• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Macar xalqının azadlıq simvolu - Reportaj - Fotolar

14.01.17 09:30 3362
Macar xalqının azadlıq simvolu - Reportaj - Fotolar
«Əgər Macarıstanın tarixini öyrənməyə vaxtınız və istəyiniz varsa, bir neçə saatınızı Macarıstan Milli Muzeyinə ayıra bilərsiniz. Mükəmməl ekspozisiya ölkənin tarixini onun başlanğıcından bu günümüzə qədər demək olar ki, tam əks etdirir». «Muzeydə neolit dövründən bugünkü günə qədər Macarıstan tarixi təqdim olunur. Burada muzeyin ingilis dilində planı, audiobələdçi olsa da, təəssüf ki, başqa dillərdə yoxdur. Bununla belə, muzeyi ziyarət etmək maraqlıdır». «Macar dövlətinin tarixini bilmək maraqlıdır. Burada tez-tez sərgilər keçirilir. Məktəb yaşlı uşaqların da muzeyi ziyarət etməsini məsləhət görürük». Macarıstan Milli Muzeyini ziyarət edən turistlərin muzeyin saytında yer alan şərhləri gerçəkdən bu ölkəyə səfər edən insanlarda xüsusi maraq oyadır.

Şandor Petefinin mahnısı

Budapeştin ən böyük muzeylərindən sayılan Macarıstan Milli Muzeyi ölkənin tarixini və incəsənətini əks etdirmə baxımından mühüm yer tutur. 1802-ci ildə qraf Ferens Seçeni öz zəngin kolleksiyasını ölkəsinin milli muzeyinin yaradılması məqsədi ilə xalqa bağışlamaq qərarına gəlir. Qraf artıq 18-ci əsrdə özünün ailə kitabxanasını və kolleksiyalarını ölkə naminə yığmağa cəhd edirdi. O, kitabxana ilə birlikdə ölkəyə 2675 dəmir pul və medal, əntiq əşyalar və rəsm əsərləri bağışlayır. Hazırda muzeyi ziyarət edənlər bu tarixi öyrəndikdən sonra Ferens Seçeninin muzeyin bağında ucalan abidəsini mütləq ziyarət edirlər. Macar xalqı öz milli muzey və milli kitabxanalırının yaradıcısı olan bu insana hörmətini möhtəşəm abidə ilə ifadə edib.

Neoklassizm üslubunda tikilən möhtəşəm muzey binası Mixay Pollakın layihəsi əsasında ərsəyə gəlib və tarixi-arxeoloji baxımdan dünya muzeyləri sırasına daxildir. Muzeyin interyerlərinin rəsmləşdirilməsində Karoy Lots və Mor Tan iştirak ediblər. 1837-ci ildə təbii fəlakət nəticəsində tikinti işləri müəyyən müddətə dayanıb. Macarıstan parlamenti muzeyin yaradılması ilə bağlı yeni qanun qəbul edib və muzey kolleksiyalarının zənginləşməsi xahişi ilə ictimaiyyətə müraciət ünvanlayıb. Parlament muzeyin tikilişini başa çatdırmaq üçün yarım milyon dollar ayrılmasına səs verib. Yalnız 10 ildən sonra muzeyin tikintisi başa çatıb.

Muzey 1848-1849-cu illər müstəqillik müharibəsində tarixi rol oynayıb. 1848-ci ildə şair Şandor Petefi məhz bu muzeyin pillələrində xalqı inqilaba çağıraraq özünün «Milli mahnısı»nı oxuyub. Bu baxımdan, milli muzey macar xalqının azadlıq simvolu hesab edilir. Müxtəlif dövrləri özünün möhtəşəm eksponatları ilə əks etdirən salonlar əslində Macarıstan tarixindən dünya tarixinə də müəyyən mənada bələdçilik edir.

Ferens Listin konserti

Muzeyin yarandığı ilk ildə burada qraf Ferenç Seçenin xırda pul, kitab və əlyazmalarından ibarət eksponatları yer alıb. 19-cu əsrin ikinci yarısında muzeyin eksponatları və kolleksiyaları xeyli zənginləşib. Belə ki, 1872-ci ildə muzeyin ayrıca Tətbiqi incəsənət, 1896-cı ildə isə Təsviri incəsənət bölümləri yaradılıb. 20-ci əsrdə Etnoqrafiya muzeyi, Təbii tarix və Milli Kitabxana muzeyləri əsas mərkəzdən ayrılaraq ayrıca fəaliyyətə başlayıb.

Hazırda isə muzeydə milyondan çox müxtəlif eksponat sərgilənir. Muzeyin daimi sərgiləri ölkənin tarixini əks etdirmə baxımından unikaldır.

Milli azadlıq mübarizəsində məğlubiyyətdən sonra Macarıstanın yaşadığı ağır dövr muzeyin də həyatına təsir edir. Muzeyin eksponatlarını hətta Vyanaya göndərmək istəyirlər. Muzeyin özünə isə böyük vergilər tətbiq olunur. Ancaq ölkənin milli incilərini müdafiə etmək üçün ictimai rəylər meydana gəlir və onun əsasında mühüm addımlar atılır. Muzeydə xeyriyyə konsertləri keçirilir. Hətta tədbirlərin birində bəstəkar Ferens List özü iştirak edir.
Roma dövründən sosializmədək

Hazırda muzeyin salonlarında 7 daimi ekspozisiya təqdim olunur. Eksponaltlar Roma imperiyasının iflasından başlayaraq, 1990-cı ildə sosializmin dağılmasına qədər olan dövrləri əks etdirir. Hadisələr mərhələli şəkildə plakat, mebel, məişət əşyaları, şüşə, keramika, metal və plastmas məmulatlar, sənədlər, çap işləri, tekstil, poçt markaları, silah, sənaye tarixinin sənədləri, musiqi alətləri, oyuncaqlar, saatlar, fotoşəkillər və s. əşyalarda bütün xarakterləri ilə illüstrasiya olunublar. Zirzəmidə ziyarətçiləri Roma dövrünün daş kolleksiyaları və arxeoloji tapıntılar qarşılayır. Bu eksponatlar təkcə Roma imperiyası dövrünü deyil, həmçinin Transelvania tarixini əks etdirir. Muzeyin əsas incilərindən biri macar dövlətinin əsasını qoyan müqəddəs Stefanın (İştvan) tacı və onun taclandırma mərasimi ilə bağlıdır. 1000-ci ildə Papa II Silvestr tacı kral İştvanın başına qoyub. İndi tac muzeyin zallarının birində qorunur. Ayrıca bir zal kral mantiyasına həsr olunub. İpək mantiya qızılı naxışlarla tikilib və mirvari ilə bəzənib. Müqəddəs İştvan mantiyanı 1031-ci ildə kilsəyə hədiyyə edib. 20-ci əsr zalı iki dünya müharibəsinin silah sərgisi və təbliğat plakatları kolleksiyası ilə diqqət çəkir. Muzeyin portret qalereyasında Arpad sülaləsinin portretlər silsiləsi göz oxşayır.

Muzeydə müstəqillik uğrunda müharibə dövrünü əks etdirən eksponatlar da maraq doğurur. Macar xalqı müstəqillik uğrunda müharibəni unutmur. Bu müharibədə 3800000 adam səfərbər edilib. 661000 insan həlak olub, 734000 min əsir düşüb, 743000 şikəst olub. Həmin hadisələri əks etdirən eksponatlar ziyarətçilər tərəfindən diqqətlə izlənilir.

Ayrıca bir ekspozisiya ölkədə kommunist sisteminin meydana gəlməsi və dağılmasını sərgiləyir. Həmçinin muzeyin salonlarını gəzərkən sovet dövrü epoxasını əks etdirən eksponatlara, o cümlədən Stalinin tunc heykəlinə, Brejnevin şəkillərinə rast gəlinir.

Milli muzeyin musiqi ekspozisiyasında Motsartın, Esterhazinin əşyaları, Mariya Antuanettanın arfası, Bethoven və Listin royalları yer alıb.
Osmanlı dövrü

Orta əsrlər dövrü və Osmanlı işğalı illəri muzeydə orta əsrlər məişət əşyalarında, qızıl məmulatlarda, dəmir pullar və silah kolleksiyaları nümunələrində təqdim olunur. 1848-49-cu illər inqilabına həsr olunan zalda türk ordusu rəhbərliyinin alaçığı və Macarıstanın şimal-şərq hissəsinin kilsələrinin müəyyən stulları nümayiş etdirilir.

Muzeydə xüsusən Osmanlı və Avstriya-Macarıstan imperiyalarının işğalı dövrünü əks etdirən ekspozisiyalar maraqla qarşılanır. Həmçinin Osmanlı imperiyasının işğalı ilə bağlı divarda yazılı məlumat da yer alıb. Belə ki, 1526-cı ilin 24 avqustunda Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Mohaç dərəsində baş vermiş döyüş nəticəsində ölkənin ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçib. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə edib. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır süvari birliklərini sıradan çıxarmağa hesablanıb. Macarlar iki saat davam edən döyüşün sonunda məğlub olublar. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsü itirməsi və döyüşü qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar səviyyədə istifadə etməsi olub. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qaçarkən bataqlıqda həlak olub. Döyüş meydanında 6 gün istirahət edən Osmanlı birlikləri Macarıstan krallığının paytaxtı Budin şəhərinə doğru hərəkət etməyə başlayıb. Başda kraliça Mariya olmaqla kübar cəmiyyətin bütün üzvləri və orta təbəqə şəhəri tərk edib. Budində yaşayan yəhudi icmasının rəhbəri Salamon şəhərə yaxın Foedvard kəndində şəhərin açarlarını Sultan Süleymana təqdim edib. İndi muzeydə həmin hadisələri əks etdirən eksponatlar yer alıb. Sultan Süleymanın portreti, müxtəlif əşyalar, qablar, dəmir sikkələr, əsgərlərin geyimləri, silahlar, qılınclar, həmçinin türk xalçaları muzeyin qiymətli eksponatları sayılır.

Muzey bələdçisinin verdiyi məlumata görə, salonlarda sərgilənən eksponatların hamısı orijinaldır. Muzey həftənin çərşənbə axşamından istirahət gününə qədər hər gün saat 10.00-dan 18.00-dək ziyarətçilərin üzünə açıqdır. 1600 forentə (10 avro) satılan biletlərin qiymətində tələbələr və 55 yaşından yuxarı insanlar üçün yarıbayarı güzəşt nəzərdə tutulub. Bundan əlavə, ziyarətçilərə audio bələdçi üçün 750, fotoçəkilişlər üçün 800 forent ödəmək lazım gəlir. Milli Muzey ziyarətçilərini daimi və müvəqqəti sərgilərlə gözləyir. Qiymətlər müvəqqəti sərgilər üçün dəyişir. Uzvlük kartı olanlar üçün 20 faiz güzəşt nəzərdə tutulub. Jurnalistlər üçünsə muzeyə giriş ödənişsizdir.

Muzeyin yaşıl bağında tez-tez festivallar və konsertlər keçirilir. Nə vaxtsa bu konsertlərdə virtuoz bəstəkar Ferens List də iştirak edib.
Təranə Məhərrəmova
Bakı-Budapeşt




























banner

Oxşar Xəbərlər