• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Lombard xidmətindən yararlanarkən yüz ölçüb, bir biçin

11.11.16 11:58 8112
Lombard xidmətindən yararlanarkən yüz ölçüb, bir biçin
Ağdaşda bir qrup sakin Lombard tərəfindən aldadılıb. Rayon sakinləri qızıl qoyub, pul götürüblər. Müştərilər aldıqları pulları və faizini tam şəkildə geri qaytarsalar da, girov qoyduqları qızıllarını ala bilməyiblər. Əslində bu, lombardlarla bağlı vətəndaşlarımızın üzləşdikləri ilk problem deyil. Heç sonuncu olacağına da güman yoxdur. Əksinə problemlərin artacağı daha realdır.

Çünki banklardan kredit almaq çətin olduğu pula ehtiyacı olan əhalinin üz tutacağı ünvan lombardlar olur. Tələb çox olanda, su-istifadə halları da bəzən qaçılmaz olur. Düzdür, bir neçə ay öncə Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlama verilmişdi ki, lombardlar palatanın nəzarətinə alınacaq. Amma hələ də problemlər qalmaqdadır. Bəs bu problem niyə yaranır? Vətəndaşlar niyə aldadılır? Lombardlara üz tutarkən vətəndaşlar nələrə diqqət etməlidirlər ki, sonradan problemlə üzləşməsinlər?
10 gün ödəniş olmasa...
Bu kimi suallar həddindən artıq çoxdur. Yazıda bu suallarımıza cavab tapmağa çalışacağıq. Amma öncə lombardlarla danışıb, onların iş prinsipləri, faizləri, bağladıqları müqavilələr bağlı söhbətləşmək qərarına gəldik. Demək olar ki, əksər lombardlar telefonla hər hansı məlumat verilmədiyini bildirdi. Məlumatın, müştəri kimi ofisə gəlib, müqavilə bağlanılan zaman verildiyini dedilər. Bülbül prospekti-28 ünvanında fəaliyyət göstərən lombarddan bildirildi ki, müştəri onlardan kredit almaq istəyirsə, qızılını götürüb, ofisə gəlməlidir. Qızıla zərgər qiymət qoyduqdan sonra nə qədər kredit veriləcəyi məlum olur. Əgər qarşılıqlı razılaşma olarsa, müştəriyə girov bileti təqdim olunur. Telefona cavab verən xanım "bəs qızılların sonradan geri qaytarılmasında problem olurmu” sualımıza belə cavab verdi: "Yeddi ildir işləyirik, hələ indiyə kimi belə problemimiz olmayıb” . Detallı məlumatlar isə müştərilərə yalnız ofisdə verilir.

İnternational Kredit Təşkilatından isə bildirildi ki, qızıla baxdıqdan sonra kreditin dəqiq məbləği müəyyənləşdirilir: "Amma ümumilikdə 583 əyarlı qızılın qramı üçün təxminən 16 dollar, aylıq 5 faiz ödəniş müəyyənləşdirilib. Kredit götürmək istəyirsinizsə, şəxsiyyət vəsiqəsi və qızılla ofisə yaxınlaşın. Müqavilə kimin adına olacaqsa, qızılları sonda da ona təhvil veririk”.

Bildirildi ki, 10 gün içərisində ödəniş olmadıqda müştəriyə zəng olunur, əgər ödənişi etməsə, bildiriş göndərilir. Bildirişdən sonra da müştəri ödənişini etmirsə, qızıllar satılır. Maksimum ay yarım, iki aya bu proses yekunlaşır”.
"Lombard girov qoyulan əşyaya görə məsuliyyət daşıyır”
Vəkil Ceyhun Cəfərli qəzetimizə açıqlamasında bildirdi ki, lombarddan pul götürülən zaman müqavilə bağlanılır. Bu müqavilədə bir çox məsələlərin əks olduğuna diqqət etmək lazımdır: "Əşya lombarda girov qoyulan zaman müqavilə bağlanır. Müqavilə də lombardın verdiyi girov bileti adlanır. Rəsmiləşdirilmə bu cür olur. Sonra əşya lombarda verilir. Pulu götürən şəxs vəsaiti müqavilə şərtlərinə uyğun şəkildə geri qaytarmalıdır. Lombard isə girov qoyulan əşyaya görə məsuliyyət daşıyır. Bəzən müştərilər girov qoyduqları qızıl-zinət əşyalarını geri götürəndə müəyyən çatışmazlıqlar olması halları ilə də rastlaşırlar. Məsələn, brilyant, almaz, yaqut və s. kimi qiymətli daşları götürüb, yerinə adi daşlar qoya bilərlər. Ona görə girov qoyularkən, bu kimi məsələlərin də müqavilədə əks olunmasına diqqət edilməlidir”.

C.Cəfərli deyir ki, əgər pulu götürən öhdəliyini yerinə yetirmirsə, lombard həmin əşyanı açıq hərracda satışa çıxarır. Satışdan əldə olunan gəlir isə borcun bağlanmasına yönəlir. Borc bağlanandan sonra vəsaitdən artıq qalarsa, vətəndaşa qaytarılır. Borc tam bağlanırsa, artıq vəsait qalmırsa, qarşılıqlı şəkildə öhdəliklərə xitam verilir. Əgər əşyanın satışından əldə olunan gəlir lombarda veriləndən sonra bütün borc həmin məbləğlə bağlanmasa belə öhdəliyə xitam verilir. Lombard çatışmayan krediti vətəndaşdan tələb edə bilməz.
Məhkəmə əşyaların geri qaytarılmalı olduğunu sübut etsə...
Əgər lombard öhdəliyini yerinə yetirmirsə, bu zaman vətəndaş məhkəməyə üz tutmalıdır. Hüquqşünas deyir ki, vətəndaş ona vurulan zərərin əvəzi kimi əlavə pul tələb edə bilər: "Məhkəmə iddiaçı tərəfin haqlı və əşyalarının geri qaytarılmalı olduğunu sübut etsə, bu halda əşyaları geri tələb etmək üçün iddiaçının çəkdiyi xərcləri də tələb edə bilər. Tutaq ki, hüquqi xidmətə görə 300 manat vəkilə pul ödəyib, bunu tələb edə bilər. Ekspertiza keçirilibsə, bunun xərclərini, əldən çıxan faydanı, mənəvi zərəri tələb edə bilər. Əgər əşyalarda çatışmazlıqlar, hansısa zədələr varsa, onlar da ayrıca dəyərləndirilir, onu da məhkəmə təmin edir”.

Hüquqşünas deyir ki, vətəndaşlar müqaviləyə imza atmazdan öncə lombardla bağlı araşdırma aparsalar daha məqsədəuyğun olar: "Lombardların yerləşdiyi yerdə fəaliyyəti üçün tələb olunan icazə sənədi diqqəti cəlb edən yerdə vurulmalıdır ki, müştərilər bunu görsünlər. Ümumiyyətlə, lombarda qızıl əşyaları qoymamışdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır”.
"Lombardların fəaliyyətinə ciddi nəzarət yoxdur”
İqtisadçı alim Vüqar Bayramov deyir ki, vətəndaşların bu kimi problemlərlə üzləşmələrinin əsas səbəbi lombardların lisenziya tələb edən fəaliyyət sahəsi olmamasıdır: "Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara nəzarətin gücləndiriləcəyini bildirmişdi. Amma lombardların lisenziyalaşdırılması prosesi həyata keçirilmir. Sadəcə, fiziki şəxs kimi qeydiyyatdan keçməklə, lombard fəaliyyəti göstərmək mümkün olur. Bu da ona gətirib çıxarır ki, lombardların fəaliyyətinə ciddi nəzarət etmək olmur. Nəzarət olmadığı üçün bir sıra hallarda lombardlar tərəfindən vətəndaşlar aldadılır”.

Amma problem təkcə lisenziya ilə bağlı deyil. İqtisadçı bu sahədə bir çox problemlərin olduğunu deyir: "Əsas problemlərdən biri lombardlarda faizlərin çox yüksək olmasıdır. Yüksək faizlərin tənzimlənməsi prosesi yoxdur. Eyni zamanda, lombardlar tərəfindən alınan qızılın taleyi ilə bağlı problemlər var. Qızıl dəyişdirilir, yaxud vətəndaş öhdəliyini tam yerinə yetirsə də, qızılını geri ala bilmir, dəyişdirilmiş qızıl verilir, bəzi hallarda qızılı verməkdən imtina edirlər. Nəticədə vətəndaş öz hüquqlarını qorumaqda çətinlik çəkir. Çünki lombardların fəaliyyətinə sadəcə sahibkarlıqla məşğul olan bir fiziki şəxs kimi nəzarət edilir. Bu da qızılı dəyişdirilmiş, yaxud geri qaytarılmayan vətəndaşların hüquqlarının qorunması ilə bağlı çətinlik yaradır. Eyni zamanda, biz tez-tez lombardların fəaliyyətinin dayanmasını müşahidə edirik. Lombardların böyük bir qismi zirzəmilərdə, yaxud yarımzirzəmilərdə fəaliyyət göstərən bir otaqlı ofislərdən ibarətdir.Qızılı alır, borc verir. Vətəndaş borcun bir hissəsini qaytardıqdan sonra lombardın bağlandığını görür. Lombard köçüb gedir, bəzi hallarda qızılları götürüb, yoxa çıxırlar, tapmaq çox çətin olur. Hətta lombard cəzalandırılsa da, vətəndaşın pulunu geri qaytarmaq çətin olur. Ona görə də bu tip halların artdığını və son dövrlər kütləviləşdiyini nəzərə alaraq, bu istiqamətdə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Çünki bankların da kredit şərtləri ağırlaşdığı üçün artıq vətəndaşlar lombardlara daha çox üz tuturlar. Bu da lombardların yüksək faizli borclarına tələbi artırır”.

V.Bayramov vətəndaşların problemlə üzləşməməsi üçün bir neçə təklif irəli sürdü: "İlk olaraq lombardların lisenziyalaşdırılmış fəaliyyət növünə daxil edilməsi lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən fəaliyyətləri lisenziyalaşdırılsın. İkincisi, kommersiya banklarında olduğu kimi lombardlar üçün də minimum məcmu kapital müəyyənləşdirilsin. Müəyyən kapitalla fəaliyyətə başlasınlar ki, lombardın məsuliyyətini artırmaq mümkün olsun. Üçüncüsü, lombardların verdikləri borca görə kommersiya banklarında olduğu kimi konkret meyarlar və öhdəliklər olmalıdır. Faizlərin tənzimlənməsinə ehtiyac var. Bəzi lombardlar aylıq 5, illik 60 faizlə kredit verirlər. Bu baxımdan lombardların fəaliyyətinin tənzimlənməsi vacibdir. Fəaliyyətləri ilə bağlı konkret mexanizmlər olmalıdır. Lombardların zirzəmi və yarımzirzəmilərdə fəaliyyət göstərmələrinin qadağan edilməsinə ehtiyac var”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər