• çərşənbə axşamı, 19 mart, 13:30
  • Baku Bakı 8°C

Ölüm olmasaydı dünya necə olardı?

03.06.19 14:37 3978
Ölüm olmasaydı dünya necə olardı?
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz ədəbi tənqidçi, Bakı Mühəndislik Universitetinin "Azərbaycan dili və ədəbiyyatı” kafedrasının baş müəllimi Ülvi Babasoydur. Onun sevdiyi əsər Joze Saramaqonun "Təxirə salınmış ölüm” romanıdır.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Joze Saramaqonun "Təxirə salınmış ölüm” romanı sizin sevdiyiniz əsərdir?
– Saramaqo "Təxirə salınmış ölüm” romanında bədii struktur, məzmun və üslub kontekstində yeninin gözəlliyini yaratmışdır. Köhnənin gözəlliyini təkrarlamır. "Təxirə salınmış ölüm” romanında ölümlə insan arasındakı ünsiyyət yalnız publisistik deklarasiya və yaxud fikri, rəmzi səciyyə daşımır. Canlı və orqanikdir. Romanın bədii quruluş və mahiyyətində "Ölüm olmasaydı dünya necə olardı?” sualı dayanır. Əsərin "Ertəsi gün heç kəs ölmədi” kimi effektli bir cümlə ilə başlaması oxucunu çoxqatlı, mistik məzmunlu enerjinin, mühitin içərisinə çəkir. Və fanilik duyğusu insanın həm ən böyük xoşbəxtliyi, həm də ən böyük bədbəxtliyinə çevrilir. Daha sonra "Ölüm bu ölkəni niyə tərk etdi?” sualı yaranır. Çünki ölüm violonçel çalana aşiq olduğu üçün ölkədən gedir. Deməli, fani olub sevgi ilə yaşamaq ölümsüzlükdən yaxşıdır. Ölüm, ölkəni tərk etdiyinə görə, insanlar arxayınlaşaraq istədikləri əməlləri törədirlər. Sərhədsiz hərislik duyğusu ölümün, mətbuat vasitəsilə bəyanat verərək gələcəyi günə qədər davam edir. Ölüm obrazına bu qədər canlı və mütəhərrik şəkildə heç bir əsərdə rast gəlməmişəm. Romanda ölüm digər obrazlardan daha çevik, aktivdir. Ölümün bəyanatından sonra hər kəs əvvəlki vəziyyətinə qayıdır. Demək ki, ölüm olmasaydı, insan daha da azğınlaşardı. J.Saramaqo ölümün, faniliyin vacib, zəruri bir duyğu olduğunu kəşf edir. Təkcə bu detal bəs edir ki, "Təxirə salınmış ölüm” mənim sevdiyim əsərlərdən biri olsun. Çünki həyatın və ölümün məlum bucaqlarına məlum olmayan aspektdən baxış var bu romanda. Müxtəlif dinlərə mənsub dindarlar J.Saramaqonu "ateist” adlandırırlar. Lakin düşünmək lazımdır ki, hansı teoloq bu cür dini, mənəvi məsələni belə geniş miqyasda işləyə bilib? Fikrimcə, fanilik duyğusunun belə geniş planda təsviri heç dini kitablarda da öz əksini tapmayıb. Saramaqonun qələmi həyat-ölüm qovğası ilə yanaşı, digər mövzularda da sərhəd tanımır. "İsanın İncili” romanında Allahın və İsa peyğəmbərin obrazını və yaxud "Qabil” əsərində "Qabillik” – özünü dərk etmək və etməmək arasında qalmaq hissini bizim təsəvürümüzdən, dərketmə qabiliyyətimizdən fərqli tərzdə işləyə bilir. "Təxirə salınmış ölüm” Saramaqonu sənətin kəşflər xəlqəsinə daxil edir, ölümsüzləşdirir. Bəlkə də, fanilik duyğusundan xilas olmağın uyğun və münasib yolu da budur: Saramaqonun sənət tarixindəki ölümsüz izi.
