Ülvi Bünyadzadənin anım günü keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi,
ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr
olunmuş anım mərasimi keçirilib.
Şəhid tələbəmizin əziz xatirəsinin
bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən
universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin
Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr
olunduğunu qeyd edib. "Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən
fəda edən bir azərbaycanlı gəncidir”-deyən K.Abdulla onun xatirəsinin əbədi
olaraq qəlbimizə həkk olunduğunu bildirib: "Mən Ülvi Bünyadzadəni çox səbrli,
işıqlı gənc kimi xatırlayıram. Onun dərslərdə və dərsdən kənarda özünü
aparması, yoldaşları və müəllimləri ilə davranışı son dərəcə nümunəvi tərzdə
idi. O, müstəqilliyimiz uğrunda gənc yaşlarından fəaliyyətə başlamışdı. O zaman
SSRİ tərkibindən ayrılmağa hazırlaşan bir ölkənin başının üstünü qara buludlar
almağa başlayırdı və Ülvi Bünyadzadə o buludları dağıdanlardan biri oldu. Ondan
sonra Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi böyük
bir faciədən xilas etdi. Ulu öndər 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini
əbədiləşdirmək, bu hadisəyə siyasi qiymət vermək istiqamətində çox işlər görüb.
O, SSRİ hakimiyyətinə nifrətlə etirazını bildirib, bunu dünyaya bəyan etdi.
Ülvi Bünyadzadə və onun kimi vətənsevərlərin xatirəsinə bu cür ehtiramla
münasibət bəslədi. Mən güman edirəm ki, Ülvi bugünkü Azərbaycanı görsəydi, öz arzularının çin olduğunu
düşünər, gənclərimizlə fəxr edərdi”.
Çıxışının sonunda rektor hər kəsin
vətənə, millətə münasibətdə Ülvini örnək götürməsinin vacibliyini, onun yolunun
davam etdirilməsinin vətəndaşlıq borcumuz olduğunu sözlərinə əlavə edib.
Tədbirdə iştirak edən şəhid tələbənin
bacısı, professor Könül Bünyadzadə universitetdə yaradılan, müasir standartlara
cavab verən yeni auditoriyaya Ü.Bünyadzadənin adının verilməsini onun xatirəsinə
olan ehtiram kimi qiymətləndirib və buna görə universitet rəhbərliyinə təşəkkürünü
bildirib. "İradəli gənci heç bir güc öz təsiri altına ala bilmir”- deyən K.Bünyadzadə qardaşı haqqında danışarkən onun da öz
iradəsinə doğru getdiyini, qəlbinin hər zaman azadlıq duyğusu ilə doyündüyünü
vurğulayıb.
Universitetin Tədris işləri üzrə
prorektoru, professor Əfqan Abdullayev Ü.Bünyadzadə ilə bağlı xatirələrini
iştirakçılarla bölüşüb: "20 Yanvar gecəsi çox adam istəyərdi ki, günahsız xalqa
qarşı törədilən qırğının qarşısını alsın, amma Ülvinin böyüklüyü onda idi ki,
o, cəsarət taparaq həmin gecə tankların qabağına çıxdı”. Professor tələbələrə
universitetdə yaradılan şəraitdən və dil bilgisindən istifadə edərək Azərbaycan
reallıqlarını və Ülvi kimi qəhrəmanlarımızı dünyaya tanıtmağı tövsiyə
edib.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının professoru Adil Babayev Ü.Bünyadzadənin tələbəlik illərindən bəhs
edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə edib.
Qeyd edək ki, Ülvi Yusif
oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli
kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən
kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə
SSRİ-nin 50 illiyi adına APXDİ-nin İngilis dili fakültəsinə daxil olub. Ülvi ərəb,
fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus
dillərini isə mükəmməl bilirdi.