• cümə, 29 Mart, 12:37
  • Baku Bakı 14°C

Çölün yaşam fəlsəfəsi

13.09.17 09:20 2868
Çölün yaşam fəlsəfəsi
Bizim hər birimizin içində bir çöl genişliyi, çöl asudəliyi, çöl bakirəliyi var! Bunu etiraf etsək də, etməsək də içimizdə yaşayan bu çölün həsrətini yaş artdıqca daha çox çəkməyə başlayırıq. Özü də əminəm ki, doğulduğu məkandan, şəhər və ya kənddən, böyüdüyü mühitdən (şəhərdə doğulanlara asfaltgülü deyirlər ya!) asılı olmayaraq, hər kəs heç olmasa ildə bir dəfə vaxt tapıb təbiətlə, çöl-çəmənlə, dağ-dərə ilə təmasa can atır.
Bəli, bizim hər birimizin içində bir çöl yaşayır və biz hamımız bu dünyada gözümüzün gördüyü, qulağımızın duyduğu, ruhumuzun qidalandığı hər şeydən bezəndə, yorulanda, tıncıxanda, əlimiz heç yana çatmayanda sakit bir guşəyə çəkilib ən azından bir su və ya quş səsinə, bir yarpaq xışıltısına, bir böcək vızıltısına, bir səssizlik harmoniyasına sarı tələsirik. Təki Ruhumuz, Gözümüz, Qulağımız, Könlümüz o daxili çırpıntıdan, əsəb gərginliyindən xilas olsun, həsrətini çəkdiyimiz İlahi ilkinlik Ana laylasına dönüb kürəyimizi gərdiyimiz Torpağın, bağrımıza basdığımız ağacın, gözünə boylanıb, nuruna dodaq söykədiyimiz bulağın saflığı, təmizliyi ilə bərabər qanımızda, canımızda dolaşsın və bizə "Sən də bu təbiətin ayrılmaz bir parçasısan!” desin, deyə bilsin!
Bu gün o çöl saflığı, özgürlüyü, asudəliyi ilə təmas bir də ona görə vacibdir ki, şəhərin basırığından yorulduğumuz, havasızlığından boğulduğumuz ab-havasının və yaşam şərtlərinin daha dözülməzliyini bir az da tündləşdirən tənhalıq, yadlaşma, ögeyləşmə, qohumluq, doğmalıq bağlarının qırılması, kiçikli-böyüklü, əksəriyyətimizin özündən qopub, ətrafındakıları unudaraq daha çox virtual münasibətlərə can atdığı, övladlarımıza mənşəyi naməlum, şəkli və məzmunu, yəni geni dəyişdirilmiş qidalar yedirtməyə məcbur olduğumuz və bu məhsullara marağının ev yeməklərini üstələdiyi bir dövrün sınağından, yaşam savaşından bir fərd və millət, toplum olaraq arınmaq, təmizlənib çıxmaq fürsəti qazana bilək.
Çölün yolu - yolun çölçüsü
Hər gün çoxumuzun yolu çöldən keçmir. Rezin təkərlərin ayağına doladığı rahat prospektlərin və asfalt örtüklü geniş küçələrin dəqiqələr sonra mənzil başına çatdırması bizi qane edir. Biz, şəhərlilər, çoxdan yaşıl otların, çöl-çəmən çiçəklərinin, zəminin, tarlanın ətrini unutmuşuq. Müasir insan rahatlıq, komfort hayındadır. Hətta bir çox rayon və kəndlərimizdə belə, ocaq qalayan, təndir yandırıb çörək bişirən demək olar ki, yoxdur! Çörəyin ətrini, tüstünün qoxusunu, acısını yadırğayırıq yavaş-yavaş! Dünya inkişaf edir, ötən zamansa insanların tələbat və istəklərini yalnız və yalnız tənbəllik və bekarçılıqdan darıxaraq asudə vaxtını xərcləmək məqsədilə əyləncə və ya "vaxt öldürmək" üçün yer axtarmağa təhrik edir. Gənclərin pis vərdişlərə meyli, böyüklərin qeybət və qovğa bəhanəsi də bu üzdən gündəmə hakim kəsilir, hər kəs içində baş qaldıran qəzəb, kin, həsəd, paxıllıq, küskünlük, intiqam kimi mənfi emosiyaların əsirinə çevrilir.
Bir sözlə, yaşam həvəsimizin sönüb-öləzidiyi, pessimist duyğuların qəlbimizi incitdiyi bir vaxtda anlayırıq ki; ay dadi-bidad, biz YOL getməyi unutmuşuq, təbiilik, ilkinlik, başlanğıc üçün çox vacib olan və bizi ayaqda saxlayan ÇÖLÜN YOLUNU unutmuşuq.
Törəçi
Bu gün sizə çöl yolunu nişan verən bir insandan danışacağam. Eltən Qədimbəylidən! Tanışlıq istəsəniz, haqqında hər şeyi "Vikipediya”da tapa bilərsiniz. 1979-cu il yanvarın 7-də doğulub, ali təhsilli rejissordur, bir sıra maraqlı layihələrini həm AzTv-də, həm Quba, Xaçmaz və Lənkəran Tv-lərdə gerçəkləşdirib. Televiziya işinin təşkili, jurnalist, yazıçı, aparıcı, rejissor və nəhayət, Azərbaycanda Çölçü fəlsəfəsinin yaradıcısı kimi tanınır. İllər boyu özünü axtarıb, daxilindəki vurnuxma və təlatümləri nəhayət ki, bir məcraya yönəltməyə müvəffəq olub. Tənha qurd kimi Çölün qoxusuna, vəhşi doğanın nizamına və yazılmamış qanunlarına alışmağa çalışıb. İlk pilot verilişlərində insanın təbiətin ayrılmaz tərkib hissəsi, bir parçası olduğunu dəqiqləşdirənəcən özünü sınamağa başlayıb; meşədə yaşamağın vərdişlərinə yiyələnib, insanın öz nəfsinə qalib gəlmək və hakim kəsilmək iradəsini formalaşdırıb, ən çətin məqamlardan çıxış yolu tapmaq və özünü qorumaq instinktinə yiyələnib.
Sivilizasiyadan uzaq insanın yaşam tərzinə özünü alışdıranacan, bum-buz çaylardan keçib, balıq tutmaq, ov etmək, təhlükəsiz sığınacaq qurmaq, yemək hazırlamaq... bir sözlə, insanın yaşam tamlığını təmin eləmək üçün çox böyük zəhmət çəkib. Və nəhayət, günlərin bir günündə bir vaxtlar içini qarsıyan düşüncələr yanğısından nicat yolunu fiziki varlığını, ruhu yetkinliyini formada saxlamağın əlacını böyük Çölün harmoniyası ilə uzlaşdırmaqda görüb.
ÇÖLÇÜ KLUBU
Onun 2015-ci ildə yaratdığı "Çölçü” klubu elm, sənət və işgüzar adamları birləşdirən sosial klubdur. Çölçülükekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalmaq üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan yeni bir turizm cərəyanı, çölə, çölçülüyə və turizmə tam yeni və fərqli yanaşmadır. Bu yanaşmanın kökündə turizmin təkcə əyləncə, istirahət baxımından deyil, yeni bilik, bacarıqlar əldə etmək baxımından da maksimal dərəcədə effektli olması tələbi çox önəmlidir.
Çölçü" Sosial Klubu- əskitürk adətləri və gələnəklərinin üzərində modernizə edilmiş, insanların təbiətdən kənarlaşmasına alternativ olaraq təbiətlə vəhdəti və harmoniyanı irəli sürən çölçülüksubmədəniyyəti daşıyıcılarını öz sıralarına dəvət edir. Bu klubun təşkil etdiyi çölçü axınlarından, komanda ruhunun formalaşdırılması turlarında işgüzar birlik öyüdlərinə (team buildingə) qatılanlar (yaşı 18-50 arası olan təbiət və ekstrim həvəskarları) şəhərə, adi turlarda olduğu kimi, sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlara yiyələnərək qayıdırlar.
Əslində, müxtəlif ölkələrdə müxtəlif formalarda meydana çıxan bu cür subkulturalar onu yaşam tərzi kimi irəli sürənlərin yeni kəşfi olmayıb, əksər hallarda toplumun-xalqın tarixi keçmişindən, qan yaddaşından qaynaqlanır. Bu mənada, tanınmış rejissor və televiziya menecmenti olan Eltən Qədimbəylinin fikir olaraq irəli sürdüyü çölçülük subkulturası da gen kodlarımız baxımından bizə elə də yad deyil. Azərbaycanlıların etnogenezində başlıca rol oynamış türk tayfalarının tarixin müəyyən dönəmində "Böyük Çöl mədəniyyəti”nin daşıyıcıları olduğu hər birimizə məlumdur. Bu baxımdan, çölçülük subkulturası da xeyli dərəcədə Böyük Çöl mədəniyyətindən təsirlənmişdir. Məsələnin maraqlı tərəflərindən biri bu subkulturanı formalaşdırmağa çalışan insanlar sırasında hələ dünyaya baxışı tam formalaşmamış gənclərin deyil, cəmiyyətdə kifayət qədər uğur qazanmış, dünyagörüşü kifayət qədər oturuşmuş olan şəxslərin – ziyalıların meyl etməsindən ibarətdir. Bu subkulturanın "fikir babası” adlandıra biləcəyimiz Eltənsə Azərbaycanda rejissorluq və televiziya menecmenti sahəsində kifayət qədər ciddi uğurları olan, ölkənin bir sıra regionlarında televiziyaların qurulmasını uğurla həyata keçirmiş bir şəxsdir. Bu mənada, onun çölçülük ideyası sadəcə, gəncliyin keçici həvəsi deyil, artıq bir yaşam formulasıdır.
ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ
Çölçülərin ideyalarını təbliğinin başlıca tribunasına çevrilməkdə olan Qafqaz TV-də və bir sıra internet portalları üzərindən yayımlanan "Çöldə yaşam öyüdləri” tele-layihəsinin başlıca məqsədi isə toplumda tanınmış insanların uğur hekayələrinin və çölçülük subkulturasına baxışının cəmiyyətə çatdırılmasıdır. Burada fərqli olan odur ki, çölçü dili ilə ifadə etsək, insanlar hər zaman "beton cəngəlliklərdə” oturub təbiət haqqında danışırlar. Çölçülər isə düşünürlər ki, doğru olanı təbiətdə oturub beton cəngəlliklərdə məskunlaşmış sivilizasiyalı cəmiyyətin gələcəyi haqqında danışmaqdır. Bu təkcə danışmaq deyil, həm də təbiətin bizdən nəyi istədiyini, nəyi gözlədiyini düşünərək danışmaqdır.
Eltən Qədimbəylinin qənaətinə görə çölçülük istər sənət, istər elm, istər biznes sahəsində yenilikçi, əldə etdikləri ilə kifayətlənməyən, mövcud olanı dəyişməyə istedadı, biliyi və həvəsi olan, yeniliklər yaratmağı həyatının gündəminə çevirə bilən insanların bir məcraya yönəldən yeni bir subkulturadır. Çölçülük insana öz keçmişini bilməyi, keçmişindən öyrənməyi, faydalanmağı və keçmişinin yaxşı nəyi varsa qorumaqla, yenisini , daha müasir və daha faydalısını yaradıb yaşatmağı öyrədir.
Bu maraqlı düşüncə və ideyanı o Çölçü Bilgənin yaşam fəlsəfəsi kimi gənclərə və yaşıdlarına çatdırmağa, izah və təlqin etməyə başlayıb. Beləcə, fikir və düşüncələrini, axtarış və araşdırmalarını illərin sınağından keçirməyə nail olan müəllif, YOLUN ÇÖLÇÜSÜ kimi ilk verilişlərinə ÇÖLÜN YOLÇULARINI dəvət etməyə başlayıb. Tanınmış simaların Çöl həvəsini və Çöldə səmimi söhbətini lentin yaddaşına köçürməyə qərar verib. Alternativ yaşam tərzinin vacibliyini önə çəkən, insanların, xüsusilə də gənc nəslin mədəni davranış qaydalarına uyması və cəmiyyətin inkişafına xeyirli olan əxlaq və ədəb normalarına əməl etməsi baxımından inkişafına yardımçı ola biləcək təşəbbüsləri təqdir edənlərin fikirlərinə maraq göstərənlərin sayının artdığı artıq müşahidə olunmaqdadır.
Bir aparıcı kimi Eltən Qədimbəyli verilişinə dəvət etdiyi qonaqların maraqları, hobbi və vərdişləri, məşğul olduqları sahə, sahibləndikləri sənət və peşənin incəlikləri barədə yetərincə məlumatlı olduğundan onlara "Niyə bu peşəni seçdiniz? Günün hansı vaxtında şeir yazırsınız, musiqi bəstələyirsiniz?” kimi qeyri-peşəkar suallar vermir, əksinə, çox vaxt çölün asudəliyindən, meşənin səssizliyindən cismi və ruhu dincələn müsahiblərinə bu gün cəmiyyətin düşünən və narahatlıq keçirən qövmünün beynində dolaşan ən ağrılı sualları verir və bəzən tərəf müqabili ilə bərabər yaranmış problemlərin həlli yollarını araşdırır. Eltənin qonaqları onun verdiyi sualları sadə və səmimi bir tərzdə cavablandıraraq, onları daha çox təbiətlə, sevdikləri aləmlə harmoniyada yaşamağa həvəsləndirir, həyat tərzini yaxşı mənada dəyişdirə biləcək addımlar atmağa ruhlandırır, savadlı və zəngin dünyagörüşlü bir cəmiyyətin formalaşmasında fəal rol oynamağa çağırırlar.
KAMANDAN ÇİXAN OXLAR
Uğurun rəngi göy qurşağıdır. Dadı dəyişkəndir. Hər dəfə fərqli-fərqli dadları kəşf edirsən. Onun səsi isə əldən və dildən aldığın alqışdır. Sənin xoşbəxt etdiyin və qürurlandırdığın sevdiklərinin, sənin tanımadıqlarının alqışıdır. Bu səs səni boşuna yaşamadığına bir daha əmin edir. Qoxusu cəzbedici və həyəcanlandırıcıdır. Səni öz arxasınca getməyə ona çatmağa motivə edir. Görünüşü aldadıcı, sehrləyicidir. Amma bu, sənin başını gicəlləndirməməlidir.
Uğur məncə, bir fürsət, imkan, şans və vəhşi bir atdır. O at ki, səni çox irəliyə apara bilər. Amma o atın belində qalmaq çox çətindir. Yəni hansısa bacarıq və təcrübən ilə ata minə bilərsən, ancaq qəhrəmanlıq orada qərar tutmaqdır, kiçik bir yanlışın olsa özünü yəhərdə deyil yerdə görəcəksən. O uğur köhləni həm də əhliləşmək istəyir. Və onun hirsini, hikkəsini ram etmək, azadlıq və özgürlüyünə şərik olmaq, onu yanında saxlamağı bacarmaq böyük bir qabiliyyətdir ki, bu da hər adama nəsib olmur. Bəzən ilk baxışdan ram olmuş kimi görünən at heç gözləmədiyin və arzu etmədiyin məqamda səni yerə çırpa da bilir. Hər insanın öz uğur atı var. İnsan öncə özünü tanımaqdan başlamalıdır. Məncə, uğurlu insan beynini idarə etməyi bacarandır. Hər kəs beyninin işləmə prinsipini dəqiq öyrənməli, onun nəyə qadir olduğuna əmin olmalı və öz beynini idarə etməyi bacarmalıdır - bir müsahibəsində belə deyir Eltən Qədimbəyli və məncə yaradıcı insan öz fikirlərini məhz bu cür konkret və gözəl ifadə etməyi bacarmalıdır. Çünki həm onunu, həm məsləkdaşlarının, həm klub üzvlərinin, həm çölçü axınına qoşulanların, həm də verilişinə dəvət etdiyi qonaqların məqsəd və hədəfləri ilə istək, axtarış və inadkarlıqları arasında bir ox yolu boyda məsafə var ki... bu oxlar hər dəfə, 38-40 dəqiqəlik verilişin sonunda, sərsəri dünyanın əsəbləri kimi tarım çəkilmiş yaydan çıxıb sürətlə hədəfə doğru tələsir! Oxunuz heç vaxt hədəfdən yayınmasın!
Telli Pənahqızı
banner

Oxşar Xəbərlər