• şənbə, 20 Aprel, 08:36
  • Baku Bakı 14°C

Maksim Boqdanoviç fenomeni

22.05.18 13:30 1619
Maksim Boqdanoviç fenomeni
Maksim Adamoviç Boqdanoviç (9 dekabr 1891, Minsk-25 may 1917, Yalta) – Belarus şairi, publisist, ədəbiyyatçı, tərcüməçi; Belarus ədəbiyyatının klassiki, müasir Belarus ədəbi dilinin yaradıcılarından biri.
1911-ci ildə Nijeqorod gimnaziyasını bitirən Maksim Boqdanoviç Vilnoya (10 oktyabr 1939-cu ildə qarşılıqlı yardım haqqında Sovet-Litva müqaviləsi imzalandı. SSRİ Belarus respublikasının ərazisində hərbi bazalar yaratmaq imkanı əldə etdi, əvəzində isə Vilens ərazisini və 600 il öncə Belarusiyanın paytaxtı olmuş Vilno şəhərini Litvaya verdi. Şəhər Vilnyus adlandırıldı və Letuvanın (Litvanın) paytaxtı elan edildi – X.N.) gedir, Vatslav Lastovski, Anton və İvan Lutskeviçlərlə və Belarusiyanın digər İntibah dövrü xadimləri ilə tanış olur. Ardınca isə, Lutskeviç qardaşlarının qədim əntiq əşyalar muzeyinin ziyarətindən duyduğu təəssürat altında "Slutsk toxucuları” şeirini yazır.
1909-1913-cü illərdə şair Ovidinin, Horatsinin, fransız şairi Pol Verlenin ədəbi nümunələrini belarus dilinə tərcümə edir. Bundan başqa bu ərəfədə Maksim Boqdanoviç belarus ədəbiyyatının qədim dövrdən XX əsrin başlanğıcına qədər olan inkişaf tarixinin tədqiqi ilə məşğul olur ("Dərinliklər və qatlar”, "Belarus yazı dilinin XVI əsrə qədərki qısa tarixi”, "Yüz il. Belarus yazı dilinin tarixi oçerki” məqalələri).
1914-cü ildə Vilmoda yerləşən Martin Kuxtun mətbəəsində İvan Lutskeviç və Mariya Maqdalena Radzvilin maddi dəstəyi ilə 2000 nüsxə tirajla Maksim Boqdanoviçin həyatda ikən yeganə şeir kitabı "Çələng” çap edilmişdir. (Titul vərəqində 1913-cü il göstərilir).
1916-cı ilin yayında liseyi bitirən Maksim Boqdanoviç Minskə qayıdır. Ağır xəstə olmasına baxmayaraq, Belarus dövlət komitəsində çalışır, asudə vaxtlarını isə ədəbi yaradıcılığa, ictimai-maariflənmə və milli-inqilabi xarakter aşılamağa çalışdığı gənclər dərnəyinin təşkilatlanmasına həsr edirdi.
Bu aralar Maksim Boqdanoviç sonralar milli himnə çevrilən "İtirilmiş qu quşu” və "Təqib” adlı məşhur əsərlərini qələmə alır.
***
Maksim Boqdanoviçin istedadının müxtəlif ölkələrdən olan pərəstişkarları qucaqlarında çox da böyük olmayan çöl çiçəkləri dəstələri ilə şairin son dayanacağı olan Yaltada ucalan abidəsinin qarşısına toplaşırlar. Əlində bürünc rəngli peyğəmbərçiçəyi olan hər zaman gənc qalacaq, qəlbi inam, ümid, sevgi ilə dolu şairin Minskdəki Opera teatrının yanındakı abidəsi, doğulduğu evlə üzbəüz yerləşir.
Gələcək ədəbiyyat dahisinin dünyaya gəldiyi küçə həmin zamanlar Aleksandrovski adlanırdı və Svisloç çayının sahili ilə uzanırdı. Bu gün həmin küçəyə tarixi adını qaytarmayıblar, o, şairin xatirəsini yaşadır. Minskdəki həmin küçədə Boqdanoviçlər ailəsi – uşaqlarla birlikdə ata Adam Yeqoroviç və ana Mariya Afanasyevna yaşayırdı. Ata hüquq təhsili almış məmur idi və vəzifəsinə uyğun olaraq müdiriyyətin əyalət idarəetməsindəki yoxlamalarına tabe idi. Maksimin anadan olmasından 6 ay sonra Adam Yeqoroviçin işinə görə ailə, Mariya Afanasyevnanın vərəmdən dünyasını dəyişdiyi, 1896-cı ilə kimi yaşayacaqları Qrodnoya köçməli oldu. Atanı Nijni Novqoroda işləməyə göndərdilər.
Ananın cənazəsi ilə vidalaşdıqdan sonra gələcək şair demək olar, həyatının az qala sonuna kimi doğma Belarusiya ilə ayrılmalı oldu. Nəhayət, 1911-ci ilin yayında o Vilnonu ziyarət edir, 1916-cı ilin oktyabrında isə Minskə köçür və beş ay orada yaşayır.
Svisloç yaxınlığında doğulan, Nemanın Qrodnoda titrəyən dalğalarının layla çaldığı Boqdanoviç uşaqlığını da, gənclik illərini də onlardan uzaqda – Volqada keçirir. O, Nijni Novqorodun və Yaroslavlın gimnaziyalarında təhsil alır. Demidov hüquq liseyini bitirən şair ali təhsilini Yaroslavlda əldə edir. Artıq ağır xəstə olan Maksim 20 il sonra Vətənə qayıdır. Bu zaman onun dostları pul toplayıb Boqdanoviçi vərəmdən müalicə alması üçün Yaltaya yollayırlar. Amma şairin taleyində bu dünyada uzun müddət qalmaq yox imiş: 25 may 1917-ci ildə o vəfat edir. Onun yer üzündə keçirdiyi zaman kəsiyi cəmi 25 il çəkir.
Şair, nasir, publisist, tərcüməçi olan Maksim Boqdanoviçin yaradıcılığı sözün əsl mənasında fenomenal hadisə idi. Bütün yetkin həyatını rus quberniya şəhərlərində rus dilli əhatədə yaşasa da o, belarus ədəbiyyatçısı idi. Bundan başqa əsrin dörddə biri qədər qısa həyatı ərzində, hətta bundan da qısa sürən yaradıcılıq dövründə Boqdanoviç yolunu doğma Parnasın ən yüksək zirvəsinə qalxmağa və Yanka Kupala (Yanka Kupala– əsl adıİvan Dominikoviç Lutskeviç 1882-1942. Belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki – X.N.), Yakub Kolasla (Yakub Kolas. Əsl adı Konstantin Mixayloviç Mitskeviç. 1882-1956. Belarus sovet yazıçısı, şair, tərcüməçi. Yeni belarus ədəbiyyatının klassiki və əsasını qoyanlardan biri – X.N.) eyni səviyyədə olmağa, bir əsrdən çoxdur ki, milli ədəbiyyatın klassiki olaraq qalmağa müvəffəq olmuşdur.
Maksim Boqdanoviçin yaradıcılığının pik həddi Rusiya mədəniyyətinin qeyri-adi yüksəliş dövrü olan Gümüş dövrlə üst-üstə düşür. Lakin Nijeqorod dövründə bütün filoloji bacarığına və poetik incəsənətə hərtərəfli marağına baxmayaraq o, XX əsrin başlanğıcındakı modernist tendensiyalara qarşı laqeydlik göstərmişdir. Gümüş dövrün müasiri simvolistlərin, akmeistlərin, futuristlərin ideya və bədii axtarışlarından kənarda qalmışdır.
Rusiya ədəbi-ictimai hərəkatında o, tənqidçi və publisist kimi iştirak etmiş, gənc və ustad müəlliflərin novatorluğuna obyektiv və qərəzsiz yanaşmışdır. Amma daxilən özünün Belarus şairi olduğunu dərk edən Boqdanoviç bədii cəhətdən yüksək inkişaf etmiş Belarus poeziyasını klassik obrazlara əsasən yeniləşdirərək və doğma ədəbiyyatda poetik sözün səmimiyyəti və ilkinliyinə iddia edərək əsas yaradıcılıq tapşırığını həyata keçirdi.
Boqdanoviçin yaradıcılığında əsas üstünlüyü zaman və məkan daxilində, xeyir və şərə, gözəlliyə, dramatikliyə, faciəvi olana münasibətdə insan həyatının mənəvi problemlərindən ibarət olan etik konsepsiya idi. O, yekunda şairin həyatı və taleyi haqqında özünəməxsus etirafa çevrilən hər bir şeiri öz daxili "mən” indən keçirərək, qəlbini dəyərli lirik sətirlərə köçürərək düşüncə və hisslərlə əhatələyir.
Belarus poeziyasında vətəndaş mövzusunun formal-məzmun cəhətdən zənginləşməsində şübhəsiz ki, onun "Misir torpağında qumlar arasında” sonetinin rolu böyükdür.
XX əsrin ilk onilliyində doğma ədəbiyyatda vətənpərvər mövzular üstünlük təşkil edirdi. Boqdanoviçin yaşca özündən daha böyük, daha məşhur şairlər olan Kupala və Kolasla ahəngdarlıq təşkil edən səsi enerji cəhətdən heç də onlardan geri qalmırdı.
Bu faktı qeyd etməliyik ki, bu dövrün vətəndaş lirikasının poetik təsviri realist meydanda çıxışların prioritetlərini minimuma endirdi. Ətrafdan şair-vətəndaş Kupalanın qüdrətli səsi ucalırdı: "Orada bataqlıqlar və meşələrdən keçərək irəliləyən kimdir? Belaruslar/ Bəs arıq çiyinlərində apardıqları nədir? Çarəsizlik...” Kolas yaradıcılığına xarakterik olan realist-təhkiyəçilik manerası ilə vətəndaş iztirabının şeiriyyatını, kədərli nəğmələri yaradırdı: "Doğma ölkəm, zavallı ölkəm! Meşə, bataqlıq, qumluq...”. Kupalanın da, Kolasın da, Boqdanoviçin də azadlıqsevər şeiriyyatı vətəndaş optimizmi ilə doludur. Amma əgər birincilərdə o, ritorik və tələbkar şüar-çağırışla zəngin şəkildə açıq publisist tərəfdən görünürsə, Boqdanoviç öz vətənpərvər hisslərini sonet formasında yazılan şeirləri ilə dilə gətirirdi.
Misir torpağında qumlar arasında
Mavi Nilin dalğaları üzərində
Neçə min illərdi abidə dayanıb:
İçində bir çimdik taxıl olan dibçəklə birgə.
Toza çevrilsə də taxıl dənəsi
Onun həyat gücü
Oyandı yenə
və yenidən cücərdi.
Və yenidən çörək gətirdi bitkilər.
Unudulmuş azad ölkə, budur sənin simvolun
Oyandın. İnanıram xalqın ruhu
Faydasızca yuxuya getməz
Və yenidən dirçələcək.
Nəhəng açarla savaşan bulaq kimi
Çıxacaq işıqlı dünyaya.
Boqdanoviçin inam simvolu təbiətin sahələr boyu sünbüllərini çoxaldaraq yayılan qüdrəti olan taxıldır. Beləcə müəllifin doğma torpağın taleyi haqqındakı vətənpərvər düşüncəsi gözəl sonetlə ifadə edilir. Bu qədər çətin mövzunun bədii ifadəsi olduqca orijinaldır. Boqdanoviç genişləndirilmiş metaforik müqayisənin təsirini Belarus baxışlarının vərdiş etmədiyi landşaft görüntüsü ilə effektiv şəkildə istifadə edir. "Meşə, bataqlıq və qum” hər bir burulğan və girdabla məşhur olan, hər tərəfdə pənahımız olan doğma Neman (Belarusda çay – X.N.), "naməlum torpaq” isə möcüzəli Nil çayının dalğalarının yuduğu Misirdir. Vərdiş edilməyən sonet formasına, qeyri-ənənəvi simvolizmə müraciət edən şair sosial-vətəndaş mövqeli şeirini realizmin janr və üslub çərçivələri ilə məhdudlaşan dairəsindən kənara çıxarırdı.
Boqdanoviçin vətəndaş lirikasının pafosluluğu rəssamın vətənə fədakarcasına xidmətinin motivləri ilə sıx bağlıdır.
Xalqın maraqları naminə qəhrəmanlıq etmək, özünü qurbanvermə ədəbiyyatçının vətəndaş mövqeyinin ən yüksək həddi idi. "Bu gecə qurudu axan bulağın suyu” sonetində Boqdanoviç şairin ətraf aləmlə, konkret bu hadisədə yaradıcı şəxsiyyətin ictimai nifrət sferasına məcburi sürükləyən sosial mühitlə sıx əlaqəsini müzakirə edir. O, simvolik olaraq şairin sosial taleyini qışın şaxtalı günlərində üzdən sakit və hərəkətsiz, daxildən isə qar təbəqəsinin altından axan su ilə dalğalanan və "dalğaların güclü səsləri ilə” "azad dünyaya qovuşmağa” cəhd göstərən selə bənzədir.
Mən bu simvolu basıb bağrıma
Dözülməz döyüşə sinə gərərək,
Sözün doğma təbiətini kəşf etdim.
Necə? Susuram. Axı burda hamı şairdir!
Kədərli keçmişi yoxa çevirin.
Bütün Qəlbinizlə İşıq yağdırın ora!
"Şairin istedadı mübarək göylərdən gələn vergidir” (A.S.Puşkin). Bu vergini qəbul edərkən, sənə bəxş edilən taleyə layiq olmalı: poetik sözün sirrini tapmalısan. Boqdanoviç bu verginin ən yüksək həddinə sahib idi. "Şairə” adlı şeirində ilham pərisindən bəhs edərkən şairin səsi böyük coşğu ilə səslənir:
Çevik sətirləri poladdan yaratmalı,
Möhkəmlədib, cilalamalı onları – səbirlə.
Toxunan kimi xəbərdarlıq edərək səslənəcəkdir
sanki daşdan şimşək səpələnəcək ətrafa.
Boqdanoviç yaradıcı prosesi ustanın istedadlı əlləriylə daşı cilalayaraq qiymətsiz cavahirata çevirməsi ilə müqayisə edir. Bədii əsərin qiymətli daşla (mirvari dənəsi ilə) obrazlı müqayisəsi poeziyada olduqca ənənəvidir, onu poetik universallıq adlanan təbəqəyə qaldırır. Boqdanoviç ənənəvi motivi gücləndirərək poetik cığırın zəngin obrazlılığını təkcə "Şairə” şeirində deyil, həm də "Mənim həzin nəğmələrim...”, "Balıqqulağında qara mirvari varmı...” şeirlərində də diqqətə çatdıra bilmişdir. Onların hər biri Boqdanoviçin yaradıcılığının mövzusunu müxtəlif formada genişləndirir. Boqdanoviç həqiqi incəsənətin dəyərlərini fəlsəfi cəhətdən götür-qoy edir:
Bütün nəğmələrim xəfifdir mənim,
qara kömür təki qaranlıq olsa da,
İstidən parlayacaqlar,
Əgər əzab alovunda
qəlbim közərdərsə onları.
Sönəndə isə – rəngbərəng taxıl kimi atılıb düşər,
Üşüyərkən də qiymətli daşa çevrilər –
Mənim torpağa uzanacağım zaman...
1910
Digər şeirdə şair təbiətdə təbii orqanizmin möcüzəli şəkildə estetik gözəlliyə çevrilməsini müşahidə edir, məsələn qum dənələrindən mirvarinin meydana gəlməsi kimi:
Əgər qara mirvarinin yarandığı balıqqulağına
Bircə qum dənəciyi də düşərsə,
İnciyə çevrilər zamanla o.
Əgər qəlbimə salınarsa
Qara, kobud şişlər
Qəlbim inciyə çevirər onları...
Təbiət tərəfindən bu gözəl çevrilmə hadisəsinə müvafiq olaraq yaradıcılıqda kobud-rəzil hadisələr şair qəlbinin ali istəkləri ilə bədii yaradılışın incisinə çevrilə bilər.
Boqdanoviçin lirikasında gah dostluğun və sevginin itirilmiş hisslərindən, gah da ölümün yaxınlıqda olması düşüncəsindən yaranan kədərli, pessimist əhval, inamsızlıq motivləri, qəlb həsrəti, tez-tez müşahidə edilir. Boqdanoviçin lirikasının faciəsi onun şəxsi həyatının taleyinin süqutudur, qürbət eldə sağalmaz xəstəlikdən vəfat edən gənc şairin faciəsidir. O, fasiləsiz olaraq uzaqdakı zavallı ölkəsi haqqında düşünən "xəstə, təxəyyül hissindən uzaq şair”dir. ("Qürbətdə”). O, ququ quşundan ona mənasız illər arzulamamasını istəyir: qəlbindəki ağrı isə ayrı cür düşünür: "Oxuma, boz rəngli ququ quşu, Xəstəliklə çarpışan ürək əzab çəkir”:
Ah, niyə şair oldum mən
Zavallı ölkəmizdə?
Qəlbim sızıldayır, bədənim solur,
Dərmanımsa yoxdur mənim.
Fikirlər ağlımdan axır yağıştək
Hisslər qaçaraq gedir qəlbimdən...
Bəlkə ardınca yovşan ətri gələcək
Bax, onda yaşamağa dəyəcək!
Amma bütün bunlara baxmayaraq şairin lirikası "Qəlb ağrıları” ilə doğulmasına baxmayaraq həyat eşqi ilə, optimizmlə doludur; onun kədəri puşkinsayağı işıqlıdır, həyatı isə harmoniya və bütövlük olaraq qəbul edilir.
Boqdanoviçin lirik əsərlərində ənənə, vərəsəlik probleminə, nəhəng şair-sələflərdən əldə edəcəyi yaradıcılıq dərslərinə maraq hiss olunur. Qeyd edildiyi kimi, Belarus şairi əsas estetik qayda ilə doğma ədəbiyyatın mövzu və formalarının genişlənməsini nəzərə çatdırır, onu qüsursuz sənətə doğru yönəldir. "Şairlər” adlanan şeirində Boqdanoviç yaradıcı varislik probleminə münasibətdə öz mövqeyini dəqiq şəkildə ortaya qoyur.
Antik klassika Belarus şairi üçün ustadlıq məktəbi olmuşdur. Boqdanoviçin antikliyə, ideya, mövzu, forma mənbəyi olan İntibaha aşkar yaradıcı münasibəti də, yunan və Roma mifologiyası obrazlarının davamlı istifadəsi, lirikada anakreontik (anakreontik poeziya lirik janrdır. İlk vaxtlar liranın sədaları altında ifa edilən poeziya, qayğısız həyatın xoşbəxtliyini, hisslərdən alınan zövqü, şənliyi tərənnüm edən poeziya kimi tanınırdı – X.N.) motivlərin aşkarlanması, Horatsiyaya, onun abidəsinə, Madonnanın obrazının poetikləşdirilməsinə müraciət buradan qaynaqlanır. Anakreontika Boqdanov şeiriyyatının möhtəşəm səhifələrindən biridir. O, "Eros” adlanan şeir silsiləsində ənənəni reallaşdırır, sonra isə qədim yunan nəğməkarına lirik etirafda öz pərəstişini təcəssüm etdirir:
Solğunam, nasazam, amma yenə sevirəm
Sənin müdrik, coşqun şeirini, Anakreon!
Ağlı oyandırır, qanı həyəcanlandırır,
Onda gümrah sevinc yaşayır, həyatı coşdurur o.
Təbiətin vergisi kimi şeir,
Üzümdən alınan tünd qoxulu, açıq rəngli şərab.
Günlər keçir, illər ötür.
Amma daha artıq məst edir adamı.
"Çevrilmə”dən fraqmentləri Belarus dilinə tərcümə edən Boqdanoviç Ovidini də "təqib etmişdir”. Kiçik asklepiad janrlı (antik şeir, yunan şairi Asklepiad Samosskun təkmilləşdirdiyi e.ə IV əsrin əvvəlində iskəndəriyyəlilərin istifadə etdiyi şeir janrı – X.N. ) şeir olan Horatsinin məşhur "Abidə”si Belarus dilində səslənir:
Möhkəm misdən ucaltdım abidəmi
Piramidalardan daha hündürdü binalar;
Onu nə güclü yağış nə gecə Akvilonu*
Nə saysız illər məhv edə bilməz.
Yox, tamam ölmərəm mən, həyatda ən yaxşı tale –
Cənazə istəmərəm, şanlıdır çələngim mənim.
Kapitoliyə qədər hər yer yaşıl olacaq
Səssiz vida keçirəcək baş kahin.
(* Akvilon – qədim roma dilində şimal-şərqi, bəzən şimal küləyinin adı. Digər küləklər kimi Akvilon da təbiətin bu gücünü təcəssüm etdirən Tanrılarla əlaqələndirilirdi. – X.N.)
Antik ənənənin Boqdanoviç tərəfindən istifadəsi yalnız doğma ədəbiyyatı ali inkişaf mərhələsinə qədər qaldırmaq, bütün yaxşı şeyləri – insanlığın əldə olunmuş estetik inkişafını milli yaradıcılıqla birləşdirməklə izah olunurdu.
Şairin şəxsiyyətinin özünü aşkara çıxarması onun peyzaj və intim şeirlərində aydın şəkildə təcəssüm etmişdir. Təbiətin lirik qəhrəmanın düşüncələrindən keçən poetik kəşfi, ətraf mühitlə mənəvi bağlılıq Belarus müəllifinin parlaq bədii uğuruna çevrilmişdir.
Peyzaj lirikası Boqdanoviçin şəxsi həyəcanlarını ortaya qoyur – gah təbiətin gözəlliyinə görə sevinən, gah bu əbədi, gözəl dünyanın rəngarəngliyini kədərlə sezən və səslərin ahəngdarlığını dinləyərək, qəlbində və fikrində həyatın qısalığına görə kədərlənərək ölümcül xəstəliklə çarpışan şair gözəlliyə hər zaman heyran qalmışdır.
Boqdanoviçin demək olar təbiətlə bağlı bütün şeirləri rəssamın rəngarəng, təbii, harmonik dünyagörüşündə özünü günahkar hesab etməsinin ifadəsinə bənzəyir. Boqdanoviçdə peyzajlar bu və ya başqa obrazla hər zaman təbiəti şəxsi dərk etmə ilə bağlıdır. Şair nümayişkaranə tərzdə əşyalar və real dünyadakı hadisələrdən daha çox lirik "mən”in hiss və həyəcanlarını rəssam dəqiqliyi ilə təsvir edir. Geniş düzlər məkanında, böyük meşələrdə, axan çayların coşqun sularında könül azadlığa can atır:
Aydınlanır hava,
Geri dönür bahar.
Tezliklə, tezliklə bütün təbiət
Oyanacaqdır yuxudan.
Quş qatarlarının hay-küyü altında
Dalğalara tam sürət verərək
Qoca Neman* qaldıracaq
Nəhəng zirvəyə buzları.
Əzilib əriyəcək buzlaqlar
Coşqun sular isə
Sulu qarı yuyub aparacaq düzənlikdən
Heç bir iz buraxmadan.
Ax, bol sularınla ax,
Ağacların, çəmənlərin, otlaqların arasıyla.
Öz azadlığının gözəlliyi ilə
Mənim qəlbimi qanadlandır!
(*Neman – Belarusda çay)
"İsti axşam, sakit külək, yumşaq taya...” şeiri əsaslı olaraq Boqdanoviçin peyzaj şeirlərinin şedevri hesab edilir. Burada şəxsiyyətlə təbiətin harmonik birləşməsi şövqlə qələmə alınmışdır.
İsti axşam, sakit külək, yumşaq taya,
Torpağın sinəsində yatırdılar məni.
Yollardakı dirəklərdə tütün çəkməyək
Səmada ay parlayır solğun buynuz tək
Səmada ulduzlar səssizcə parlayır.
Axşamın sükutundan rahatlıq tapıb,
Yada sala bilmədim, əlim haradadır, başım harada.
Təbiətlə bütünləşmiş qəlbimlə görürəm
Külək ulduzları necə titrədir,
Sükutda necə boy atır otlar.
Şeirdə lirik qəhrəman tərəfindən təbiətin dərk edilməsi bitkin və təbiidir: o, birdəfəyə gecəyə doğru uzanan yay axşamının, otların iyinin, küləyin səssizliyinin, ulduzlu gecənin gözəlliyinin istiliyini özünə çəkir. Şair qəlbi ilə təbiətin, burada həmahənglik yaradan lirik qəhrəmanın psixoloji vəziyyətini riqqətlə təsvir edir.
Təkcə peyzaj deyil, sevgi şeirləri də şairin şəxsi həyəcanlarını əks etdirir. Boqdanovda intim sarsıntılar müdrikliyin yüksək həddində genişlənir. Gənc şair üçün sevgi həyata keçməsi mümkünsüz olan gözəl bir arzudur, çünki o, "xəstə sinədə doğula bilməz”. Bu arzu Anyaya, "xəyalında canlandırdığı” Veronikaya, onun Madonnası – naməlum kəndli qıza həsr edilmiş şeir silsilələrinin lirik sətirlərinə hopub. "Eras” silsiləsinə daxil olan şeirlərdə onun qəlbi sevgidən qaynayır və donur.
Saçlar arasından baxan təki baxır
Pırtlaşıq, qaralmış buludlar arasından oraqşəkilli ay.
Birdən nəfəs almağım mənə boğulanları xatırlatdı.
Və eşq – əzabları,
Və qıvraq bədən – ağılsızlığı,
Və qoxular – sərxoşluğu...
....................
Sinəmdə qaynar nəfəs sıxılır,
Qanım dalğalanır durmadan.
Lirik qəhrəmanın ən intim etirafları parlaq kədərlə doludur. Boqdanoviçin son şeirlərindən birində hisslərin faciəsi təkcə qəlbə hakim kəsilən sözlərə deyil, həm də rekviyemin vida nəğməsinin səlis ritminə qarışır:
İki rəngli
Muar*
Bərq vurur
Hər kəs görür
Harada başlayıb, harada bitdiyini
Hər halda onların arasında nə isə var,
Nə isə aldatmağa imkan verməz.
Qəlbimdə iztirablar.
Və heç zaman
Sizin qəlbinizlə qovuşmayacaq
Mənim qəlbim.
Bu da son.
(*Xara. Parça növü)
Şair Boqdanoviçin qəlbi öz lirasını həsr etdiyi şəxslərə sevgi ilə döyünürdü. Abidəsi isə rus şairləri olan Lomonosov, Derjavin, Puşkinin abidələri kimi möhtəşəm olmasa da, özünü ucaltmağa müvəffəq olub:
Gözlərimi yumacağım evdə,
Mavi körfəzin möcüzəli kənarında,
Tək deyiləm, kitab mənimlədir –
Martin Kuxtın mətbəəsində yayımlanan kitab.
Maksim Boqdanoviçin abidəsi ancaq bu sonuncu dördlük ola bildi. Poetik nəfəsin sonuna bənzəyən bu son şeirlə Boqdanoviç öz tərcümeyi-halını həqiqi şair kimi sona çatdırdı. O, ölümün qaranlıq məmləkətini parlaq, vəfat etdiyi evi bəyaz, həyatla vidalaşdığı körfəzi mavi, ən böyük xəzinə olan yeganə şeir kitabını isə "Çələng” adlandırmışdı...
Şelemova Antonina Oleqovna (filologiya elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin "Rusiya və xarici ədəbiyyat” kafedrasının professoru)
Mənbə: cyberleninka.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər