlərin daha da artacağına dair şayiələrə artmaqda
davam edirdi. Buna görə də, bir çox sərmayədarlar müxtəlif növ
kriptovalyutalara kifayət qədər böyük məbləğdə investisiya yatırdı. Amma
təəssüflər olsun ki, gözləntilər özünü tam doğrultmadı. Qiymətlər bir müddət
sonra aşağı düşməyə başladı. Hazırda dünyada ən populyar kriptovalyuta olan
bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb. Hazırda bitkoin 5,6
min dollar ətrafında alınıb satılır. "CoinMarketCap" portalının
məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623
min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti daha kəskin
ucuzlaşıb. Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək,
"Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə
18,04% (428,77 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması
hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına
düşür. Bəs görəsən kriptovalyutaların qiymətinin qısa müddət ərzində
azalmasının səbəbləri nədir?
İqtisadçı ekspert Pərviz Heydərov"Kaspi”yə açıqlamasında müxtəlif məqamlara toxundu. O qeyd etdi ki, qiymətlərin
kəskin şəkildə artıb-azalması səbəbi valyutanın bu növünə olan inamı itirir:
"Kriptovalyutaların hələlik maliyyə bazarlarında özünü təsdiq edə bilməməsinin əsas
səbəbi, bu sahədə tələb olunan müvafiq mexanizmin formalaşa bilməməyi ilə
bağlıdır. İnvestorlar valyutanın bu növünə sərmayə yatırmağa və öz
ehtiyatlarını valyutanın bu növündə saxlamağa maraqlı deyillər. Çünki hələlik
şəffaf mexanizm sistemi oturuşmayıb. Kriptovalyutaların qiymətinin qısa müddət
ərzində sürətlə artıb-azalması investorlarda tərəddüd və qorxu yaradır. Bu isə
tamamilə təbiidir. Çünki investorlar real sektora investisiya yatırmaqda
maraqlıdırlar. Ona görə də uzun müddətdir ki, dövriyyədə olmasına
baxmayaraq, kriptovalyutalar dünya
maliyyə bazarlarında özünə yer tapa bilmir. Hazırda maliyyə bazarlarında ABŞ
dolları və qiymətli metal olan qızıl ən çox sərmayə yatırılan vasitələrdir.
İndiki vəziyyətin təhlili və müşahidəsi onu deməyə əsas verir ki, bu tendensiya
hələ uzun müddət davam edəcək. Kriptovalyutaların qiyməti sabun köpüyünə
bənzəyir. Onun əsası hələlik maliyyə bazarının tələblərinə cavab vermir. Ona
görə də qiymətlərdə tez-tez həddən artıq bahalaşma və ucuzlaşma tendensiyası
davam edir”.
İqtisadçı-ekspert Rəşad Həsənov söylədi
ki, bir müddət sonra bitkoin öz real dəyərini qazanacaq: "Kriptovalyutalar
haqqında "bazarda öz yerini tuta bilməyib” demək düzgün olmazdı. Hətta 5-6 min
dolların özü belə, kriptovalyuta üçün kifayət qədər böyük məbləğdir. Məsələ
burasındadır ki, valyutanın bu növünün dəyərinin sürətli şəkildə bahalaşması
bazarda olan müəyyən gözləntilərin fonunda idi. Bitkoinin istifadəsində və
dövriyyənin yüksəlməsində maraqlı olan qruplar var idi. Dövriyyənin və müxtəlif
qeyri-qanuni vəsait axınlarının gizlədilməsi, o cümlədən qeyri-qanuni fəaliyyətlə
məşğul olan qruplar bitkoinə maraq göstərdiyinə görə, qısa müddət ərzində
qiymətlər kəskin şəkildə bahalaşmağa başladı. Hazırda isə bitkoin öz real
dəyərini tapmağa doğru gedir. Əsas məsələ isə bitkoinlə bağlı qlobal fikrin
formalaşmasından sonra başladı. Kriptovalyutanın qiymətinin bahalaşması,
valyutanın bu növünün bazarda özünə yer
tapması federal ehtiyat sistemi,
həmçinin Avropa, Yaponiya, Çin mərkəzi bankları da daxil olmaqla, ona olan marağın
yüksəlməsinə gətirib çıxarıb. Nəticədə
müəyyən fəaliyyətlər rəsmiləşməyə başladı. Rəsmiləşdirmə tədbirləri nəticəsində
qeyri-qanuni fəaliyyətlə məşğul olan qrupların kriptovalyutaya olan maraqları
aşağı düşməyə başladı. Bununla da onların gözləntiləri özünü doğrultmadı. Onlar
hesab edirdi ki, kriptovalyuta davamlı şəkildə nəzarətsiz bazar olacaq. Buna
görə də, nəzarət mexanizmlərinin formalaşdırılması ilə bağlı addımların
atılması onların ümidlərini puça çıxardı. Hazırda ilin müxtəlif dövrlərində
bitkoinə olan tələbat artıb-azalır. Bu artıb-azalma nəticəsində isə qiymətlər
dəyişir. Amma hal-hazırda bitkoinin qiyməti onun dəyərindən çox yüksəkdir.
Bazar iştirakçılarını narahat edən əsas məsələlərdən biri də, valyutanın bu
növünün arxasında heç bir iqtisadiyyatın dayanmamağıdır. Bazarda formalaşan
qiymətlərdə balon effekti var. Bu özü də gələcək dövrlər üçün risk ehtimalını
yüksəldir. Hesab edirəm ki, yaxın beş il ərzində kriptovalyutalar bazarda öz
real dəyərini tapa biləcək. Blokçeyn texnologiyasının tətbiqi nəticəsində
formalaşan bu valyuta növü, ödəmə sistemində əhəmiyyətli mövqe tutacaq. Çünki
kriptovalyutaların gələcəyi var. Müxtəlif maliyyə institutları, mərkəzi banklar
da bunu dərk edir. Sadəcə olaraq, hazırda onun real dəyəri indiki səviyyədə
deyil”.
Şəbnəm Mehdizadə