• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Mahirə Yaqubova: “Tələbələrimlə fəxr edirəm”

12.01.18 14:11 2778
Mahirə Yaqubova: “Tələbələrimlə fəxr edirəm”
Bəlkə də hər insan müəllim, pedaqoq olmaq gücünə malikdir. Ancaq hər pedaqoq tələbələrinin sevgisini, məhəbbətini qazana bilmir. Müsahibim əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının dosenti Mahirə Yaqubovanın bəxti bu baxımdan çox gətirib.
Bu gün teatr, kino aləmində adlı, sanlı sənət adamları bizimlə söhbətində onlara dərs deyən Mahirə xanımı hər dəfə xatırlayırlar. Bir çoxları sənətə gəldikləri üçün və bu sənəti sevdikləri üçün məhz ona təşəkkürlərini bildirirlər.
Biz də Mahirə xanımla görüşüb, onunla söhbət etmək qərarına gəldik. Mahirə Yaqubova 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir. Mahirə xanım elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də 20 ildən çoxdur ki, Bakı Bələdiyyə teatrının aparıcı aktrisalarındandır. Teatrın repertuarında olan dəyərli tamaşalarda baş rollarda çıxış edib. Ölməz C.Məmmədquluzadənin "Ölülər” əsərində Kərbəlayi Fatma, A.Məmmədovun "Dəli Domrul” pyesində Domrulun anası, Sofoklun "Elektra” faciəsində Korifey, N.Hikmətin "Demokl qılıncı” pyesində Karın arvadı, "Unutqanlıq Qorxunc Bəladır” kompozisiyasında şəhid anası, A.Babayevin "Oğul” tamaşasında Səriyyə, Ə.Nesinin "Tənha Qadınlar” pyesində Diha bəyim, C.Cabbarlının "Dönüş” tamaşasında Asya və s. obrazları böyük ustalıqla canlandırıb. Anarın "Ötən ilin son gecəsi” televiziya tamaşasında Leyla, S.Dağlının iki hissəli "Sabiqlər” tamaşasında Xanım rollarının ifaçısı olub. Bir neçə bədii filmdə çəkilib. "De ki, Məni Sevirsən!” filmində Rəfiqə, "Ünvansız Qız”da Qaçqın qadın, "Əlvida” filmində Solmaz, "Yalan”da Xəzinədar qadın obrazlarını yaradıb.
İlk film təcrübəsi isə 1977-ci ildə çəkildiyi "De ki, məni sevirsən!” adlı tammetrajlı bədii film olub. O illəri xatırlayan Mahirə xanım deyir ki, həmin filmdə heç bir sözü yox imiş, filmi çəkərkən rejissor kameradan onun simasını görür və həmin an Rəfiqə obrazına sözlər yazılırmış.Mahirə xanımla söhbətimizə tələbələrinin onun haqqında danışdığı sözlərlə başladıq. Tələbələrinə olan sevgisi onun gözlərindən də sezilirdi.
- Mahirə xanım, tələbələrin sevimli müəlliməsi olmaq necə bir hissdir?
- Çox gözəl. Tələbə ilə müəllim hər şeydən əvvəl dost olmalıdır. 39 ildir ki, İncəsənət Universitetində müəllim olaraq çalışıram və hər tələbəmdən nələrisə öyrənirəm.
- 39 il bundan əvvəlki Mahirə xanımla indiki Mahirə müəllimə arasında nə kimi fərqlər var?
- O vaxtdan indiyə çox şeylər dəyişib. 39 il bundan əvvəl arıq, cılız, ürkək bir qız idim. İlk dəfə müəllim olaraq auditoriyaya daxil olanda gördüm ki, müəllimin stolunun qabağında kök, hündürboy bir qadın əyləşib. Onu görəndə sanki otaq başıma fırlandı. Dərsdən çıxıb, başqa otağa girdim və məni ağlamaq tutdu. İçimdə bir qorxu var idi. Ancaq indi elə deyiləm. Tələbələrimi çox istəyirəm, onların daxili dünyalarından xəbərdaram. Tələbələrimə övlad gözü ilə baxıram, hətta elə olur ki, analarına demədiyi problemlərini mənimlə bölüşürlər. Bu da inamdan irəli gəlir. 10 il bundan əvvəlki tələbələrim bu gün də məni axtarır. Onlarla görüşürük, saatlarla söhbət edirik, ötən günləri xatırlayırıq. Tələbələrimin hər birini ayrı bir fərd kimi yüksək qiymətləndirirəm və onlardan çox şey öyrənirəm. Onlar həyatı başqa cür düşünürlər. Kənardan baxanda tələbələrin düşüncələri bir qədər fərqli təsir edirdi mənə, ancaq onlarla söhbət edəndə, onların dünyasına qonaq olanda, həyata onların gözü ilə baxanda görürdüm ki, bəzən belə də düşünmək lazımdır. Bu gün həyata onların baxışı ilə baxanda həyat mənə başqa cür görünür. İnsanın həyat sevgisi artır.
- Bu gün tələbələriniz ölkənin nüfuzlu teatrlarında çalışır, hətta onların arasında xalq, əməkdar artistlər də az deyil. Sizin yetirmələrinizin nüfuzlu, sayılıb-seçilən sənətkar olmasını görmək müəllim olaraq sizə hansı hissləri aşılayır?
- Fəxr edirəm onlarla. Elələri var ki, artıq həyatda yoxdur. Mən Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov üçün çox darıxıram. Məmədbağır mənim dərs dediyim kursun sinif nümayəndəsi olub. O, dərsinə gecikməyən, çalışqan bir tələbə idi. Mən onları unuda bilmirəm (Gözləri dolur-X.Rəis). Onlar çox yüksək mədəniyyətə malik insanlar idilər. Səxavətin kövrək baxışları vardı. Allaha qurban olum. Onlar öləsi insan deyildilər.
Universitetdən əlavə, Musiqili Teatrın aktyorları üçün müqavilə əsasında dərs deyirdim. O dövrdə teatrlarla yaradıcı müqavilələr bağlanırdı. Bu gün teatrlarda yetişən bir çox tanınmış xalq və əməkdar artistlərə də dərs demişəm.
- Bəs bu günün tələbələri?
- İndiki gənclər də çox ümidvericidirlər. Misal üçün mənim 3-cü kurs tələbələrim var, orada 7 oğlan təhsil alır. İnandırım sizi ki, onların 7-si də nüfuzlu aktyorlardan geri qalmır. Bu yaxınlarda C.Cabbarlının "Almaz” pyesindən 1 hissə tamaşa hazırladılar. Tamaşa o qədər gözəl alınmışdı ki, biz onların istedadlarına heyran qaldıq. Nə yalan deyim, onların gələcəyi üçün çox narahatam. Onlar özlərinə yol aça biləcəklərmi? Bunu bilmirəm. İstəmirəm yoxa çıxsınlar.
- Mahirə xanım, pedaqoqludan əlavə, siz həm bizim səhnəmizin sevilən aktrisalarındansınız. 20 ildir ki, Bakı Bələdiyyə Teatrında maraqlı obrazların yaradıcısınız. Bu teatr sizə nələr qazandırdı?
- Bələdiyyə teatrı mənə çox doğma bir məkandır. Bəlkə də mənim ixtisasım ora ilə daha çox bağlıdır deyə teatr səhnəsini çox sevirəm. "Dram kino” aktyorluğunu fərqlənmə diplomu ilə bitirmişəm. O zaman Universiteti qırmızı diplomla bitirmək heç də asan məsələ deyildi.
Teatr mənə çox şey qazandırdı. Teatra gedəndən sonra burda tamam öz iş strukturumu dəyişdirdim. Tələbələrlə daha ətraflı və fərqli şəkildə işləməyə başladım.
- Teatrı sevsəniz də universiteti bitirən kimi aktrisa işləmədiniz. Səbəb nə idi?
- Universiteti bitirəndə deyirdim ki, yer göylə birləşsə də aktrisa olacam. Ancaq qismət elə gətirdi ki, universiteti bitirən kimi ailə qurdum. Və yalnız övladlarım böyüyəndən sonra teatra gedə bildim. Sağ olsun, teatrımızın direktoru, xalq artisti Amaliya Pənahova məni yaxşı qəbul etdi. Teatra gedən kimi mənə repertuarda olan tamaşalarda rollar həvalə edildi.
- Bu illər ərzində niyə başqa teatrlara getmədiniz?
- Əslində teatrda işləməyi tələbə yaşlarımdan qətiləşdirmişdim. Ancaq ana olduqdan sonra müəyyən qədər yol qət etmişdim və daha ətraflı şəkildə fikirləşə bilirdim. Mənə iki teatr məsləhət görüldü. Hər ikisi barədə düşündüm və dedim ki, onlardan biri bataqlıdır. Ora getsəm bataram. Bəlkə də yeniyetmə olsaydım düşünmədən gedərdim. Ancaq Bələdiyyə Teatrının rəhbəri xanımdır. Həm də Amaliya xanımın pərəstişkarı idim. Onunla görüşdük, söhbət etdik. Orada işləmək qərarına gəldim. Çox şükür, indi hər şey qaydasındadır. Bizə mane olan əsas məsələ binamızın şəraitsizliyidir. Teatrda yaradıcı mühit var. Elə gənclərimiz var ki, bu gün yerli telekanallarda nümayiş olunan serialların çoxunda bizim gənclər iştirak edir.
- Serillardan söhbət düşmüşkən, niyə çəkilən serial və filmlərdə sizi görmürük?
- Çəkilirəm. Misal üçün, axrıncı dəfə Rövşən İsaxın çəkdiyi "Sonuncu fəsil”də çəkildim.
- Bu gün film və serial çəkənlərin, eyni zamanda, çəkilənlərin çoxu sizin tələbələrinizdir. Bu baxımdan, sizə çəkilmək heç də çətin olmamalıdır.
- Mən başqa rejissorlarla işləyə bilmərəm. Yayda bir seriala dəvət aldım. Gedib çəkiliş prosesinin şəraitinə, yaradıcı insanların mühitinə baxdım. Rejissor asissentinin aktyorlara qarşı kobud davranmağını bəyənmədim. Bundan əlavə, sentyabrdan hər gün dərsim olduğu üçün mənim rejimimə uyğun gəlmədi. Serial çəkilişləri elədir ki, hər gün çəkiliş məkanına getmək şərtdir. Heç zaman pul dalınca qaçan olmamışam. Bəlkə həqiqətən də özümü serial və kino aləmində görsəydim, gedərdim. Mənim pula ehtiyacım yoxdur məsələsi deyil. Pul hər kəsə lazımdır. Aktyorun özünə olan hörməti əsasdır. Hər şeyə görə pulun dalınca getmərəm. Bu şəkildə məşhur olmağı istəmirəm.
- Bu sənəti seçdiyiniz üçün geriyə baxanda nə zamansa peşmanlıq hissi keçirmisinizmi?
- Heç vaxt. Əvvəl düşünürdüm ki, gərək elə universiteti bitirən kimi teatra gedərdim. İndi isə düşünürəm ki, yox elə aktrisalar var universiteti bitirən kimi teatra getdilər, məşhur oldular, ancaq ailələrinə baxanda o qədər də xoşbəxt deyillər. Mən həyatımdan narazı deyiləm. Bəlkə də universitetdə işləməsəydim, mənə pis təsir edərdi. Biz burada hər il müəllim kimi yaradıcı ifa işi veririk. Tədbirlər keçirir və tədbirlərdə iştirak edirik. Sənətin içində olduğum üçün özümü kənar hiss etməmişəm.
-Bu gün bizi narahat edən əsas məsələlərdən biri də filmlərin dublyaj məsələsidir. Televiziyalarımızda dublyaj olunan filmlər sizi qane edir?
- Özüm də zamanında bir neçə filmin dublyajında iştirak etmişəm. Dublyaj çox ağır işdir. Bu sahədə çalışanlar çoxdur, artıq püxtələşirlər. Dublyaj sənətinə gənclr gəlməli, yeni nəsil yetişməlidir.
- Bəs tamaşaçı kimi necə, həmin filmləri bəyənirsinizmi?
- Həmin filmləri izlədikdə çox böyük nöqsanların şahidinə çevrilirik. Bir dəfə uşaqlarımızdan birini görəndə dedim ki, sən axı bizim Universiteti bitirmisən, niyə vurğuları səhv vurursan, qaydaları pozursan, orfoepik qaydalara əməl etmirsən?! Əgər o studiyada nə isə səhv deyiləndə sən onu düzəltməlisən. Tələbələrim deyirlər ki, biz başa düşürük ki, harada səhvlər edirik, ancaq rejissorlar bizdən belə tələb edirlər. Dublyajda ümumi qəbul olunmuş ədəbi dil normalarından istifadə edilməlidir. Amma rejissor onlardan tələb edir ki, vurğunu bura vur. Həmin səhvlər rejissordan qaynaqlanır, aktyordan yox.
- Pedaqoqlar deyirlər ki, il ötdükdə intellektual və yaradıcılıq baxımından daha zəif gənclər yetişir. Bu da gəncliyin gələcəyini sual altına alır. 39 ilin pedaqoqu olaraq bu fikirlərlə razısınızmı?
- Müasir zəmanədir. Nə dəyişmir ki? Düzdür, bugünkü gənclərin həyata baxışı, düşüncə tərzi dəyişib. Misal üçün, gənclər kitab oxumaq istəmirlər. Çox az tələbələr kitaba maraq bəsləyir. Dediklərinə görə, vaxtları yoxdur. Ancaq baxırsan ki, bütün günü internetdədirlər. İnternetdən elə mətnlər tapıb gətirirlər ki, onların bir çoxunda bağışlanmaz səhvlər mövcuddur. Nə yaxşı ki, universitetimizin kitabxanası var.
- İndi sosial şəbəkələr də o qədər artıb ki, gənclərin əllərindən telefon düşmür. Hətta məclisdə belə canlı ünsiyyət qurmaq əvəzinə sosial şəbəkə vasitəsi ilə danışırlar. Bu da tələbələrin nitq mədəniyyətinin inkişafdan qalmasına gətirib çıxarır.
- Biz tələbə olanda 3-4-cü kurs tələbələri qəzet, teatr jurnalları oxuyurdular. Teatr jurnalında çap olunan məqalələri müzakirə, təhlil edirdilər. Elə peşəkar şəkildə təhlil edirdilər ki, heç indiki bəzi teatrşünaslardan o fikirləri eşitmirik. İndiki gəncləri biz yönləndirməsək, onlar oxumaq istəmirlər. Hər şeyi internetdən öyrənməyə daha çox üstünlük verirlər. İnternetin yaxşı cəhətləri çoxdur, ancaq pis tərəfləri də az deyil. Xəbəri oxuyarkən elə reklamlar, spamlar gəlir ki, mən özüm onlara baxanda utanıram. Bu cavandır axı, belə şeylər onu pozur, başqa tərəfə yönəldir. Belə şey olar? İnternetin əleyhinə deyiləm, ancaq ondan ağıllı istifadə etmək lazımdır. Bu, təkcə gənclərə aid olan bir xəstəlik deyil. Gündəlik nəqliyyat vasitələrindən istifadə edəndə böyüklü-kiçikli hər kəsin əlində bir telefon var. Bu qədər də olmaz axı...
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər