• cümə axşamı, 25 aprel, 10:22
  • Baku Bakı 14°C

Lokal döyüşlərdə qazanılan uğurlar böyük qələbənin ilk müjdəçiləridir

19.09.18 20:01 1083
Lokal döyüşlərdə qazanılan uğurlar böyük qələbənin ilk müjdəçiləridir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Bu tədbirlər sayəsində son illər yeni hərbi hissələr, hərbi şəhərciklər istifadəyə verilib, ordumuz yeni silah və texnika ilə təchiz edilib, peşəkarlığını artırıb. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirləri, Ali Baş Komandanın təmas xəttində, səngərlərdə zabit və əsgərlərlə söhbətləri isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığında daha mühüm rol oynayıb. Bütün bunların nəticəsində Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycan eyni zamanda regionun ən güclü ordusuna sahib olan dövlətə çevrilib. Bunu sadəcə biz deyil, beynəlxalq təşkilatlar, dünyanın konfliktologiya üzrə mütəxəssisləri, hətta erməni hərbi ekspertləri də dilə gətirirlər. Etiraf olunur ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. 2016-cı ilin aprel döyüşləri, cari ilin Günnüt döyüşləri, Ermənistanın təxribatlarına cavab olaraq işğal altındakı ərazilərimizin bir qisminin düşməndən azad edilməsi də deyilənlərə əyani sübutdur.

Bu günlərdə "Globalfirepower” portalının 2018-ci il üçün hazırladığı siyahı ilə Azərbaycan Ordusunun qüdrəti yenidən diqqət mərkəzinə gəlib. Həmin siyahıya görə, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. Azərbaycan bu reytinqlə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyub. Qeyd edək ki, bu reytinq siyahısının hazırlanması zamanı dövlətlərin hərbi gücünün müəyyən edilməsi üçün 50 müxtəlif amil nəzərə alınıb. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və sair amillər diqqətdən keçirilib. Nəticə olaraq Azərbaycan Ordusu regionda liderliyini qoruyub saxlayıb.

Prezident İlham Əliyev də həm Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı təşkil olunan paradda, həm də Biləsuvar rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri qarşısındakı çıxışında bu amilə diqqət çəkib. Azərbaycan Silahlı Qüvvələrinin real mənzərəsini dilə gətirən Ali Baş Komandan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarına da tutarlı cavab verib. O, düşmən ölkənin hazırda çox ağır vəziyyətə olduğunu vurğulayıb. Qeyd edib ki, heç bir halda Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə rəqabət apara bilməz. Dövlət başçısı deyib ki, iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Prezidentin sözlərinə görə, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir, bundan sonra da verəcəkdir. O, bir neçə gün bundan əvvəl də Azərbaycan əsgərlərinin Ermənistan hərbçilərinə dərs verdiyini xatırladıb və yaxın günlərdə ermənilərin özlərinə çətinliklə gələcəyini bəyan edib. Dövlət başçısı deyib ki, Azərbaycan ordusu daha da gücləndiriləcək, onun döyüş qabiliyyəti bir qədər də möhkəmləndiriləcək. Prezidentin sözlərinə görə, hərbi paradda nümayiş etdirilən texniki imkanlar, əsgər-zabitlərin hazırlığı düşmənə yaxşı siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.

"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyevhesab edir ki, Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı ordumuzun gücü və Bakının azad edilməsi ilə bağlı bir müddət əvvəl keçirilmiş yubiley paradı barədə fikirləri azı iki istiqamətdə önəmlidir: "Əvvəla, belə bəyanatlarla insanların təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunmasına inamı daha da artır. İkincisi, dünyadakı bəlli ünvanlar "Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir, verəcək” kimi sərt mesajı məhz xalqın arasında olan Prezidentin dilindən eşidirlər. Bu, çox vacib məqamdır. 2016-cı ilin aprelində Lələtəpədə və bu ilin mayında Naxçıvanda keçirilmiş tarixi əməliyyatlardan sonra bu günlərdə düşmən təxribatına verilmiş ağır cavab barədə ilk mesajlar məhz cənub səfərində açıqlandı. Cənab prezidentin ilk dəfə açıqladığı bu məlumatlar əslində xalqımızın haqq-ədalət müharibəsinə möhkəm inandığını və bu müharibəyə hər vaxt dəstək verməyə hazır olduğunu dostlarımıza da, düşmənlərimizə də çox dəqiq şəkildə göstərdi".

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, istər ümummilli lider Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin zamanında Azərbaycanda ordu quruculuğu hər zaman prioritet olub. Onun sözlərinə görə, bu, təsadüfi deyil: "Ordu quruculuğu, güclü Silahlı Qüvvələr Azərbaycanın həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. Çünki, Azərbaycanın 20 faizi ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Sülh danışıqları bir nəticə verməyəcəyi halda işğal altındakı ərazilərimiz hərbi yolla azad ediləcəkdir. Ona görə də bu günə hazırlıq, Dağlıq Qarabağ probleminin birdəfəlik, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ölkəmiz üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin maddi-texniki bazası, silah-sursat arsenalı, hərbçilərimizin peşəkarlıq səviyyəsi hər il gücləndirilir. Təkcə bir faktı söyləmək yetər ki, Azərbaycanın illik hərbi büdcəsi ümumilikdə Ermənistanın dövlət büdcəsindən böyükdür. Bu kimi faktlar qarşılığında Ermənistan silahlı qüvvələrini Azərbaycan Ordusu ilə müqayisə etmək olmaz. Bütün parametrlər üzrə ordumuz düşmən ölkənin silahlı qüvvələrindən qat-qat güclüdür".
Hərbi ekspert bildirib ki, zərbaycan dünyanın 30-dan artıq ölkəsi ilə hərbi sahədə əməkdaşlıq edir: "Bu əməkdaşlıq əlaqələri sayəsində ən müasir silahlar alınaraq ordumuzun istifadəsinə verilib. İşğala məruz qalan bir ölkə kimi Azərbaycanın öz ordusunu gücləndirmək beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğundur, mənəvi, psixoloji, siyasi haqqımızdır. Ermənistanın təxribatları nəticəsində son illər ərzində cəbhədə baş verən lokal toqquşmalar, erməni hərbçilərinin böyük sayda canlı qüvvə, hərbi texnika, silah-sursat itkisi verərək geri çəkilməsi, ərazilərimizin bir qisminin işğaldan azad edilməsi də ordumuzun gücünün göstəricisidir. Lokal döyüşlərdə qazanılan uğurlar isə böyük qələbənin ilk müjdəçiləridir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər