• cümə, 19 Aprel, 07:38
  • Baku Bakı 13°C

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi - Fotolar

14.06.17 12:30 3789
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi - Fotolar
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri də Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamıdır. Həmin sərəncamdan irəli gələrək, qarşıya qoyulan əsas vəzifələrdən biri "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqidir. Bununla yanaşı, Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman da imzalayıb. Yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.
Asiyanın ən iri sərgisində "Made in Azerbaijan” brendi

Qeyd olunan fərman və sərəncamın qarşıya qoyduğu vəzifələrdən ən mühümü dünyanın bir sıra ölkələrində təşkil olunan sərgilərdə Azərbaycanda istehsal olunan məhsulların "Made in Azerbaijan” brendi adı altında təqdim olunmasıdır. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə belə sərgilər keçirilməzdən bir müddət öncə ölkədaxili kütləvi informasiya vasitələrində elan yerləşdirilir, sahibkarlar belə sərgilərdə iştirak etməyə dəvət olunurlar. Sevindirici haldır ki, yerli istehsal müəssisələri bu prosesin aktiv iştirakçılarına çevrilməkdədirlər. Misal üçün, həmin sahibkarlıq subyektlərindən biri də "Veysəloğlu” Şirkətlər Qrupunun tabeliyindəki "Ulduz” şokolad fabrikidir. 2001-ci ildən fəaliyyətə başlayan və yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edən "Ulduz” şokolad fabriki Taylandın paytaxtı Bankokda keçirilən "THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində "Made in Azerbaijan” brendi adı altında ölkəmizi təmsil edib.
Ölkəmizi "Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil etdik
Fabrikin direktor müavini Elnur Allahverdiyev iyunun 4-ə qədər davam edən bu sərgi barədə "Kaspi”yə məlumat verərək deyib ki, Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Onun sözlərinə görə, fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, rəqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edib. Fabrik rəsmisi "Ulduz”un bir neçə yeni çeşidli məhsulları ilə də sərgiyə qatıldığını vurğulayıb: "2016-cı ildə keçirilmiş "THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində dünyanın 140 ölkəsindən 42 min izləyici qatılıb. Bu dəfə keçirilən sərgidə də 150-yə yaxın ölkə iştirak edib. Olduqca qürurverici haldır ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi "Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil etdik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq, məhsullarımızla yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər. Bundan başqa, Tailandın TV kanalları da Azərbaycanı təmsil edən "Ulduz” fabriki haqqında maraqlanaraq, geniş reportaj hazırlayıblar”.
İqtisadiyyatın yeni bir modeli formalaşmaqdadır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı bizimlə söhbətində bildirib ki, Azərbaycanda iqtisadiyyatın yeni bir modeli formalaşmaqdadır. Deputatın fikrincə, bu yeni iqtisadi model qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkədə istehsalın həcminin daha da artırılması, eyni zamanda ixraca yönəlik iqtisadiyyatın formalaşması, rəqabət qabiliyyətinin artırılmasıdır: "Bu kimi strateji hədəflər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə və iclaslarda, konfranslarda, imzalanan fərman və sərəncamlarda daim qeyd olunub. Yəni bu, artıq Azərbaycanda strateji hədəfdir. Bu hədəflərə sürətlə çatmaq yolunda mühüm işlər görülməkdədir. Hətta 2017-ci ilin birinci rübünün iqtisadi yekunları bir daha göstərdi ki, Azərbaycanda ixracın, iqtisadiyyatda qeyri-neft sektorunun, kənd təsərrüfatının həcmi artmaqdadır. Bu isə qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Təbii ki, daxili istehsal həcminin artmasının ən bariz nümunələrindən biri də, bu artımın xarici bazarlarda reallaşdırılmasıdır. Azərbaycan böyük bazar deyil. Digər ölkələrin ixrac təcrübələri göstərir ki, ixrac zamanı daha çox rəqabətqabiliyyətli məhsullara üstünlük verilməlidir. Çünki, iqtisadiyyatda əsas tələblərdən biri, ölkədə istehsal olunan məhsulun bir hissəsinin hökmən xarici bazarlara çıxarılmasıdır”.Millət vəkili T.Mirkişili bildirib ki, heç bir halda istehsal yalnız ölkənin daxili bazarı ilə məhdudlaşdırılmamalıdır: "Xarici bazarlara çıxanda isə yerli istehsalın üzləşdiyi ən birinci çətinlik həmin bazarlarda rəqabət, digər şirkətlərin burada təmsil olunması, Azərbaycan məhsullarına üstünlük verilməsi barədə xarici istehlakçılar arasında təbliğatın aparılmasıdır. Təqdirəlayiq haldır ki, dövlət orqanları bu istiqamətdə sahibkarlara yaxından köməklik göstərir. Nəticədə ixrac missiyaları, hətta xarici ölkələrdəki Azərbaycan səfirliklərində xarici ticarət nümayəndələrinin təyin olunması prosesi başlayıb. "Made in Azerbaijan” brendi adı altında beynəlxalq sərgilərdə iştirakın təmin edilməsi də buna misal ola bilər. Bütün bunlarda başlıca məqsəd Azərbaycan məhsullarını dünyada tanıtmaq, yerli istehsalın arxasında eyni zamanda, Azərbaycan dövlətinin dayandığını, ixracla məşğul olan şirkətlərə dəstək verildiyini nümayiş etdirməkdir. Bu, artıq tətbiq olunan təcrübədir. Dünyada İsrail, Hollandiya, Cənubi Koreya təcrübəsi göstərir ki, güclü siyasəti olan dövlət şirkətlərə dəstəyini nümayiş etdirərsə, ixrac zamanı şirkətlərin xərclədiyi vəsaitin müəyyən qismini öz üzərinə götürərsə, qısa zamanda böyük nəticələr əldə etmək mümkündür”.
Təbliğat və təşviqata xüsusilə fikir verilməlidir
Millət vəkili, iqtisadçı Vahid Əhmədov da hesab edir ki, "Made in Azerbaijan” brendi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sənədlər, bundan irəli gələrək görülən bütün işlərin əsas məqsədi, ölkəmizin məhsullarını dünyada tanıtmaq, beynəlxalq bazarlara çıxış əldə etməkdir. Onun sözlərinə görə, "Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində atılan addımlardan sonra müxtəlif istehsal məhsullarımızın daha geniş çeşiddə beynəlxalq sərgilərdə nümayişi, beynəlxalq bazarlara çıxışı təmin olunur: "Bu istiqamətdə fəaliyyət həyata keçirilərkən təbliğat və təşviqata xüsusilə fikir verilməlidir. Bununla yanaşı, keyfiyyət və qablaşdırma da mühüm əhəmiyyət kəsb edir. Əgər biz beynəlxalq bazarlarda özümüzə yer etmək, məhsullarımızı davamlı olaraq xarici ölkələrə ixrac etmək istəyiriksə, keyfiyyətə, çeşidə, xarici görünüşə, qablaşdırmaya, yeniliyə fikir verməliyik ki, güclü rəqabətdə məğlub olmayaq. Sevindirici haldır ki, artıq xaricə ixracda kənd təsərrüfatı məhsulları da üstünlük təşkil etməyə başlayıb. Bütün bunlar müsbət hadisələrdir və Azərbaycanda istehsalı, ixracı daha da stimullaşdırır”.
Daha keyfiyyətli və daha ucuz malla alıcı marağını təmin edə bilmək

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da "Kaspi”yə açıqlamasında deyib ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının real sektorunun inkişafı istiqamətində çox mühüm addımlar atır. İqtisadçı ekspertin sözlərinə görə, hazırda yerli istehsalın həcminin artırılması fonunda idxaldan asılılığın minimuma endirilməsi və ixrac potensialını genişləndirməklə, ölkəyə valyuta axınını təmin edilməsi başlıca hədəflərdəndir: "Yaxın gələcəkdə qeyri-neft sənayesi sahəsində və aqrar sektorda istehsalın həcminin on dəfələrlə artırılması gözlənilir. Bu isə o deməkdir ki, aqrar sektordan ixracın həcmi getdikcə genişlənəcəkdir. Bu səbəbdən də ölkə Prezidentinin müvafiq sərəncamı ilə "Made in Azerbaycan” brendi ilə Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan tədbirlər görülür. Bu tədbirlər içərisində ən önəmli olanı, müxtəlif sərgilərin təşkili yolu ilə Azərbaycan məhsullarını xarici alıcılara tanıtmaqdır. Bu gün dünyanın istənilən bazarında yer almaq kifayət qədər mürəkkəb məsələdir. Bazarda yer ala bilməyin yeganə düzgün yolu, daha keyfiyyətli və daha ucuz malla alıcı marağını təmin edə bilməkdir. Bunun üçün də sərgilər vasitəsilə məhsullarımızın nümayişi yeni alıcı bazarlarının fəth edilməsi demək olacaqdır. Ənənəvi bazarlarda Azərbaycanda istehsal olunan məhsullar, xüsusilə də aqrar sektorun məhsulları öz keyfiyyəti ilə kifayət qədər üstünlüyə malikdirlər. Lakin əgər biz istehsalın həcmini dəfələrlə artırmağı proqnozlaşdırırıqsa, deməli, bizə yeni bazarlar lazımdır”.
Qeyri-neft sektorunun çəkisinin artmasına stimul verəcək təşəbbüs
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramlı da qəzetimizə açıqlamasında bildirib ki, "Made in Azerbaijan”ın xaricdə tanıdılması olduqca vacibdir. O, qeyd edib ki, "Made in Azerbaijan” ölkəmizin məhsullarının xarici bazarlara çıxarılmasının təmin edilməsi baxımından əhəmiyyətlidir: ""Made in Azerbaijan” ölkəmizin iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artmasına stimul verəcək təşəbbüsdür. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ixracın artırılması üçün ilk növbədə Azərbaycanın brend olaraq tanıdılmasına ehtiyac var. Azərbaycanın brend olaraq tanıdılması isə nəticə etibarilə ölkəmizdə istehsal olunan məhsulların da xarici bazarlara çıxış imkanını artıracaq. Yerli istehsalın stimullaşdırılması və təşviq edilməsi baxımından da diqqət çəkən məqam bundan ibarətdir ki, sahibkarlar nə qədər çox məhsul ixrac etmək imkanına malikdirlərsə, həm onlar, həm də ölkə bir o qədər çox valyuta əldə edir. Bu da imkan verir ki, həmin sahibkarlıq subyekti, şirkət öz imkanlarını daha da genişləndirsin, daha çox məhsul istehsal etsin. Bu baxımdan, yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının artırılması olduqca vacibdir. "Made in Azerbaijan” brendi adı altında ixracın stimullaşdırılması da bu məqsədə xidmət edir. Bu çərçivədə, ixraca subsidiyaların tətbiq edilməsi də həyata keçirilir. Qeyd edilən məqam yerli sahibkarların ixrac imkanlarını da təşviq edir. Hal-hazırda məhsul növündən asılı olaraq 3-5 faiz intervalında subsidiyaların tətbiqi, ixracatın stimullaşdırılması həyata keçirilir. Bu da sahibkarlara imkan verir ki, ixrac etdikləri məhsulun dəyərinə uyğun subsidiya əldə edə bilsinlər. Bütün bunlar yerli sahibkarların potensialının təşviq edilməsinə imkan yaradır. Azərbaycan brendinin xarici bazarda tanıdılması və təşviq edilməsi qeyri-neft sektorunun daha da inkişafına, ixrac imkanlarının genişlənməsinə gətirib çıxarır”.

Rufik İSMAYILOV

Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur




banner

Oxşar Xəbərlər