• cümə axşamı, 25 aprel, 19:13
  • Baku Bakı 21°C

Macarıstanda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

29.01.15 14:28 1322
Macarıstanda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
Macarıstanın Budapeşt şəhərində Soyqırımı həqiqətlərinin Tanıdılması İctimai Birliyi, Macarıstan Azərbaycan qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfrans, eyni zamanda Soyqırımı həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və macar jurnalist Borbala Obruzanskinin birgə müəllifliyi ilə çap olunan "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Macarıstan Azərbaycan qardaşlıq Cəmiyyətinin sədri Ramiz Əmirov açıb və Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Ardınca çıxış edən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib ki, bir neçə il bundan əvvəl Avropada insanlar düşünürdülər ki, savaş, terror Afrikada və digər yerlərdə ola bilər: “Amma indi terror Avropanın mərkəzinə yol açıb. Bütün bunların qarşısının alınması üçün ziyalıların fəaliyyəti vacibdir. Hər bir vətəndaşdan sayıqlıq, zora qarşı mübarizə aparmaq tələb olunur. Bu il Türkiyə Çanaqqala savaşının 100 illiyini qeyd edəcək. Bu il eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş bir məsələ qeyd olunur. Bu, qondarma erməni soyqırımıdır. Məlumdur ki, 1915-ci ildə Türkiyədə soyqırımı olmayıb. Bu kimi hadisələrin qarşısının alınması üçün diplomatlar, elm adamları, ziyalılar ciddi fəaliyyət göstərməlidir. Azərbaycanın Macarıstandakı səfirliyinin əsas istiqamətlərindən biri bu olub. Borbala ilə Ceyhun Ələkbərovun müəllifi olduğu macar dilində nəşr edilən "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabı Azərbaycanın Macarıstanda tanıdılması üçün önəmli rola malikdir”.
Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı diqqətə çatdırıb ki, Azərbaycan son illərdə sürətlə inkişaf edən ölkəyə çevrilib: “Bir neçə dəfə Bakıda olmuşam, Bakı çox gözəl şəhərdir və hər birinizə orada olmağı tövsiyə edirəm”. Səfir Azərbaycanın 90-cı illərdə yaşadığı problemlərdən, ərazilərimizin işğalından danışıb.
Macar jurnalist, "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının həmmüəllifi Borbala Obruzanski Azərbayanın sürətlə inkişafından, tarixi, mədəniyyəti, mətbəxindən danışıb və kitabı təhlil edib.
"Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının azərbaycanlı həmmüəllifi, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa vurulmuş ən dəhşətli zərbə kimi, xüsusi yer tutmaqdadır: "Faciənin dəhşətlərini yaşamış birisi olaraq, o gün haqqında danışmaq və onu göz önünə gətirmək mənim üçün heç də asan deyil. Xocalı soyqırımı erməni millətçilərinin düşündüyü kimi türklərə deyil, bütövlükdə bəşəriyyət və insanlığa qarşı həyata keçirilmiş soyqırımı aktıdır".
Ceyhun Ələkbərov əlavə edib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, artıq erməni yalanları ifşa olunmaqdadır: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başçılığı ilə "Xocalıya ədalət" kampaniyası adı altında aparılan ciddi fəaliyyətlər uğurlu nəticələr verməkdədir. Artıq kampaniyanın nəticəsi olaraq, Xocalı soyqırımı bir çox ölkə parlamentləri gündəliyə çıxararaq müzakirə etmiş, pisləyib, soyqırımı aktı kimi tanın və qətnamələr çıxarıblar. Tarix boyu insanlığa, xüsusən türklərə qarşı dəfələrlə soyqırımı aktı törədən ermənilər bu gün yalanları ilə tarixdə olmayan bir şeyi uyduraraq, qondarma erməni soyqırımını dünyaya sırımaq istəyirlər. Amma nədənsə heç bir tarixi araşdırmaya ehtiyacı olmayan, 22 il bundan öncə dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına lazımi səviyyədə hüquqi qiymət verilməyib. Bu da bəzi təşkilatlar və dövlətlərin ikili standart yanaşmasının nəticəsidir. Burada çox maraqlı bir macar atalar sözünü xatırlatmaq yerinə düşərdi: "Meşəyə girən ağacı görmürsə deməli kordur". Azərbaycan xalqı ilə macar xalqının bir çox ortaq dəyərləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Macarıstan Azərbaycan əlaqələri, bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Həmişə haqqın və ədalətin yanında olan Macarıstan dövlətinin də, Xocalı soyqırımına hüquqi qiymət verəcəyinə ümid edirik. Çox istərdik ki, Macarıstan da Xocalı soyqırımını tanıyan ölkələr siyahısında olsun..."
Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov isə erməni yalanlarından danışıb. O, ermənilərin tarixi necə saxtalaşdırması ilə bağlı faktlar sadalayıb. Macar alimləri də Azərbaycanla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, konfransa Azərbaycandan Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvləri Elnur Eltürk və Əli Zülfüqaroğlu da qatılıblar.
Kaspi.az

banner

Oxşar Xəbərlər