– Əsərdə ölümün yoxa çıxması detalını necə mənalandırırsınız?
– Ölüm sevgi, empatiya hissi ilə, xüsusən insanlarla yanaşı özünü başqa canlıların da yerinə qoyub onları da sevmək, başqaları ilə ünsiyyət zamanı var olmağın mahiyyətini hiss edə bilmək üçündür. Əsərdə violonçel çalan gecələr yuxudan ayılıb yeganə ünsiyyətdə olduğu canlıya – itinə qayğı göstərir. Ölümün musiqiçiyə aşiq olmasının sirri violonçel çalan və itin ünsiyyətində gizlənib. Bir it və insanı dərk etmək təbiətə, naturaya geri dönüşdür. Çünki insan, dolayısı ilə həyat kəşf edilmək istəyən bir dəfinədir. Saramaqo da sevgi, ölüm və fanilik üçbucağında insanı və təbiəti kəşf etməyə çalışır. Ölüm musiqiçini dərk etdikcə, yoxa çıxır, yox olur. Ancaq Saramaqo ölümü yoxa çıxarmaqla insanın daxilindəki mənfi enerjinin sərhədlərini, bəlkə də sərhədsizliyini müəyyən etmək istəyir. Yusif Səmədoğlunun "Qətl günü” romanında da ölümlə üzləşmək duyğusu işlənib. "Qətl günü”ndəki retrospektiv analogiyalar ehtiras, həsəd, paxıllıq, fanilik hissini unutmaq kimi natamam vəziyyətlərə estetik cavabdır. Səmədoğlu ölümü unutmaq, əcəllə üzləşməkdən qaçmaq cəhdlərini fani bir mühitin təsvirinə calayır. Saramaqo isə həmin mühitə ölümsüzlük gətirərək şok effekti yaradır.
Corc Martinin "Buz və alovun nəğməsi” romanı əsasında çəkilən "Game of Throns” serialı ilə "Təxirə salınmış ölüm” arasında qəribə bir yaxınlıq vardır. Qeyd etməliyəm ki, Corc Martinin dünyasında insanlar arasında olan amansız münasibətlərin, düşmənçiliyin əsasında başqasına qarşı pislik, ədavət hisləri dayanır. Həyatda olduğu kimi. İnsanlar gec də olsa anlayırlar ki, yeganə düşmənləri ölümdür. Onlar ölümə qalib gəlsələr də, ən dəhşətli münasibət yenə də aralarındakı ədavətdir, kindir, hərislikdir, taxt-taca sahib olmaq ehtirasıdır. Saramaqonu anlamaq üçün fürsət yaranır. Əslində, ölümün yoxa çıxması o qədər böyük əhəmiyyət kəsb etmir. Biz ölümü mahiyyətimizdə, ünsiyyətimizdə, münasibətlərimizdə öldürməliyik.
– Əgər hansısa yollarla ölümdən qaçmaq mümkün olsaydı, həyat, ölümdən xilas yarışına çevrilməzdimi?
– Həyatın sirri, məncə, budur. Axı yaşamaq həvəsi daha güclüdür hər şeyə rəğmən. Ölümdən qaçılsa, həyatın mənası qalmazdı ki. J.Saramaqo, həyatı ölümdən xilas yarışı deyil, daim yeni nəsə duymaq, hiss etmək və həqiqətlə üzləşmək duyğusu kimi təqdim edir. Əgər biz ölümdən qaçmaq üçün yarışa girsək, hər şey çox cılızlaşar. Münasibətlər müəyyən sərhədlərlə tənzimlənir. Edilən əməllər daxildə olan fanilik duyğusu ilə bilavasitə bağlıdır. Ölüm duyğusu olmasaydı, əməllər və amallar sərhədsiz olardı. J.Saramaqo da məhz bu sirri kəşf edir. Ölüm olmasaydı, insanların azğınlığı əbədi davam edərdi.
– Yuxarıda qeyd etdiyiniz kimi, roman "Ertəsi gün heç kəs ölmədi” cümləsi ilə başlayır. Saramaqonun əsərlərinə xas bu qəfillik, –"Korluq”da da qəfil gözləri tutulur adamların – birdən-birə mahiyyətə keçidi struktur baxımdan necə qiymətləndirirsiniz və bu qəfillik əsərə nə verir?
– Bu qəfillik romanın həm ifadə, həm də struktur estetikasını vahid bir çətir altına toplayır. Hadisələr bir cümlənin və ya bir detalın üzərində cəmlənir. Necə ki, "Korluq” romanında işıqfordan keçərkən bir nəfərin kor olması epidemiolji xəstəliyə rəvac verir. Təbii ki, burada simvolik bir korluqdan söhbət gedir. "Təxirə salınmış ölüm”də isə giriş-kuliminasiya-final xətti eyni məqamda, hətta eyni cümlədə birləşir. Romanın mahiyyəti bircə cümləlik hadisədə – ölümün yoxa çıxmasında açılır və hələ də ədəbiyyat tarixinin, alternativ zamanın və mifik və tarixi yaddaşın qapalı çevrəsində davam edir. Qəfil olan hadisələrə reaksiya vermək, o qədər də asan deyil. Oxucu qəfil baş verən hadisənin şoku içərisində qalır. Alternativ oyuna oxucunun daxil olması üçün vacib bir faktor olan inanmaq və empatiya qurmaq duyğusu işə düşür.
– Bu əsər kontekstində cavablandırsanız, ölümün qaçılmaz olması insanın xarakterində hansı keyfiyyətləri və yaxud dəyişiklikləri yaradır?
– Ölümün qaçılmazlığı ilk növbədə mərhəmət duyğusunu yaradır. Mərhəmət olmasa, özbaşınalıq, despotizm və s. həyatı iflic edən amansızlıqlar öz yerini alacaq. Ancaq və ancaq mərhəmət, acıma, yazığı gəlmək kimi ötəri bir hiss yox. Düşünürəm ki, insanlar bir-birini anaların mərhəmətli, şəfqətli, qarşılıqsız sevgisi kimi dərk etməlidirlər. Empatiya duyğusu belə geniş hissetmə səviyyəsində rellaşa bilər. Hər kəsi və hər nəsnəni özün bilmək kimi aidlik duyğusudur bu. Əgər bir insan öz mənliyinə aid duyğuları itirərsə, azğın bir varlığa çevriləcək. Ölümün mahiyyəti şüurlu şəkildə dərk olunduğu təqdirdə hər şey öz axarında davam edər. Ölümdən qorxmaq hissi ilə insanlar müəyyən məsələlərdə güzəştə gedə bilir. Ölüm özünü daim xatırladır, özü də adi məişət hadisələrinə qədər enərək. Həyatımız sərhədlidir, məhduddur. Havaya, suya, zamana məhkumuq. Ruhla cism arasında qalmağa məhkumuq. Ölüm özümüzü – məhdudluğumuzu aynada görməyimizə imkan verir.
– Ölüm qeybə çəkiləndən sonra bu problemlər yaranır: kral ölüm ayağındadır, ancaq canını tapşıra bilmir, nəticədə hakimiyyət dəyişmir. Yollarda saysız qəza olur, fəqət heç kəs ölmür ki, kiməsə görk ola. İnsan ölməyəcəksə, sığorta şirkətləri nəyə lazımdır? Ölüm qeybə çəkilibsə, deməli, insanlar qocalacaq, xəstəliyə düçar olacaq, ancaq ölməyəcəklər, bəs insanın bu gücsüz əbədiyyəti nə ilə nəticələnəcək? İnsanlar qocalıb ölməyəcəksə, bu qədər təqaüd yaşına çatmış insanlara dövlət necə pul çatdıracaq? Xəstəxanalara saysız-hesabsız xəstələr necə yerləşəcək? Xəstə olduqlarına görə yaxınları tərəfindən tərk edilənlər üçün dirilər qəbiristanlığımı yaradılmalıdırmı? İnsanlar ölmürlərsə, "dəfn büroları” bağlanmalıdırmı? Əgər ölkədə çevriliş baş versə, insanlar bir-birinə nə qədər atəş açsalar heç kəs ölməyəcək, bu təqdirdə vətəndaş müharibəsi qiyamət gününə qədərmi davam edəcək? Ülvi, əsərdəki bu müəmmalı durumların siyahısını uzada da bilərik. Müəllifin ölümlə bağlı bu qədər xırdaçılığa varması, ölümün qeyd olmasının yaratdığı faciələri sadalaması sizcə, adicə detalçılıqdır, yoxsa özüllü mənalar ifadə edir?
– J.Saramaqo demək olar ki, bütün romanlarında detallar vasitəsilə əsəri genişləndirir. "İsanın İncili” romanında Allahı zəngin yəhudi timsalında göstərmək maraq doğuur. Çünki Allahın insanlara olan münasibəti sorğu-sual edilir. J.Saramaqo düşünür və düşündürür. Əgər Allah varsa həyatımıza niyə bu qədər müdaxilə edir. Hətta yazıçı etiraz edir ki, Allah niyə insanların taleləri ilə oynayır? Niyə onlara tam azadlıq və əbədi həyat bəxş etmir? Heç bəlkə, Allah yoxdur? "Təxirə salınmış ölüm”də isə fanilik, ölüm kralın heç təsəvvüründə belə yoxdur, əbədi olaraq mövcud olacağını düşünür. İnsan arzuları fərqli şəkildə, kafkaist bir üslubda transformasiya edilir. Xaric daxilə, daxil xaricə çevrilir. Romanda paradoksal bədii struktur var. Bu baxımdan əsərdəki detalları adi bir xırdaçılıq kimi qiymətləndirsək, roman kimi xüsusi bir dəyər ifadə etməz. Digər ölüm hadisələrinə isə başqa bir bucaqdan baxmağın tərəfdarıyam. Məsələn, bir ana əziyyətlə dünyaya uşaq gətirdiyi prosesdə qarşıya çıxan seçimi – ananın, yaxud körpənin həyatda qalmasını həkimlər və onların yaxınları müəyyənləşdirir. Ən optimal, düzgün qərarın verilməsi istənilən halda bizim müdaxiləmizdir. Bəlkə də, səhvimizdir. Həyatda müxtəlif sosial təbəqələrdən olmağımıza və fərqli həyat şərtlərində yaşamağımıza baxmayaraq, hər birimiz həmin ananın düşdüyü çətinlikdəki kimi fani və məhdud yaşayırıq. Fanilik və məhdudluqdan kənara çıxa bilsək, ölümün nə qədər vacib olduğu aydınlaşar. Məhdudluqdan, ölümlü olmaqdan qurtulmaq üçün əvvəlcə özümü, sonra digər insanları dərk edirəm. Bu fanilik nisbi də olsa, yox olur, sərhədlər genişlənir. Efemer kimi saniyəlik yaşam ilə yüz il yaşamağı müqayisə etsək, Efemerin bir saniyəlik yaşayışı, hakimiyyəti əldən vermək istəməyən kral və özünü ölümsüz zənn edən digər insanlara nümunə ola bilərdi. Romanda dövlət televiziyasına ölümün gəlməsi və kanal rəhbərinin yeni ildə ölümün qayıdacağı xəbərini verməsi təsvir olunur. Ölkə başçısı fövqəladə hal elan edir və bütün güc strukturlarını bir yerə yığaraq iclas keçirir. İclas zamanı xəbər gəlir ki, qəbirqazanlar maaşlarının üç qat artmasını və əlavə saatları üçün pul yazılmasını tələb edirlər. Saat 00:00-da ölüm gəlir və həmin xəbəri eşidib əsəbiləşən ölkə başçısı insult keçirir. Saramaqonun yumor və qara yumoru sarsıdıcıdır: İnsan fani yox, əbədi yaşasaydı görün nələr baş verərdi. Ölüm və ölümsüzlük də həmin metaforun həssas, qızıl ortasında dayanır.
– İnsanlar ölməzlikdən xilas olmaq üçün ağlagəlməz yollar tapmaq haqqında düşünürlər: Xeyriyyə Təşkilatı xəstələri ölkə sərhədindən çıxarsın. Belə olsa, insanlar başqa ölkənin ərazisinə keçəcəklər, o yerlərdə isə ölüm qeybə çəkilməyib. Nəticədə insanlar öləcəklər... Siz tapılan bu çarəni necə şərh edərdiniz?
– Bu çarənin özü elə ən böyük çarəsizlikdir. Ölümsüzlüklə də üzləşmək lazımdır. Məhdudluqdan, yarımçıqlıqdan xilas olan insanın azğınlaşması baş verir. Əslində isə ölümsüz olduqdan sonra həqiqətlə üzləşmək daha maraqlıdır. Axı sən əbədi yaşayacaqsan. Sonsuz ömründə necə yaşamağın, xarakterin, həyata baxışın haqqında qərar verməlisən. İnsan əbədi yaşamaq istəyir. Bəzən ölüm yatağında olub, amma ölməyəcəyini bilən insanlar cəhənnəm əzabı çəkməyə, bütün çətinliklərə dözməyə də razıdır. Amma əbədi olmağın mahiyyətcə dərinliyi altında əzilən, bu yükü daşıya bilməyən cılız insanları da J.Saramaqo romana daxil edir. O, elmi və dini mətnlərin müəyyən qədər konservativ və qaydalar sərhədindən çıxır. Bədii mətnin sərhədsizliyini yaradır. Sevdiyim yazıçı Milan Kundera istər publisistik, istərsə də bədii mətnlərində Avropanı natamam görür. Çünki Kunderaya görə Avropa kəşf etdiyi roman sənətinin mahiyyətini anlamır və ona yönəlmir.
– Joze Saramaqonun "İsanın incili”, "Qabil” və s. romanlarında olduğu kimi bu əsərdə o dini ehkamları "qırmanclayır”. Və kilsənin çarəsizliyini qəribə bir detalla göstərir: Əgər insanlar ölməyəcəksə, axirətə də getməyəcəklər, əgər o biri dünya yoxdursa, insanlar daha yaxşılıq haqqında düşünməyəcəklər və nəticədə kilsə məhv olacaq. Müəllifin dinə bu cür ironik münasibətini necə mənalandırırsınız?
– J.Saramaqonun bütün romanlarında bu mövzu ya birbaşa, ya da dolayısı ilə işlənib. Saramaqo dinin, kilsənin ticari sövdələşməyə çevrilməsinin əleyhinədir. J.Saramaqoya görə qarşılıqsız, içdən gələn bir əməl, yaxşılıq "şərtli sevgi” duyğusundan səmimi və alidir. "Şərtli sevgi”də qarşılıq istənildiyi halda, J.Saramaqo bundan da üstün – qarşılıqsız sevgi və ünsiyyət modelini yaradır
– Saramaqo cəmiyyətin insani keyfiyyətlərinin – xeyirxahlığın, nəcibliyin, qayğıkeşliyin, sədaqətin sadəcə fani insanın əməlləri olduğunu göstərir. Yəni əbədi yaşasa insan yaxşılıqdan da, xeyirxahlıqdan da bezərdi. Sizcə, doğrudanmı belədir?
– Saramaqo qeyd etdiyiniz fikirləri göstərməklə yanaşı, əks qütbü musiqiçinin həyatı ilə yaradır. Musiqiçinin hər gün eyni nəğmələri ifa etməsi, gecə durub həvəslə itinə nəvaziş göstərməsi onun həyatının monotonluğudur. Ancaq bu monotonluqda sevgi ilə yaşamaq istəyi mövcuddur. İçimizdə elə bir enerji tapmalıyıq ki, ətrafımızdakı hər şeyi sevə bilək. Həmin sevgi kəşf ediləndən sonra məhdud dünyagörüşü istər-istəməz aradan qalxır.
– "Əbədi həyat insanlara niyə verilməlidir ki, əbədiyyən bir-birini öldürmək, bir-birini qırıb-çatmaq üçün?” – bu sözləri Xalq yazıçısı Anar "Gecə düşüncələri”ndə yazır. Bəs sizcə, insan əbədi həyata layiqdirmi, əbədi həyat verilsəydi, insanlar nə edərdilər?
– Məncə, insan əbədi həyata layiqdir. Mədəniyyət, ədəbiyyat və incəsənətə rəğmən Umberto Ekonun təbiri ilə desək, xərçəng addımları ilə yeriyən mediyatik populizm və soyuq müharibənin baş verməsi, qara media tərəfindən manipulyasiyalar və fərdi münasibətlərdən tutmuş, dövlətlərin beynəlxalq, qlobal reaksiyalarına qədər hər bir detal belə göstərir ki, Anarın timsalında bütün mütəfəkkirlər bu haqda düzgün qənaətdədir. Amma bizim bütün arzularımız nə qədər məhdud olsa da, arzulamaq istəyinin mövcudluğu insanın əbədiliyə layiq olduğuna əyani nümunədir. İnsanın yuxuları belə əbədiyyəti arzulamasının nişanəsidir. Bədii mətndə şərti dünya yaradıldığı kimi, yuxularda da şərti həyat görürük. Yuxularda gerçək həyatda sağ olan insanların öldüyünü, yaxud əksi ilə qarşılaşırıq. Yuxular başqa dünyanın olmasını, əbədi yaşamaq istəyini simvolizə edir, bəlkə də. Ən azından bir təsəllidir də. Əbədi olmaq istəyi gülüş duyğusu ilə də əlaqəlidir. Yalnız insana xas əlamət olan gülüş fani dünyaya dəyər qataraq onu əbədiləşdirir. Umberto Ekonun "Qızılgülün adı” romanında kitabın faciə hissəsini saxlayaraq, gülüşlə bağlı olan hissəsini yox etməyə çalışırlar. Niyə? Çünki gülüş mütləq hakimiyyət illüziyasına son qoyur. İnsan əbədi olarsa, heç vaxt sabah nə baş verəcəyi barədə düşünməz.
– Sizifin ölüm allahı Tanatı xaincəsinə aldadıb zəncirləyir. Tanat əsir düşdüyünə görə heç kəs ölmür və təmtəraqlı ölüm mərasimləri keçirilmir. Məncə, Saramaqo adını çəkdiyim romanın Sizif əfsanəsindəki əsas sualını tapıb: "Ölüm yox olsaydı, nə baş verərdi?” Siz, ölümün yox olmasını adı çəkilən miflə bağlılığına inanırsınızmı?
– Düşünürəm ki, zahiri cəhətdən bu miflə bağlılığının olmasına baxmayaraq, J.Saramaqo romanda zahiri deyil, daxili, mahiyyəti əks etdirir. Əsərdə mif bir detal kimi işlənə bilər, ancaq ölümə dair heç bir mifoloji surət, obraz və ya rəmzi çalar Saramaqonun yaratdığı obrazlar kimi çoxqatlı deyil. Sizifin məqsədi tanrılıq iddiası, ölümü belə idarə etmək istəyidir. Romanda isə insanın məzmunlu yaşamaqla tanrını belə heyrətləndirə biləcəyi ifadə edilir.
– Ölümü geri qaytarmaq, ölməzlikdən can qurtarmaq üçün dövlət plan qurur – İşə mafiya qarışır ki, insanları necəsə öldürsünlər. İnsanın dünyanın nizamına bu süni müdaxiləsi əsərdə hər nə qədər süjetin irəliləməsi, növbəti hadisələrin açılması kimi sadə görünsə də, xüsusi vurğulanan mafiya bugünkü dünyamızı cəhənnəmə çevirən terror təşkilatlarına işarədirmi?
– Fikrimcə, əsərdə göstərilməyə çalışılan, mövcud terror təşkilatlarından daha təhlükəli, onların arxasındakı güclərdir. J.Saramaqo dünyada siyasi, sosial, dini aspektdən tiranlıq etməyə çalışan güclərə qarşı mübarizədə idi. Bu savaş tribunal məzmunlu çıxışlar, deyişmələr deyil, roman vasitəsilə "estetik dava” idi. Yazıçı mövcud vəziyyətə müdaxilə edən qüvvələrdən daha da təhlükəli olan insanların zehniyyətini, düşüncə etibarı ilə ölən cəmiyyətlərin üzərinə işıq salır. Əgər kilsəyə, sinaqoqa, məscidə kor-koranə bağlılıq varsa düşüncə və əqidə ölmüşdür. Artıq fanilik və əbədilik duyğusundan söhbət açmaq mənasızlaşır.
– Bir gün televizor direktoruna məktub gəlir, açıb oxuyur və məlum olur ki, insanlar öləcək, ölüm geri qayıdıb. Uzun müddətdir ki, ölməzliyə öyrəşən insanlar dünyadan köçəcəkləri xəbərini eşidəndə yenidən təşvişə düşürlər. Bu dəfə fərqli suallar meydana çıxır: Can verən minlərlə insanın hamısı birdən ölsə, bu xaos necə idarə olunacaq? Dəfn büroları bu qədər ölümün öhdəsindən gələ biləcəklərmi? Ölüm tale olmaqdan çıxıb, qatiləmi çevrilib? İnsanlar məktub yazan kimdir, ölüm necə məktub yaza bilər? Məktubları qrofoloji ekspertiza yoxlayır, məlum olur ki, ölüm qadındır. Çünki cümlələrdəki fellər də qadın cinsində yazılır. Ancaq bu nəyi dəyişir ki? Ölüm niyə qadın cinsindədir? Bu qədər ölü üçün qəbirqazanlar hardan tapılacaq? İstərdim meydana gələn bu suallardan danışaq...
– Burada ölümün qadın olduğunu göstərmək həm şərti, həm də realdır. Qadın cildində olan ölümün musiqiçi kişiyə aşiq olması süjetin hər kəs tərəfindən başa düşülən zahiri planıdır. Ölüm çoxalan, daim mövcud olan prosesdir. Ölümü sadəcə sonlanmaq olsa, hər şey bayağılaşardı. Əslində çarəsizliyin özü də ölümdür. Məgər bir mühitdə azad, müstəqil şəkildə söz deyə bilməmək ölüm deyilmi? Ramiz Rövşənin "Süd dişinin ağrısı” poemasında, M.Kunderanın romanlarında və Qərb fəlsəfəsində əks olunan ölüm obazlarında ortaq bir cəhət var. "Ölüncə neçə-neçə qapıdan keçir adam”. Yəni dünyaya gələrkən ana bətnindəki ölümümüz, saf uşaqlığımızı böyüyərək tərk etməyimiz, gözəl bir qızın qarıya, yaraşıqlı oğlanın qocaya çevrilməsi də ölümdür. Əlimizdən çıxan hər bir məqam ölümlə üzləşir. Hamısı ölümün artan, çoxalan cinsdə olduğuna eyhamdır. İşin həm şərti tərəfi, həm də real yönü ölümün qadın olduğunu təsdiqləyir. "Təxirə salınmış ölüm” romanında da, yaşadığımız mühitdə də ölümün qadın cinsində olması fanilik duyğusunu dərk etməyimiz üçün yaxşı metafordur.
– Ölüm öləcək insanlara məktub yazır, – "Çox hörmətli filankəs xanım, dərin təəssüf hissi ilə sizi xəbərdar edirəm ki, həyatınızın müddəti bir həftədən sonra amansızcasına bitir və qalan müddətdən mümkün qədər yaxşı istifadə etmənizi arzulayıram, hörmətlə, ölüm”. İstərdim bu məktubun mahiyyətini oxuculara daha dərindən izah edəsiniz...
– Bu məqamda J.Saramaqo şüurlu şəkildə dayazlığa enir. Deyək ki, ortalama yaşadığın 70 illik ömür Bodlerin, Musa Yaqubun bir misrasına belə dəymir, heç olmasa indi həyatını dəyərləndir, dəyiş. Müəyyən etdiyimiz zövq və zövqsüzlük standartları çərçivəsində yaşamışıqsa, həyatımız puç olub və geri qaytarmaq da mümkün deyil. J.Saramaqo da bu zəruri ucuzluğa həmin insanların dəhşətverici bayağı vəziyyətindən təsirlənərək yaratdığı obrazlar timsalında enə bilir.
– Əsərdə kütlə psixologiyası, davranışları, – ölümə münasibətdə, – haqqında nə deyə bilərsiniz?
– Əsər boyu ölümə fərdi yanaşan obraz ölümün özü, musiqiçi və onun itidir. Çünki onlar ölüm xofu olmadan yaşayırlar. Ölüm qorxusu ilə yaşamaq, artıq həmin insanın ölümüdür.
– Romanda hadisələr birdən-birə cəmiyyətdən aralanıb bir şəxsin – violençelçalanın üzərinə köklənir. Sizcə, hadisələr çənbəri birdən-birə niyə belə daralır və bir nəfərin üzərinə köçürülür, müəllif bununla hansı mənanı açmaq istəyir?
– Ümumidən xüsusiyə və ya xüsusidən ümumiyə olan keçidlər ölüm və yaşamın fərdin taleyi ilə ölçüldüyünə estetik işarədir. Müəllif deduktiv metoddan induktiv yanaşma tərzinə ustalıqla keçir. Həyat fərdi xarakter daşıyır. Saramaqo fani olub, amma ölümsüz yaşayan violençel çalanın həyatına köklənir. Və ölümsüzlüyün mahiyyəti çözülür.
– Niyə görə romanda ölüm müstəqil – Allahın, yaxud hansısa qüvvənin iradəsindən asılı olmayan varlıq kimi təsvir olunur?
– J.Saramaqo ateistdir və ona görə də ölümü belə təsvir edir deyə fikirləşsək çox bəsit olar. Əslində, ölüm tanrının özünə də tabe deyil. Tanrının verdiyi həyat insanların öz əməllərinə buraxılıb. Ölümə və ölümsüzlüyə mütləq şəkildə hakim olan fərddir.
– Ölüm sevişir, təqib edir və s. Nəyə görə yazıçı ölümü insan cildində təsvir edir?
– Oxucunun ölümü dərk etməsi üçün ən münasib metafor onun insan cildində təsvir olunmasıdır. Ölüm də, ölümsüzlük də insanın öz əlindədir. İstər dini, istərsə də dünyəvi planda ölüm insanların əli ilə baş verir. Bu əbədi və əzəli ritual insanın özü-özünə qəsdi, yaxud başqa biri tərəfindən həyata keçirilir. Qədərimiz Tanrının əlində olduğu halda, qəzamız öz əlimizdədir.
– Roman nəyə görə başladığı cümlə – "Ertəsi gün heç kəs ölmədi” ilə də bitir?
– Romanın sonunda əvvələ qayıdırıq. Final və girişin eyni səhnədə əks olunması daha çox kino sənəti ilə səsləşir. Romanın düyün nöqtəsi isə violonçel çalan, ölüm və əbədilikdir. Ölüm və əbədiliyin metaforu isə insandır.

Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər