• şənbə, 20 Aprel, 15:12
  • Baku Bakı 23°C

Lukaşenko Putinin qərarına qarşı

22.02.17 10:00 747
Lukaşenko Putinin qərarına qarşı
Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində tanınmamış Luqansk və Donetsk respublikalarının pasportlarının tanınması barədə qərarı dünya birliyində ciddi rezonans doğurub. Qərb dövlətləri Rusiyanın bu addımının regionda sülhün bərqərar olunması yolunda əngələ çevriləcəyini bildiriblər. Lakin həm Kreml, həm də Rusiyanın Xarici İşlər Nazirliyi Vladimir Putinin 18 fevral tarixli fərmanını humanizm jesti kimi təqdim etməyə çalışıblar.
Nazirliyin bəyanatında deyilir ki, fərman "beynəlxalq qanunlara tamamilə uyğundur”. "Bu qanunlar beynəlxalq aləmdə tanınmayan hakimiyyətlərin verdiyi hüquq vıə azadlıqları təsbit edən sənədlərin tanınmasını qadağan etmir”, - deyə bəyanatda vurğulanır. Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə deyib ki, fərman "humanitar” məqsədlər güdür və Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərindəki separatçıların tanınması demək deyil. D.Peskov və nazirlik iddia ediblər ki, Ukraynanın yaratdığı blokada separatçıların nəzarətində olan ərazilərdə yaşayan vətəndaşları pasportlarını yeniləmək imkanından məhrum edib.
Lakin bu izahatlara baxmayaraq, Putinin 18 fevral tarixli fərmanı Vaşinqton və Avropa tərəfindən kəskin pislənib. Fransanın Xarici İşlər Nazirliyi fevralın 20-də bəyan edib ki, Rusiyanın belə bir addım atması Parisdə məyusluq doğurub. "Fransa Rusiyanın öz nüfuzundan istifadə edərək Minskdə imzalanmış sülh sazişinin icra edilməsini təmin etməsini istəyir” – deyə Parisin rəsmi bəyanatında bildirilib. Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert isə deyib ki, Moskvanın bu sənədləri tanıması "Ukraynanın bütövlüyünü sarsıdır”. Birləşmiş Ştatların Kiyevdəki səfirliyi Putinin fərmanını "həyəcan yaradan və Minsk sülh prosesinin razılaşdırılmış məqsədlərinə zidd hərəkət” adlandırıb. Məlumat üçün bildirək ki, Angela Merkel, Fransa prezidenti Fransua Olland, habelə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petro Poroşenko 2015-ci ilin fevralında Ukraynanın şərqindəki münaqişənin nizamlanmasına dair dördtərəfli saziş imzalayıblar.
Ən ciddi rezonans doğuran hal odur ki,Belarusda Ukrayna separatçıları tərəfindən verilmiş sənəd və pasportları öz ərazisində tanımayacağını bildirib. "Belarus sərhədini yalnız səlahiyyətli orqanların verdiyi sənədlərlə keçmək olar. Ukraynanın özlərini respublika elan edən "Donetsk və Luqansk xalq respublikaları”nın pasportları bu cür sənədlərə aid deyil”. Bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəsmisi Anton Bıçkovskiy deyib. Qeyd edək ki, Rusiya-Belarus ittifaq dövləti çərçivəsində hazırda iki ölkə arasında vizasız rejim mövcuddur. Bıçkovskiy BelTA agentliyinə deyib ki, "Belarus mövcud qanunvericiliyə əməl etdiyindən bu cür sənədlərlə sərhədi keçmək istəyənləri buraxa bilmərik”. Bununla da iki ölkə arasında münasibətlər kritik həddə çatmaq təhlükəsini yaşaya bilər.
Yaranmış gərgin vəziyyətə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qoşulub. O, Belarus lideri Aleksandr Lukaşenkoya zəng edib. Bu barədə informasiyanı Belarus prezidentinin mətbuat xidməti yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Avrasiya İqtisadi İttifaqındakı münasibətlər olub. N.Nazarbayev Belarusla Rusiya arasında yaşanan gərginlikdən narahat olduğunu və bütün problemlərin ittifaq daxilində həll edilməsi gərəkliyini bildirib. Qeyd edək ki, Lukaşenko hazırda Soçidədir. O, həftənin sonuna qədər bu şəhərdə qalacaq və bir sıra görüşlər keçirəcək. Görüşlərin kimlərlə keçiriləcəyi bilinmir.
Yeri gəlmişkən, Belarus parlamentinin keçmiş spikeri Stanislav Şuşkeviç bildirib ki, Lukaşenko bu qərarı qəbul etməklə, Qərbə xoş gəlmək və Rusiyanın ona qarşı daha yumşaq mövqe nümayiş etdirməsini istəyir. V.Putinin qərarını isə piar qərarı kimi qiymətləndirərək, bununla rusları gündəlik problemlərdən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib. O ki qaldı Belarus və Rusiyanı birləşdirən ittifaq dövlətinin taleyinə - onun qənaətincə, separatçı qurumlarla bağlı məsələ iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək: "İttifaq dövləti anlayışı siyasi anlayışdır və çoxdan çat verib”.
Rusiyada keçirilən son sorğunun nəticələrinə görəsə, ruslar belaruslarla viza rejiminin tətbiqini istəyirlər. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 78 faizi bunun tərəfdarıdır. Bundan əlavə, rəyi soruşulanların yarıdan çoxu belaruslara neft və qaz məsələsində güzəştlərin verilməsinə qarşıdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın müddətdə iki ölkə arasında münasibətlər kritik həddə çata bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər