• çərşənbə axşamı, 19 mart, 15:37
  • Baku Bakı 8°C

Ölümü öldürən

18.02.19 16:30 3519
Ölümü öldürən
...Həkim utanmadan, qızarmadan həmin gün anaya öz sözləri açıq dedi! "Bilirsiz də... Mən sizdən nə gizlədim... Qızınız son günlərini yaşayır... Bəlkə də, bir başqası, imkanlı birisi bu prosessi pulu, iynə-dərman hesabına ləngidə bilər. Ancaq görürəm, sizin də imkanınız var ki...” Qadın övladı üçün hər şeyi edəcəyini, hətta mənzilini, ata yurdundakı evini satacağını desə də, həkim qəddarcasına inad göstərdi: "Faydasızdır... Bir neçə gün ləngidə bilərsiniz... Ay çəkməz... Artıq xərc-xəcalətdi də...”
Mədinə əlacsız qalıb onu dinləyəsi oldu. Son sözləri də bunlar oldu: "Sağalmaz xəstəlikdi də... Ağ qanı qırmızı qanını yeyir. Özü də çox pis, amansızlıqla... Özünüz onun saralmış rəng-ruhunu görmürsünüz. Günü-gündən geri gedir...”
Qadın həkimin dediklərinə qulaq assa da, təslim olmaq fikrində deyildi. Mənzilini satıb qızını İrana aparmaq fikrində idi. Orada yaxşı həkimlər olduğunu eşitmişdi. Tərs kimi mənzili də sata bilmirdi.
Qızı isə günü-gündən xəzan yarpağı tək saralıb-solmaqda, əldən düşməkdə idi. Əlacsız qalıb onu rayona, ata yurduna aparası oldu. Özü də elə gecə ilə... Sanki bir kimsənin onları görməsindən ehtiyatlanır, xəcalət çəkirdi. İlahi, dərdə bax, yeganə qızına əlac etdirə, sağalda bilmirdi...
Qatar gecədən xeyli keçmiş rayon mərkəzinə çatdı. Ata evi baxımsızlıq üzündən bərbad gündə idi. Qızı gileyləndi:
- Ana, burada qalacağıq?
- Hə, qızım... Sən uzan, səbirli ol... Mən hər şeyi qaydaya salacağam.
Demək olar ki, qadın səhərə kimi hərəkətdə oldu. Arada da qonşu evdən səs eşitdi:
- Siz kimsiniz? O evdə adam yaşamır axı...
Mədinə kövrəlmiş halda dilləndi:
- Mənəm, oğul... Bu ev sahibinin qızı... Şəhərdən gəlmişəm...
- Hə... Çox yaxşı...
Oğlanın səsi o qədər qəlbə yatımlı idi ki, qız soruşdu:
- Ana, o, kimdi?
- Kirayənişindi, qızım. Qonşu evdə olur. Sağ olsun, elə bilib ki, evə oğru girib...
Qadın evi silib-təmizlədi, sonra həyət-bacanı qaydaya saldı, süpürdü... İlahi, gör nə vaxtdan idi bura əl dəymirdi. Hər yan zir-zibilin içində, itin günündə idi. Bu işləri gördükcə öz-özünə pıçıldayır, söyüb-söylənirdi. "Ata... ana... Sən Allah məni bağışlayın... Son vaxtlar gələ bilmirdim, qızım ağır xəstə idi... Dərdinə yenə də əlac yoxdur... Heç bilmirəm ki, nə edim... Deməyimə baxmayın, mənzilimi satsam da, sizin evə-ocağa əl vurmaram...”
Artıq səhər açılmaq üzrə idi. Dan yeri ağarmış, hava işıqlaşırdı. Səhər qatarı surətlə stansiyadan fit verib keçəndə lap diksinən kimi oldu, uşaqlıq illərini xatırladı. Bir gənc maşinist oğlana həmişə necə də əl edər, dəsmalını yelləyərdi... Bunu qızına deyəndə, qızı gülümsədi:
- Ay ana, qoy oturmuşuq... Ayaq üstə dura, qolumu qaldıra bilmirəm.
Məndə hal var bəyəm...
Qadın bazara getməmişdən əvvəl ona çay süzdü, yumurta bişirdi. Dedi:
- Sevinc, bax bu çayı içib, yumurtaları yeyərsən...
Qız yenə ağrı-acı içində imiş kimi taqətsiz halda pıçıldadı:
- Mən?!. Təbim çəkmir axı.
- İştaha diş altındadı...Yeyəsən ki, iştaha gələsən də. Bir də ki, qapı arxasında qalmısan... İnşallah, yaxınlarda həyət- bacaya da çıxarsan. Babanla-nənənin qəbri üstə aparacam səni. Onların ruhu sənə kömək edəcək.
- Görək də...
Anası bazara gedəndən sonra qız o ki var kövrəlib ağladı. Həkimin anasına dediyi sözləri o da eşitmişdi. Deməli, onun ömrü başa çatır, İlahi... O, bu həyatda nə yaşadı ki... Arzusu oxumaq, təhsil almaq idi. Ancaq orta məktəb formasını əynindən çıxarar-çıxarmaz bu günə düşdü... Bir sözlə zəncir qırılan kimi oldu. Onun tay-tuşları, orta ixtisas, ali məktəbə üz tutdular... O isə aylarla xəstəxanada yatası, müalicə olunası oldu...
Onun kədərli ağlamaq səsini eşidən qonşu oğlan soruşdu:
- Xanım qız, sizə nolub ki?
- ...
- Bəlkə, bir şeyə ehtiyacınız var?
- ...
- Xəstə deyilsiniz ki?...
Qız ona acıqlanası oldu:
- Çəkilin, mənim dərdim sizə qalmayıb...
Bu sözləri eşitcək oğlan pis-pis yan, açıq pəncərənin dəmir çərçivəsi önündən uzaqlaşdı. Qızın onun haqqında dediyi ikrah dolu sözləri eşitdi:
- Elə bircə kirayənişim çatmırdı...
- ...
- Ölüb qurtarmıram da... Bu nə yaşayışdı. Yazıq anamı da dərdə salmışam. O, mənzilini satsa harada qalacaq? Gərək onda köçüb gələ bura...
Qadın əlləri dolu bazardan gedəndə, qızımın çay içmədiyini, çörək yemədiyin görüb kövrəldi:
- Aman Allah, heç nəyə əl vurmayıb ki bu... Buraya gül, albalı mürəbbəsi də
qoymuşdum... Bəlkə bu ballı çörəyin dadına baxasan... Sənin üçün yaxşı bəkməz, qaymaq da almışam...
Qızını canlandırmaq, cana gətirmək üçün hər şeyə hazır idi. Tez-tələsik bazardan aldığı erkək ətini doğradı. Qazan asacaqdı... Dilləndi:
- Bax bu böyrəyi, ürəyi, elə qara ciyəri də sənin üçün kabab edəcəyəm.
- Niyə özünə əziyyət verirsən, ana... Ürəyim istəmir axı...
Qızı qazan yeməyinin də dadına baxa bilmədi. Ufuldadı, ağrındı... Onun solğun sifətinə baxmaq ona üçün cəhənnəm əzabı idi. Həyətə çıxıb kirayənişin oğlanı səslədi:
- Qonşu! Ay oğlan!
- Hə, eşidirəm...
- Sizdə şiş, manqal var?
- Olmalıdı.
- Bizdə də var idi ey, tapa bilmirəm.
Ara qapı bağlı idi. Onun açarının heç harada olduğunu da bilmirdi. Manqalı, şişləri ilə hasarın başından alaraq razılıq etdi:
- Çox sağ ol, oğul.
- Dəyməz... Ancaq icazənizlə bir söz soruşardım...
- Eşidirəm...
- Qızınıza nolub ki, bayaq da kövrəlmişdi.
- Hə... Bir az xəstə, halsızdı.
Bu an Sevincin incik səsi eşidildi:
- İşə düşməmişik... Elə bircə nəzarətçimiz çatmırdı.
- Kəs, ay qız...
- Görmürsən, nə sorğu-sual edir. Adama deyərlər ki, sən kimsən, nəzarərçisən mənə?...
Qadın onun sözlərinə gülümsədi, oğlana xitabən dilləndi:
- Fikir vermə... Bir az ərköyündü...
- Bir şey lazım olsa da deyin, - deyə oğlan da gülümsədi, başını bulayaraq görünməz oldu.
Qız kabab tikələrinə də əl vurmayanda, qadın lap uşaq tək kövrəldi, hədsiz göz
yaşları tökməyə başladı. Hətta qızını qınayaraq dedi:
- Yoxsa, oğlanın manqalında, şişlərində bişirdiyim üçün yemirsən?!
- Sən də söz tapdın da, danışmağa, ay ana... O kimdi?!. Çuşkanın biridi də...Elə
bircə kirayinişim çatmırdı...
Oğlanın adı Qoşqar idi. Uzaq bir kənddən gəlib, rayon mərkəzindəki şadlıq
evlərinin birində xörəkpaylayan işləyirdi. Başqa elə bir məşğuliyyəti olmasa da, məlahətli səsi vardı. Hərdən öz-özünə zümzümə edib oxuyar, mənzərə şəkilləri çəkərdi...
Ana iş adamı idi. Bir neçə gündən sonra şəhərə qayıdası oldu... Qızını son mənzilə yola salmaq üçün nə lazımsa hamısını almış, hansı mollanı çağıracağını da müəyyənləşdirmişdi... Məsciddə olanda qızının dərdinə bələd olan, onu dinləyən Molla dedi: "Ora-bura az çırpın, bacı... Biz kimik ki... Hər şey o Uca Yaradanın əlindədi. Necə məsləhət bilibsə, elə də olacaq...”
Oğlan qızı, onun xəstəliyini düşünə-düşünə qəsdən qəmli mahnı oxumağa başladı. Qız bilmədi ki, onu oxuyan kimdi, haradadı... Radiodan gəlirdi bu səs, yoxsa televiziyadan ... Onları nə qədər açıb dinləsə də, belə bir oxuyana təsadüf etmədi. Əlacsız qalıb səsləndi:
- Ay oğlan!
- Bəli, xanım... Eşidirsən...
- Deyə bilərsən... Bu oxumaq səsi haradan gəlir?
- Mən nə bilim...
- Nə gülümsəyirsiz... Birdən siz olarsız ha... – Bu an qızın səsi titrədi, gözləri doldu:
- Sizsizsə, rica edirəm, o mahnını bir də oxuyun... Çox təsirli sözləri var: "Ay ellər, mən gedirəm, salamat qalın...”
- Bağışlayın ki, sizi mən belə təsirləndirmişəm...
- Yox-yox... Xahiş edirəm...
Oğlan oxudusa da, bu dəfə bayaqkı kimi ürəklə oxuya bilmədi...
Qadın gecə ilə yenə də qayıdıb gəldi. Dilxor idi. Mənzili yenə də sata bilməmişdi.
Aldığı dava-dərmanı qızına göstərərək, yalan danışası oldu:
- Həkiminlə görüşdüm... Dedi ki, onda elə bir ciddi xəstəlik yoxdur. Sadəcə olaraq
yemək-içməyinə, dietasına fikir versin...
Qız alnını qırışdırmış halda dilləndi:
- Yalansa onu zəlil olsun. Elə onun acığına bu gündən sonra doyunca yeyib içəcəyəm...
- Bax da... – Anası sevincək halda ona tərəf baxdı. Qızı xeyli dəyişilən kimi olmuş,
nikbincəsinə danışırdı: Görürsən, albalı yeyirəm...
- Ye, sənə qurban olum. Ürəyin nə istəsə alıb gətirəcəyəm. Yaxşı bu gülü sənə kim
dərib verib?
Qız pərt halda dilləndi:
- Sənin əziz-xələf kirayənişin tullayıb bura...
Anası oğlana acıqlanmaq istəyəndə, qız qoymadı:
- Daha dəymə, işin yoxdur.
Qadın gileyləndi:
- Bu nə sözdür... Otaq gül ləçəyi içindədi. Bunun iş-gücü yoxdu bəyəm?!.. Bu yeməklər nədi?!.. Kim gətirib?!
- Onu da ... Elə o... Şadlıq evində işləyir də...
- Aman Allah, o, sənin şəkilini də çəkib?!.. – Qadın əlindəki şəklə hələ də heyrət
içində baxmaqda idi.
Mədinə qızına bir söz deməsə də, oğlanı küçəyə çağırıb dedi:
- Məni başa düş, oğul... Qızım ağır xəstədi...Həkimlərin deməsinə görə bu gün-sabahlıqdı...
Onun bu sözlərindən oğlan kövrəldi, vaysındı:
- Çox təəssüf... Cavan adam... bir işə bax da...
Qadın bir neçə gündən sonra yenə şəhərə qayıdası oldu. Qızı isə daha oğlana
elə bağlanmışdı ki, ondan ayrılmaq istəmirdi. İmkan düşən kimi onu səsləyirdi:
- Qonşu... Mənə yenə balıq gətirərsən...
- Baş üstə...
- Qara kürü də...
Oğlan nəzarətçilərinə də deyirdi ki, bu yeməyi xəstə bir adam üçün aparır. Ancaq həmin adamın qız olduğunu deməyə sıxılardı. Qız üçün yaxşı mer-meyvə, kabab da gətirərdi. Ağ balıq tikələri də öz yerində... İndi onun yeməyinə baxa-baxa gülümsədi:
- Narşərabı da var... Onunla əladı...
Anası qızı bağlı otaqda qoyub getdiyi üçün, Qoşqar köhnə bir stol tapıb gətirərək,
qızın dəmir çərçivəli pəncərənin yanında qoyub, üstünə qalxmışdı. Gecəni də bir-birilərinə baxa-baxa elə orada qaldılar. Hərdən qızın kövrək, qəhərli səsi eşidilirdi:
- Bir də oxu...
O da həvəslə oxuyurdu. Birdən qızın kövrəlib, için-için ağladığını eşitdi. Səsləndi:
- Daha bu olmadı da...
Qız hədsiz kədərli idi... Etiraf edəsi oldu:
- Mən öləcəyəm... Bir neçə günüm qalıb...
Oğlan onun bu sözlərinə qeyzləndi:
- Onu kim deyir?!.
- Həkimlər...
- Qələt edir onlar. Hər şey Allahın – O Ulu Tanrının əlindədi. Sən yaşayacaqsan!.. Şəxsən mən səni ölməyə qoymayacağam!...
Oğlanın bu sözlərinə qızın dodaqları qaçdı, gülümsədi, göz yaşlarını silə-silə, özünü qaydaya salmağa çalışdı:
- Sən məni qoymayacaqsan ölməyə?!
- Bəli, mən...
- Sən Allahsan?!. Küfr danışma.
Qoşqar inamlı halda dilləndi:
- Sevinc, bəyəm sən bilmirsən?! Xəbərsizsən?!.. Sevgi, məhəbbət ölümü öldürür axı...
- Belə de...
- Hə...
- İndi demək istəyirsən ki...
- Bəli... Həyatda elə şeylər var ki, onu heç deməyə, təkrar etməyə ehtiyac yoxdur.
- Mən səni gördüyüm gündən bəyəndim, sevdim...
- Yox a... Mən ağır xəstəyəm...
- Yox! - deyə Qoşqar yaralı adam kimi bağırdı: Bu gündən bütün bunları yaddan
çıxart... Kökəlsən, deməli, sənə ölüm yoxdur...
Onların əvvəl barmaqları bir-birinə toxundu, sonra da əlləri... Qız pıçıldadı:
- Biz nə edirik?...
- Ölümü öldürürük...
Qadın arada evə zəng çalanda, qız dedi:
- Daha mən yaxşıyam, ana, mənzili satma...
- Behini almışam axı...
- Qaytar...
- Zarafat edirsən?!.
- Yox, həqiqəti deyirəm. Hətta kökəlmişəm də...
Qadın onun dediklərinə inanmasa da, geri qayıdanda qızını çəkəsi oldu. İlahi,
fərq vardı! Qızı kökələn kimi idi. Yanaqları da allanmış, gümrahlaşmışdı. Dərhal dəstəyi götürüb həkimə zəng çaldı:
- Doktor! İnanılmaz hal! Möcüzə! Qızım sağalır... İştahası artıb, yemək-içməyinə fikir verir... Yanaqları da allanıb, qızarır. Hətta çəkisi də artıb...
Dəstəkdə əvvəl həkimi bir anlığa susduğu hiss olundu. Sonra da heyrət içində
soruşdu:
- Maraqlanın... Görün o nə yeyib-içir...
Qadın dilləndi:
- Burada bir qonşu... Kirayənişin oğlan var... Ona yaxşı mahnılar oxuyur, gül-çiçək dəstələri verir... İsti süd içirir, mer-meyvə, yaxşı balıq, kabab yedizdirir...
Sonrakı günlər Sevinc özünü daha yaxşı hiss etməyə başladı. Hətta xeyli kökəldi, çəkisi artdı... Qadın ondan şübhələnməyə başladı... Şübhəsində də haqlı idi... Səsləndi:
- Bağışla, ana... Həkimin sənə dediyi sözləri eşitmişdim...
Gündəlik ancaq bu barədə düşünürdüm... Son anımı, günümü gözləyirdim... İstəyirdim ki, mənim də bir övladım – yadigarım qalsın...
Qadın bir söz demədən əlləri ilə başını tutmuş halda stola çökdü. Səsləndi:
Ah!... Ay Allah!... İndi mən nə edəcəyəm?!
Qız onun qarşısında düz çökdü:
- Bir daha məni bağışla, ana.
- Sən yox, mən, qızım...
Bu an kirayənişin oğlanın səsi eşidildi:
- Ana, heç narahat olmayın. O mənim nişanlımdı, namusumdu, ömür-gün yoldaşımdı. Barmağındakı üzüyü görmürsünüz?
- Deməli, hər şey məndən xəbərsiz həll olunub...
- Sevgimiz, məhəbbətimizlə ölümü biz öldürdük...
Oğlan bu sözləri deyib ürəkdən oxumağa başladı. Özü də bu dəfə qəmli, kədərli mahnı yox, şən, gözəl, ruhları oxşayan bir mahnı...
Əlisəfa Azayev
banner

Oxşar Xəbərlər