“Mage” proqramına niyə qadağa qoyuldu?
Son günlər ərzində gündəmin əsas müzakirə mövzularından
biri də "Mage” proqramı oldu. Daha çox gənclər arasında geniş yayılan bu
proqram qısa müddət ərzində məşhurlaşmağı bacardı. Proqramın istifadə qaydasına
gəlincə isə, deyə bilərik ki, çox rahatdır. Belə ki, proqrama daxil olub sənə
lazım olan, yaxud istədiyin bir nömrəni yazırsan. Proqram sənə nömrənin kimə məxsus
olduğunu göstərir.
Qeyd edək ki, proqrama istifadəçinin icazəsi olmadan şəxsi
məlumatları yükləmək olmur. Məlumat üçün deyək ki, "Mage” proqramını android
istifadəçiləri pleystordan yükləyirdilər. Lakin qısa müddət ərzində sosial şəbəkələrdə
və insanlar arasında məşhurlaşmağı bacaran
"Mage" proqramının Azərbaycanda istifadəsinə qadağa qoyulub.
"Qafqazinfo" xəbər verir ki, proqram artıq Azərbaycan ərazisində fəaliyyətini dayandırıb. Bəs görəsən proqramın istifadəsinə niyə qadağa
qoyulub? Şəxsi məlumatların
yayılmasını dəstəkləyən proqramlardan dünya təcrübəsində
də istifadə edilirmi? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
"Şəxsi
həyat ictimailəşdirilir”
İT
üzrə mütəxəssis Namət Məmmədzadə deyir ki, proqramın istifadəsinə qadağa qoyulması
düzgün addımdır: "Çünki proqram avtomatik olaraq sizin telefonunuzda olan
kontaktları kopyalayır və öz məlumat bazasında saxlayır. Sadəcə olaraq test etsəydiniz,
görəcəkdiniz ki, məsələn, 9999999 nömrəsi bir telefonda X adı ilə, digərində Y
adı ilə yazılıbsa, hər dəfə random olaraq sistem gah X, gah da Y göstərirdi. Yəni
proqram özü üçün limitlənməyəcək kontent toplamaqla məşğuldur. Ola bilsin ki,
sonradan bu kontenti satışa, hətta başqa niyyətlərlə istifadəyə çıxara bilərlər.
Bu, məsələnin bir tərəfdir. İkinci bir tərəfən isə burada hamının nömrəsi
bazaya qeyd olur. Yəni sadə insandan tutmuş, məmurlara qədər hər kəsin nömrəsi
qeyd olunur. Sosial şəbəkələrdə hətta bəzi məmurların nömrələri paylaşıldı. Bu,
sadəcə həm qanunvericilik, həm də humanizm cəhətdən düzgün deyil. Çünki kiminsə
şəxsi həyatı açıq şəkildə ictimailəşdirilir. Buna görə də proqramın istifadəsinə
qadağa qoyulmasını müsbət hal kimi qiymətləndirirəm”.
"Qadağa
doğru deyil”
Mütəxəssis
Nicat Manafov isə
proqramdan istifadəyə qadağa qoyulmasının əleyhinədir: "Bu proqram funksionallıq
etibarilə yalnız sizin icazə verdiyiniz təqdirdə, telefon kitabçanızda olan
nömrələrin data-base-ə yüklənməsinə imkan verir. Bunun qarşılığında isə "Mage” sizə
imkan verir ki, başqa insanların yüklədiyi nömrələri görə biləsiniz. Sizə hər
hansısa tanımadığınız bir nömrədən zəng
gəldikdə, əgər həmin nömrə proqramın data base-ində varsa, o zaman zəng edən şəxsin
adı telefonunuzda görünür. Proqramın qadağan olunması mənə görə əslində absurd
bir şeydir”.
Ekspert bildirdi ki, bu tip proqrmalardan dünyanın əksər
ölkələrində istifadə edilir: "Çünki bu, bütün dünyada istifadə olunan bir xidmətdir.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində bu tipli müxtəlif proqramlardan
istifadə edilir. Prormın ən böyük rəqiblərindən biri də "True-Caller”
proqramıdır. Maraqlısı isə odur ki, bizdə "True-Caller” qadağan edilmədiyi
halda, "Mage” proqramının istifadəsinə qadağa qoyulub. İstifadəçilər özləri telefon
kitabçasında olan insanlar haqqında məlumatları proqramın data-base-də
paylaşmağa icazə verir. Bundan sonra proqram həmin insanların görünməsinə icazə
verir. Əgər istifadəçi özü buna icazə verirsə, proqramın əngəllənməsi nə dərəcədə
düzgün hesab oluna bilər? Bu qadağa ümumiyyətlə nəyə əsaslana bilər? Belə desək,
öz telefon kitabçasında olan nömrəni
götürən , verən də razıdır. Düzdür, qadağaya dair məlumatlar yayılsa da, bu barədə
hələlik hansısa rəsmi açıqlama da yoxdur. Əgər bu proqramın istifadəsinə əngəl
qoyulursa, deməli buna bənzər digər proqrmaların da istifadəsinə qadağa
qoyulacaq ki, fikrimcə, bu da heç yaxşı hal deyil”.
Sonda onu da qeyd edək ki, mövzu ilə bağlı Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, iş
günü ərzində sualımız cavabsız qaldı.
Şəbnəm
Mehdizadə