• çərşənbə axşamı, 23 aprel, 14:37
  • Baku Bakı 24°C

London səfəri «rus ləkə»sini silə bilməyəcək Təhlil

30.08.13 08:20 1614
London səfəri «rus ləkə»sini silə bilməyəcək Təhlil
Milli Şura üzvlərinin dumanlı Albiona turist səfəri ucuz şoudan başqa bir şey deyil
Hər seçkidə olduğu kimi, bu ilki prezident seçkiləri öncəsi də radikal müxalifətin dəstək almaq məqsədilə xaricə tutmasının şahidi olmaqdayıq. Xalqla, seçicilərlə bir dəfə də olsun (pərakəndə 18 avqust mitinqi nəzərə alınmasa) təmasda olmamış, görüş keçirməmiş xaricə üz tutması müxalifətin və onun namizədinin yerli seçicinin rəyinə, səsinə əhəmiyyət vermədiyini göstərən amildir. Bu, müxalifətin köhnə səhvi, sağalmaz xəstəliyidir.
Son günlər müxalifət mediası Milli Şuranın gözlənilən London səfərini xüsusi hay-küylə təqdim etməyə başlayıb. Guya ki, müxalifətin Londona səfəri qarşıdakı seçkidə nəyisə dəyişə bilmək qədər əhəmiyyətlidir.
Ümumilikdə isə səfərin Londona edilməsi müəyyən taktiki xarakter daşıyır. Belə ki, müxalifət səfəri Qərb ölkələrinin birinin paytaxtına etməklə bu vaxtadək Milli Şuranın Rusiyada olan bəzi qüvvələrin sifarişi ilə yaradılması və rus layihəsi olması haqqında formalaşmış ictimai rəyi çaşdırmaq niyyəti güdür.
Məhz müxalif mətbuatın da məsələnin bu aspektini qabartmaqla ictimai rəyi dəyişdirmək niyyəti gözdən qaçmır. Bununla Milli Şurada cəmləşən qüvvələr özlərinin qərbyönümlü olduğunu göstərməyə, eyni zamanda diqqəti Qərbin də Milli Şuraya dəstək verdiyi haqqında imitasiyalara cəlb etməyə çalışır. Lakin az qala iki ilə yaxındır ki, Rusiyadan gələn direktivlərlə hərəkət edən adamların birdən-birə Qərbə reverans edə bilməsi gülüncdür.
Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, Milli Şura ideyası və onun reallaşdırılması elə əvvəldən Rusiya ilə bağlı olub. Həmçinin bugünədək Şuranın maliyyələşdirilməsinin də Rusiyadan olan bəzi qüvvələrə bağlı olduğu iddiaları səsləndirilir. Digər tərəfdən nəzərə alınarsa ki, görüşdə Rüstəm İbrahimbəyov da iştirak edəcək, bu bir daha təsdiq edir ki, təlimatlar yenə də birbaşa Moskvadan gələcək. Bu mənada müxalifətin Milli Şuraya Qərbdən dəstək verilməsi və Qərblə yaxınlaşma görüntülənin yaradılması yalnız ucuz şoudur.
Milli Şura Londonda heç bir vacib və Azərbaycan üçün taleyüklü görüşlər keçirilə bilməz. Ən azından belə formatda bu, mümkün deyil. Digər tərəfdən Milli Şura qeyri-ciddi qurum olduğu üçün sadəcə olaraq Azərbaycanı istəməyən qüvvələr onları Londona dəvət etməklə ölkəmiz haqqında mənfi imic formalaşdırmaq niyyəti güdürlər.
Nəzərə alsaq ki, görüşlərdən biri BBC-də keçiriləcək, bir çox mətləblər aydınlaşar. Məlumdur ki, bir müddət əvvəl məhz BBC tərəfindən Azərbaycana qarşı qərəzli şəkildə qarayaxma kampaniyası başladılmışdı. Azərbaycanın uğurları ilə barışa bilməyən və ölkəmizdə öz maraqlarını təmin etmək imkanından məhrum olmuş bəzi xarici qüvvələr məhz BBC vasitəsilə ölkəmizə qarşı kampaniyaya start vermişdi. Milli Şurada təmsil olunan qüvvələrin BBC-yə dəvət edilməsi də bu kampaniyanın tərkib hissəsi hesab olunmalıdır. İstisna deyildir ki, növbəti qarayaxma kampaniyasında BBC məhz Milli Şuradan və onun təqdim etdiyi qondarma donoslardan istifadə edəcək. Bu da Milli Şuranın Azərbaycan xalqına, dövlətçiliyinə «hədiyyə»si olacaq.
Milli Şurada təmsil olunanlar adi bir məntiqi dərk etməkdə çətinlik çəkirlər ki, onlar bəzi xarici antiAzərbaycan qüvvələrin əlində sadəcə vasitədirlər və onlardan istifadə edildikdən sonra bir daha yada düşməyəcəklər.
Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının arxasında əsasən erməni diasporunun durması isə sirr deyil. Bu fakt tutarlı əsaslarla dəfələrlə yüksək səviyyədə bəyan edilmişdir. Məhz bu dəfə də istisna deyildir ki, Milli Şuranın London səfəri və orada müəyyən görüşlərinin təşkil edilməsi və bundan Azərbaycana qarşı kompromat üçün istifadə edilməsi elə erməni diasporunun fəaliyyətinin nəticəsidir. Səfərin maliyyə qaynaqlarının açıqlanmaması da bu versiyanın ağlabatlığını təsdiqləyir. Digər tərəfdən belə bir sual yaranır: Milli Şuranın ən pullu adamı R.İbrahimbəyov seçki üçün xalqdan hərəyə 1 manat istədiyi halda, belə geniş bir tərkibdə nümayəndə heyətinin uzunmüddətli London səfərinin maliyyəsi haradan əldə olunur?
Milli Şurada təmsil olunan qüvvələri isə bu kimi məsələlər çox da narahat etmir. Çünki burada təmsil olunanların əksəriyyətinin, istər Milli Şuranın sədri R.İbrahimbəyovun, istər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin ermənilərlə müxtəlif zamanlarda müxtəlif səpkili təmasları, işbirlikləri artıq sirr deyil. Bunu Rüstəm İbrahimbəyovun timsalında xüsusilə müşahidə etmək olar. O, verdiyi müsahibələrində dəfələrlə ermənilərə xüsusi rəğbətinin olduğunu açıq-aşkar ifadə etmişdir. Həmçinin özünün çoxlu erməni dostunun olduğunu gizlətmir. Bundan başqa, İ.Qəmbərin bir neçə il öncə Ermənistanın müxalifət partiyalarından biri ilə saziş imzalaması, Əli Kərimlinin partiyasının keçmiş funksionerlərindən Ruslan Bəşirli vasitəsilə ermənilərdən maliyyə dəstəyi alması və s. faktlar göstərir ki, müxalifət öz mənafeləri naminə hətta Azərbaycan xalqının düşmənləri ilə belə işbirliyinə hazırdırlar.
Yeri gəlmişkən onu da xatırladaq ki, müxalifətin London səfəri bu ilki prezident seçkiləri öncəsi Milli Şuranın adının ermənilərlə bağlı çəkildiyi ilk hal deyil. Məlum olduğu kimi, Milli Şuranın Tbilisidəki toplantısı da məhz erməni sahibkara məxsus oteldə keçirilmişdi.
Bir daha qayıdaq Milli Şuranın London səfərinin əhəmiyyətinə. Müxalif mətbuatının yersiz hay-küyünə baxmayaraq bu səfərin müxalifətin mənafeləri baxımından heç bir ciddi nəticələri ol bilməz. Yaxın tarixə ekskurs etməklə biz fikrimizin əsaslandıra bilərik. Belə ki, hələ 1998 və 2003-cü il prezident seçkiləri öncəsi də müxalifətin London, Vaşinqton səfərləri olmuşdu. O zaman da müxalif mətbuat bu səfərlərin əhəmiyyətini şişirtməyə çalışırdı. Lakin zaman bunun tam əksini sübut etdi.
Bir qayda olaraq Azərbaycanda seçkilər ərəfəsində müxalifəti Londona və digər xarici paytaxtlara turist kimi dəvət edib, elə turist kimi də yola salırlar. Bu da onu göstərir ki, bu tip səfərlərin heç bir əhəmiyyəti yoxdur, yalnız Azərbaycanın imicini korlamağa və daxili təbliğat üçün istifadəyə hesablanır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər