Macarıstanda Bakının küləyi üçün darıxan həmyerlimiz - Fotolar
Hazırda Macarıstanda təhsil alır. Növbəti ölkə
olaraq isə Almaniyanı seçib. Oxumağı, təhsil almağı çox sevir. Düşünür ki,
həyatda məqsədli və qətiyyətli şəkildə addımlamaq lazımdır. Müsahibim Şöhrət
Nağıyevadır. İlk olaraq Şöhrəti qısaca tanıyaq.1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan
Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsindən
məzun olduqdan sonra Bakı Slavyan Universitetində Publisistik jurnalistika ixtisası
üzrə magistr təhsili alıb. Bu vaxt ərzində nəşriyyat və tərcümə mərkəzində
işləyib, daha sonra uşaqlarla bağlı bir sıra sosial layihələrdə fəaliyyət
göstərib. Yeni insanlarla, müxtəlif mədəniyyətlərlə tanış olmağı çox sevir.
Düşünür ki, bu, insanın inkişafı üçün lazım olan amillərdəndir.
- Sizcə,
təhsilin insan, xüsusilə də bir xanımın həyatında önəmi nə qədərdir?
-
Təhsili, sadəcə ”universitetə getmək” məfhumu ilə daraltmaq olmaz. Elmi, yaxud
qeyri-elmi sahə fərq etməz - insan öz bacarığını müəyyənləşdirib o istiqamətə
getməlidir. Təhsil bir insanın, xüsusilə də xanımın həyatında zəncirvarı rol
oynayır. Bunu sxem şəklində belə izah edə bilərəm: təhsil → iş → pul → azadlıq.
Yəni təhsil ən azı öz həyatına istiqamət verə bilmək imkanı deməkdir. Və məncə,
"ən az”a nail olmaq elə ən çoxa çatmaqdır.
- Necə oldu, xaricdə təhsil almaq
qərarına gəldiniz?
-
Məzun olduqdan sonrakı müşahidələrim məni xaricdə təhsil almağa
istiqamətləndirdi deyə bilərəm. İş axtararkən 3 tip məzunlarla rəqabətdə
olursan. Müəyyən imkanlar hesabına işə düzələnlər, xaricdə təhsil alıb
qayıdanlar və mənim kimi burada məzun olanlar. İkinci və üçüncü qrupla sağlam
rəqabət apara bilmək üçün özümü daha da təkmilləşdirmək istəyirdim. Xarici dil
baxımından özümü inkişaf etdirmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq məni
xaricdə təhsilə daha da motivasiya etdi.
-
Xaricdə təhsil şansını necə qazandınız?
-
Xaricdə təhsillə bağlı qərara gəldikdən sonra təhsil portallarını oxuyub,
araşdırdım. Bunun mənə çox böyük köməyi oldu. Prosedurlar və qaydaları bildikdən
sonra universitetlərə və təqaüd proqramlarına müraciət etməyə başladım. Hazırda
Macarıstanda İASK təqaüdü ilə təhsil alıram. Təqaüd həm təhsil haqqını
qarşılayır, həm də aylıq xərclərimi təmin edir.
- Bəs nə üçün Macarıstan?
-
Ətrafımdakı tanışlarımın vasitəsilə artıq Macarıstanda təhsillə bağlı müəyyən
informasiyaya malik idim, təhsil səviyyəsi də həmçinin məni qane edirdi. Tam
təqaüd qazanmağım da seçimimdə böyük rol oynadı.
- Xaricdə təhsil almaq mütləqdir?
- Düşünmürəm ki, xaricdə təhsil mütləqdir.
Azərbaycanda da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Bunun üçün sırf
universitetin verdiyi təhsillə kifayətlənməyib, öz üzərində çalışmaq lazımdır. Gərək
insan özü özünə təhsil verə bilsin. Amma ailədən uzaq yaşamaq, həyatda
müəyyən çətinliklərlə üzləşmək və onlardan təkbaşına çıxış yolu tapmaq təcrübəsi
qazanmaq üçün xaricdə təhsil yaxşıdır.
- Bir xanım olaraq xaricdə təhsil
almaq, qürbətdə yaşamaq çətin deyil ki?
-
Ümumilikdə, həlli mümkün olmayan hələ ki heç bir problemlə qarşılaşmamışam.
Amma sağlamlıqla bağlı bir problem yarandıqda, müəyyən çətinliklər yaşanır. Ən
sadə nümunə: qrip olarkən zoğal mürəbbəsi tapmırsan (gülür). Ən mürəkkəb vəziyyət isə budur ki, xəstəxanada
ingilis dilində danışan həkim və ya işçi tapmaya bilərsən. Yerli dili elə də
yaxşı bilmədiyim üçün bəzən bu kimi situasiyalarda problem yaşayıram.
- Ailənizin xaricdə təhsilə
münasibəti necədir? Yəni xanımsınız deyə sizə mane olmağa çalışdılar, yoxsa
əvvəldən sizə dəstək oldular?
-
Açığı, ailəmin bu mövzuya münasibəti birmənalı deyildi. Tərəddüdlərinin
olduğunu bilirdim. Buna görə də bütün proseslərdən keçib, qəbul olduqdan sonra
valideynlərimlə nəticəni bölüşdüm. Onlar da sağ olsunlar, "gedəni saxlamazlar,
alınırsa get, oxu” dedilər və dəstək oldular.
- İki ölkənin təhsilinə bələd
olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?
-
Azərbaycanda təhsil alarkən bir şeyi öyrənməkdən daha çox, müəllimi, fənni,
semestri yola verməyi düşünürsən. Buna səbəb isə hələ universitet təhsilinin nə
olduğunu, niyə təhsil aldığımızı, nə etmək istədiyimizi bilmədən sadəcə sanki
küyə qoşulub qəfildən özümüzü universitetin sinif otağında tapmağımız olur.
Burada isə məqsəd öyrənmək olur, kimisə, nəyisə yola vermək yox.
- Xərclərinizi necə
qarşılayırsınız, harada qalırsınız?
-
Mən aylıq təqaüd alıram, bu, xərclərimi ödəməyə kifayət edir. Qalmaq məsələsinə
gəlincə isə, universitetin yataqxanasında qalıram. Həm daha maraqlı olur, çünki
bütün tələbələr burdadır. Beləcə, xarici tələbələrlə daha çox ünsiyyət qurmaq
şansı əldə edirəm. Digər tərəfdən, büdcə baxımından da yataqxanada qalmaq daha
sərfəlidir.
- Oranın mətbəxi necədir?
Yeməklərinə alışa bilirsiniz?
-
Buranın mətbəxi çox fərqlidir deməzdim və daha çox ərzaqları alıb öz
mətbəximizə aid nə isə hazırlayıram. Amma onu da deyim ki, buranın meyvə-tərəvəzi
dadsız olur.
- İlk getdiyiniz dönəmlər hansı
çətinliklərlə üzləşdiniz?
-
Ciddi, yadımda qalacaq bir çətinliyim olmadı. Lakin dil məsələsində problem
yaşayırdım. Çünki Macarıstanda ikinci əsas dil demək olar, alman dilidir.
Budapeşt kimi böyük şəhərlərdə ingilis dili bilən kifayət qədər olsa da, digər
yerlərdə dil məsələsi problem yaradırdı. Amma adaptasiya problemim olmadı. Bu,
yəqin ki, yataqxana mühitinin verdiyi üstünlükdür.
- Ən çox nə üçün darıxırsınız?
-
Ailəmi, dostlarımı çıxmaq şərti ilə xüsusi darıxdığım bir şey olmayıb. Sadəcə
gələndən sonra Bakının küləyinin qədrini bilmişəm (gülür). Bakı necə küləkli
şəhər imiş, burada anladım. Yaşadığım şəhər elə də küləkli deyil. Arada külək
əsəndə Bakı yadıma düşür.
- Bizə Macarıstan ilə bağlı
yadınızda qalan xatirəni danışa bilərsiniz?
-
Bir gün dərsdən çıxdıqdan sonra yataqxanada qalan tələbələrlə başqa bir şəhərə
gedib, 1 gecə qalıb qayıtmağı düşünürdük. Qalmağa yer bron etməmişdik. Düşündük
ki, hər nə olsa, bir yer tapıb qalarıq. Həm də dedik ki, avtobusda internet
olar, onun vasitəsilə onlayn işimizi görərik. Amma təəssüf ki, qatarda internet
olmadı və biz də bron edə bilmədik. Bizsə deyib-gülürük. Əhvalımız pozulmayıb.
Şəhərə çatdıq və ilk olaraq qalmağa yer axtardıq. Hara zəng etsək, hansı hostelə
getsək də, boş yer tapa bilmədik. Saat gec olduğundan geri də qayıda bilməzdik.
Çöl isə çox soyuq və dumanlı idi. Artıq baş verənlərlə barışıb 24 saat işləyən
kafe, restoran axtarmağa başladıq. Beləcə, gecə saat 4-ə kimi bütün
restoranları gəzdik. Biri bağlananda, o birinə keçirdik. Qatar stansiyası saat
5-də açılırdı. Səhərə yaxın dayanacağa tərəf yola düşdük. Yaxınlıqda ATM
gördük. Fikirləşdik ki, bir müddət orada qalaq. 10-15 dəqiqə sonra 4 polis
maşını gəldi. İlk ağlıma gələn heç bir sənədimin üzərimdə olmamağı idi. Çox
güman ki, bizim orada uzun müddət qaldığımızı görən biri bankı soyacağımızı
düşünərək polisə xəbər etmişdi (gülür). Yaxınlaşan polislərə vəziyyəti izah
etdikdə, onlar da gülməyə başladılar. Nəhayət, bütün problemləri həll edib, öz
şəhərimizə qayıtdıq. O hadisədən sonra həmin yer ağlımızda lənətli şəhər kimi
qaldı. "Bir şəhərdən digərinə gedərkən nə kimi problem yaşana bilər ki” sualına
əhəmiyyət verməyən bizlər artıq cavabımızı almışdıq.
- Gələcəklə bağlı planlarınız
nədir?
-
Əlbəttə, uzaq gələcəklə bağlı bəzi planlarım var. Amma onlar bir-birindən
asılıdır. Biri alınmalıdır ki, digərinə təkan versin, amma yaxın gələcəklə
bağlı deyə bilərəm ki, növbəti semestr təhsilimə Almaniyada davam edəcəyəm.
- Gənclərə məsləhətin nədir?
-
Gənc olsunlar! Uğur qazanmaq, özlərini inkişaf etdirmək üçün nələrsə etsinlər.
Bir yerdə dayanmaqla heç nə əldə etmək olmaz. Məqsədlərində qətiyyətli olub, bu
yolda inamla irəliləsinlər.
Günel
Azadə