• çərşənbə axşamı, 23 aprel, 20:01
  • Baku Bakı 20°C

Lukaşenko Avrasiya inteqrasiyasından narazıdır

31.05.19 18:27 947
Lukaşenko Avrasiya inteqrasiyasından narazıdır
Avrasiya İqtisadi İttifaqı (Aİİ) yaradıldığı vaxtdan bəri nə qədər çalışsa da, problemlərin məngənəsindən qurtula bilmir. Quruma daxil olan dövlətlərin liderləri dəfələrlə təşkilatın perspektivsizliyindən, problemlərindən bəhs ediblər. Bu sırada Belarus prezidenti Aleksandr Lukaşenko xüsusi fəallığı ilə seçilib. O, əvvəllər bir neçə dəfə Aİİ-nin perspektivsizliyi barədə bəyanatlar verib.Düzdür, Aİİ-nin Nur-Sultanda keçirilən sammiti yubiley tədbiri olduğundan problemlər elə də ciddi şəkildə səslənmədi. Lakin Belarus prezidenti sammit ərəfəsində Aİİ-dəki problemlərin ciddi xarakter daşıdığını bəyan edib. Özü də problem tək Aİİ-də deyil, Belarus və Rusiyanın birləşdiyi İttifaq Dövləti daxilində də yaşanır. "Nezavisimaya qazeta” yazır ki, Belarus və Rusiya prezidentləri – Aleksandr Lukaşenko və Vladimir Putin öz hökumətləri qarşısında İttifaq Dövləti daxilində inteqrasiyanın dərinləşməsi istiqamətində işləməyi və təkliflərlə çıxış etməyi tapşırıblar. Yalnız bundan sonra müzakirələrə prezidentlərin qoşulması nəzərdə tutulur. Beləliklə də, ekspertlərin problemli məsələlərin həlli ilə bağlı ümidləri yenə də özünü doğrultmayıb. İki ölkənin prezidenti Qazaxıstanın paytaxtı Nur-Sultanda görüşüblər. Hər iki prezidenti bura gətirən Avrasiya İqtisadi İttifaqının yubiley toplantısı, eləcə də Avrasiya İqtisadi Şurasının beşilliyi ilə bağlı keçirilən toplantı olub. Sammit gedişində görüşən Rusiya və Belarus prezidentləri ikitərəfli inteqrasiyanın dərinləşməsi məsələlərini müzakirə ediblər. "Belta” dövlət informasiya agentliyinin yaydığı xəbərə görə, prezidentlər müvafiq təkliflər ətrafında fikir mübadiləsi aparıblar. Aleksandr Lukaşenko və Vladimir Putin bu təklifləri müzakirə etmək üçün hökumətlərə iyunun 21-nə qədər təmas nöqtələri tapmağı tapşırıblar. Ehtimal var ki, bütün bunlardan sonra onlar Belarus və Rusiya arasında mövcud olan bütün məsələləri, eləcə də qarşılıqlı münasibətləri sistemli halda müzakirə etmək üçün görüşəcəklər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə ikitərəfli münasibətlərdə ən qaynar nöqtənin nədən ibarət olduğunu açıqlayıb. Onun sözlərinə görə, prezidentlər "Dostluq” neft kəmərinin neft çirklənməsindən təmizlənməsi və buna görə zərərçəkən dövlətlərə kompensasiya verilməsi məsələsini müzakirə etməyiblər. Bununla yalnız texniki qurumlar məşğul olacaqlar. Məlumat üçün bildirək ki, mayın 24-də çirkli neft Rusiyaya təkrarən revers istiqamətində daşınmağa başlayıb. Mayın 29-na olan məlumata görə, bu kəmər vasitəsilə 170 min ton neft daşınıb. Belarus ərazisində isə cəmi 1 mln. ton belə neft var. Polşa və Almaniya ərazisində də eyni həcmdə neft qalmaqdadır. Belarus tərəfi mayın 24-dən etibarən bu neftin nəqli ilə bağlı xüsusi tariflər müəyyən edib. Ekspertlər hesablayıblar ki, ölkə bundan 3 mln. dollar gəlir əldə edə bilər. Neftin nəqlinə görə yaşanan fasilə, neft emalı zavodlarında istehsalın həcminin azalması və avadanlıqların sıradan çıxarılması hələ ki, kuluarlarda müzakirə olunur. Tərəflərin də itkilərinin miqyası ilə bağlı dəqiq hesabı yoxdur. Lakin bəllidir ki, bu rəqəm Belarus və Rusiya üçün 100 mın. dollarlarla ölçülür. Rusiya maliyyə naziri Anton Siluanov bəyan edib ki, büdcə neft ixracı ilə məşğul olan şirkətlərin axsamaları üzündən zərər çəkməməlidir. İctimaiyyət də Lukaşenko və Putin arasında danışıqların nəticəsiz qalmasından narazıdır.
Yeri gəlmişkən, Rusiya ilə Belarus arasında problemlərin sırasına daha biri əlavə edilib. Belə ki, Belarus prezidentiAleksandr LukaşenkoQazaxıstanın bu ölkədəki səfiriErmuhammed Ertısbaevlə görüşdə bildirib ki, Belarus Qazaxıstandan neft nəqli ilə bağlı danışıqlar aparır və bu danışıqların aktivləşdirilməsini istəyir: "Bilirsiniz ki, biz hazırda karbohidrogen mənbələrinin nəqlinin şaxələndirilməsi ilə məşğuluq. Belarusa digər mənbələrdən nəqllə bağlı danışıqlar aparırıq. Bu il neft emalı zavodlarının modernizasiyasını yekunlaşdıracağıq. Buna görə də bizə dünya bazarından neft almaq bir az asan olacaq.Bununla əlaqədar olaraq Qazaxıstan neftinin nəqli ilə bağlı da danışıqlar aparırıq və istərdik ki, bu danışıqlar aktivləşsin. Düşünürəm ki, bu məsələni həll edə bilərik”. Bu da onu deməyə əsas verir ki, Minsk artıq Moskvadan deyil, Qazaxıstandan neft almaq niyyətindədir. Qeyd edilir ki, iki müttəfiq dövlətlər arasında problemlər kifayət qədərdir və prezidentlər arasında çoxsaylı görüş və danışıqlara baxmayaraq, onlar çoxdandır ki, həllini tapmır. Tərəflər ümid edirdilər ki, prezidentlər arasında sonuncu görüş taleyüklü olacaq. Lakin bu da baş vermədi. "Avrasiya İqtisadi İttifaqının son iclası zamanı Minski narahat edən problemləri müzakirə etmək olardı. Məsələn, Rusiya bazarı üçün bir sıra Belarus mallarının, xüsusən də ərzaq məhsullarının qapanmasını diqqətə almaq”, - deyə Rusiya mediası yazır. A.Lukaşenko də Nur-Sultanda sammitdə çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub: "Milli səviyyələrdə proteksionist qərarlardan, məhdudlaşdırıcı və qadağalardan imtina etmək gərəkdir. Məhz bu məsələ bizim birliyimizin fundamental əsası, inteqrasiya prosesində iqtisadiyyatın uğurlu inkişafının təminatıdır”. Belarus prezidentinin qənaətincə, o zaman Aİİ ideyasına digər dövlətlər də maraq göstərəcək. Bütün sahələr, o cümlədən energetika sahəsində bərabər şərtlər yaratmaq gərəkdir”, - deyə Lukaşenko Aİİ-ni tənqid edib. Halbuki, az əvvəl Belarus prezidenti Avrasiya İqtisadi İttifaqının hələ gənc olduğunu və bu səbəbdən də problemlərin ola biləcəyini bildirirdi. Lakin məsələ ondadır ki, prezidentlər və hökumətlər ittifaq inteqrasiyasını necə dərinləşdirmək üzərində baş sındırdıqları vaxt Belarus müxalifəti ölkənin Rusiya ilə daha sıx bağlayan İttifaq Dövlətindən çıxması üzrə imzatoplama kampaniyasına start verib. "Belarus irəli” ictimai kampaniyası üzrə petisiyaya qoşulanların sayı durmadan artır. Müxalifət bu məsələnin bağlı qapılar arxasında müzakirə edildiyinin onlara xoş gəlmədiyini açıq şəkildə bəyan edir. Onlar iddia edir ki, Belarusda iqtisadi durum getdikcə daha da ağırlaşır. Burada maliyyə çatışmazlığı öz təsirini göstərir. Bundan başqa, Rusiya ilə iqtisadi əlaqələrdə rentabelliyin Belarusun əleyhinə olduğu qabardılır. Bunların fonunda Qərbin Belarusa olan münasibətinin məzmunu da göstərir ki, qarşıda ölkəni çətinliklər gözləyə bilər. Bəs ölkə bu vəziyyətdən necə çıxa biləcək? Yaxın zamanlarda bu kimi sualın aktuallaşması mümkündür. Sözsüz ki, Belarus bir dövlət və millət olaraq sabitliyə, inkişafa və tərəqqiyə layiqdir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər