• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

Maarifçi Tələbə Kredit Fondunun ilk sertifikatları təqdim olundu

30.06.16 19:21 2028
Maarifçi Tələbə Kredit Fondunun ilk sertifikatları təqdim olundu
"Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır”. Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun (MTKF) ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimində səslənən bu fikirlər gələcəkdə bu istiqamətdə atılacaq addımların daha da təkmilləşdiriləcəyi inamını yaratdı.
Təhsil naziri Mikayıl Cabbarov, MTKF-nin icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələrin iştirak etdiyi tədbirdə nazir fondun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bölüşdü. Layihənin birbaşa ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirildiyini qeyd edən M.Cabbarov bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsinin tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinlikləri aradan qaldıracağını bildirdi: "Azərbaycan sosial dövlətdir. Hər il tələbələrimizin 33 faizi dövlət hesabına təhsil almaq hüququ qazanır. Amma ali təhsil almaq istəyən tələbələrin sayı daha çoxdur. Bəzi tələbələrin oxuduğu müddətdə müəyyən problemləri ortaya çıxa bilir. Bu baxımdan, fondun yaradılması sosial təminatı zəif olan tələbələrin problemlərinin həll edilməsinə yönəlib. Layihəyə qoşulan ali məktəblər sosial məsuliyyət nümayiş etdiriblər. Onlar tələbələrin akademik məzuniyyət götürməməsi üçün şərait yaradıblar”.
Bu istiqamətdə dünya təcrübəsindən danışan nazir qeyd etdi ki, heç yerdə təhsil kreditləri məktəblərin öz gücü ilə təmin edilmir, digər mənbələrdən istifadə edilir: "Bu sahədə beynəlxalq təcrübə fərqlidir. Özəl sektor, dövlətin müxtəlif təsisatları və təşkilatları bu sistemə yardım edir. Burada bütün hallarda gəlir götürülməsi məqsəd deyil”. Nazir gələcəkdə kreditlərin çeşidlərinin daha da artacağına ümidini gizlətmədi: «Özəl sektora, biznes strukturlarına, mesenatlara üzümü tutaraq bildirirəm ki, kredit fondunun qapıları açıqdır. Onlar bu layihəyə dəstək ola bilərlər. Həmçinin digər ali məktəbləri də bu fondda görmək istərdik. Belə olan halda fond daha çox tələbə üçün əlçatan olacaq. Bu layihə təhsillə bağlı olsa da, sosial funksiya yerinə yetirir. Ümid edirik ki, tələbələr ixtisasları üzrə təhsil alıb əmək bazarında öz yerlərini tutduqdan sonra kreditlərini qaytarmağa başlayacaqlar ki, bu da növbəti illərdə digər tələbələrin kredit almasına imkan yaradacaq”.
Ali məktəblərin artıq bir neçə ildir ki, özünümaliyyələşdirmə sisteminə keçdiyini qeyd edən nazir ali təhsil ocaqlarının maliyyələşdirilməsinin müstəqil şəkildə həyata keçirildiyini bildirdi: "Doğrudur, təhsil sistemi prioritet olduğuna görə dövlət tərəfindən bu sahəyə kifayət qədər sərmayə yönəldilir. Amma bu, daha çox ümumtəhsil və digər pillələrə aid olur, yeni universitetlərə lazım olan maddi-texniki bazanın yaradılması üçün edilir. Ümumilikdə ali təhsil sistemində ali məktəblərin gəlirlərinin təxminən 80 faizi əmək haqqı fonduna keçir. Yəni hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir. Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir. Ali məktəblər arasında bu rəqəm dəyişə bilər. Ali məktəblərin gəlirlərinin qalan hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə, elmi-tədqiqat işlərinin aparılmasına və s. işlərə sərf edilir”.
M.Cabbarov bu gün dövlətin ehtiyac duyulan qədər mütəxəssis hazırlığını üzərinə götürdüyünü də diqqətə çatdırdı: "Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur. Belə olduğu halda müəyyən göstəriciləri əldə edənlər dövlət hesabına, digərləri isə öz hesablarına təhsil alırlar. Biz bunu alqışlayırıq və ali təhsilin daha əlçatan olmasına çalışırıq”. Dövlət sifarişinin formalaşmasının öz prinsipləri olduğunu qeyd edən nazir dövlətin ən yüksək akademik bal toplayan tələbələrin təhsil haqqını ödədiyini xatırlatdı: "Dövlət həmçinin bir sıra kateqoriyalardan olan vətəndaşların da təhsil xərclərini öz üzərinə götürür. Bəzən bir çox təhlili məqalələrdə: "Niyə sovet dövründə təhsil pulsuz idi, lakin bu gün təhsil ancaq bir qrup tələbə üçün pulsuzdur”?”,- deyə qeyd edilir. Heç kim xatırlamaq istəmir ki, sovet dövründə yalnız müəyyən sayda tələbə ali təhsil ala bilərdi. Həmin vaxt dövlət sifarişinə düşməyən şəxsin ali təhsil almaq hüququ yox idi. Amma bu gün liberallaşmaya gedirik”.
MTKF-nin icraçı direktoru Rüfət Mahmud məlumat verərək kredit üçün sənəd qəbulunun iyunun 3-dən 25-dək aparıldığını diqqətə çatdırdı. Belə ki, bu müddətdə 300-dən çox tələbə və onların valideynləri fondla əlaqə saxlayıb: "Kredit almaq üçün müraciət yalnız elektron qaydada aparılır. İyunun 3-dən 25-dək olan müddətdə 300-dən çox tələbə və valideyn fondun saytına daxil olaraq kredit almaq üçün maraqlanıblar. Onların hər biri ilə danışıqlar aparılıb. Fondun qaydaları çərçivəsində 55 müraciətə baxılıb, şərtlərə cavab verən 22 tələbə ilə müqavilə imzalanıb. Müqavilələrin 10-u standart, 12-si isə güzəştli kredit paketləri üzrə olub. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olanlar, sənədləşmə uyğunsuzluğu olanlar olub”. Fond rəhbərinin sözlərinə görə, maraq həddən artıq çox olub. O cümlədən Lənkəran Dövlət Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələr və valideynlər şərtlərin yüngülləşdirilməsi ilə bağlı müraciətlər ediblər: "Bütün təkliflərə fondun Himayəçilər Şurasının iclasında baxılacaq”.
Tədbirin sonunda təhsil naziri MTKF-nin ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq setifikatları təqdim etdi.

Təqdimatda iştriak etdi
Təranə Məhərrəmova





banner

Oxşar Xəbərlər