• cümə axşamı, 28 mart, 17:57
  • Baku Bakı 16°C

Loqoped problemi - Araşdırma

21.12.18 11:00 4676
Loqoped problemi - Araşdırma
Kənanın 4 yaşı var. 3 yaşından etibarən loqoped müayinəsi almasına baxmayaraq, danışığında dəyişiklik yoxdur. Valideynləri loqoped müayinəsinin çox baha? lakin faydasız müalicə olduğunu deyir: "Loqoped qiymətləri çox bahadır. Oğlumun danışmasına kömək olmaq üçün bir neçə məşhur kurslara aparmışıq, lakin faydası yoxdur. Pulum su kimi gedir, lakin peşəkar loqoped tapa bilmirəm ki, bizə kömək etsin”.
Təkcə Kənanın valideyni deyil, sosial şəbəkələrdə azca araşdırma etsəniz, çoxsaylı valideynlərin peşəkar loqoped azlığından şikayətləndiyini görərsiniz. Loqopedlərin əksəriyyətii ixtisasca ya psixoloq, ya da pedaqoqdurlar. Hər birinin isə xüsusi metodu olur.
Bəs əsl loqoped necə olmalıdır? Həqiqətən ölkəmizdə loqoped problemi varmı?
"Valideyn və uşaq arasında ciddi ünsiyyət problemi var”
Psixoloq Vəfa Rəşidova hər zaman defektoloq-loqopedlərlə sıx əlaqədə olur. Həmsöhbətimiz deyir ki, uşağı sağaltmaq istəyən defektoloq mütləq psixoloqla birgə işləməlidir: "Əksər hallarda pasientlərdə kəkələmə problemi olur. Bunun da kökündə psixoloji travma durur. Məhz belə hallarda defektoloq xəstəni psixoloqun yanına yönləndirməlidir. Peşəkar defektoloq öz xəstəsinə vicdanla yaxınlaşırsa, ona həqiqətən kömək etmək istəyirsə, psixoloqla işləməyi doğru biləcək. Birtərəfli edilən iş qeyri-peşəkar sayılır. Belə halda işin nəticəsi də çox yaxşı olmur”.
Defektoloq peşəsinin daha səbrli və təmkinli olmağı tələb etdiyini vurğulayan psixoloqun sözlərinə görə, onlar da hər kəs kimi öz işinə ciddi və məsuliyyətli yanaşmalıdır: "Defektoloq psixologiya haqqında məlumatlı olmalıdır. Bu sahədə araşdırmalar aparmalıdır. Əgər onun psixologiyadan anlayışı yoxdursa, işində xəstəsinə qarşı seçdiyi yanaşma da yanlış olacaq. Pasientə qarşı fərdi yanaşma onlar üçün çox önəmlidir. Öz sahəsində yeniliklər etməyə meyilli olmalıdırlar”.
Uşaqlarda nitq geriliyinin kökündə duran ən əsas səbəbin valideynlə bağlı olduğunu deyən psixoloq əlavə edir ki, indi valideynlər uşaqları ilə ünsiyyəti çox azaldıblar: "Bu gün valideyn və uşaq arasında ciddi ünsiyyət problemi var. Bundan başqa, ailədaxili münasibət, ailədə yaşanan gərginlik, aqressiya, şiddət də uşaqda psixoloji travmaya və nitqin geriləməsinə səbəb olur. Diqqət çəkmək istəyən və sevgi doyumsuzluğu yaşayan uşaqlarda bu hala daha çox rastlanılır. Bu cür uşaqların valideynlərinə əsas tövsiyəmiz odur ki, uşaqlarla tez-tez ünsiyyət qursunlar”.
"Pedaqoq və psixoloqun loqoped kimi işləmək səlahiyyəti yoxdur”
Loqoped Dilarə Qəhrəmanova "defektologiya”nın "Korreksiyaedici pedaqogika” kimi tanındığını və Loqopediyanın da bunun dörd tərkib hissəsindən biri olduğunu deyir. Müsahibimizin fikrincə, ali və orta ixtisas məktəblərində loqopediya ixtisasını bitirmiş hər kəs bu sahədə işləyə bilər: "Bu gün günlük, ya aylıq təşkil edilən kurslarda iştirak edib sertifikat alanlar da loqoped işləyir. Bu, qanuni deyil. Eləcə də, pedaqoq və psixoloqun da loqoped kimi işləmək səlahiyyəti yoxdur, çünki bunun təhsilini almayıblar. Bundan başqa, nitqi qüsurlu olan kəs loqoped işləyə bilməz. Şəxsin özünün psixoloji problemi və nitq qüsuru varsa, qətiyyən loqoped işləmənəlidir. Loqopedin nitqi çox səlis olmalıdır. Səs tonu qıcıqverici olmamalıdır. Çox aydın danışmalıdır, düzgün tələffüzü olmalıdır”.
D.Qəhrəmanova qeyd edir ki, loqopedin işi əslində mövcud olan nitq qüsurunu aradan qaldırmaq deyil, problemi qabaqcadan hiss edib, riski təyin etmək və qarşısını almaqdır: "Loqoped görürsə ki, uşağın nitqində bir balaca inkişaf ləngiməsi var və onun ailəsində bir neçə dildə danışılırsa, artıq bu uşaq risk qrupuna daxildir. Gələcəkdə o uşaqda nitq tam formalaşmaya bilər və yaxud kəkələyə bilər. Digər halda, uşağa evdə az diqqət ayrılırsa, uşaqla az ünsiyyət qurulursa, uşaq özü təkbaşına oynamağa məcbur qalırsa, onda da nitq problemi yaşana bilər”.
"Əgər, qarşımızdakı uşaqdırsa, onunla dost olmalıyıq”
Ötən günlərdən birində loqoped kursları verən şirkətin sosial şəbəkədə reklam çarxları qarşıma çıxdı. Diqqətimi çəkən xüsusi məqam loqopedin uşaqla davranış qaydası idi. Belə ki, loqoped aqressiv səs tonu ilə uşağa təzyiq göstərirdi. Bu danışıq tərzinin səbəbini soruşduqda isə, "bu, xüsusi tondur. Nitq geriləməsi yaşayan uşaqları sağaltmaq üçün əsgəri ton adlandırılan danışıq tərzindən istifadə edirik” cavabını aldım. Bu həqiqətən belədirmi? Aqressiv və hökmlü danışıq tonu müalicə üsuludurmu?
D.Qəhrəmanovanın bu fikrin səhv olduğunu bildirir. Həmsöhbətimizin sözlərinə görə, loqoped uşağa bütün sevgisini çatdırmalıdır və işə başlamazdan əvvəl uşağın etibarını qazanmalıdır. Belə olan halda işinin 50 faizini görmüş sayılır: "Düzdür, bəzən loqopedlər uşaqla çox kobud davranır və haqq qazandırır ki, bu da bir metoddur. Bu, metod deyil, əslində o insanın şəxsi keyfiyyətidir. Əgər, qarşımızdakı uşaqdırsa, onunla dost olmalıyıq. Loqopediyanın məqsədi ünsiyyəti düzəltməkdir. Biz kobud danışdığımız halda qarşımızdakından bizimlə ünsiyyətdə olmasını necə istəyə bilərik? Böyük bir insan da onunla xoş rəftar edən, onunla həmfikir olan, xoş danışan biri ilə ünsiyyətə girmək istəyər. Normal danışsın, cavab versin deyə, uşağa qarşı kobud davranmaq, üstünə qışqırmaq heç düzgün deyil”.
"Loqoped siyahıdan silah kimi istifadə etməlidir”
Loqoped son illərdə nitq geriləməsi olan uşaqların tərbiyəsində pedaqoji yanaşmada çox boşluqlar olduğunu təəssüf hissi ilə vurğulayır. D.Qəhrəmanova əlavə edir ki, indi uşaqların əksəriyyətində davranış problemi var: "Uşaqlar olar-olmaz, hə-yox bilmir. Qulaq asmır, etiraz edir, yaxud da qışqırır. Buna təcrübəmdə də rastlaşmışam. Ancaq bir loqoped kimi bizim borcumuz ona kömək etməkdir. Onu vurmaqla öyrətməyə çalışmaq, yola gətirmək əslində onun şəxsiyyətini alçaltmaqdır. Ümumiyyətlə, yola gəlməyən, döyülmədən sözə qulaq asmayan uşaq yoxdur. Mütləq onu yola gətirmək olur. Təbii ki, bu iş də böyük iradə, sevgi istəyir. Gərək sevgini onunla dolu-dolu paylaşasan ki, sənə etibar etsin, sənin tapşırıqlarını yerinə yetirsin. Onunla dost olmalısan, amma tədris prosesində sənin lider olduğunu da anlamalıdır. Çoxları bunu etmək istəmir və kobudluğu seçir. Məncə, hər bir loqopedin işə başlamadan əvvəl bir siyahısı olmalıdır. Siyahıda həmin uşağın xoşladığı hər şeyin adı qeyd edilməlidir. Loqoped o siyahıdakılardan silah kimi istifadə edərək, uşağı cəlb etməyi bacarmalıdır”.
Bəs uşaqlarda gec danışmanın səbəbi nədir?
Həmsöhbətimizin fikrincə, uşaqlarda gec danışmaq problemi təkcə Azərbaycanda deyil, indi bütün dünyada qloballaşıb: "Son illər doğulan uşaqlar arasında nevroloji, psixi xəstəliklər kritik bir həddə çatıb. Bunların da ən başlıca səbəbi ekologiya və qidadır. Nevroloji, psixiatrik problemlər nitqlə birbaşa əlaqəli olduğundan nitqində problemi olan uşaqların da sayı getdikcə daha da çoxalır. Artıq 22 ildir ki bu sahədə işləyirəm. Əvvəlki illərdə uşaq serebral iflici, əqli geriliklə bağlı nitq problemi yaxud hərf qüsurları ilə bağlı müraciətlər daha çox idisə, indi autistik spektr pozuntusu diaqnozu olan uşaqlarla bağlı, nitqin ləngiməsi, inkişaf ləngiməsi və kəkələmə halları ilə bağlı müraciətlər çoxdur. Hazırda problemlərdən biri də uşaqların evdə valideynlə çox bəsit dildə danışmasıdır. Məktəbə də gedəndə uşaq birdən-birə adi məişət dilindən ədəbi dilə keçir və çətinlik çəkir, Azərbaycan dilini anlamır”.
Sonda valideynlərə məsləhət verən loqoped vurğuladı ki, uşaqları ünsiyyətin düşməni olan telefonlarda uzaq tutsunlar: "Valideynlərdən xahiş edərdim ki, uşaqlarına daha çox vaxt ayırsınlar. Təbiətdə çox vaxt keçirsinlər. Uşaqlarını ünsiyyətin düşməni olan telefon və televiziyadan uzaq tutsunlar. Uşaqların yaşına uyğun onunla birgə oyunlar oynasınlar. Öz nitqləri üzərində işləsinlər. Uşaqlarla çox ünsiyyətdə olsunlar. Ən əsası, uşaqla söhbət zamanı Azərbaycan dilinin bütün sözlərindən istifadə etməyə çalışıb, ədəbi dildə danışsınlar”.
"3 aylıq kursla loqoped olmaq mümkün deyil”
Loqoped Lalə İmanova da bu sahədə peşəkar mütəxəssisin az olduğunu vurğulayır: "Bizim işimiz elədir ki, burada peşəkarlıq vacibdir. Səbir, xoş münasibət, davranış əsas meyarlardır. Bu gün loqoped ixtisasına bir çox təhsil ocaqlarında yiyələnmək mümkündür. İndi evdar xanım, tamam başqa sahənin adamı özü üçün loqoped xidməti göstərən obyekt açır. Bu fəaliyyətə nəzarət yoxdur. 1 və ya 3 aylıq kursla loqoped olmaq mümkün deyil. Belə loqopedlər valideynləri də aldadır, onlara təminat da verirlər, guya, uşağın nitq qüsurunu aradan qaldıracaqlar. Savadlı, təcrübəli loqoped belə təminatı verə bilməz. Çünki nitq qüsurlarının səbəbi aydınlaşmadan tələsmək olmaz. Valideynlər belə mərkəzlərə müraciət edəndə loqopedin diplomunun surətini tələb etsələr, yaxşı olar. İndi xüsusi uşaq bağçaları da var. Bunu xüsusi qeyd edirəm ki, uşağın nitqi daha çox bağçada, yaşıdları ilə ünsiyyət zamanı formalaşır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər