• cümə, 29 Mart, 17:16
  • Baku Bakı 14°C

Mahnıları ilə çələng hörən bəstəkar - Fotolar

06.03.18 09:30 2310
Mahnıları ilə çələng hörən bəstəkar - Fotolar
Musiqi - insanı keçmişə və gələcəyə aparan möcüzə dolu bir aləmdir. O, insanın dünyaya gəlişinin, dünyada mövcudluğunun, dünyadan gedişinin elə-belə olmadığını vurğulayan, hər kəsi ömrü boyu müşayiət edən sirli səslər toplusudur. Qəribədir ki, insan həm sevincli, həm də kədərli anlarında musiqiyə müraciət edir və daxilində bir rahatlıq tapır. Bunun əsasında demək olar ki, insanın ən yaxın dostu və sirdaşı gözəl musiqilərdir. Bu musiqiləri isə ərsəyə gətirmək heç də asan məsələ deyil. Bunu bacaranlardan biri, varlığı musiqi ilə yoğrulmuş, dünyaya musiqilər gətirən sevilən bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər martın 2-də bu dünyadan köç etdi.

Onun minlərin, milyonların qəlbində özünə yer tapa bilməsi böyük sevginin bir göstəricisidir. Bu qədər sevilmək, sevgiyə boğulmaq heç də hər kəsə nəsib olmur. Balaca yazımın böyük qəhrəmanı olan Tahir Əkbər hər zaman xatırlanan, anılan, hər musiqi sədası eşidildikdə, yada düşən ölməz sənətkarlarımızdan biri idi və elə də olacaq. Açılan hər sabahımıza, qaçılan hər dünənimizə, aylı axşamlarımıza onun ayrıca qəlb pıçıltıları, könül nəğmələri, bütün insanlığa yetəcək sevgi payı var, olub və olacaq da. İstər peşəkarlar, istərsə də sadə dinləyiciləronun musiqiləriniilknotlarından tanıyırlar.O musiqilər ki, Tahir Əkbər ruhunun gözəlliyi ilə, qəlbindən süzülən incə tellərlə onlara can, nəfəs verib. Onun bəstələri sevilən sənətkarların dillər əzbərinə çevrilib. Bundan sonra da çevriləcək, oxunacaq, dinləniləcək, seviləcək. Ancaq o Tahir Əkbərdən bir də olmayacaq.
Onunla tanışlığımız bir neçə il əvvəl klip təqdimatlarının birində gerçəkləşmişdi. "Musiqinin dili olsa da danışsa...” demişdim. Mənə musiqinin əslində dili olduğunu, ancaq onu musiqidən anlayanların başa düşdüyünü demişdi. Sonra xırdalamağa başlamışdı. Deyirdi ki, o yazdığı mahnıları quşa bənzədir. Onun bir qanadı bəstəkar, bir qanadı şairdir. Amma bu quşu göylərə qaldıran, ona ruh verən müğənnidir. Üçü də mükəmməl olanda, nəticə də mükəmməl olur. Bu üçlükdə kimsə axsasa, o musiqi zəif olacaq: "Məsələn, mənim "Dərdin alım” mahnımı Zeynəb Xanlarova oxuyub, çox da məşhur mahnıdır. Şair Osman Sarıvəllinin şeiri ilə mənim musiqimə Zeynəb xanım can verib. Bunu etiraf etmək lazımdır axı. Mən zaman-zaman Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və digər xalq şairlərimizlə birgə işləmişəm. Yaxşı mahnının yazılmasında şeiriyyətin rolu çox böyükdür”.

Tahir Əkbərin qeyd etdiyi "Dərdin alım” mahnısı uşaqdan-böyüyə insanların sevgisini qazanmışdı, dillər əzbərinə çevrilmişdi. İndi də dinlənilir və sevilir:
Bahar çağı səhər erkən,
Göy çəməndə gəzəndə sən
Bilirsənmi ürəyimdən,
Nələr keçər dərdin alım...


Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri də yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən "Dərdin alım”, "Heç küsməyin yeridirmi?”, "Azərbaycan”, "Əzizim”, "Heyfim gəldi”, "Qalardım”, "Bir qız bir oğlanındır”, "Xəzəllərin rəqsi” və başqaları görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları, həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. Bunları niyə deyirəm? Çünki bir çoxlarımız onun yaradıcılığından xəbərsizik. Eşitdiyimiz o köhnə mahnıların bəzən xalq mahnısı olduğunu düşünsək də, onların bəstəkarı məhz Tahir Əkbər idi. Ondan bizə ərməğan qalan musiqilər.
Tahir Əkbərin ailə dostu, sirdaşı, əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkarı nə sağ vaxtı, nə də xəstə olarkən bir an tək qoydu. Davamlı olaraq biz mətbuat nümayəndələrini, bəstəkarın dostlarını onun səhhəti ilə bağlı xəbərdar etdi. Bəstəkar gözlərini həyata əbədi yumanda isə, ürək sözlərini sosial şəbəkədəki özəl səhifəsində qeyd etdi. Bu sözlərdən onun nələr yaşadığını aydın şəkildə hiss etmək və sezmək olurdu: "Ömrümdə ilk dəfədir ki, yazacaqlarımın qarşısında aciz qalıram. Artıq neçə il idi ki, Tahir müəllimin sağlamlığında çox ciddi problemlər yaranmışdı. O, ilk beyin əməliyyatından sonra da arabir vəziyyəti dəyişkən olurdı. Amma bütün hallarda insan özünə bir ipucu axtarır ki, ümidlərini öldürməsin. O, ümid neçə müddət onun özünü də, onu sevənləri də möcüzəyə inandırırdı. Möcüzələrin baş verməsinə həm inanırdım, həm də... Onu hər o vəziyyətdə görəndə, ürəyim tab gətirmirdi. Gəlirdim evə və otağımda xısın-xısın ağlayardım. Ona kömək edə bilmədiyim üçün çox üzülürdüm. Kaş ki, əlimdə olsaydı, onu Əzrayılın əlindən ala biləydim. Amma mümkünsüz idi. Atam da belə ölmüşdü, ondan bilirdim. Sənətkarın susması, bilirsinizmi necə dəhşətdir? Özü də belə sənətkarın! Sevimli Mehriban Əliyeva ona ilk yardım əlini uzadandan sonra çox sevinmişdi. Hətta özü də inanırdı ki, ölməyəcək! Necə ürəkdən inanmışdısa, səsinin, dilinin tutulmasına baxmayaraq, nələrsə deməyə çalışırdı. Mehriban xanıma olan minnətdarlığını olmayan dilinin ürək səsiylə, sevinc hissiylə bildirməyə çalışırdı. Bu da son, canı qurtuldu bu vəfasız dünyadan... Onu nəğmələri yaşadacaq. İnanıram ki, yaradıcılığına layiq olduğu yüksək mükafatlar veriləcək”.

Mərhum sənətkarın yaxın dostu olan Aybəniz xanım daha sonra "Xalq ulduzu” yarışması ilə bağlı xatirələrini paylaşdı: "Yaxşı xatırlayıram, "Xalq ulduzu” yarışmasının hansısa ilində fəxri ada layiq görülmüşdüm. Mənə dedi ki, daha bu ildən yarışmaya qatılmayacağam. Sual verdim ki, niyə? O, "hamınızın fəxri adı var, amma mənim yox. Sizin yanınızda pərt olacağam, gəlməsəm, daha yaxşı olar” , - deyə bildirdi. Tahir bəy bunu deyəndə çox üzülmüşdüm və ona təsəlli verməyə çalışdım ki, narahat olmasın, aparıcıdan xahiş edəcəm ki, fəxri adımı efirdə səsləndirməsin”.
Tahir Əkbərin yaxın dostlarından olan xalq artisti Mübariz Tağıyev bəstəkarın ölümünə kədərləndiyini və onu heç zaman unutmayacağını bildirdi: "Tahir Əkbər bəstəkardan olmaqdan əlavə, çox alicənab, işinin peşəkarı olan bir insan idi. Dostlarının yanında hörmət-izzət qazanmışdı. Bəstəkar kimi də çox tanınır və sevilirdi. Onun ilk mahnısını mən oxumuşam... O illəri çox gözəl xatırlayıram. Heyf o günlərdən, o illərdən. Mən sizə nə deyim? Elə hisslər var ki, onlar deyilmir, sadəcə yaşanır. Tahir Əkbər özünü reklam etməyi heç zaman sevmirdi, reklamdan qaçırdı. Elə bil bu zəmanənin adamı deyildi. Gözə girmək, özünü tərifləməklə heç arası yox idi. Hər zaman getdiyi məkanlarda belə, kölgədə dayanmağa çalışırdı. Hərdən deyirdim ki, yazdığın əsərləri niyə ifa etmirsən? Mahnıları da çox dəyərli və qiymətli idi. Özünə qapanan insan və öz dünyası olan bir sənətkardı. Xatirəmdə ziyalı insan, gözəl dost, bəstəkar kimi qaldı. Onunla bağlı danışmaq mənim üçün çox ağırdır. Allah rəhmət etsin”.
M.Tağıyev Tahir Əkbərin ölüm xəbərini çox gec öyrəndiyini bildirdi. Bunun üçün bir xeyli də giley etdi: "O öləndə mən xəstə idim, xəbərim olanda isə, artıq onu dəfn etmişdilər. Mən onunla sonuncu dəfə Az.TV-də görüşmüşdüm. Oturduq, söhbət etdik, dərdləşdik, iki yaxın dost kimi. Onda birinci dəfə xəstəxanaya düşmüşdü. Səhhəti yaxşı deyildi. Biz sənət adamlarıyıq. Hər zaman sosial şəbəkələrdə ola bilmirik. Məhz bu səbəbdən dostlarımızın ölüm xəbərlərini gec eşidirik. Mən onun öldüyünü gec eşitdim və onunla vidalaşa bilmədiyim üçün çox məyusam. Nə radioda, nə televiziyada belə sənətkarların ölən gün xəbəri verilmir. Biz dostlarımızın ölümündən beləcə bixəbər qalırıq”.
Xalq artisti Gülyaz Məmmədova ilə əlaqə saxladıq. İfaçı bu günlərdə öz atasını da itirdiyini və hər iki itkiyə görə çox məyus olduğunu bildirdi: "Tahir Əkbər bizim üçün əziz və bir o qədər də dəyərli insan idi. Onu itirdiyimizə hələ də inana bilmirəm. O, Azərbaycan mədəniyyətinin çox sevilən simalarından biridir. Bundan əlavə, hamının sevimli bəstəkarı idi. O, musiqinin bir çox janrında əsərlər yazsa da, yaradıcılığının böyük hissəsini mahnılar və romanslar təşkil edir. Onun əsərləri milli dəyərlərə söykənir. Biz də bacım Gülyanaqla onun nəğmələrini oxumuşuq. Belə ki, "Vətəni sevirəm”, "Göy-göl”, "Xaçmaz”, "Şabran”, "Səndən mənə yar olmaz” mahnılarımızın bəstəkarı məhz Tahir Əkbər idi. Onunla vidalaşmaq bizə çətindir. Martın 4-də biz atamızı da itirdik. Onların hər ikisinə Allahdan rəhmət diləyirik”.
İki il bundan öncə 70 yaşı Heydər Əliyev Sarayında böyük təntənə ilə keçirilən bəstəkarın sevinci o gün gözlərindən sezilirdi. Niyə də sezilməsin axı, o gün bütün dostları, pərəstişkarları yanında idi. Gecə boyu bəstəkarın dillər əzbəri olan mahnılarından çələng hörüldü. Bu mahnıların içərisində illərdən bəri sevə-sevə eşitdiyimiz, yaddaşımızda saxladığımız mahnılar da vardı, yeni yazılan nəğmələr də. 2 il xəstə yatağında qalan bəstəkarı da məhz bu səbəbdən ziyarətə getmədim. Onu o səhnədə gördüyüm kimi şux və şən xatırlamaq üçün. Nədənsə hər dəfə Tahir Əkbər yaradıcılığından söhbət düşəndə, ağlıma onun "Heç küsməyin yeridirmi?” mahnısı gəlir. Bəlkə də bu onun yaradıcılığında ən çox sevdiyim bəstəsi olduğu üçündür. Amma bəlkə də onun bizlərdən sanki küsüb getdiyini düşündüyüm üçün...
Noldu yenə küsdün getdin?
Heç küsməyin yeridirmi?
Ürəyimi al qan etdin
Heç küsməyin yeridirmi?
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər