• cümə axşamı, 25 aprel, 11:00
  • Baku Bakı 14°C

Mahirə Abdulladan şeirlər

16.09.15 12:46 3455
Mahirə Abdulladan şeirlər
12 avqust 1952-ci ildə dünyaya göz açan yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Psixologiya üzrə fəlsəfə doktoru Mahirə Abdulla çox böyük yaradıcılıq yolu keçib. “Qoruyaq dünyamızı”, Qırmızı təpələr”, “Tərk edilmiş yuvalar”, “Türk oğlu, türk qızıyam”,“Həqiqət, azadlıq, məhəbbət haqqında”, “İlğım cənnətlər”, “Ürəkkeçmə” , “Əvvəl. Axır”, “7 ayın ovqatı”, “Əbədiyyət. An”, “Qarabağsız şeirlər”,“Qeyb”, “Ağıllı qadının intiharı”, “Erməni kölgəsi” kimi maraqlı kitabların müəllifidir. Bu günlərdə tanınmış yazarın doğum günü idi, ona “Kaspi” qəzeti adından can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
KÜRSÜ
Məni bütün kürsülərdən düşürdülər –
Vətən kürsüsündən başqa
orda da Allah saxlayıb
bütün pillələr laxlayıb
qara sular enib dizimə
düşüb qarabağır şəhidlərin izinə
kəsilə-kəsilə gedirəm Göyüzünə.
YELLƏNİR BOŞ YÜYRÜKLƏR
Kim deyir an yetişib, dünyamızın axırıdı,
Bu dəyirman yüz ildi, min ildi bizi arıdır,
Kirkirə vaxt üyüdür, insan onun çıxarıdı,
Üzümüzü qaraldan xəbislik paxırıdı,
Üzüqara dünyanın vayını görmüş kimiyəm,
Qarabağım gedəndən özüm də ölmüş kimiyəm.
Qollarımız qısırdı, yellənir boş yüyrüklər,
Başımıza ağıl qoyur ağıldan seyrəklər,
Bəylik taxtından düşüblər Qazan xanlar, Beyrəklər,
Karvan sarvana dirənib, əyilib yüklər,
Nigarinin harayını, hayını görmüş kimiyəm,
Qarabağım gedəndən özüm də ölmüş kimiyəm.
Dünya çaparaq gedir, xurcunun tayı əyilir,
Xəyanətkar insanlar çaqqal kimi iy bilir,
Sözdü, yüz ildi, min ildi deyilir,
Donu öküz gönüdü, nə biz bilir, nə iy bilir,
Ocağımın başında tayını görmüş kimiyəm,
Qarabağım gedəndən özüm də ölmüş kimiyəm.
Bu dəfə son deyildir, sonu sonlarda görürük,
Bizə də biz deyiblər, başlara corab hörürük,
Payımız az çəkilsə, elə bilərik ölürük,
Yaradan belə bölüb, yenə bölgünü bölürük,
Yalandan göz çıxardıb, sayını görmüş kimiyəm,
Qarabağım gedəndən özüm də ölmüş kimiyəm.
İnsanlar həşirdədi, cavanlar selləmə gəzir,
Aqillər kənarlaşıb, ortada əllamə gəzir,
İblis hərəkətə gəlib, əlində ağ namə gəzir,
Aşı, başı hazırlayıb, qoyulubdu dəmə, gəzir,
Mən kənarda boyun buran, payını bölmüş kimiyəm,
Qarabağım gedəndən özüm də ölmüş kimiyəm.
ELLƏR GƏLSİN
Qar yağır ayaq üşütməyə,
Yağış yağır sellər gəlsin.
Kim əsnədi bu obaya,
Ağı deyən dillər gəlsin.
Təklənib, igidi ölüb,
Oba qopub, ellər gəlsin.
Qan tutub, qınaq yeridi,
Əldən tutan əllər gəlsin.
Düşmənimiz qanlı-bıçaq,
Bəbəyinə batsın qılçıq,
Qanıma susayıb alçaq,
Ayağı tutulsun,
ayağıma dizin-dizin,
dörd əllə gəlsin.
***
Yurdum deyə-deyə ölürəm…
dərdim axır Araz-Araz
canım çıxır gilə-gilə.
Qaldırın məni yerdən
qoyun Qarabağın çiyninə
bəlkə məni atmaq üçün dikələ.
BU PİŞİK, BU PİSLİK
Küncə sıxışdırılan pişik
Bu işdə bir əmma var
dırnaqları qaratikan çəpəri
bir şey yox qopartmağa
dişdək divar
arxasında işlək yol
bu pişik
bu qapıdan çıxmaq istəyir azadlığa
hərgah bu otaqda qapı yox
qapı yoxsa, yiyəsi yox
yiyə yoxsa, adı yox, sorğusu yox,
qonağı yox, oğrusu yox
baca yeri – qismətinin tavanı
ölənə kimi qanadlarının çıxmasını
gözləyəcək bu pişik
tavan – baca
bədrlənmiş ayın qara kölgələri axar
məhzunluğun qucağına
məchulluğun caynağına keçmiş qotur
yerində otur
kor
gör Allahın seni necə sevir
gor da evinin içində, zor da evinin içində
bu divarın o biri üzündə
qor basmış ocaqların kül qırovu yaxın dağları
gör...ün ...məz edib
görünməzi məzə edib
divarların ehtirası soyumur
nəsə almaq istəyirlər bu pişikdən
canından başqa
nədi, bilmirəm
aşqa-aşqa
məndən başqa bu pişiyi kim sevəcək
kim ruhunun içinə baxıb üşənəcək
insan kimi düşünəcək və qorxacaq
məni ölüm də götürmür
ölə biləcəyəmmi bu dünyada
bəlkə şələsi ağırdı
bəlkə beli yağırdı
yoxsa mənim də ruhum
beton divarlara əmanətdir
eh, onu çidarlaya bilmədim nəfsimin ayağına
ipi qırılıb qalıb əlimdə
kini, qəzəbi soyumur
mor acıqlar dadan aclıqların nəşəsi
bu pişiyi
bu pisliyi
ölməyə qoymur.
BU QIZ BİZİM ELLİDİR
İllərin qaramatı qəlbimə çökdü
əllərim cismimin… kökü
göy üzündə bitmədim
yer üzündə kök atmadım
neçə ildi baş əyirəm torpağa
üzünüyəm, cismim yorğun
fikrim dalğın
halım darğın
küləyin tolazladığı şax-şəvəl
yulğun
qəmim dünya qədər qədim
bu il də Qubadlıya gedə bilmədim.
düşmən, dağlansın qədəmin
bu qış da Qubadlıya gedə bilmədim
uzanılı qollarımdan cığır olmaz
don vurub
quruyub
kim deyir it hürüb, qurd ulayıb
çovğunlar uladır uçqunları
gözdən itib “Gəzdək”, “Gədik”
Qarabağ həsrətiylə dünyanın sonuna gəldik
vətən dedim, canım yandı
Vətən dindi, imandı
nə olar, aldadın məni
deyin yolları qar tutub
deyin bərələr bağlıdır
Mahirə tez inanandı.
deyin bu qız bizim ellidi
başı yaman yellidi
üzü yox utanası
tabı yox dayanası
əlləri – göz dəsmalı
çoxdan gedib xınası
göldə batıb sonası
dağları görünməz oldu
başına qondu cunası.
QORXU
Mən ermənidən qorxmuram
qorxuram onunla yenə qaynayıb-qarışam
qapıdakı iti-pişiyi sevmişəm
ona da gözüm öyrəşə, alışam
bilirəm hər yolu, yolağanı biləcək
aldığını arxada qoyub
başımı tovlaya-tovlaya gələcək
kişisi ərimlə cici-bacıdı
arvadı yatağımı böləcək
səhər salbaya gələcək
günorta halvaya gələcək
gecə tövləyə girəcək
yazığam, zəliləm deyib
göynəyə-göynəyə gələcək
mən bilə bilmərəm
özü bilir niyə gələcək
nəyə gələcək
sancıb tumanını belinə
əlimi ətəyinə tikməyə
sapa-iynəyə gələcək.
banner

Oxşar Xəbərlər