• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

“Made in Azərbaycan”ın imicini necə qorumalı?

27.07.18 09:36 1691
“Made in Azərbaycan”ın imicini necə qorumalı?
Hər birimiz mağazadan geyim və ya ərzaq alarkən, ilk növbədə, hansı ölkənin istehsalı olduğu ilə maraqlanırıq. Xüsusilə inkişaf etmiş ölkələrin məhsulları bizi cəlb edir. Qiymət baha olsa belə, keyfiyyəti əsas götürüb, cibimizi boşaldırıq. Məsələn, Çinin məşhur brendləri olsa da, əksəriyyətimiz Çin istehsalı olan bütün məhsullara "kitayski” deyib keçirik. Bəs yerli brendlərə münasibətimiz necədir? Ümumiyyətlə, "Made in Azərbaycan” brendini ölkəmizdə və dünyada yüksək statusa qaldırmaq üçün nə etməliyik?
Məlumat üçün bildirək ki, ötən il "Made in Azerbaijan” brendi ilə 3179 çeşiddə məhsul ixracı edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün təqdim olunan növbəti sayında göstərilir ki, yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. İlin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon dollar). Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
"Məhsulu tanıtmağa ehtiyac var”
PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan məhsuluna ölkə kənarında inamı artırmaq üçün ilk olaraq bu məhsulların imicini formalaşdırmaq lazımdır: "Alıcı məhsulun keyfiyyəti ilə tanış olmalı, onun hansı şəraitdə, hansı texnologiya ilə hazırlandığını bilməlidir. Bu, alıcıda həmin məhsula inamın artırılmasına yardımçı olacaq. Təbii ki, bu gün ölkə xaricinə ixrac zamanı bu sadalananlara diqqət olunur. Xarici ölkələrdə Azərbaycan məhsulunun sözügedən standartlarda olduğunu geniş təbliğ etməyə, onu tanıtmağa ehtiyacımız var. Bu hədəf ,auditoriyamız olan ölkələrdə televiziya verilişlərindən başlayaraq, qəzetdə, onlayn mediada olan reportajlara qədər və ya küçə reklamlarından tutmuş müasir tendesiyalar olan influencerlər, bloggerlərlə işə qədər uzanmalıdır. Bundan əlavə, nəzərə almalıyıq ki, alıcılarda ümumən Azərbaycan haqqında pozitiv fikirlərin olması, bu prosesə müsbət təsir edən amillərdəndir. Bunun üçün də paraleldə xarici bazarlarda Azərbaycanın tarixinin, mədəniyyətinin geniş təbliğ olunması davam etdirilməlidir”.
Ekspert deyir ki, brendin dünyada tanıdılması üçün kompleks işlər zəncirvari aparılmalı və halqalar bir-birinə sıx bağlanmalıdır: "Xarici ölkədə brendin tanıdılması üçün PR işi müəyyən mərhələlərə bölünür. Bunlardan birincisi, xarici bazarda ixrac etmək istədiyimiz məhsulun və ölkəmizin imicinin hansı səviyyədə olduğunu, insanların ölkəmiz, istehsal olunan məhsullarla bağlı hansı münasibətdə olduqlarını müəyyən etməkdir. Məsələn, əgər hansısa bir müsəlman ölkəsinə ət məhsulu ixrac ediriksə, öncə onların Azərbaycanda istehsal olunan ət məhsullarının halallıq standartlarına etibar edib-etmədiklərini müəyyənləşdirməliyik. Əgər nəticə neqativdirsə, o zaman nəticəni müsbətə çevirmək üçün müxtəlif PR fəaliyyətlərinə başlamalıyıq. Ümumiyyətlə, xaricdə öz brendimizin imicini qorumaq istəyiriksə, piarla bağlı fəaliyyət dayandırılmamalı, birinci mərhələdən sonra iş bitmiş hesab olunmamalıdır və daim diqqətdə saxlanılıb davam etdirilməlidir. Çünki xarici bazar böyükdür və rəqabətlilik imkanları daha genişdir. Rəqabətə davamlılıq üçün əsas alətlərdən biri də PR strategiyasının daim və düzgün aparılmasıdır. Hər hansı bir mərhələdə bu strategiyaların dayandırılması, getdikcə bu məhsulun imicinin aşağı düşməsinə və ya digər məhsulların bizim məhsulu qabaqlamasına gətirib çıxarda bilər”.
Ekspert vurğuladı ki, hər bir istehlakçının fikirləri fərqli olduğu üçün tələb və təklif strategiyası düzgün aparılmalıdır: "Biz onların ehtiyacı olduğu standartı araşdırmalı və həmin tələbata uyğun olan məhsulu istehsal edib, bazara təqdim etməliyik. Bu prosesi uğurla həyata keçirən biznesmenlərimiz artıq var. Məsələn, onlardan biri bizim üçün nə qədər qəribə görünsə də, ölkəmizdə qurbağa yetişdirərək onları Fransa bazarında olan restoranlara ixrac edir. Azərbaycanda sahibkarlar üçün istehsalat prosesinə dövlətin dəstəyinin, "Bir Pəncərə” İxracata Dəstək Mərkəzinin, "Azexport.az” saytının, İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi kimi qurumların olması ölkə kənarında Azərbaycan məhsullarına hər növ tələbin sürətli və beynəlxalq standartlara uyğun olaraq təmin edilməsi üçün imkan yaradır”.
"Niyə Azərbaycan məhsulu?”
Marketoloq Seymur Quliyev isə hesab edir ki, "Made in Azerbaijan” brendi altında ixrac olunan məhsulun sahibi məhsulu maksimum keyfiyyətli şəkildə istehsal etməli, mükəmməl dizayn, qablaşdırma kimi gözoxşayan marketinq addımlarından istifadə edərək, onun tanıdılmasına çalışmalıdır: "Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması gözlənilən beynəlxalq tədbirlər ərəfəsində daha da aktual olur. Məhz bu səbəbdən, böyük beynəlxalq tədbirlərin "Made in Azerbaijan” brendinin yaradılmasında və tanıdılmasında rolu danılmazdır. "Real Time Marketing”in münbit şərait olan zaman "Made in Azerbaijan” brendinin tanıtım fəaliyyətlərinə başlaması brendin formalaşmasına faydalı olacaqdır. Bu işin başlaması Azərbaycanın gələcək inkişafı, beynəlxalq imici və milli mənafeyi baxımından dövlət və xalqımız qarşısında dayanan vacib məsələdir. Çünki 27 illik dövlət müstəqilliyi olan Azərbaycan bütün dünyanın diqqəti yenidən özünə yönəldəcək. Əsas məsələ bu məhsulların keyfiyyət standartlarına cavab verməsi və unikal xüsusiyyətlərə sahib olmasıdır, yəni "Niyə Azərbaycan məhsulu, niyə "Made in Azerbaijan” brendi?” suallarına cavab verə bilməsidir. Bu suala cavab verə bilən, düzgün marketinq sistemi olan istənilən məhsulun tanıdılması və təşviqi məqbuldur”.
Marketoloqun sözlərinə görə, "Made in Azərbaycan” brendi sahibkarın üzərinə ikiqat məsuliyyət qoyur: "Bu məsuliyyəti iqtisadi və mənəvi xüsusiyyətlər olaraq qruplaşdıra bilərik. İqtisadi xüsusiyyət ondan ibarətdir ki, ixracdan gəlir əldə edilir, müəssisə inkişaf edir, büdcəyə vergilərin ödənişi artır, iş imkanları yaranır və nəticədə ölkə iqtisadiyyatı inkişaf edir, böyüyür. Mənəvi olaraq isə ölkənin adı ilə assosiasiya olunan "Made in Azerbaijan” brendinin adı altında xaricə məhsullar göndərilir. Ölkə adının olması sahibkarı ikiqat məsuliyyətli olmağa vadar edir”.
Marketoloq sonda vurğuladı ki, brendin tanıdılmasında internet resursları böyük rol oynayır: "XXI əsr texnologiya əsridir, texnologiyanın inkişafı tanıtım fəaliyyətlərinin də dəyişməsinə, inkişaf etməsinə təsir edib. Dijital təşviq yolu ilə "Made in Azerbaijan” brendi adı altında ixrac olunacaq hər bir məhsul üçün hədəf, kütləni daha asan şəkildə müəyyən etmək, satışı asanlaşdırmaq və tanıtım xərclərini minimuma endirmək olar. Qeyd edim ki, "Made in Azerbaijan” adı altında ixrac olunan bütün məhsulların satışı üçün ümumi bir online platforma var (azexport.az) və internet üzərindən satışları həyata keçirmək mümkündür. Beynəlxalq satış platformalarında hazırda "Made in Azerbaijan” brendi təmsil olunur (Alibaba.com). Bütün bu cəhdləri artırmaqla, inkişaf etdirmək olduqca vacibdir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər