Çölün yaşam fəlsəfəsi
Bizim hər birimizin içində bir çöl genişliyi, çöl asudəliyi, çöl bakirəliyi
var! Bunu etiraf etsək də, etməsək də içimizdə yaşayan bu çölün həsrətini yaş
artdıqca daha çox çəkməyə başlayırıq. Özü də əminəm ki, doğulduğu məkandan, şəhər
və ya kənddən, böyüdüyü mühitdən (şəhərdə doğulanlara asfaltgülü deyirlər ya!)
asılı olmayaraq, hər kəs heç olmasa ildə bir dəfə vaxt tapıb təbiətlə, çöl-çəmənlə,
dağ-dərə ilə təmasa can atır.
Bəli, bizim hər birimizin içində bir çöl yaşayır və biz hamımız bu
dünyada gözümüzün gördüyü, qulağımızın duyduğu, ruhumuzun qidalandığı hər şeydən
bezəndə, yorulanda, tıncıxanda, əlimiz heç yana çatmayanda sakit bir guşəyə çəkilib
ən azından bir su və ya quş səsinə, bir yarpaq xışıltısına, bir böcək
vızıltısına, bir səssizlik harmoniyasına sarı tələsirik. Təki Ruhumuz, Gözümüz,
Qulağımız, Könlümüz o daxili çırpıntıdan, əsəb gərginliyindən xilas olsun, həsrətini
çəkdiyimiz İlahi ilkinlik Ana laylasına dönüb kürəyimizi gərdiyimiz Torpağın,
bağrımıza basdığımız ağacın, gözünə boylanıb, nuruna dodaq söykədiyimiz bulağın
saflığı, təmizliyi ilə bərabər qanımızda, canımızda dolaşsın və bizə "Sən də bu
təbiətin ayrılmaz bir parçasısan!” desin, deyə bilsin!
Bu gün o çöl saflığı, özgürlüyü, asudəliyi ilə təmas bir də ona görə
vacibdir ki, şəhərin basırığından yorulduğumuz, havasızlığından boğulduğumuz ab-havasının və yaşam şərtlərinin daha dözülməzliyini
bir az da tündləşdirən tənhalıq, yadlaşma, ögeyləşmə, qohumluq, doğmalıq
bağlarının qırılması, kiçikli-böyüklü, əksəriyyətimizin özündən qopub, ətrafındakıları
unudaraq daha çox virtual münasibətlərə can atdığı, övladlarımıza mənşəyi naməlum, şəkli və məzmunu, yəni geni
dəyişdirilmiş qidalar yedirtməyə məcbur olduğumuz və bu məhsullara marağının ev
yeməklərini üstələdiyi bir dövrün sınağından, yaşam savaşından bir fərd və millət,
toplum olaraq arınmaq, təmizlənib çıxmaq fürsəti qazana bilək.
Çölün yolu - yolun çölçüsü
Hər gün çoxumuzun yolu çöldən keçmir. Rezin təkərlərin ayağına
doladığı rahat prospektlərin və asfalt örtüklü geniş küçələrin dəqiqələr sonra mənzil başına çatdırması bizi
qane edir. Biz, şəhərlilər, çoxdan yaşıl otların, çöl-çəmən çiçəklərinin, zəminin,
tarlanın ətrini unutmuşuq. Müasir insan
rahatlıq, komfort hayındadır. Hətta bir çox rayon və kəndlərimizdə belə, ocaq
qalayan, təndir yandırıb çörək bişirən demək olar ki, yoxdur! Çörəyin ətrini,
tüstünün qoxusunu, acısını yadırğayırıq yavaş-yavaş! Dünya inkişaf edir, ötən
zamansa insanların tələbat və istəklərini yalnız və yalnız tənbəllik və bekarçılıqdan
darıxaraq asudə vaxtını xərcləmək məqsədilə əyləncə və ya "vaxt öldürmək"
üçün yer axtarmağa təhrik edir. Gənclərin pis vərdişlərə meyli, böyüklərin qeybət
və qovğa bəhanəsi də bu üzdən gündəmə hakim kəsilir, hər kəs içində baş
qaldıran qəzəb, kin, həsəd, paxıllıq, küskünlük, intiqam kimi mənfi
emosiyaların əsirinə çevrilir.
Bir sözlə, yaşam həvəsimizin sönüb-öləzidiyi, pessimist duyğuların qəlbimizi
incitdiyi bir vaxtda anlayırıq ki; ay dadi-bidad, biz YOL getməyi unutmuşuq, təbiilik,
ilkinlik, başlanğıc üçün çox vacib olan və bizi ayaqda saxlayan ÇÖLÜN YOLUNU unutmuşuq.
Törəçi
Bu gün sizə çöl yolunu nişan verən bir insandan danışacağam. Eltən
Qədimbəylidən! Tanışlıq istəsəniz, haqqında hər şeyi "Vikipediya”da tapa bilərsiniz.
1979-cu il yanvarın 7-də doğulub, ali təhsilli rejissordur, bir sıra maraqlı
layihələrini həm AzTv-də, həm Quba, Xaçmaz və Lənkəran Tv-lərdə gerçəkləşdirib.
Televiziya işinin təşkili, jurnalist, yazıçı, aparıcı, rejissor və nəhayət, Azərbaycanda
Çölçü fəlsəfəsinin yaradıcısı kimi tanınır. İllər boyu özünü axtarıb, daxilindəki
vurnuxma və təlatümləri nəhayət ki, bir məcraya yönəltməyə müvəffəq olub. Tənha
qurd kimi Çölün qoxusuna, vəhşi doğanın nizamına və yazılmamış qanunlarına
alışmağa çalışıb. İlk pilot verilişlərində insanın təbiətin ayrılmaz tərkib
hissəsi, bir parçası olduğunu dəqiqləşdirənəcən özünü sınamağa başlayıb; meşədə
yaşamağın vərdişlərinə yiyələnib, insanın öz nəfsinə qalib gəlmək və hakim kəsilmək
iradəsini formalaşdırıb, ən çətin məqamlardan
çıxış yolu tapmaq və özünü qorumaq instinktinə yiyələnib.
Sivilizasiyadan uzaq insanın
yaşam tərzinə özünü alışdıranacan, bum-buz çaylardan keçib, balıq tutmaq, ov
etmək, təhlükəsiz sığınacaq qurmaq, yemək hazırlamaq... bir sözlə, insanın
yaşam tamlığını təmin eləmək üçün çox böyük zəhmət çəkib. Və nəhayət, günlərin
bir günündə bir vaxtlar içini qarsıyan düşüncələr yanğısından nicat yolunu
fiziki varlığını, ruhu yetkinliyini formada saxlamağın əlacını böyük Çölün
harmoniyası ilə uzlaşdırmaqda görüb.
ÇÖLÇÜ KLUBU
Onun 2015-ci ildə yaratdığı "Çölçü”
klubu elm, sənət və işgüzar
adamları birləşdirən sosial klubdur. Çölçülükekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalmaq üçün fiziki və psixoloji hazırlıq
treninqlərinin sintezindən yaranan yeni bir turizm cərəyanı, çölə, çölçülüyə və
turizmə tam yeni və fərqli yanaşmadır. Bu yanaşmanın kökündə turizmin təkcə əyləncə,
istirahət baxımından deyil, yeni bilik, bacarıqlar əldə etmək baxımından da
maksimal dərəcədə effektli olması tələbi çox önəmlidir.
Çölçü" Sosial Klubu- əskitürk adətləri və gələnəklərinin üzərində
modernizə edilmiş, insanların təbiətdən kənarlaşmasına alternativ olaraq təbiətlə
vəhdəti və harmoniyanı irəli sürən çölçülüksubmədəniyyəti daşıyıcılarını öz sıralarına dəvət edir. Bu klubun təşkil etdiyi çölçü axınlarından,
komanda ruhunun formalaşdırılması turlarında
işgüzar birlik öyüdlərinə (team buildingə) qatılanlar (yaşı 18-50 arası olan təbiət və ekstrim həvəskarları) şəhərə, adi
turlarda olduğu kimi, sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər,
bacarıqlara yiyələnərək qayıdırlar.
Əslində,
müxtəlif ölkələrdə müxtəlif formalarda meydana çıxan bu cür subkulturalar onu
yaşam tərzi kimi irəli sürənlərin yeni kəşfi olmayıb, əksər hallarda
toplumun-xalqın tarixi keçmişindən, qan yaddaşından qaynaqlanır. Bu mənada,
tanınmış rejissor və televiziya menecmenti olan Eltən Qədimbəylinin fikir
olaraq irəli sürdüyü çölçülük subkulturası da gen kodlarımız baxımından bizə elə
də yad deyil. Azərbaycanlıların etnogenezində başlıca rol oynamış türk
tayfalarının tarixin müəyyən dönəmində "Böyük
Çöl mədəniyyəti”nin daşıyıcıları olduğu hər birimizə məlumdur. Bu baxımdan,
çölçülük subkulturası da xeyli dərəcədə Böyük Çöl mədəniyyətindən təsirlənmişdir.
Məsələnin maraqlı tərəflərindən biri bu subkulturanı formalaşdırmağa çalışan
insanlar sırasında hələ dünyaya baxışı tam formalaşmamış gənclərin deyil, cəmiyyətdə
kifayət qədər uğur qazanmış, dünyagörüşü kifayət qədər oturuşmuş olan şəxslərin
– ziyalıların meyl etməsindən ibarətdir. Bu subkulturanın "fikir babası”
adlandıra biləcəyimiz Eltənsə Azərbaycanda rejissorluq və televiziya menecmenti
sahəsində kifayət qədər ciddi uğurları olan, ölkənin bir sıra regionlarında
televiziyaların qurulmasını uğurla həyata keçirmiş bir şəxsdir. Bu mənada, onun
çölçülük ideyası sadəcə, gəncliyin keçici həvəsi deyil, artıq bir yaşam
formulasıdır.
ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ
Çölçülərin ideyalarını təbliğinin başlıca tribunasına çevrilməkdə olan
Qafqaz TV-də və bir sıra internet portalları üzərindən yayımlanan "Çöldə
yaşam öyüdləri” tele-layihəsinin başlıca məqsədi isə toplumda tanınmış
insanların uğur hekayələrinin və çölçülük subkulturasına baxışının cəmiyyətə
çatdırılmasıdır. Burada fərqli olan odur ki, çölçü dili ilə ifadə etsək,
insanlar hər zaman "beton cəngəlliklərdə” oturub təbiət haqqında
danışırlar. Çölçülər isə düşünürlər ki, doğru olanı təbiətdə oturub beton cəngəlliklərdə
məskunlaşmış sivilizasiyalı cəmiyyətin gələcəyi haqqında danışmaqdır. Bu təkcə
danışmaq deyil, həm də təbiətin bizdən nəyi istədiyini, nəyi gözlədiyini düşünərək
danışmaqdır.
Eltən Qədimbəylinin qənaətinə görə çölçülük istər sənət, istər elm, istər biznes sahəsində
yenilikçi, əldə etdikləri ilə kifayətlənməyən, mövcud olanı dəyişməyə istedadı,
biliyi və həvəsi olan, yeniliklər yaratmağı həyatının gündəminə çevirə bilən
insanların bir məcraya yönəldən yeni bir subkulturadır. Çölçülük insana öz
keçmişini bilməyi, keçmişindən öyrənməyi, faydalanmağı və keçmişinin yaxşı nəyi
varsa qorumaqla, yenisini , daha müasir və daha faydalısını yaradıb yaşatmağı
öyrədir.
Bu maraqlı düşüncə və ideyanı o Çölçü Bilgənin yaşam fəlsəfəsi kimi
gənclərə və yaşıdlarına çatdırmağa, izah və təlqin etməyə başlayıb. Beləcə,
fikir və düşüncələrini, axtarış və araşdırmalarını illərin sınağından keçirməyə
nail olan müəllif, YOLUN ÇÖLÇÜSÜ
kimi ilk verilişlərinə ÇÖLÜN YOLÇULARINI dəvət etməyə başlayıb. Tanınmış simaların Çöl həvəsini və Çöldə səmimi
söhbətini lentin yaddaşına köçürməyə qərar verib. Alternativ yaşam tərzinin
vacibliyini önə çəkən, insanların, xüsusilə də gənc nəslin mədəni davranış
qaydalarına uyması və cəmiyyətin inkişafına xeyirli olan əxlaq və ədəb
normalarına əməl etməsi baxımından
inkişafına yardımçı ola biləcək təşəbbüsləri təqdir edənlərin fikirlərinə maraq
göstərənlərin sayının artdığı artıq müşahidə olunmaqdadır.
Bir aparıcı kimi Eltən Qədimbəyli
verilişinə dəvət etdiyi qonaqların maraqları, hobbi və vərdişləri, məşğul
olduqları sahə, sahibləndikləri sənət və peşənin incəlikləri barədə yetərincə məlumatlı
olduğundan onlara "Niyə bu peşəni seçdiniz? Günün hansı vaxtında şeir
yazırsınız, musiqi bəstələyirsiniz?” kimi qeyri-peşəkar suallar vermir, əksinə,
çox vaxt çölün asudəliyindən, meşənin səssizliyindən cismi və ruhu dincələn
müsahiblərinə bu gün cəmiyyətin düşünən və narahatlıq keçirən qövmünün beynində
dolaşan ən ağrılı sualları verir və bəzən tərəf müqabili ilə bərabər yaranmış
problemlərin həlli yollarını araşdırır. Eltənin qonaqları onun verdiyi sualları
sadə və səmimi bir tərzdə cavablandıraraq, onları daha çox təbiətlə, sevdikləri
aləmlə harmoniyada yaşamağa həvəsləndirir, həyat tərzini yaxşı mənada dəyişdirə
biləcək addımlar atmağa ruhlandırır, savadlı və zəngin dünyagörüşlü bir cəmiyyətin
formalaşmasında fəal rol oynamağa çağırırlar.
KAMANDAN
ÇİXAN OXLAR
Uğurun rəngi göy qurşağıdır. Dadı dəyişkəndir. Hər
dəfə fərqli-fərqli dadları kəşf edirsən. Onun səsi isə əldən və dildən aldığın
alqışdır. Sənin xoşbəxt etdiyin və qürurlandırdığın sevdiklərinin, sənin
tanımadıqlarının alqışıdır. Bu səs səni boşuna yaşamadığına bir daha əmin edir.
Qoxusu cəzbedici və həyəcanlandırıcıdır. Səni öz arxasınca getməyə ona çatmağa
motivə edir. Görünüşü aldadıcı, sehrləyicidir. Amma bu, sənin başını gicəlləndirməməlidir.
Uğur məncə, bir fürsət, imkan, şans və vəhşi bir
atdır. O at ki, səni çox irəliyə apara bilər. Amma o atın belində qalmaq çox çətindir.
Yəni hansısa bacarıq və təcrübən ilə ata minə bilərsən, ancaq qəhrəmanlıq orada
qərar tutmaqdır, kiçik bir yanlışın olsa özünü yəhərdə deyil yerdə görəcəksən.
O uğur köhləni həm də əhliləşmək istəyir. Və onun hirsini, hikkəsini ram etmək,
azadlıq və özgürlüyünə şərik olmaq, onu yanında saxlamağı bacarmaq böyük bir
qabiliyyətdir ki, bu da hər adama nəsib olmur. Bəzən ilk baxışdan ram olmuş
kimi görünən at heç gözləmədiyin və arzu etmədiyin məqamda səni yerə çırpa da bilir. Hər insanın öz
uğur atı var. İnsan öncə özünü tanımaqdan başlamalıdır. Məncə, uğurlu insan
beynini idarə etməyi bacarandır. Hər kəs beyninin işləmə prinsipini dəqiq öyrənməli,
onun nəyə qadir olduğuna əmin olmalı və öz beynini idarə etməyi bacarmalıdır - bir müsahibəsində belə deyir Eltən Qədimbəyli
və məncə yaradıcı insan öz fikirlərini məhz bu cür konkret və gözəl ifadə etməyi
bacarmalıdır. Çünki həm onunu, həm məsləkdaşlarının, həm klub üzvlərinin, həm çölçü axınına
qoşulanların, həm də verilişinə dəvət etdiyi qonaqların məqsəd və hədəfləri ilə
istək, axtarış və inadkarlıqları arasında bir ox yolu boyda məsafə var ki... bu
oxlar hər dəfə, 38-40 dəqiqəlik verilişin sonunda, sərsəri dünyanın əsəbləri
kimi tarım çəkilmiş yaydan çıxıb sürətlə hədəfə doğru tələsir! Oxunuz heç vaxt
hədəfdən yayınmasın!
Telli Pənahqızı