AZE | RUS | ENG |

Ölümü də insanlara gülüş bəxş edən aktyor

Ölümü də insanlara gülüş bəxş edən aktyor
1973-cü ilin soyuq dekabr günü idi, 9-u dekabr. Bakının küçələri adamla dolmuşdu.  İkinci Fəxri xiyabana doğru insan seli axırdı. Cənazəni aparanlar artıq Fəxri xiyabana yaxınlaşmışdı, amma insan axınının sonu görünmürdü.
 
O gün xalq artisti, "gülüş kralı” Lütfəli Abdullayev torpağa tapşırılırdı. Hamı onun  "son tamaşası”na, "son obrazına” baxmağa, onunla vidalaşmağa axışırdı.
İnsanların üzündə bir hüzn vardı, amma o vaxtın adətlərinə görə tabutda üzüaçıq vəziyyətdə dəfn edilməyə aparılan sənətkarın solğun simasına baxan hər kəsin dodağı qaçırdı. Bunu hər kəs bir-birindən və ətrafdan gizlətməyə çalışırdı. Həyata vida edərkən üzündə donub qalmış təbəssümü ilə də səhnədəki obrazlarını xatırladan sənətkar üçün bəlkə də bundan böyük xoşbəxtlik ola bilməzdi.
 
Lütfəli Abdullayevdən danışacam, xalqın sevimlisi, doğuluşundan simasına təbii yumor hopmuş, bu səbəbdən də səhnəyə çıxanda danışmadan belə çöhrələrə gülüş, sevinc bəxş edən xalq artisti  Lütfəli Abdullayevdən. 
1914-cü ilin Novruz bayramında Nuxa şəhərində (indiki Şəki) yığcam bir ailədə üçüncü uşaq dünyaya gəlir. Ailədə isə üç qardaş, üç bacı böyüyürdü. Böyüyü Əsabəli Abdullayev olub. Əsabəli məktəbdə yaxşı oxuyub, ailənin böyük övladı olduğu üçün imkanlı vaxtlarda onun təhsil arxasınca getməyinə valideynləri mane olmayıb, əksinə köməklik göstəriblər. Əsabəli oxuyub mühəndis olub. Sonralar öz ixtisası üzrə işləyib.  İkincisi Şükufə Abdullayevadır.  Lütfəli Abdullayev üçüncü uşaq olub. Ondan sonrakı Nemət Abdullayevdir ki, atasının yolunu davam etdirib gizlin ticarətlə məşğul olurmuş (Sovet vaxtı bu işlə açıq məşğul olmaq mümkün deyildi).
 
 
 
Dördüncü övlad Ədalət Abdullayevin də təhsili olmayıb.
Sonuncu uşaq Lətifə Abdullayeva ailədəki uşaqlardan dünyasını dəyişən ilk övlad olub, 46 yaşında.    Digər övladlar da dünyadan tez köç ediblər, heç biri 60 yaşına çatmayıb. 
 
Atası –  Abdullayev Əmir xalça və at alış-verişi ilə məşğul olan tacir imiş. 1920-ci ilə qədər ticarətlə ailəsini saxlayarmış və ailə yaxşı dolanarmış.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ticarəti əlindən çıxan tacir Əmir kişi "Bu hökumətlə mənimki tutmaz, mən Şura üçün işləməyəcəm” deyə əlini ağdan-qaraya vurmur.
Ailə ağır vəziyyətlərə düşməsin deyə, xanımı Gülarə işləyib onlara baxmalı olur. Əmir Abdullayev 1948-ci ildə dünyasını dəyişib.
Anası – Abdullayeva (Əliyeva) Gülarə həyat yoldaşı ticarətlə məşğul olduğu müddətdə evinin xanımı olub, işləməyib.
Əmir kişinin ticarətinə son qoyulandan, yəni 1920-ci ildən sonra Gülarə xanım bacardığı yeganə iş el şənliklərini idarə etmək olduğundan bu işlə ailəsinə çörəkpulu qazanmağa başlayır.
 
Gülarə xanım qadın toylarında oxuyub-oynayarmış. Yaxşı səsi olduğundan və gözəl rəqs edə bildiyindən el-obanın toyları Gülarə xanımsız keçməzmiş.
Kişi toylarına isə bəzən aşpaz kimi dəvət olunar, toy yeməyini bişirər, belə ailəsini dolandırarmış.
Gülarə xanım 1948-ci ildə Bakıda dünyasını dəyişib. (Lütfəli Abdullayev Bakıda Musiqili Komediya Teatrında işə başlayandan sonra ailə Bakıya köçmüşdü, Lütfəli Abdullayev isə ailədə o vaxt yeganə işləyən adam idi.)
 
Qəhrəmanımız  Lütfəli elə Şəkidə yeddi illik məktəbi bitirib.  Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş vodevillərdə oynayıb.
Uşaqlığından tez-tez Şəki təbiətinin qoynuna, meşəyə gedərdi.
Təbiət vurğunu idi. "Yeniyetmə çağlarımda mənim ən böyük dostum, sirdaşım, müəllimim təbiət idi. Yarpaqların xışıltısı, axar suların şırıltısı mənə həzin nəğməni xatırladırdı.
 
 
 
Ləçəklərinə şeh düşmüş çiçəklərin, otların rayihəsi mənə sözlə ifadə bilməyəcəyim qədər rahatlıq, dinclik gətirirdi.
Hətta ətrafdakı dağlar, meşələr sanki mənə şahidi olduqları hadisələrdən, müəmmalardan söhbət açırdı. Mən də səbirlə onları dinləyir, heç kəsə aça bilmədiyim arzu və istəklərimi onlarla bölüşürdüm”(radio müsahibəsindən).
Məktəbi bitirəndən sonra bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş vodevillərdə (həcmcə böyük olmayan, bəzən bəndləri və rəqsi də olan məzəli  pyeslər) oynayıb. 
 
Elə bir dövrdə və elə bir mühitdə yetişirdi ki, yeni era başlamışdı və bu yeni erada yeni insan formalaşdırılırdı.
Sovet quruluşu övladları atalarından tamam fərqli – təhsilli, mədəniyyətə, incəsənətə meylli, teatra, musiqiyə, kinoya bağlı və bu vasitələrlə istədiyini təbliğ edib yeni nəsildən "Sovet adamı” yetişdirirdi.
 
Bu bir tərəfdən insanı öz kökündən tarixindən ayırmaq idisə, bir tərəfdən də mədəniyyətdə, incəsənətdə, təhsildə yüksəlişə aparırdı.
Məhz 20-30-cu illərdə yetişdirilən uşaqlıq, gənclik 60-70-ci illərin hər sahədə renessansına gətirib çıxartdı.
Yeni sosialist düşüncəli, "Sovet adamı” yetişdirilirdi.
Yeni Sovet adamı həm də yaxşı oxumağı, oynamağı, hər hansı musiqi alətində çalmağı bacarmalı idi. Yaxşı diksiyası və həyat eşqi olmalıdır, kütlələrdə ruh yüksəkliyini qaldırmağı bacarmalıdır.
 
Bunun üçün ən yaxşı üsul dram dərnəkləri idi. Gənclər dram dərnəklərinə cəlb olunurdu.
Azərbaycanlı düşüncəsində səhnədə olmaq, istər qız, üçün istərsə də oğlan, arzuedilən deyildi.
Gözəl səsi və yaxşı musiqi duyumu olan Lütfəlinin tacir atası onun bu sahəyə meylli olmasını qəbul etmirdi.
Atasının aqressiyasından gizlənmək üçün balaca Lütfəli evlərinin damına çıxıb orda muğam oxumaqla, bir də  göyərçinlərlə oynamaqla rahatlıq tapardı.
Dram dərnəyinə isə 12 yaşında gəlib çıxır. Burda onun musiqi və ümumiyyətlə, sənət zövqünün formalaşmasında Baxşəli Axundovun misilsiz əməyi olur.
12 yaşından Şəkidə bu adamlarla dram dərnəyində müxtəlif səhnəciklərdə çıxışlar edən Lütfəli Abdullayev öz dövrünün bu gəncləri ilə savadsızlıqdan, cəhalətdən işığa, mədəniyyətə doğru yol aldı.
 
Lütfəlinin gözəl səsi olmasına, yaxşı muğam ifaçısı ola biləcəyinə rəğmən (hamı belə zənn edirdi), o, Baxşəli Axundovun köməyi ilə qətiyyətlə aktyor olacağına qərar verir.
Baxşəli ona –"sən yaxşı oxuyan ola bilərsən, amma əla aktyor olacağına əminəm, harda əvəzolunmazsansa orda olmalısan” deyir.
1926-cı ildə H.Q.Sarabskinin başçılığı ilə bir dəstə aktyor – Həqiqət Rzayeva, Sürəyya Qacar, Zülfüqar Sarıyev və başqaları Nuxaya qastrola gedirlər.
O vaxtın qanunlarına görə, qastrola gələn artistləri mehmanxanalarda deyil, xalqa daha yaxın olsunlar, qəhrəmanlarını xalq arasından seçsinlər deyə, şəxsi evlərdə yerləşdirirdilər.
 
Hər artist bir evə düşür. Əhməd Anatollu Lütfəligildə qalmalı olur.
Onun arzusu ilə Əhməd Anatollu hər axşam Lütfəlini özü ilə tamaşalara aparırdı.
Lütfəli Bakını özünün qurtuluş yolu hesab edirdi. Xəyallarında Bakıda ən möhtəşəm səhnələrdə  alqışlanırdı, sevilirdi. Bu xəyalın işığına yol tutub gedirdi və əmin idi ki, düzgün istiqamətə gedir, bu cığır onu arzularına qovuşduracaq
Lütfəlinin atası Əmir kişi Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra əli ticarətdən çıxdı və dözülməz insan oldu. Əmir kişi oğlunun tutduğu yolu müşahidə etdikcə onun ailəni camaat içində "rüsvay edəcəyinə”, "gülüş hədəfi” olacağına əmin idi.
Atanın bu münasibəti Lütfəlini yeniyetmə yaşlarına evi tərk edib Bakıya gəlməsi ilə nəticələndi.
 
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Azərbaycan Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayır.
Dərslərinin gedişatını peşəkar yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə Dövlət Opera Teatrının xor heyətinə qəbul olunub.. Həmin illərdə teatrın xor heyətində milli kadrlara böyük ehtiyac vardı.
Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda da çıxış etməyə başlayıb. Məşhur komediya aktyoru Əhməd Anatollunun səyi və təkidi ilə aktyora ikinci dərəcəli rollar da tapşırılıb.
 
Hətta Anatollu onu özünün ən yaxşı obrazlarındam birinə–  Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan” operasında Vəli roluna hazırlayıb.
Lütfəli həmin rolu ilk dəfə 22 yaşında oynayıb və ifası çox böyük maraqla qarşılanıb.
Azərbaycan Ədəbiyyatı  və İncəsənətinin SSRİ-də ən böyük sənət nümayişi 1938-ci ilin aprel ayında Moskvada olub.
Opera Teatrı Moskvadan qayıtdıqdan sonra dövlətin qərarı ilə operetta truppası ayrılıb müstəqil kollektiv oldu. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı adlanan sənət ocağı ilk tamaşası "Evliykən subay” operettasını 30 may 1938-ci ildə oynadı. Tamaşa o vaxtı "Rote Fane” adlanan indiki "Nizami” parkının geniş Yay salonunda göstərildi. Bundan sonra teatrın aktyor truppasının tərkibi genişləndirildi və heyətə aparıcı səhnə ustası kimi qəbul olunanlardan biri də Lütfəli Abdullayev idi. O, tezliklə repertuarın əsas tamaşalarında rollar oynamağa başladı.
 
14 yaşında uşağın təkbaşına paytaxta gəlməsi asan bir iş deyil. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev dayısı oğlu – Onkoloji İnstitutun direktoru, professor Veysəl Abdullayevin evində qalırdı.
Tezliklə, sənətin yolunu tapmaq və münasib işə düzəlmək fikri vardı. Odur ki, əvvəlcə Üzeyir bəy Hacıbəylinin yanına gedir, onu dinləyən Üzeyir bəy Lütfəliyə Azərbaycan Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə göndərir.
Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olan, səsini peşəkarların köməkliyi ilə istənilən səviyyəyə çatdıran Lütfəli Abdullayev həm sevdiyi işlə məşğul olmaq istəyirdi, həm də Bakı kimi şəhərdə yaşamaq üçün  işləyib qazanmalı idi.
Əhməd Anatolludan artist olmasına yardım etməsini də bunun üçün  xahiş edir.
 
Bir neçə gündən sonra Lütfəlini Əhməd Anatollunun köməkliyi ilə müsabiqədən keçirib Opera və Balet teatrının xor heyətinə qəbul etdilər. O vaxt Lütfəlinin yaşı az idi, amma  istedadı danılmazdı, üstəlik teatrın xor heyətində milli kadrlara böyük ehtiyac vardı.
Məhz Opera və Balet teatrının astanasında gələcəyin aktyoru onun həyatında və yaradıcılığında böyük rol oynamış Şəmsi Bədəlbəyli ilə rastlaşıb. 
Şəmsi Bədəlbəyli Lütfəli Abdullayevdən üç yaş böyük olub. Elə ilk görüşdən onların sənət və həyat maraqlarının üst-üstə düşdüyünü anlayıblar, aralarında dostluq telləri qol atıb.
 
Sonralar bu dostluq onların sənət yollarında da bərabər addımlamalarına, eyni maraqlarla xidmət etməklərinə yardımçı olub. 
"Ulduz” musiqli komediyası və Lütfəli Abdullayevlə Nəsibə Zeynalova tandemi 1948-ci il 30 dekabrında "Ulduz” (Sabit Rəhman, Süleyman Ələsgərov) tamaşasının premyerası oldu. Quruluşçu rejissoru Şəmsi Bədəlbəyli, rəssamı Əsgər Abbasov, dirijorlar Süleyman Ələsgərov və Xəlil Cəfərov, rəqsi quran Əlibaba Məmmədov olub.
Əsərin ana xəttini məhəbbət mövzusu təşkil edir. Bir də mənəviyyat. Filmdə məqsədsizliyi, riyakarlığı ifşa edən bu əsərdə həm də gəncliyin qurub-yaratmaq həvəsi, saf sevgisi önə çəkilir.
 
Məhəbbət mövzusu əsərdə şaxəlidir – Ulduzla Bəxtiyar (Aliyə Terequlova, Kamal Kərimov), Yetərlə Şubay, (Səyavuş Aslan, Şəfiqə Qasımova) Züleyxa ilə  Məhəmmməd (Nəsibə Zeynalova, Lütfəli Abdullayev).
Tamaşanın bütün komizmi, cazibəsi Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevin (Züleyxa ilə Məhəmmədin) duetində cəmlənmişdi.
Milli Dram Teatrından keçən yol
1948-ci ildə Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli dünyasını dəyişir.
 
 
 
1948-ci ildə SSRİ-də, o cümlədən də Azərbaycanda bütün "Dövlət” teatrları təsərrüfat hesabına  (özünümaliyyələşdirmə) keçdi. 
Teatrın böyük kollektivini (aktyor, xor və orkestr heyəti) saxlaya bilməyən Musiqli Komediya Teatrı 1949-cu ilin yazında fəaliyyətini dayandırmalı oldu.
Kim bilir, bəlkə, Üzeyir bəy sağ olsaydı, bu teatr bağlanmazdı. Aktyorlar ölkənin müxtəlif yerlərinə səpələnir. Aktyorlardan Azər Talıbov, İbrahim Hüseynov (Şünasi) və rəssam Əsgər Abbasov Milli Dram Teatrına keçdilər. Lütfəli Abdullayev də bir müddət Milli Dram Teatrında işləməli oldu.
Aktyor bu teatrın səhnəsində Tulio ("Rəqs müəllimi”, Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?”, Georgi Mdivani), Tağı ("Köhnə dudman”, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini”, Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular”, Məmmədhüseyn Təhmasib) rollarında çıxış etdi.
İki il işlədikdən sonra o, yenə öz sevimli məkanına, yəni musiqinin və komediyanın olduğu yerə keçdi.
 
Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən musiqili komediya truppasına.
Bu ansambl 1954-cü ildə rəsmi dövlət statusu almamışdı, lakin afişa və proqramlarda "Azərbaycan Musiqili Komediya Teatrı” kimi göstərilirdi. Bu truppa rejissor Soltan Dadaşovun quruluşunda hazırladığı operettaları Opera və balet Teatrının və Akademik Milli Dram Teatrının səhnələrində göstərirdi.
Lütfəli Abdullayev yenə suda balıq kimi sevimli operettalarında,  Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad”ında Hambalı, "Arşın mal alan”da Vəlini, Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna” operettalarında Dursunu  oyanayırdı.
 
Aktyorlar Lütfəli Abdullayevin təklifi ilə kiçik qruplar yaradıb rayonlara, şəhərlərə qastrollara çıxmağa başladılar. Məşhur tamaşalardan hissələr oynayır, mahnılar ifa edirdilər.
Beləliklə, Lütfəli Abdullayev o dövrdə musiqili komediya truppasının xilaskarı oldu. Lütfəli Abdullayev özünü musiqili komediyadan qeyri-janrda görə bilmədiyi üçün həmkarlarına da bu sahədən uzaqlaşmaqla itib-batmağı rəva görmədi.
Əsas kollektivin qastrollara çıxmaqla teatr truppasını qoruyub saxlaması gənc aktyorlara da xeyirli oldu, nəsildən nəslə əlaqə kəsilmədi, onlar da özlərindən əvvəlki musiqili komediyaçıları görüb, baxıb onlardan öyrəndilər.
Qazanc az olurdu, amma bütün kollektiv arasında bölünürdü. Lütfəli Abdullayev indiki deyimlərlə öz dövrünün meneceri, prodüseri də olub.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu  işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan” filmində Vəli rolu olub.
 
Həmin filmin rejissoru, aktyorlardan Rəşid Behbudov (Əsgər), Ələkbər Hüseynzadə (Soltan bəy), Leyla Bədirbəyli (Gülçöhrə), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandı) layiq görülüblər. Lütfəli Abdullayev, həmçinin "Əhməd haradadır?” (Zülümov), "Ulduz” (Məhəmməd), "Qatar əhvalatı” filmlərinə çəkilib.
Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 may 1960-cı ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
    
Ramilə Qurbanlı 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056