AZE | RUS | ENG |

Madriddə triller

Madriddə triller
“Real” “Mançester Siti”ni son 3 dəqiqədə “sındıra” bildi

Təxminən 3 ayyarımlıq fasilədən sonra futbol həvəskarları yenidən ÇL həyəcanı yaşadı. Çərşənbə axşamı start götürən qrup mərhələsinin ilk oyunlarında demək olar ki, sensasiya qeydə alınmadı. Hərçənd "Milan"ın evdə "Anderlext"i yenə bilməməsi gecəyə damğasını vurdu. "Malaqa"nın "Zenit"i darmadağın etməsi sensasiya olmasa da, gözlənilməz idi. Günün ən maraqlı oyununda isə triller yaşandı. "Real"ın MS-ylə matçda iki dəfə hesabda öndə olmasına baxmayaraq, son dəqiqələrdə iki qol vurub qələbə qazanması diqqət çəkdi. Günün ən maraqlı məqamı isə 2 Almaniya komandasının penaltidən yararlana bilməməsi oldu. Dortmund "Borussiya"sı Hollandiya komandası "Ayaks"ın qapısına "nöqtə"dən yol tapa bilmədisə, "Şalke-04" holland oyunçusu Huntelaarla penaltini qola çevirmək imkanını qaçırdı. A qrupu PSJ (Fransa) - Dinamo (Ukrayna) 4:1 (3:0) İbrahimoviç, 19-p. Tyaqo Silva, 29. Aleks, 32. Pastore, 90+1 - Velozu, 87. Karlo Ançelotti, PSJ –nin baş məşqçisi: "Qələbəyə görə çox şadam. İlk oyunlar heç vaxt asan olmur. Ancaq biz bu matça yaxşı hazırlaşmışdıq. İlk hissədəki çıxışımızı bəyəndim. Kiyevli müdafiəçiləri təzyiq altında saxlayan hücumçularımız yaxşı oynadı. "Dinamo" ÇL-in elə də güclü komandalarından deyil. Ancaq biz rəqibin pis oynamasına görə yox, özümüz yaxşı oynadığımıza görə qələbə qazandıq. İndi bizi daha yüksək səviyyəli "Portu"yla oyun gözləyir". Yuri Syomin, Kiyev "Dinamo"sunun baş məşqçisi: "Belə səviyyədəki turnirlərdə belə qollar buraxmaq olmaz. Biz yenə də 20-30-cu dəqiqələr arasında standard vəziyyətlərdə uduzduq. İki dayaq yarımmüdafiəçimiz də müdafiə planında elə də intizamlı oynamadı. Təkrar edirəm, biz rəqibə standart vəziyyətlərə görə uduzduq. Gəlin, kimisə tənqid etməyək. Biz komanda şəklində səhvə yol verdik və birgə də onları düzəltməyə çalışacağıq. Yenə də mən oyunun videoyazısına baxıb kimin səhv etdiyini görməliyəm. Fasilədə komandanın yarısını əvəz etmək? Belə bir istəyim və imkanım yox idi. PSJ güclü komanda olsa da, biz bu gün var-gücümüzlə oynamadıq. PSJ-nin heyətində konkret kimləri bəyəndim? Bu komandada yüksək səviyyəli oyunçular çoxdur. Ancaq mən öz oyunçularıma baxırdım". Dinamo (Xorvatiya) - Portu (Portuqaliya) 0:2 (0:1) Luço Qonsales, 41. Defur, 90+2. Vitor Pereyra, "Portu"nun baş məşqçisi: "Bu gün biz həm müdafiədə, həm də hücumda keyfiyyətli oynadıq. Əsl komanda ruhumuz var idi. "Portu" Halksız da yaxşı oynayacaq və titullar qazanacaq". B qrupu Monpelye - Arsenal Monpelye (Fransa) - Arsenal (İngiltərə) 1:2 (1:2) Belhanda, 9-p. Jervinyo, 18 - Podolski, 16. Rene Jirar, "Monpelye"nin baş məşqçisi: "Baş verənlərdən üzülməyə bilmərik. Matç boyu əla oynadıq. Amma cəmi 5 dəqiqə konsentrasiyanı itirməklə qapımızda iki qol gördük. "Arsenal" güclü komanda olduğunu məhz həmin məqamdan istifadə etməklə sübut etdi. İkinci yarıda komandamın istədiyim kimi oynadığını görürdüm. İstək, motivasiya, aqressivlik, hər şey yerində idi. Amma qol çatmırdı. Məhz son nöqtəni qoymaq lazım olarkən özünəinamın çatışmaması həlledici oldu. Bəlkə də hücuma keçərkən yetirmələrim rəqibin əks-hücumlarından çəkinirdi. Halbuki oyunumuz alınırdı. ÇL klub səviyyəsində futbolun zirvəsidir və çox şey öyrənməliyik". Stiv Bould, "Arsenal"ın baş məşqçisinin köməkçisi: "Çətinliklə qazanılan nəticədən tam razıyam. Matçın əvvəlində rəqibin sürəti artırması öz sözünü dedi. Lakin sonradan ardıcıl qollar vurduq. İkinci hissədə isə futbolçuların bəziləri fiziki cəhətdən yorğun görünürdü. Yerli fanatların təzyiqi də öz sözünü deyirdi. Amma belə vəziyyətdə turnirə səfər qələbəsiylə başlamağı bacardıq. Bu, psixoloji cəhətdən çox vacibdir. Podolski? İndiyədək çox az sayda onun kimi yüksək səviyyəli hücumçu görmüşəm. Lukaş demək olar əlinə düşən hər imkanı dəyərləndirməyi bacarır". Olimpiakos (Yunanıstan) - Şalke-04 (Almaniya) 1:2 (0:1) Abdun, 58 - Hövedes, 41. Huntelaar, 59. Leonardo Jardim, "Olimpiakos"un baş məşqçisi: "Matçın gedişində üstünlük gah o, gah da bu komandanın tərəfində olurdu. Debütdə pis təsir bağışlamadıq. Amma hissənin sonlarında qol buraxdıq. Hesab bərabərləşəndə qələbə haqda düşünürdüm. Lakin sevincimiz uzun çəkmədi. Almanların ikinci qolu bizi tam sındırdı. Uşaqlar bundan sonra normal hücum qura bilmədi. Yenə standart vəziyyətlərdə müdafiə olunmağı bacarmadıq. Bunda konkret kimisə günahlandırmaq olmaz. Lakin standart vəziyyətlərdən həddən artıq çox qol buraxırıq". Huub Stevens, "Şalke-04"ün baş məşqçisi: "Oyunun ilk dəqiqələrində komandalar 4 dəfə hesabı açmağa yaxın oldu. Sonra isə matç sakitləşdi. Səfərdə oynadığımızdan açıq futbol heç də işimizə yaramırdı. Belədə sakitliyi qoruyub öz şansımızı gözlədik. Bəzi epizodlarda səhv buraxsaq da, ümumilikdə çıxışımız yaxşı idi. Qol buraxdıqdan sonra dərhal hesabda önə keçməyimiz lap yaxşı oldu. Əks halda "Olimpiakos"un təzyiqi artacaqdı". C qrupu Milan (İtaliya) - Anderlext (Belçika) 0:0 Massimiliano Alleqri, "Milan"ın baş məşqçisi: "İlk yarıda çoxlu səhvlərə yol verdik. Ümumilikdə matçı özümüz üçün uğurlu saya bilmərik. Axı azarkeşlər bizdən yalnız qələbə gözləyir. Fasilədən sonra rəqibi qapısına sıxışdırsaq da, belə desəm, oyun keyfiyyətimiz çatışmadı. İndi komandamız həqiqətən də daha güclü təzyiq altındadır. "Anderlext" üzərində qələbə bizi təzyiqlərdən bir qədər xilas edə bilərdi". Con van den Brom, "Anderlext"in baş məşqçisi: "Nəticəni tam ədalətli hesab edirəm. Komandam buna layiq idi. ÇL-ə heç də qonaq kimi gəlməmişik. Nə yaxşı ki, qrup mərhələsinə, özü də səfərdə güclü rəqiblə oyunda bir xal qazanmaqla başladıq. Komandam taktiki planda təlimatlarımı tam yerinə yetirdiyinə görə uşaqlara "çox sağ olun" deyirəm". Malaqa (İspaniya) - Zenit (Rusiya) 3:0 (2:0) İsko, 3; 76. Saviola, 13. Manuel Pelleqrini, "Malaqa"nın baş məşqçisi: "Zenit"in qrupumuzda ən təhlükəli rəqiblərdən biri olması matça tam məsuliyyətimizlə yanaşmanı labüd edirdi. "La Rosaleda" da çox ciddi sınaqlara belə gözəl şouyla başlamaq həqiqətən də əladır. Müdafiədə ciddi səhvə yol vermədik. Hücumda isə maksimum effektlə hərəkət etdik. Amma bununla kifayətlənmək niyyətində deyilik: bu, hələ başlanğıcdır!" Luçano Spalletti, "Zenit"in baş məşqçisi: "Komandam inanılmaz dərəcədə kobud səhvlərə yol verdi. Görünür, ÇL kimi turnirə hələ də tam hazır ola bilməmişik. Yeni oyunçularımızı nədəsə qınamağa dilim gəlmir. Hər halda onlar hücumameyilli futbolçulardı. Biz isə bu gün arxa xətdə sadəcə, biabırçı şəkildə çıxış etdik". D qrupu Real (İspaniya) - Mançester Siti (İngiltərə) 3:2 (0:0) Marselo, 76. Benzema, 87. K.Ronaldo, 90 - Dzeko, 69. Kolarov, 85. Joze Mourinyo, "Real"ın baş məşqçisi: "Qələbəni necə qeyd etdiyim önəmli deyil. Önəmli olan qələbənin özüdür. Fikrimcə, futbolsevərlər bugünkü oyundan zövq aldılar. Nəticədən asılı olmayaraq, komandamla fəxr edirəm. Son günlər mənə elə gəlirdi ki, biz düzgün istiqamətdə deyilik. Ona görə də bu gün məğlub ola biləcəyimizi istisna etmirdim. Ancaq məğlub olsaydıq belə, bunu "Xetafe" və "Sevilya"ya qarşı matçlarda olduğu kimi yox, döyüşərək, heyvan kimi vuruşaraq etməliydik. Futbolçularım göstərdi ki, onlar istəyəndə çox şey bacarır. Bugünkü "Real" ötənmövsümkü komandanı xatırlatdı". Roberto Mançini, MS-nin baş məşqçisi: "Hesabı 2:1 etdikdən sonra nədənsə rəqibə çoxlu boş zonalar verməyə başladıq. İkinci hissədəki oyunumuzdan tam razıyam. Axı "Berbaneu"da qalib gəlmək elə də asan məsələ deyil. "Real"a qarşı oyunda məğlub olmaq olar. Amma dərd arasındadır ki, biz cəmi 3 dəqiqəyə məğlub olduq". Borussiya D (Almaniya) - Ayaks (Amsterdam, Hollandiya) 1:0 (0:0) Levandovski, 87. Yürgen Klopp, Dortmund "Borussiya"sının baş məşqçisi: "Oyun çox sürətli keçdi. "Ayaks"ın heyətində istedadlı futbolçular çıxış edir. Onlar bu gün bizə böyük problemlər yaratdılar. Ancaq müdafiədə etibarlı oynadıq. Bu gün səbirlə oynamağımız və sonda istəyimizə çatmağımız sevindirici haldır". Frank de Bur, "Ayaks"ın baş məşqçisi: "Üstünlük bizim tərəfimizdə olsa da, dortmundlular daha çox qol epizodu yaratdı. Ancaq biz də müdafiədə oturmurduq. Öz tərzimizdə oynadıq. Son dəqiqələrdə qol buraxmaq həmişə üzücüdür. Ancaq oyunumuzla fəxr edə bilərik". 3 oktyabr: Dinamo K - Dinamo Z, Portu - PSJ, Arsenal - Olimpiakos, Şalke-04 - Monpelye, Zenit - Milan, Anderlext - Malaqa, Mançester Siti - Borussiya D, Ayaks - Real.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906