Lukaşenko “Şərq tərəfdaşlığı” sammitinə gedəsi olmadı
Sensasiya baş vermədi - "Şərq tərəfdaşlığı” sammitinin Brüsseldə
həftəsonu keçiriləcək sammitində Belarus prezidenti Aleksandr Lukaşenko iştirak
etməyəcək. Belarus Xarici İşlər Nazirliyinin sözçüsüAndrey
Şuplyakdeyib ki, sammitdə Belarusun nümayəndə heyətinə xarici işlər
naziriVladimir Makey rəhbərlik edəcək. Rəsmi açıqlamalara görə, A.
Lukaşenko adıçəkilən proqramın həddən artıq siyasiləşmiş omasını əsas gətirib.
Hazırda Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramı daha çox
əməkdaşlıq formatı kimi nəzərdən keçirilir. Tərəfdaş-ölkələr isə Avropa
perspektivinin tanınmasına nail olmağa çalışırlar. "Belarus qarşısına belə bir
məqsəd qoymayıb”, - deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda
bildirilib.
Beləliklə, proqnozların əksinə olaraq Belarus Qərbi
deyil, Rusiya ilə yaxınlaşmaq xəttini götürdü. Halbuki, ilin əvvəlindən bəri
belə bir fikir prioritet idi ki, Belarus sürətlə Qərbə doğru yaxınlaşır və ölkə
tezliklə "Şərq tərəfdaşlığı” proqramına qoşulacaq. Buna səbəb də var idi. Belarusun
Rusiya ilə münasibətlərdə bir gərginlik yaşanırdı. Tərəflər arasında qarşılıqlı
ittihamlar ən yüksək səviyyəyə çatmışdı. Lakin sonradan proseslər başqa axarda
getməyə başladı. Belə ki, A.Lukaşenko müxalifətin keçirdiyi aksiyalara qarşı
sərt davranmaqla Minsk-Brüssel münasibətlərini əvvəlki xəttə qaytarmış oldu.
Belarus XİN-in yaydığı məlumatda göstərib ki,
"Minsk "Şərq tərəfdaşlığı”nda qeyri-siyasi, heç kimə qarşı olmayan
münasibətlərin olmasını istəyir. Maksimal dərəcədə qeyri-siyasi tədbirdə
iştirak daha məqsədəuyğundur”, - deyə Belarus XİN-in məlumatında bildirilib.
Minskdə hesab edirlər ki, Avropa İttifaqı ilə Belarus arasında münasibətlər o
qədər isti deyil ki, Lukaşenko həmin tədbirdə iştirak etsin. "Diplomatik
praktikada belədir ki, yüksək səviyyədə səfər o zaman reallaşa bilər ki,
əməkdaşlıq telləri kulminasiya nöqtəsinə yüksəlib”,- deyə Belarus hakimiyyət
orqanları hesab edirlər. Bəyanatın da mətnindən bəli olur ki, rəsmi Minsk
gözləyir ki, Aİ Belarusla münasibətlərdə bütün məhdudiyyətləri aradan
qaldırsın. Eləcə də hesab edir ki, tərəfdaşlıq və əməkdaşlıqla bağlı baza
razılaşması üzrə danışıqların başlanmasına ümid edir. Bununla yanaşı, Belarus
hakimiyyət orqanları Aİ-nin "Şərq tərəfdaşlığı” sammitinə dövlət başçısının
dəvət olunmasına yüksək qiymət verdiklərinin bildiriblər. "Bu, Aİ ilə Belarus
arasında münasibətlərdə inkişafın olduğunu və fikir ayrılıqlarının aradan
qalxdığını və qurumla münasibətlərin keyfiyyətcə yüksəldiyini göstərir” – deyə
açıqlamada bildirilib.
Ekspertlər hesab edir ki, Belarus liderinin inamsızlığı Rusiyanın
mümkün reaksiyasının necə olacağı ilə bağlı idi. Heç kim bunu açıq şəkildə
deməsə də, hər halda, "siz kiminləsiniz - Rusiya və yaxud Avropa” şüarı əsas
xətt kimi keçib. Onların qənaətincə, Rusiya ilə Qərb arasında münasibətlər
kəskinləşən kimi Belarus seçimi Rusiyadan yana etmək qərarına gəldi. Maraqlıdır
ki, düz bir həftə əvvəl A.Lukaşenkonun Brüsselə gedəcəyi dəqiqləşmiş kimi
görünürdü. Lakin ötən gün Ukrayna ilə yaşanan qalmaqal bu ümidlərin üstündən
xətt çəkmiş oldu. Məlumata görə, Ukrayna iki ölkə arasında yaranmış casus
qalmaqalı ilə əlaqədar Belarusun Kiyevdəki diplomatını ölkədən xaric edib. Ukrayna
Xarici İşlər Nazirliyinin sözçüsü Maryana Betsa deyib ki, Belarus diplomatı "persona
non grata” elan olunub və ölkədən çıxarılıb. Sözçü deyib ki, bu, bir gün əvvəl
Belarusdan Ukrayna səfirliyinin diplomatı İqor Skvortsovun xarici edilməsi
barədə Minskin qərarına cavab olub.
Ukraynadan çıxarılan Belarus diplomatının adı açıqlanmır. Belarus
XİN-in sözçüsü Andrey Şuplyak Betsanın bəyanatına şərh verməkdən imtina edib.
Belarus rəsmiləri noyabrın 20-də bəyan etmişdilər ki, Skvortsov ölkədən
casusluq fəaliyyətinə görə qovulub. Minskin qənaətinə görə, Skvortsov Ukrayna
jurnalisti Pavlo Şaroykonun yaratdığı "casus şəbəkəsini” koordinasiya edirmiş.
Belarus hakimiyyət orqanları jurnalisti Ukraynanın hərbi kəşfiyyatçısı olmaqda
şübhəli bilir. Kiyev bu iddiaları rədd edib. Belarusda mənzillənmiş Chareter97
insan haqları qrupu Şaroykoya istinadən bildirmişdi ki, o, Belarusda həbs
olunduqdan sonra yoxa çıxmış 19 yaşlı Ukrayna vətəndaşı Pavlo Hribin axtarışı
ilə məşğuldur. Sonradan Hribin Rusiyada terrorizmlə bağlı ittihamlarla
həbsxanada saxlandığı məlum olmuşdu. Noyabrın 20-də Ukrayna prezidenti Petro
Poroşenko Ukrayna xarici kəşfiyyat xidməti rəhbərinin müavini Volodimir
Sinkeviçi vəzifəsindən kənarlaşdırıb. Dərin tarixi və mədəniyyət bağları olan
iki slavyan ölkəsi – Ukrayna və Belarus arasında münasibətlər Rusiya 2014-cü
ildə Krımı ilhaq etdikdən sonra gərginləşib. "Casus qalmaqalı”nı ictimaiyyətə
açıqlamaqla Belarus bildirmək istəyir ki, o, heç bir halda Rusiyaya qarşı
çıxmayacağı anlamına gəlir. "Biz bu məsələnin qabardılmasını istəmirdik”, -
deyə Ukraynanın bu ölkədəki səfiri İqor Kizim bildirib. Lakin Belarus Rusiyaya
xoş gəlmək bu addımı atmağa üstünlük verdi. Bununla da Moskvadan aşağı faizli
kreditlər, ucuz enerji daşıyıcıları alacağına və Rusiya bazarlarına daşımalara əlavə
imkan açılacağına ümid edir.
Xatırladaq ki, Aİ bu yaxınlarda ilk dəfə olaraq A.Lukaşenkonu da "Şərq
tərəfdaşlığı” sammitinə "məhdudiyyətsiz” dəvət edib – yəni digər üzvlər
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna liderləri kimi. Öncəki
dörd sammitdən qabaq Aİ aydın şəkildə deyirdi ki, Belarusu 23 il idarə etmiş,
Qərbin bəzi rəsmilərinin "Avropanın sonuncu diktatoru” adlandırdığı Lukaşenkonu
toplantıda görmək istəmirlər. 2015-ci ildə Riqada
keçirilən sonuncu sammitdə də Minski Makey təmsil edirdi. Aİ "Şərq tərəfdaşlığı”nı
2009-cu ildə başladıb. Məqsəd Şərqi Avropa və Cənubi Qafqazın altı ölkəsində
iqtisadi inteqrasiyanı və Avropa dəyərlərini irəlilətməkdir. 1994-cü ildən
prezident postunda olan A.Lukaşenko 2015-ci ildə beşinci müddətə seçilib. Qərb
müşahidəçiləri bu seçkinin azad və ədalətli keçirilmədiyini bildiriblər. Aİ
2004-cü ildə bu ölkəylə bağlı məhdudlaşdırıcı tədbirlərə əl atıb. Səbəb iki
müxalifətçinin, bir biznesmenin və bir jurnalistin yoxa çıxmasının
araşdırılmaması idi. 2010-cu ilin dekabrındakı prezident seçkisindən sonra
ölkədə baş verən təzyiqlərlə əlaqədar Aİ Şurası əlavə sanksiyalar qəbul edib. Ancaq
2016-cı ilin fevralında Aİ Belarusa qarşı sanksiyaların çoxunu qaldırıb.
Sanksiyalar A.Lukaşenko və digər yüksək çinli rəsmilər daxil olmaqla 170
belarusluya viza qadağası və bank hesablarının dondurulmasını, 14 şirkətə qarşı
məhdudlaşdırıcı tədbirlər nəzərdə tuturdu. Aİ sanksiyaların qaldırılmasını
"2016-cı il avqustun 22-də Belarusda bütün siyasi məhbusların buraxılması, Aİ-Belarus
münasibətlərinin yaxşılaşması” ilə izah edirdi.
Azər NURİYEV