• cümə axşamı, 28 mart, 23:03
  • Baku Bakı 13°C

Makronun qərarına Türkiyədən sərt etiraz

15.04.19 16:58 1402
Makronun qərarına Türkiyədən sərt etiraz
Qondarma soyqırımının ildönümü ərəfəsində erməni lobbisi yenidən Türkiyəyə qarşı çirkin təbliğat maşınını işə salıb. Məqsəd bəllidir - baş verməmiş bir hadisədən istifadə edərək Türkiyə əleyhinə kampaniya aparmaq. Təəssüf doğuran hal odur ki, ermənilər Qərbin bir sıra dövlətlərini də öz torlarına salmağa müvəffəq olurlar. Bu sırada Fransa da var. Təbii ki, bu dövlətin ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu ölkə qondarma soyqırımını tanıyan ilk dövlətlər sırasında olub. Prezident Emmanuel Makron erməni məsələsində daha da irəli gedib. Heç kimə sirr deyil ki, Makron növbəti seçkilərdə uğur qazana bilməyəcək - ölkəni sarı jiletlilərin aksiyası bürüyüb, etirazlar səngimir. Belə vəziyyətdə də o, çıxış yolunu qondarma soyqırımını tanımaqda görür. Beləliklə, Fransa prezidentinin biabırçı qərarından sonra 24 aprel Fransanın rəsmi təqvimində yer alacaq. Qondarma erməni soyqırımının tanıyan Makronun bu qərarı qardaş ölkədə ciddi təpgilərlə üzləşib. Türkiyə prezident aparatının mətbuat katibi İbrahim Kalın Makronun 24 aprel gününüqondarma "erməni soyqırımı”nı anma günü elan etməsinə reaksiya göstərib. Kalın Fransa prezidentinin qərarınaşəxsi "Twitter” səhifəsində münasibət bildirib. "Məqsədləri sadəcə Türkiyənin tarixinə hücum etmək deyil, bu gününə və sabahına hökm etməkdir. Buna nail ola bilməyəcəklər. Türkiyətarixinə və gələcəyinə sahib çıxaraq əmin addımlarla irəliləməkdə davam edəcək”, - deyə mətbuat katibi vurğulayıb. İ.Kalın daha sonra "Fransa tarixindəki qara ləkələr unudulmur” başlıqlı xəbər də bölüşüb.
Öz növbəsində xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır: "Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin”. M.Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Antalyada keçirilən Rouz-Rot seminarında fransız millət vəkili Sonia Kriminin PKK barədə mülahizələrinə cavab olaraq söyləyib. Çavuşoğlu çıxışı zamanı deyib ki, "siz Türkiyəni cəzalandırmağa çalışırsınız, söz azadlığından danışırsınız, lakin Makronun fəaliyyəti beynəlxalq hüquqa ziddir. Həmin hadisələri soyqırımı kimi qiymətləndirmək üçün məhkəmənin qərarı olmalıdır, amma o, yoxdur. Bu qərar hansı motivlərə görə qəbul edilib? Bunun yeganə izahı populizmdir. Biz Əlcəzair və Ruanda hadisələrini unutmamışıq. Makron bunu xatırlasın.Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin”.
Çavuşoğlunun çıxışı zamanı xanım Sonia Krimi salonu tərk edib.
Yeri gəlmişkən, Türkiyə mediası da Fransanı və ümumiyyətlə ermənilərin bur çirkin oyununa qarşı irimiqyaslı fəaliyyətlə start verib. "Yeni cağ” qəzetində dərc olunan "Ermənilər tarix ilə üzləşməkdən qaçırlar” başlıqlı məqalədə bildirilir ki, Qərb ölkələrinin sözdə erməni soyqırımı ilə bağlı Türkiyəni küncə sıxışdırmaq istəyinə tarixçi və siyasətçilər "bu məsələ siyasi deyil, tarixidir” kimi cavablandırırlar. "Türkiyənin bu məsələni araşdırmalı olduğunu iddia etmələrinin heç bir anlamı yoxdur. Üzləşmədən qaçanlar əsl soyqırımçı olan ermənilərdir”, - deyə məqalədə bildirilir.
Müəllif yazır ki, qondarma soyqırımının ildönümünün yaxınlaşdığı bir ərəfədə Türkiyəyə qarşı mərkəzlər yenidən birləşib. "İtaliya parlamentində məsələ ilə bağlı müzakirələrin getdiyi bir vaxt Fransa lideri qondarma soyqırımını tanıyan qərar qəbul etdi. Tarixləri qətliamlarla dolu olan ölkələr 24 aprel ərəfəsində Türkiyəni yenidən küncə sıxmağa çalışırlar”, - deyə məqalədə vurğulanır. Qəzetə açıqlamasında tarixçi-yazar, Sakarya Universitetinin professoru Əbubəkr Sofoğlu bildirib ki, "bu qərarların siyasi olaraq da ciddiyə alınacaq tərəfi yoxdur. Bu qondarma iddialar Türkiyəni küncə sıxışdırmaq üçün fürsətçillik olaraq qəbul edilməlidir”.
Beynəlxalq münasibətlər üzrə professor Barış Adıbeyli isə hesab edir ki, bəzi güclər qondarma soyqırımı olaylarında zəif nöqtə gördüklərindən Türkiyə üzərinə hücum etmək istəyirlər. Amma hücumlar və qərarlar qarşısında hansısa bir təpgi verməyimiz gərəkdir”. Əlavə edib ki, Türkiyənin işi haqdır: "Bu qərarlar xüsusilə də Avropada yayılır. Sabah bu qərarı müsəlman ölkələrə qoyacaqlar. Ermənistana əhəmiyyət verdikləri səbəbindən deyil, bu məsələni Türkiyəyə qarşı istifadə etmək istədikləri üçün gündəmdə saxlayırlar”.
"Türkiyə” qəzetində köşə yazarı Müyəssər Yıldız isə "Soyqırımı iddiaları "ayrıca” deyə müzakirə olunacaq bir məsələ deyildir” məqaləsində yazır ki, Fransa lideri qondarma soyqırımıyla bağlı elan etdiyi qərarı açıqlayarkən məsələ ilə bağlı Ərdoğana məlumat verdiyini bildirib. Müəllif məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da sərt reaksiya verməli olduğunu yazıb.
Əslisiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey Karsda keçirilən tədbirdə Fransanın qərarı və Ermənistanın başlatdığı kampaniyanı sərt pisləyib. Bildirib ki, Fransanın qərarı siyasidir, seçkilərdə ermənilərin səsini qazanmağa xidmət edir: "Soyqırımı etmiş, yaşatmış bir millət soyqırımı barədə necə qərar çıxara bilər? Əgər Fransa 24 apreli anacaqsa, Əlcəzairdə və digər Afrika ölkələrində etdiklərini də anmalıdır”. G.Gülbey "hesab edirəm ki, Fransa öz sərhədlərini aşıb” deyə bildirib.
Öz növbəsində türkiyəli siyasətçi Doğu Perinçek hesab edir ki, "Fransa özü soyqırımı həyata keçirən ölkədir - 1961-62-ci illərdə Əlcəzair və Tunisdə müstəmləkə zülmündən azad olmaq istəyən 1,5 milyona qədər ərəbi qırıb”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər