Lunatik kölgə
Bir neçə dəfə fərqli
formalarda həyatıma son qoyub, ondan canımı qurtarmaq, paltar soyunan təki ruhumu
bədənimdən sökərək çıxarmaq istəmişdim. Fəqət hər dəfə də başqa-başqa səbəblər
bu yoldan döndərdi məni. Zaman-zaman içimə sığdırmağa çalışdığım o güvən
hissini yenidən qazanacağımı hiss etdim. Fəqət inamsızlıq kölgə kimi qarabaqara
izlədi, şübhə bulud təkin başım üzərində gəzdi. Hara addımımı atsam, elə o
küncdən mənə boylandı. Başqa adamlara yaxınlaşdım birgə irəliləyək deyə. Kimisi
qəlb evimi oğurladı, kimisi kimsəsizliyim oldu. Bəzisi bədənimi yeni duyğularla
sərasər doldurarkən, bəziləri də görünməz dağıntılar yaratdı. Hər dəfəsində
coşğunluqla axan irmaq kimi qarşıma çıxan dağları, təpələri, vadiləri aşıb
qovuşacağım dənizi tapdım. Yalnız yazı masamdakı dəftərə hər şeyi yazıb
bitirdiyim anlarda sakitləşdim. Kəlmələr mənə həyatı ərməğan etdi, özümə
qatlaşa biləcək gücü verdi. Əksəri bərbad duyğularla indiyə qədər yaşamımı
döyəcləmişəm. Bax gör, nə qədər şeyin uzağındayam...
Frieda və Nick güclə yatdı. "Artıq ölə bilərsən, Sylvia” deyə pıçıldayır
içimdəki səs. Onlar üçün əlimdən heç nə gəlmir. O gün hamamda qalsam da, Nicki
yuyundura bilmədim. Jilian gələndə üzümə təəssüflə baxdı. Uşağı qucağına alıb
quruladı. Düzü, bəzən yaxşı nələrsə etmək istədiyini hiss edirəm, bəzənsə mənə
qatlaşa bilmədiyini düşünür və narahat oluram/ Hər şeyə rəğmən o, böhranlı
günlərə dözməyimə kömək edən əvəzsiz dostdur. Bazar günü yemək üçün gözəl şeylər hazırlamışdı:
Rosto, pendir, şirin və kəmturş şərab. Yemək boyunca gülməli hadisələr danışdı.
Rəqs edib etmədiyimi isə xatırlamıram. Elə musiqi dinləyib, dinləmədiyimizi də.
Düzü, içki rahatlaşmağıma kömək edir və sonra gördüyüm ilk münasib yerə
uzanıram. Yenə də elə oldu. Bir neçə saat yatdıq. Oyandıqdan bir qədər sonra
Gerry məni və uşaqları evə ötürdü. Bir yandan "istəsən, qayıdaq” dedi. Yollardakı qar azca ərimişdi. Əsəbdən
ağladım. Xarab olan maşına, həyata, ürəyimin əvvəlki kimi öyünəcək şeylər tapa
bilməməyinə. İsrar etməyib evə qayıtdı. Ağlaya-ağlaya "paltarları qatlamaq lazımdır” söylədim.
Belə qış günləri sadəcə
daxilimin buz bağlamasını sürətləndirir. Çöldə mənim kimi kimsəsiz qalmış külək
kol-kosa çırpılır. Mən ruzigarı ot və yarpaqların arasında azadə dolaşarkən
sevirəm. "Hopkins Yurdu”nun
divarlarında nəhəngləşən kölgələr gördüyümü zənn edirəm. Maşınların gecənin
səssizliyini pozmaq üçün növbələşərək ötüşdüyünü də. Görəsən, dünyanın hansısa
bir nöqtəsində eynən mənim kimi göy üzünə baxıb, bu duyğuları yaşayan bir
başqası da varmı? Yenə də məişət problemləri içərisində hər şeyi itirirəm.
Baxdığım mənzərədən kənardakı dünyanı görməmək, bacardığım halda almanı dişləyə
bilməmək kimi problemlərim var. Ta dərinliyimdə qanqrenə çevirməyi bacardığım
qısqanclıqları isə ancaq şeirə köçürə bilirəm.
Zehnimin gizlinliklərində
var-gəl etməkdən bitab düşdüyüm anlar çox olur. Hər anın sehri zəhər kimi
qanıma qarışdığından daim təlaş gəzinir damarlarımda. Yalqız qalmağı
düşünməkdən sarımı uduram. Pilləkəndən gələn tıqqıltılara qulaq kəsilirəm.
Qaranlıq boş gördüyü hər yeri doldurmaq istəyirmiş kimi irəliləyir. Nə təsadüf
ən çox da daxilimi ələ keçirir. Parça-parça yuxular. Yuxu dərmanları yalnız
bədənimi uyuşdurmağa xidmət edir. Fəqət düşüncələrim və ruhum lunatikdir.
Oyandıqdan sonra da otaqlarda
gəzişirəm. Güldanın tozunu kim bilir gündə neçə dəfə alıram. "Otuz bir yaşındasan və hələ də gözəlsən,
Sylvia” söyləyirəm özümə. "Bir
fırtına quşunu sevsəydim kaş ki sənin yerinə, Ən azından baharda səmanı
şənləndirib gələrdi” ("Dəli qızın eşq şərqisi”– S.Plath) misralarını
mırıldanıram alicənab kölgələrə. Sonra özümü təqlid edib fərqli tonlarda eyni
misraları oxuyuram.
Bütün ömrüm boyu kürəyimdə
başqa birinin nəfəsini hiss etmək üçün çalışdım, çabaladım. Qolları bədənimə
dolaşsa, boş ərazidə, insan ayağının dəyməyəcəyi sahədə, ya da dağda yaşa
bilərdim. Fərq etməzdi. Yaşaya bilərdim... Bütün axtarışlarım özümü itirmək və
yenidən tapmaqla keçdi. İçimdə böyütdüyüm insan, düşüncənin özü, hətta
övladlarım belə xərçəngli hüceyrə kimi bədənimi, ruhumu gəmirdi. Fəqət bütün
yaşadıqlarım, həyatımın parçaları məni müsbət mənada dəyişdirmədi. Qaranlığı
gördüm. İçimdə heç durmadan danışan birinin varlığını hiss etdiyim üçün yazdım.
İnsan yazarkən özünü, əskiyini də tamamlamağa çalışır.
Gələcəyə ümidli olduğum
axşamlardan birində qəlbimi dinlədim. Mənə toxunanda, hətta saçlarımın arasında
barmaqlarım gəzinəndə belə nəfəsində başqasına aid yad izlər var idi. Buna
rəğmən aldadılmış kimi hiss etmədim. Çoxdan bitmiş bir şeyə tamaşa edən
kimiydim. Bundan daha dibdə olmaq mümkün deyildi. Ya oradan çıxacaq, ya da
sonsuza qədər o boşluğun içində qeybə çəkiləcəkdim. Kim bilir bu duyğu
yazdıqlarımda neçə dəfə təkrarlanmış, təkrarlanmış, təkrarlanmışdır. İnsan
nələrisə dəyişə bilməyəcəyini anladıqda sadəcə getmək istəyir. Qəlbin ayağa
qalxıb irəliləyir.
Bundan 10 il öncə – qırıq
ayağımı ardımca sürüyən
zamanlarda da yazdım. Zehnimin qaranlıq quyularında qalmış hadisəni niyə gün
üzünə çıxarmağa çalışdığımı hər şeyi yazıb bitirinəndən sonra dərk edirəm.
Deyəsən, bəzilərimiz dünyaya gəlişigözəl "atılmış”
kimi hiss etdiklərindən aid olduqları yeri tapmaq üçün bütün enerjilərini sərf
edər və heç nə əldə etmədən dünyadan köçüb gedərlər. Bəzilərinin isə bircə
addım belə atmasına lüzum yoxdur: Dünyada nə qədər sirli hadisə varsa, gəlib
onları tapar. Mən isə həm özümü hansısa yerə aid hiss etmir, həm də adi, sadə
qaya parçası olmaq məsələsini düşünürdüm. Həm, bəlkə, məni də yosunlar
qucaqlayardı. Gündüzlər üzərimdə qarışqalar gəzər, gecələr ulduzların parıltısı
ilə işıqlanardım. Qaya parçası olmaqdan yorulduğum anlarda isə irmaq olub
coğrafiyanın bəxş etdiyi sərhədlər daxilində bir yerdən başqasına axıb getmək
istərdim. Hər dəfəsində yeni siyahılar tərtib etdim özümə. Oxuma siyahıları,
dinləməli olduqlarım, tanış olacağım yazarlar, yeni səyahətlər. Qatıldığım
yarışmalar, aldığım mükafatlar doymuşluq hissi bəxş etmədi. Beynimdəki səs heç
durmadan daha çoxunu istəyirdi. Lakin bütün gözəl duyğuların sonsuzluğa qədər
uzandığı bir yeri görməyəcəkdim. Zehnindən
xilas yoxdur, Sylvia, dünyanı öldürmək üçün gözlərini bağla.
Son aylarda qasırğanın
ortasında qalmış kimi gözlərimi qorxu və təlaşla qıyıb baxırdım. Sığındığım
yerdən bir addım uzağa qaça bilmirdim. Hər şeylə mübarizə aparmaq
məcburiyyətindəydim. Ölümü gözləyirdim. Gəlib məni tapsın, gözlərimdə qalan son
işığı da oğurlayıb getsin deyə. Sonra əl çəkirəm bu düşüncələrdən. Hər kəsi
tək-tək xatırlamağa çalışıram. Adlarını dəftərə yazıram, harada tanış
olduğumuzu qeyd edirəm. Birlikdə yemək yeyib, rəqs etdiyimiz restoranları,
yeridiyimiz prospektləri, velosiped sürdüyümüz çəmənləri, o əsrarəngiz qoxuları
belə unutmamağa çalışıram. Həyat isə qurtarmağa çalışdığım yüzlərlə, bəlkə də
minlərlə xatirəni amansızca hafizəmdən silməklə məşğuldur. Usandıran səssizliklərin
içindən bataqlığa düşmüş quş kimi çırpınır və xilas ola bilmirəm.
Bir az süd içib masanın
üzərinə qoydum. Oyananda başlarını qata biləcək şirnilər var idi artıq. Ölməyə
çalışmaq yaşamın başqa yönlərini kəşf etməyimə kömək etdi. Yaşamağa çalışarkən
məzarımdan çıxa bilmədim. Həkim Horderə bunları söyləyəndə uzun-uzadı
nəsihətlər verməyə başladı. Geriyə hər addımımda aldığım dərmanları atmaq
istədiyimi söyləyirəm. Rədd olsun dərmanlar, yuxular, yatanlar. Dediklərimə
gülürəm. "Keçəcək, uşaqlarına, həyatına
qayğıyla yanaş” deyə diktə edirəm. Mətbəxdə neçə dövrə vurduğumu, heç bir
yerinə sığmadığımı söyləmək üçün onu axtarmalıyam. Bu soyuq qış günü aşağı
mərtəbəyə bir neçə dəfə enib yuxarı qalxdım. Hansısa səsi eşidəcəyəm, mütləq
eşidəcəyəm. Axı biri səsimə səs verməlidir...
Nick yatağında heç tərpənmir.
Frieda gülümsəyir. Şansı varsa, gözəl xülyalar görür. Pəncərəni açıram. Çöl
soyuqdur, amma otaq da havalanmalıdır axı.
Mətbəxə qayıtdığımda daha öncə
eşitmədiyim bir ölümlə qarşılaşacağam. Qaz içəri dolacaq. Sobanın içinə
soxacağam başımı. Sonra uşaqlığımı, bağçamızdakı yelləncəyi düşünəcəyəm. Bir əl
məni arxadan itələyəcək və o anda göy üzü içimə dolacaq.
Serkan Türk
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva