• cümə axşamı, 25 aprel, 19:36
  • Baku Bakı 21°C

Londondakı Azərbaycan - fotolar

10.05.13 10:20 2601
Londondakı Azərbaycan - fotolar
Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Böyük Britaniyada 5 il öncə yaranıb. Bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulan mərkəz qeyri siyasi fəaliyyət göstərməklə bərabər maddi mənfəət güdməyən bir təşkilat kimi tanınır. Mərkəzin rəhbəri Əli Təkin Atalar təşkilatın fəaliyyətinin əsas məqsədinin Azərbaycanla Britaniya arasında mədəni və dostluq əlaqələrini möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdən ibarət olduğunu bildirib.
“Kaspi”nin müxbiri Londonda olarkən Azərbaycan Evinə baş çəkib və mərkəzin fəaliyyəti ilə yaxından maraqlanıb.
Azərbaycanlıları birləşdirmək istəyi
- Londonda Azərbaycan Evi hansı zərurətdən yarandı?
- Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008-ci il, 14 noyabr tarixində London Hackney Bələdiyyəsi Spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü cənab Fraserin iştirakı ilə həyata keçirilib. Təşkilat QHT kimi Londonda qeydiyyatdan keçib. Bu, mədəni və sosial diaspor təşkilatıdır. Bizim heç bir kommersiya istiqamətimiz yoxdur. Sadəcə, burada yaşayan azərbaycanlıları birləşdirməyə çalışırıq. Biz bu fəaliyyətə başlayanda burada demək olar ki, azərbaycanlı yox idi. 10 nəfər azərbaycanlı tapa bilsəydik sevinərdik. İndi isə buradakı azərbaycanlıların sayı xeyli çoxdur. Vaxtilə burada yaşayan azərbaycanlılar bir-birləri ilə görüşmür, bir-birlərindən xəbərsiz yaşayırdılar. Biz istəyirdik ki, onlar bir-birlərini tanısınlar, bir-birlərinə kömək etsinlər. İngiltərədə Azərbaycan səfirliyi yaranandan sonra əlaqələr möhkəmlənməyə başladı. Biz burada çox tədbirləri həyata keçiririk. 20 Yanvar, Xocalı faciəsi, Azərbaycan torpaqlarının işğal olunduğu tarixləri qeyd edir, ədəbi və musiqi gecələri təşkil edirik. Novruz bayramı ilə bağlı keçirdiyimiz tədbirlər böyük marağa səbəb olur. Azərbaycanlı şair və yazıçıların xatirə günlərini də mərkəzdə qeyd edirik. İndi burada yaşayan azərbaycanlılar bu məkanı yaxşı tanıyırlar. Londonda təhsil alan azərbaycanlı tələbələr də bura tez-tez baş çəkirlər. Mərkəzə azərbaycanlılardan başqa ingilislər və digər əcnəbi vətəndaşlar da gəlir. Biz Azərbaycan Evi olaraq İngiltərədəki Azərbaycan səfirliyi ilə bərabər çalışırıq. Səfir Fəxrəddin Qurbanov bütün tədbirlərimizdə yaxından iştirak edir. Ancaq burada fəaliyyət göstərən Türkiyə səfirini dəvət etsək də heç vaxt tədbirlərimizə qatılmır. Baxmayaraq ki, biz həmçinin burada fəaliyyət göstərən türk təşkilatları ilə bərabər işləyir, qarşılıqlı surətdə bir-birimizə kömək edirik.
Biz tədbirlərimizlə bağlı təbliğati işlər də həyata keçiririk. Sosial şəbəkə vasitəsilə tədbirlərimiz haqqında məlumatlar yayırıq. Bizim Cənubi Azərbaycandan dostlarımız da çoxdur. Ümumiyyətlə, burada Cənubi Azərbaycandan 10 minə yaxın adam yaşayır. Onların arasında işimizə köməklik edənlər də var. Keçən il burada Ququşun konsertini təşkil etdik. O, hər il İngiltərəyə gəlir. Burada azərbaycanlı musiqiçilərin də konsertləri keçirilir. Azərbaycan-İngiltərə cəmiyyəti ilə bərabər də işlərimiz olur. İyun ayında onlarla bərabər Bakıda tədbir həyata keçirəcəyik. Həmçinin səfirliklə bərabər ümummilli lider Heydər Əliyevin yubileyini qeyd edəcəyik. Tədbirlərimiz olanda bir-birimizə xəbər verir və kömək edirik. Biz hələ gənc təşkilatıq. Bizimlə müqayisədə burada ermənilərin və rusların təşkilatları uzun illərdir ki, fəaliyyət göstərir. Xüsusən ermənilərin 3-4 kilsəsi, mədəniyyət mərkəzləri və məktəbləri var. Onların ən çox məskunlaşdığı yer Mançester şəhəridir. Ermənilərin fəaliyyəti həmişəki kimi yerindədir.
- Siz Azərbaycanı İngiltərədə təmsil edirsiniz və təşkilatı saxlamaq üçün heç bir yardım almırsınız. Ümumiyyətlə, QHT olaraq hər hansı bir yardım üçün müraciət etmisinizmi?
- Biz bu təşkilatı yaradanda «heç kimdən pul almayacağıq» deyə bildirdik. Çünki kimdənsə pul istəyəndə gərək onun əmrində olasan. Bizim məramımız Azərbaycana xidmət etməkdir. Biz böyük şirkətlərdən də pul almırıq. Düzdür, özləri təklif ediblər, ancaq biz bunu qəbul etmirik. Bizim təşkilatımız Böyük Britaniya təşkilatıdır – burada yaşayan azərbaycanlıların fəaliyyətinə dəstək göstərir, onları bir araya gətiririk. Ümumiyyətlə qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilib. Azərbaycan Evi mədəniyyətimizin təbliği istiqamətində bütün institut və qruplarla əməkdaşlıq etməyə hazırdır.
Könüllülərə ehtiyac
- Ölkədə yaşayan əhalinin hazırda Azərbaycan haqqında nə qədər məlumatları var?
- Son illərə qədər demək olar ki, məlumatları yox idi. Əvvəllər Azərbaycan deyiləndə heç kim bilmirdi ki, bu hansı ölkədir və ya harada yerləşir. İndi isə ölkəmizin tanınması baxımından xeyli irəliləyiş var. Xüsusən «Eurovision» müsabiqəsindən sonra Azərbaycan haqqında məlumatları çoxalıb.
- Azərbaycan mədəniyyətini daha geniş formada Böyük Britaniyada tanıtmaq üçün hansı tədbirləri nəzərdə tutmusunuz?
- Keçən il Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycan film festivalı keçirildi. Bu ilin oktyabr ayında ikinci film festivalın keçirilməsinə hazırlıq işləri görülür. Keçənilki festivalın keçirilməsinə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan-Avropa Cəmiyyəti kömək edib. Festival çərçivəsində «Buta», «Qırxıncı qapı», «Müqəddəs heyvan» filmləri və bir neçə sənədli film nümayiş etdirildi. Xalq yazıçısı Elçin Əfəndiyevin “Mənim sevimli dəlim” əsəri də burada səhnələşdirildi və ingilis dilində premyerası keçirildi.
Bizim mərkəzdə çoxlu xalq musiqi alətləri var. Sadəcə, ifaçılarımız yoxdur. Burada Babək adlı təbrizli musiqiçi yaşayır. O, bizim tədbirlərimizdə həmişə musiqiçi kimi iştirak edir. Mart ayında Novruz bayramı ilə bağlı Azərbaycan səfirliyi ilə birgə böyük bir tədbir təşkil etdik. 500-ə yaxın iştirakçının çoxu ingilislər idi. Biz istəyirik ki, burada davamlı olaraq hər həftə musiqi gecələri keçirək. Gənclər gəlib oxusunlar, fikirlərini bölüşsünlər.
- Əvvəllər Londonda Azərbaycan məktəbi də fəaliyyət göstərirdi. Həmin məktəbin yenidən fəaliyyətə başlaması üçün hansısa planlarınız varmı?
- 2009-2010-cu illərdə burada məktəb kirayələyib Azərbaycan dilində dərslər keçirilirdi. «Kaspian Xəzri» adı ilə fəaliyyət göstərən məktəb sonradan maddi yardım olmadığından bağlandı. Yenə də başqa məktəblərdə həftə sonları dərslər keçirilir. Biz Azərbaycan dili ilə bağlı məktəbin yenidən fəaliyyətinə başlamaq istəyirik. Londonda çoxlu türk dərnəkləri fəaliyyət göstərir, ancaq onların yerləri yoxdur və tədbir keçirmək üçün məkan kirayələyirlər. Bizim isə öz yerimiz var və bu baxımdan hər hansı bir iş görmək asandır. Yetər ki, insanlar gəlib işləsinlər. Bizim burada kitabxanamız da var. Bura tələbələr köməyə gəlir. Bir-iki il işləyəndən sonra gedirlər. Təşkilatda işləmək üçün könüllülərə ehtiyacımız var.
- Azərbaycandan İngiltərəyə səfər edənlər Azərbaycan Evinə baş çəkirlərmi?
-Tez-tez qonaqlarımız olur. Keçən il Azərbaycandan gələn 30 millət vəkili bizim mərkəzdə qonaq oldu. Həmçinin bölgənin meri, o cümlədən lord Fraser də Azərbaycan Evində qonaq olublar. Lord Fraser Azərbaycana maraqlı adamdır. O, həmçinin Azərbaycan-İngiltərə Cəmiyyətinin başqanıdır. Biz Azərbaycan Evini yaradanda da ilk dəfə o, bizə kömək etdi. Kipr türkləri, kərküklülər də bizə çox kömək edirlər. Azərbaycan Evi burada türkdilli dövlətlərin forumunu da keçirib. Burada imkanlı azərbaycanlılar yaşayırlar. Amma nədənsə təşkilatın işinə qarışmırlar. Sanki özlərinə qapanıblar. Biz istərdik ki, onlar da bir araya gəlsinlər və Azərbaycan adına gördüyümüz işləri daha da təkmilləşdirək. Hamı bir araya gəlsə, əlbəttə böyük içlər görmək olar. Biz mərkəz olaraq fəaliyyətimizi daha da genişləndirmək və şəhərin mərkəzində daha böyük binada yerləşmək istəyirik. Məqsədimiz Azərbaycan adına daha çox iş görmək, ölkəmizin mədəniyyətini, tarixini, görkəmli şəxsiyyətlərini tanıtmaqdır.
Təranə Məhərrəmova
Bakı-London

banner

Oxşar Xəbərlər