Ülviyyə Əliyeva: “Aktrisa hər rolun öhdəsindən gəlməyi bacarmalıdır”
Hər aktrisaya nəsib olmur ki, lap gənc yaşlarında
dramatik rol oynasın, sonralar isə xalqının sevimli komediya personajına
çevrilsin. Bu dəfəki müsahibim hamımızın çox sevdiyi və hörmət etdiyi aktrisa
Ülviyyə Əliyevadır. Düzdür aktrisa özünü nə komik, nə də dramatik aktrisa
saymasa da, hazırda onu istər televiziyada, istərsə də teatrda görən hər kəsin
simasında xoş bir təbəssüm yaranır.
Tanıtım: Ülviyyə xanım 1981-ci ildə Bakı
şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun
Musiqili teatr aktyoru fakültəsini bitirib. 1998-ci ildən Azərbaycan Dövlət
Gənclər Teatrında işləyib. Bu teatrın səhnəsində aktrisa C.Məmmədquluzadənin
"Ölülər"ndə Nazlı, B.Vahabzadənin "Atamın kitabı"nda Şəvkət
bacı, Ə.Əmirlinin "Xoşbəxt gün"ündə Yeganə, Qabilin "Şübhəli
əhvalat"nda katibə, Ə.Əmirlinin "20 il sonra"sında Ofelya, Anarın
"Səhra yuxuları"nda 2-ci müxbir rollarını ifa edib.
2001-ci ildə
Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunub. Bu
işdə Afaq Bəşirqızı aktrisaya böyük dəstək göstərib. Teatrda işlədiyi müddət
ərzində "Hərənin öz ulduzu" operettasında Ceyran, "Səhnədə
məhəbbət"də müğənni qız, "Volqalı canan"da İradə, "Talelər
qovuşanda" əsərində Gülər, "Əlin cibində olsun"da Lalə,
"Bəydullanın möhtəşəm toyu"nda Qiyamət, "Məsmə xala
dayımdır"da Aydan, "Adamın adamı"nda xəbərçi Xədicə, "Bir
günlük siğə"də Zöhrə, "Qısqanc ürəklər"də Elya kimi rolların
ifaçısı olub. Yaratdığı hər obrazı özünəməxsuz ustalıqla oynayıb. Azərbaycan
televiziyasında və «Space» kanalında bir sıra yumoristik verlişlərdə çıxış edən
aktrisa İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi
əsasında ekranlaşdırılan "Hərənin öz payı+tayı" filmində çəkilib.
Ən son yaratdığı obrazı isə hələ ki, Tamara Vəliyevanın
"Mən dəyərəm min cavana” operettasında olub. Qeyd edək ki, əslində bu rolu
tanınmış xalq artistimiz Afaq Bəşirqızı oynasa da o, özü rolunu Ülviyyə xanıma
həvalə edib.
Həyatda çox sadə və mehriban insan olan
aktrisamızla müsahibəmiz də səmimi alındı:
- Ülviyyə xanım, yeni teatr mövsümü münasibəti
ilə sizi təbrik edirəm və uğurlar arzulayıram. Amma ilk sualım ötən mövsümlə
başlıdır. Sonuncu teatr mövsümü nə ilə yaddaşınızda qaldı?
-Mövsüm mənim yadımda ən çox deyərdim ki, Tamara Vəliyevanın
"Mən dəyərəm min cavana” tamaşası ilə qaldı. Çox maraqlı tamaşa idi və
yaratdığım obraz da həmçinin fərqli və maraqlı idi. Bu obrazı yaratmaq mənimçün
çox məsuliyyətli bir iş idi. Çünki bu obrazı hamımızın sevimlisi Afaq xanım Bəşirqızı
oynayıb və bu rolu da o özü mənə həvalə etmişdi. Bu, mənimçün çox
qürurvericidi. Hətta tamaşa o qədər uğurlu və baxımlı alındı ki, mövsümün
sonunda mükafatlandırmada mən də məhz bu tamaşadakı roluma görə mükafata layiq
görüldüm.
-Oynadığınız rollardan hansı sizin xarakterinizi
daha yaxındır?
-Düzünə qalsa hələ elə bir tamaşada oynamamışam ki,
mənim xarakterimə uyğun bir rol olsun. Təbii ki, bütün oynadığım, yaratdığım
obrazlarda özümdən bir parça olur, amma tam öz xarakterimdə heç bir rol
oynamamışam.
-Özünüzü dramatik, yoxsa komik aktrisa sayırsınız?
-Özümü nə dramatik, nə də ki, komik aktrisa
saymıram. Aktyor, aktrisa hər rolun öhdəsindən gəlməyi bacarmalıdır. Bilirsiz
ki, zamanında Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi
altında çalışmışam. Universitetin üçüncü kursunda oxuyarkən Afaq xanım məni
Musiqili Komediya Teatrına (o vaxt elə adlanırdı-red.) gətirib. Lakin ona qədər
mən dramatik rollarda da çıxış etmişəm, hətta ilk rolum 17 yaşımda Cəlil Məmmədquluzadənin
"Ölülər” əsərinin tamaşasındakı Nazlı obrazı olub.
- Sizinçün hansı daha xoşdur: filmə şəkilmək, yoxsa
teatrda oynamaq?
-Həm filmdə, həm tamaşada oynamaq çox gözəldi. Amma
bunlar tamam başqa-başqa işlərdi. Nə teatrda oynadığın kimi serialda, nə də
serialda oynadığın kimi teatrda oynamaq düz olmaz. Hər ikisinin yeri ayrıdır.
-Siz aktrisalardan kimi özünüzə kumir sayırsınız?
-Təbii ki, kumirlərim çoxdur. Xaricdən götürsək -
Safi Lareni, Azərbaycanda da çox gözəl aktrisalarımız var - Şəfiqə Məmmədova,
Afaq Bəşirqızı və əlbəttə ki, Nəsibə xanım Zeynalova.
-Aktyorlardan kiminlə tərəf-müqabili olmaq sizin
üçün daha rahatdır?
-Ən rahat tərəf-müqabilim, hamımızın sevimlisi, əməkdar
artisti Əkbər Əlizadədir. Çünki bir-birimizi səhnədə çox gözəl tamamlayırıq və
bir baxışdan bilirik nə deyəcəyimizi. Xanımlardan isə Tünzalə xanım Əliyeva ilə
çox gözəl tərəf-müqabillik.
-Musiqili Teatrın səhnəsində hansı rolu oynamaq istərdiniz?
-Hal-hazırda ən çox rus bölməsində hansısa tamaşada
oynamaq istərdim. Bildiyiniz kimi, mən rus məktəbini bitirmişəm və rus dilini
yaxşı bilirəm. Ona görə də istərdim ki,
rus dilində tamaşada oynayım. Bir də çox istərdim muzikl janrında tamaşa olsun,
orda rol alım. Amma təəssüflər olsun ki, bizdə hələ bu janrda tamaşa yoxdur...
-İnşaallah yeni mövsümdə arzularınıza çatarsız.
- İnşaallah.
Nigar
Pirimova
Teatrşünas