• çərşənbə axşamı, 19 mart, 09:25
  • Baku Bakı 8°C

Mahmud Əhmədinejad seçkiyə buraxılmadı

22.04.17 10:00 1333
Mahmud Əhmədinejad seçkiyə buraxılmadı
İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb və 6 nəfərin iştirakı təsdiqlənib. Mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı aprelin 27-də açıqlanacaq. Beləliklə,Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır: İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvüSeyid Mustafa Ağa Mirsəlim, prezidentin birinci müaviniİshaq Cahangiri Kuşayi, hazırkı prezidentHəsən Ruhani,"İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvüSeyid İbrahim Rəisi, Tehran şəhərinin meriMəhəmməd Baqir Qalibaf və İranın Milli Olimpiya Komitəsinin sədriMustafa Haşemitəba. Namizədliyi təsdiq edilməyənlər arasında 2005-2013-cü illər ərzində ölkəyə rəhbərlik edən Mahmud Əhmədinejad da var. Hökumət tərəfindən idarə olunan Konstitusiyaya Nəzarət Şurası analoji qərarı onun müttəfiqi Həmid Bəhai barədə də qəbul edib. Ümumiyyətlə, Əhmədinejadın əvvəldən hazırkı seçkilərdə iştirak etməsigözlənilməz olub. Axı, ölkənin ali dini lideri Əli Xameneyi onu ötən il bunu etməməyə çağırmışdı. Özünü İran xalqının nökəri adlandıran Əhmədinejad isə deyib ki, hamımız proqres, ədalət və azadlıq uğrunda birləşməli, gələcəyə böyük ümid bəsləməliyik.
M.Əhmədinejad yoxsullar arasında populyardır.Amma 2009-cu ildə təkrar seçiləndə rejimə qarşı itaətsizlik baş verib, müxalifət onun kütləvi saxtakarlıqla qalib gəldiyini bildirib. O zaman Əli Xameneyi prezidenti dəstəkləmiş, saxtakarlıq iddialarını rədd etmiş, öz baxışlarının digər siyasətçilərə nisbətən Əhmədinejada daha yaxın olduğunu dilə gətirmişdi. Amma sonra Əhmədinejad yenə də ali dini liderin qaydalarına əməl etmədi. "The Guardian” isə maraqlı bir məsələyə toxunur. Nəşr yazır ki, "tvitter” İranda qadağa altında olsa da, keçmiş mühafizəkar prezident Mahmud Əhmədinejad elə hey tvitləyir. Məqalədə deyilir ki, bir vaxtlar "tvitter”in öz ölkəsində qadağan olunmasına dəstək vermiş Əhmədinejad İranda bu şəbəkəyə qoşulan siyasətçilərdən biridir. Əhmədinejadın "tvitter” hesabında belə bir bioqrafik qeyd verilib: "Ər, ata, baba, universitet professoru, prezident, mer və vüqarlı iranlı”. "The Guardian” yazır ki, "tvitter” milyonlarla adi vətəndaş üçün bağlı olsa da, ölkənin prezident Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil, bir çox vəzifəli rəsmilər müntəzəm olaraq sosial şəbəkədən yararlanırlar. Hətta ölkənin ali rəhbəri Əli Xamaneyinin ofisi də bir neçə dildə "twitter” hesabı saxlayır. Müxtəlif proqramlar vasitəsi ilə hər halda "tvitter”ə girişi olan iranlılar yazırlar ki, Əhmədinejadın 2009-cu ildə ziddiyyətli qələbəsindən sonra bloklanmış bu sosial media platformasından indi onun özünün istifadə etməsi qəribədir.
"The Guardian” yazır ki, həmin prezident seçkisinin ardınca "tvitter” kütləvi etirazların təşkilində istifadə edilən ilk sosial media olmuşdu. Yaşıllar hərəkatına, İranda həm də "tvitter inqilabı” deyirlər. Bundan sonra sosial media şəbəkələri Yaxın Şərqdə və Ərəb baharı zamanı etirazların əsas platforması olmuşdular. "The Guardian” yazır ki, özünün mühafizəkar mövqeyinə baxmayaraq, 2013-cü ilədək prezident olmuş Əhmədinejad hazırda hakim elitanın gözündən düşüb. Belə ki, hətta Xameneyi ona prezident seçkisinə qatılmamağı tövsiyə edib. Əhmədinejad bu yaxınlarda"bəzi adamların təbiətindəki sülalə”xislətini tənqid etmişdi.Bu tənqidi çoxları 77 yaşlı ali dini lider Ə.Xameneyiyə hücum kimi yozdular.
Yeri gəlmişkən, sərt xətt tərəfdarları nüfuzlu ruhaniİbrahim Rəisini lider kimi görürlər. Geniş dəstəklə qarşılananİbrahim Rəisi proqnozlara əsasən, 12-ci prezident seçkilərinin favoritidir. Bəziləri onun Əhmədinejad tərəfdarlarının dəstəyini qazanmaq istədiyini bildirirlər. O, yoxsulların dəstəyinin qazanmaq üçün onlara un paylayır. Rəisinin özünə gəlincə isə o, bütün müsəlman dünyasında ən böyük xeyriyyə təşkilatı olan Astan Qüds Rəzavi fondunun rəhbəridir. 56 yaşlı ruhani xadimin başçılıq etdiyi bu fond müqəddəs Məşhəd şəhərinin baxıcısıdır. O, İran tarixində ən repressiv siyasətçilərdən biri sayılır. Rəisi 1988-ci ildə minlərlə dissidentin edamına hökm verən 4 şəriət hakimindən biri olub. Bu prosesdəki "xidmətlərinə” görə Ruhulla Xomeyni onu Tehranın baş prokuroru təyin etmişdi. "The Guardian” yazır ki, İranda daha bir qızğın prezident seçkisi gözlənilir, çünki yarışa ölkənin qüdrətli mühafizəkar ruhani xadimlərindən biri qoşulub. Onun ölkənin mötədil prezidenti Həsən Ruhaniyə çox ciddi rəqib olacağı proqnozlaşdırılır.
İran prezidentinin birinci müavini İshaq Cahangiri də prezident seçkilərində qeydiyyatdan keçib. O bildirib ki, prezident Həsən Ruhanini dəstəkləmək məqsədi ilə namizədliyini irəli sürüb və bu yolda ona yardımçı olacaq. Namizədliyi qeydiyyata alınan digər önəmli siyasi simalardan biri də mərhum Ayətullah Haşimi Rəfsəncaninin qardaşıMəhəmməd Haşimidir. O da prezident Həsən Ruhanini dəstəkləyənlər sırasındadır. Hazırda ev dustağı olan müxalifət lideri Mehdi Kərrubinin oğlu Məhəhmmədtağı Kərrubi deyib ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bu şəxsin ölkənin növbəti ali rəhbərinin təyinatında böyük rolu olacaq. O deyib ki, Ruhaninin hakimiyyətdən getməsini istəyənlər də onun məhz bu prosesdən kənarlaşdırılmasına çalışırlar. Kərrubinin irəli sürdüyü ikinci versiya budur ki, ola bilsin, Rəisinin namizədliyini verməklə, sadəcə olaraq onun populyarlığını artırmaq və Xamneyiyə varisliyini hazırlamaq istəyirlər.
Yeri gəlmişkən, seçkilərə məsul İran Daxili İşlər Nazirliyinin rəhbəri Rəhmani Fəzli proseslə bağlı ilk rəyini açıqlayıb. Onu qənaətinə görə, səsvermədə seçicilərinin təxminən 70 faizi iştirak edəcək:"Sorğular seçkidə iştirakın 60 faizə çatacağını göstərsə də, fikrimcə, seçicilərin 70 faizi öz hüququndan faydalanacaq”.
Azər
banner

Oxşar Xəbərlər