Ölülər nə danışır?

Ölülər nə danışır?

17 Oktyabr 2016, 11:03 1989
Onu dəli kimi sevmişdim! İnsan niyə sevir ki? Dünyada bircə məxluqdan başqa kimisə görməmək, beynində sadəcə bir düşüncə ilə yaşamaq, ürəyində sadəcə bir arzunun istiliyini hiss etmək ya da ki iki dodağının sadəcə bir adı təkrarlamaq, tələffüz etmək üçün açılması qəribədirmi, həqiqətən? Yeraltı bulaq sularının yer üzünə çıxması kimi ruhun dərinliklərindən dodaqlara qədər ucalan, durmadan həvəslə səslənən, təkrarlanan, dua kimi hər yerdə həzin-həzin fısıldanan bircə ad.
Hekayəmizi danışmayacam. Eşqin sadəcə bir hekayəti var, o da həmişə eynidir. Bir-birimizi tanıyıb, sevmişdik. Bu qədər sadə. Bir il ərzində onun qoynunda şəfqəti, sevgisi ilə, geyindiklərinə, danışdıqlarına, baxışlarına, ondan gələn hər şeyə ehtirasla, dərindən bağlanmış və məhkum olmuş kimi yaşamışdım. Hər şey o qədər qüsursuz idi ki, gecə-gündüz olduğunun, ölü yoxsa diri olduğumun, hara getdiyimin əhəmiyyəti yox idi.
Və bir gün öldü. Necə? Bilmirəm, heç bir fikrim yoxdur. Yağışlı bir gecə tamamilə islanmış evə qayıtdı. Səhərisi öskürməyə başladı. Bir həftə davam edən xəstəlikdən sonra yatağa düşdü. Nə olmuşdu? Onu da bilmirəm. Sadəcə həkimlər gəlir, nəsə yazıb-pozur və gedirdilər. Dərman gətirirdilər, xəstə baxıcısı işləyən qadın da ehtiyaclarını qarşılayıb, dərmanlarını içirirdi. Əlləri isti, alnı nəmli də olsa, yanırdı. Baxışları əvvəlki kimi parlaq, lakin kədər dolu idi. Danışdırırdım, mənə həvəslə cavab verirdi. O günlərdə nələrdən danışdığımızı xatırlamıram. Hər şeyi, bəli, hər şeyi unutdum. Öldü. Xatırladığım tək şey o son, zəif köks ötürüşü idi. Baxıcı qadın "ahhhh!” deyəndə anladım. Anladım ki, mən yaşamaq haqqında bundan başqa heç nə bilmirəm. Heç nə...
Onun haqqında danışarkən "fahişəniz” ifadəsini işlədən keşişi xatırlayıram. Onu təhqir edərcəsinə danışırdı. O artıq dünyasını dəyişmişdi, buna heç kimin haqqı yox idi. Keşişi qovdum. Başqası gəldi – xoşxasiyyət idi. İlk dəfə o danışanda ağladım. Dəfn mərasimi ilə bağlı suallar verdilər. Onları da xatırlamıram. Amma onu qoyduqları tabuta vurulan mismarların və çəkicin səsini unuda bilmirəm. Ah Tanrı!!!
Dəfn olundu. Bu çuxurun içində idi. Bir neçə tanış adam gəlmişdi məzarlığa. Ordan uzaqlaşdım. Məqsədsizcə küçələrdə veyilləndim. Evə qayıtdım və səhəri gün səyahətə çıxdım. Parisə dünən qayıtdım.
Otağımızı, yatağımızı, əşyalarımızı, ölümündən sonra ondan qalan hər şeyi özündə sədaqətlə mühafizə edən bu evi yenidən görmək içimdə dərin bir kədər oyatdı. Pəncərəni açıb, özümü küçəyə tullamaq istədim. Burdan xilas olmağın ən qısa yolu idi. Ondan qalan hər şeyi qucaqlayıb, qoruyan, bədənindən, səsindən, nəfəsindən aldığı minlərlə zərrəni canlı tutan bu əşyalar, divarlar arasında qala bilməyəcəkdim. Çölə çıxmaq üçün şapkamı götürdüm. Qapıya çatmamış hola qoydurduğu böyük aynanın önündən keçdim. Evdən çıxmamış mütləq bu aynda özünə təpədən-dırnağa baxar, üstündəkilərin yaraşıb-yaraşmadığına, saçlarının necə durduğuna əmin olmaq üçün incələyərdi. Bu ayna hər gün onun görüntüsünü dəfələrlə əks etdirməyə öyrəşmişdi. Mənə elə gəldi ki, ayna onu özündə o qədər əks etdirmişdi ki, görüntüsü də bu aynaya həkk olunmuşdu.
Orada gözlərimi güzgüyə zilləyib, düz, dərin, bomboş baxan aynanın qarşısında titrəyə-titrəyə dururdum. Mənim baxışlarım qədər sevdalı, mənim qədər ona vurğun olan o ayna sanki onu təpədən-dırnağa içində gizlədirdi. Deyəsən, bu aynanı da sevirdim. Ona toxundum, bumbuz idi!
Axxx, xatirələr, xatirələr! Bütün ağrılara dözən o qorxunc, canlı, ölü, ağrı və əzab verən, soyuqluğu ilə yandıran ayna! Bir aynada surətlərin əks olması və itməsi kimi içində gizlədiyi, gördüyü, gözlərinin önündə baş verən hər şeyi, sevgisinə, mərhəmətinə sığındığı hamını unuda bilən bir ürəyə, beynə sahib insanlar necə də xoşbəxtdirlər! Mən necə əzablar çəkirdim. Küçəyə çıxdım, heç planlamamış olsam da, məzarlığa getdim. Məzarını tapdım. Üstündə "sevdi, sevildi və öldü!” yazılmış, mərmər bir xaç taxılmış sadə bir məzar. Burada, bu çuxurun içində çürümüşdü! Bu nə qorxuludur. Alnımı torpağa qoyub, hıçqırıqlara boğuldum. Uzun müddət beləcə qaldım. Nə qədər keçdiyini bilmədim, hiss etdim ki, axşam düşür. O an qəribə və dəlicəsinə dərin bir arzu, ümidsiz bir sevgilinin içində doğa biləcək bir arzu oyandı içimdə. Bu gecəni burada onun məzarının yanında ağlayaraq keçirmək istəyirdim. Amma məni burda görsələr, məzarlıqdan çıxarardılar. Bəs, nə edim?
Dikəldim və bu ölülər diyarında məqsədsizcə gəzinməyə başladım. Gəzdim, gəzdim. Bura yaşanlar ölkəsinin yanında nə qədər balaca idi! Amma ölülərin sayı yaşayanlara nisbətən nə qədər çox idi! Üzüm bağlarının şərabını, bulaqların suyunu, yaylaların çörəyini yeyən biz canlılara daha böyük binalar, yeni küçələr, daha geniş evlər lazım olur. Amma bu ölülərə bir qarış torpaqdan başqa heç nə lazım deyil. Torpaq onları götürür, unudulmuşluq adlarını silir və sonsuza qədər əlvida!
Məzarlığın lap axırında tərk edilmiş, çox uzun müddət əvvəl ölüb, torpağa qarışmaq prosesini tamamlamış, xaçları çürümüş və artıq sabah yerinə yeni ölənlərin dəfn ediləcəyi mərhumların məzarlarının olduğu yerə çatdım. Bura güllər, uzun və qara sərvlərlə dolu idi. Kədərli, insan əti ilə bəslənmiş böyük bir bağça idi. Burda tənha idim, tamamilə tənha. Bir ağaca söykənib, büzüşdüm. Qalın yarpaqlı budaqlar arasında gizləndim. Parçalanmış bir gəminin hissələrinə sığınan çarəsiz yolçu kimi ağacın gövdəsini qucaqlayıb, gözləməyə başladım. Tamamilə gecə düşdü, hər yeri qaranlıq örtdü. Gizləndiyim yerdən çıxıb, ölülərlə dolu torpağın üzərində yavaş və səssiz addımlarla irəliləməyə başladım.
Bir xeyli veyilləndim, onun məzarını tapa bilmirdim. Qollarımı qabağa uzadıb, gözlərimi bütün həndəvəri boyu bərəltmişdim. Hər yeri məzar daşlarına çırpa-çırpa irəliləyir, amma onun məzarını tapa bilmirdim. Barmaqlarımı hərflər üzərində gəzdirərək adları oxuyurdum. Necə dəhşətli gecə idi! Məzarı tapa bilmirdim! Ay işığı yoxuydu. Qorxurdum. İki məzar sırası arasında irəlilədikcə içimə dəhşətli qorxu dolurdu. Məzarlar, məzarlar, məzarlar... Artıq dizlərimdə taqət yox idi, məzar daşlarından birinin üstünə çökdüm. Qəlbimin döyüntüsü məzarlığa yayılırdı. Başqa şeylər də eşidilirdi. Nə? Ad qoya bilmədiyim qarışıq gurultu. Hardan gəlirdi? Sərsəmləmiş beynimdənmi, yoxsa insan cəsədləri ilə dolu torpağın altındanmı? Orada nə qədər qaldım bilmirəm. Qorxudan keyimişdim, özümdə deyildim. Hər şeyə hazır idim – çığırıb, bağırmağa da, ölməyə də.
Birdən üstünə çökdüyüm mərmər sinə daşı hərəkətə gəldi. Bəli, sanki kimsə onu aşağıdan qaldırırdı. Bir sıçrayışla özümü yandakı məzarın üstünə atdım. Sinə daşı tamamilə dikəldi. Bir ölü çıxdı, çılpaq bir skelet. Əyilmiş belini daşını altından çıxarıb, önünə keçdi. Daşın üzərinə yazılanları oxumağa başladı: "51 yaşında dünyasını dəyişən Cek Olivant burada yatır. Ailəsini, dostlarını çox sevərdi. Dürüst və namuslu bir insan idi. Cənnətə qovuşdu”. Sonra kənardan bir daş götürüb, bu yazıları qazıdı. Bütün yazılanları sildikdən sonra həmin yerə boş gözlərlə baxdı və şəhadət barmağından geri qalan sümüklə daşın üzərinə yazdı: "51 yaşında ölən Cek Olivant burada yatır. Tikanlı davranışları ilə mirasını ələ keçirmək istədiyi atasının ölümünə səbəb oldu. Qadınına işgəncə verdi. Övladlarına əziyyət etdi, qonşularını, dostlarını aldatdı. İmkan düşən kimi oğurluq etdi və səfillik içində öldü”. Sonra yazdıqlarını heyranlıq və məmnuniyyətlə izlədi. Birdən bütün məzar daşlarının qalxdığını və bütün ölülərin məzar daşı yazılarını silib, həqiqətləri yazdığının fərqinə vardım.
Bu yaxşı ataların, sədaqətli qadınların, fədakar oğulların, tərtəmiz, ləkəsiz gənc qızların, dürüst tacirlərin, bu qüsursuz təsvir edilən adamların əslində doğmalarına işgəncə vermiş, kinli, namussuz, ikiüzlü, yalançı, oğru olduqlarını, utancverici və iyrənc işlərə bulaşdıqlarını anladım. Hamısı son mənzillərinin girişinə yaşadıqlarında kimsənin bilmədiyi ya da bilmədiklərini düşündükləri qorxunc, əzablı və müqəddəs həqiqətləri qazıyırdı.
Anidən sevgilimin də məzarına nəsə yazdığı ağlıma gəldi. Qorxmadan, bir nəfəsə yarı açıq məzarların, ölülərin arasında irəliləyərək, onu axtarmağa başladım. Bu dəfə tezliklə tapacağıma əmin idim. Kəfənə büküldüyündən üzünü görməsəm də, asanlıqla tanıdım onu. Məzar daşında yazılmışdı: "Bir gün sevgilisini aldatmaq üçün evdən çıxdı, dönərkən yağışa düşüb, soyuqladı. Xəstələndi və öldü”.
...
Günəş doğarkən məni bir məzarın yanından yarı huşsuz halda götürmüşdülər.
1887-ci il.
Tərcümə etdi: Elcan SALMANQIZI