• cümə, 19 Aprel, 02:33
  • Baku Bakı 18°C

Lukaşenko Avropa İttifaqına qucaq açdı

22.06.18 19:43 645
Lukaşenko Avropa İttifaqına qucaq açdı
"Belarus Avropa İttifaqı ilə yaxınlaşmağa, hətta siyasi islahatlar keçirməyə hazırdır. Bir şərtlə - Avropa maliyyə cəhətdən ona kömək etməlidir”. Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq üzrə komissarı Yohannes Hanla Minskdə keçirilən görüşündə bəyan edib. "Biz Avropa İttifaqının özümüz qədər açıq olmasında israrlı olacağıq”, - deyə Belarus lideri ölkəsinin tranzit ölkə kimi rolundan danışarkən vurğulayıb. Əlavə edib ki, Belarus üçün nə qədər mürəkkəb olsa da, o hər zaman Avropa İttifaqı üçün yaxşı tranzit pəncərə rolunu oynayıb: "Biz heç zaman sizin biznesə, mallarınızın hərəkətinə maneə yaratmamışıq, qadağa tətbiq etməmişik”. Belarus prezidenti qeyd edib ki, Avropa İttifaqının əsas götürdüyü ticarət-iqtisadi münasibətlər, azadlıq məsələləri bu və ya digər dövlətin söykəndiyi əsas prinsiplərdir. Aleksandr Lukaşenko etiraf edib ki, o, uzun müddətdir ki, Avropa İttifaqında baş verən transformasiyaları nəzərdən keçirib və belə qərara gəlib ki, bir-birinə hasardan, yaxud da çəpəki baxmaq lazım deyil. "Biz Avropa İttifaqına üzv olmaq üçün müraciət etməmişik, lakin istərdik ki, Aİ ilə elə münasibətlərimiz olsun, hətta ona ittifaqın öz üzvləri belə, ona həsəd aparsın. Əgər Aİ buna hazırdırsa, biz öz yolumuzu keçməyə hazırıq”, - deyə Lukaşenko vurğulayıb. Lakin bununla belə, Belarus Aİ ilə yalnız bir halda dostluq etməyə hazırdır – ticarət-iqtisadi münasibətlər prioritet olarsa. Prezidentin sözlərinə görə, demokratiya, söz azadlığı, siyasi məhbuslar, ölüm hökmünün ləğvi gündəmdən çıxarılmır. Amma ən əsas ticari-iqtisadi münasibətlərdir. O bildirib ki, Aİ ilə münasibətlərdə bunu görsələr, onda siyasi sistemin dəyişikliyinə də getməyə hazırdırlar.
Özü də Lukaşenko bu istəyinin həyata keçirilməsini gözləmək istəmir. Bildirir ki, hansısa şərait və hadisənin baş verməsini gözləmək gərək deyil, hadisələri qabaqlamaq lazımdır. "Biz məqsədyönlü şəkildə, cəsarətlə bir-birimizə doğru irəliləməliyik, hər hansı bir kənar təzyiq olmadan”, - deyə Lukaşenko vurğulayıb. O xatırladıb ki, Minsk və Brüssel hazırda münasibətlərin normallaşması üçün "yol xəritəsi” üzərində iş aparırlar. Bundan əlavə, "Şərq tərəfdaşlığı” strategiyası üzərində də işlər aparılır. Belarus lider əmindir ki, bu mərhələdə maliyyə və iqtisadi layihələr həyata keçirmək zəruridir. "Siz bilirsiniz ki, bu, heç də hamıya xoş gəlmir, o cümlədən bizim tərəfdaşlara. Lakin biz "Şərq tərəfdaşlığı” ilə bağlı razılaşmalara əməl etməyə sadiqiq”, - deyə fikrini tamamlayıb.
Yohannes Han Belarus liderinin sözlərini təəccüb və heyrətlə qarşılayıb. Sadəcə bildirib ki, iqtisadiyyatın inkişafı hər zaman cəmiyyətin, ölkənin inkişafı deməkdir.
Yerli analitiklər əmindirlər ki, Lukaşenkonun birdən-birə Aİ ilə yaxınlaşmaq barədə bəyanatı bu yaxınlarda Rusiya ilə aparılan danışıqların nəticəsiz başa çatması ilə bağlıdır. Onlar Belarus liderinin bütün iradlarının, fikirlərinin birbaşa Rusiyaya ünvanlandığı qənaətindədirlər. Moskva Minskin "Şərq tərəfdaşlığı” proqramında iştirakına qarşı çıxır. Məhz Rusiyaya qarşı sanksiyalar səbəbindən Belarus Avropa mallarının öz ərazisindən tranziti üzrə üzərinə götürdüyü öhdəlikləri ağır şəkildə həyata keçirir. Onların qənaətincə, Minski Aİ ilə yaxınlaşmağa vadar edən əsas səbəb Rusiyaya münasibətin dəyişməsidir. Proseslərin belə axarda getməsi Rusiya ilə Belarus arasında münasibətləri yenidən daha da gərginləşdirə bilər. Rusiya-Belarus İttifaqında təmsil olunan iki ölkə son illər hər sahədə problemlər yaşayırlar.
Minskdə hesab edirlər ki, Lukaşenkonun siyasi islahatların aparılacağı barədə səsləndirdiyi bəyanat sadəcə "göz kül üfürmək” də ola bilər. Məqsəd ancaq Rusiya rəhbərliyinə mesaj verməkdir. Belaruslu analitiklər bildirirlər ki, A.Lukaşenko real siyasi islahatlara getmək iqtidarında deyil. Əsas səbəb də odur ki, bunu etməklə o, hakimiyyətini itirə bilər. Bir faktı da qeyd edək ki, Avropa İttifaqının komissarı Lukaşenkoya vəd edib ki, yaxın vaxtlarda yenidən Minskə səfər edəcək. Bu da onun bu il ərzində Belarusa ikinci səfəri olacaq. Onun budəfəki səfərinin məqsədi "Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər və rəqəmsal texnologiyalar üzrə nazirliklərinin 10-cu sessiyasında iştirak olacaq.
Belarus-Rusiya münasibətlərindən söz düşmüşkən, nüfuzlu "Stratfor” nəşri açıqladığı hesabatda bir sıra mətləblərə aydınlıq gətirib. Mərkəzin analitiklərinin hazırladığı hesabatda vurğulanır ki, Belarus Rusiya üçün sadiq müttəfiq olmaqdan imtina edib və Qərblə Moskva arasında neytral vasitəçi mövqeyi tutmağa başlayıb: "2011-ci ildə Belarus rus orbitində yerləşirdi və Qərbdən siyasi baxımdan tam təcrid olunmuşdu. 2010-cu ildəki prezident seçkisinə görə keçirilən aksiyaların dağıdılmasından sonra Avropa İttifaqı və ABŞ Belarusun rəhbər şəxslərinə, o cümlədən prezident Aleksandr Lukaşenkoya sanksiyalar tətbiq etdi. Rusiya Belarusun yeganə böyük müttəfiqi idi. Hər şey 2014-cü ildə Ukraynadakı Maydan hadisələrindən sonra dəyişdi. Lukaşenko ağıllı siyasət yürüdərək, Belarusu Rusiyanın etibarlı müttəfiqindən Moskva və Qərb arasındakı vasitəçiyə çevirdi. Minsk Rusiya, Ukrayna və Aİ rəsmilərinin danışıqları üçün əsas məkanlardan biri oldu. Lukaşenko ölkənin coğrafi vəziyyətini geosiyasi üstünlüyə çevirə bildi”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər