L.N.Tolstoyun “Anna Karenina” romanının bədii dünyasında Levin və Vronski

L.N.Tolstoyun “Anna Karenina” romanının bədii dünyasında Levin və Vronski

17 İyun 2019, 14:00 616
L.N.Tolstoyun "Anna Karenina” romanının qəhrəmanları müəllifin həssaslıqla yanaşdığı və "sonsuz dolaşıqlıq labirinti” vasitəsilə ifadə etdiyi həyatın qanunları ilə əlaqəlidirlər. Bu səbəbdən də oxucu əsəri tam və düzgün başa düşmək üçün həm əsas, həm də ikinci dərəcəli personajların adət və qənaətləri arasındakı paralellərlə bərabər, eyni zamanda onların yanlışları və uğursuzluqlarının izahını tapmaqla əməl və formaları arasında çoxsaylı əlaqə yaratmalıdır.
 
L.N.Tolstoy qəhrəmanların hansısa primitiv sxemin köməyi ilə təsvir edilə bilməyən və bununla belə öz ierarxikliyi sayəsində oxucunun zehnində dəqiq yer tapan, düşünülmüş qruplaşma sistemini yaradır. Bu məqalədə biz ədəbiyyatşünaslıqda bu günə qədər anlaşılmaları çaşqınlıq yaradan Konstantin Levinlə Aleksey Vronskini müqayisə etməyə çalışacağıq. Əksər tədqiqatçılar ailə xoşbəxtliyi axtarışında olan, ətrafda deyilənlərə əməl edən mülkədar Levinin həyat yolunda inama doğru istiqamətlənməsini görmürlər. Vronskini ən pis halda "səssiz köpək” (M.E.Şedrin qəhrəmanı məhz bu cür xarakterizə etmişdir), ən yaxşı halda isə möhkəm və namuslu, amma həssaslıqdan məhrum olmuş insan kimi qəbul edirlər. Bizim fikrimizcə, Levin və Vronski öz mənəvi yüksəlişinə doğru addımlayan qəhrəmanlar kimi nəzərdən keçirilməlidir. Onların əsərin bədii dünyasındakı yeri isə "Anna Karenina” mənəvi-dini romanının ideal görüntüsünü və ondan uzaqlaşmanı təsvir edən dərin mənaları ortaya çıxarır. Tolstoy Levinin taleyinin nümunəsində oxucuya qəhrəman üçün mütləq şərt qismində ailə münasibətlərinin vacibliyinin dərk edilməsindən ibarət olan inama doğru davamlı yüksəlişi göstərir. Romanın bədii tamlığını başa düşən oxucu Levindən daha çox təhkiyəçilər üçün bir çox hallarda qəhrəmanların yanaşması vasitəsilə reallaşan ideala valeh olmalıdır (əsasən Levinlə Vronskinin gizli müqayisəsi vasitəsilə).
 
Çox maraqlıdır ki, əsərin başlanğıcında Levin Kitinin "qeyri-ixtiyari parlayan gözlərində” Aleksey Kirilloviçi sevdiyini başa düşür, Levinlə yeganə görüşündən sonra isə həssas Anna Karenina qəhrəmanların bənzərliyini qeyd edir: "...O, qadın nəzəri ilə – kəskin fərqə baxmayaraq, Vronsi ilə Levin arasında Kitinin həm Vronski, həm də Levini sevməsinə səbəb olan həmin ümumi cəhəti görmüşdü...”. Qəhrəmanların həmin ümumi və əsas cəhəti nə idi, bəlkə Annada Vronskiyə qarşı məhrəm hisslərin yaranmasına məhz o səbəb olmuşdu?
 
Sanki, Levin və Vronski romanda təzadlılıq prinsipi əsasında təsvir edilib. Vronski romanın ilk bölmələrində hərbi xidmətdə önə çəkilən, nümayişlər, silahlar və at yürüşləri ilə məhdudlaşan gənc adam kimi təqdim edilir.
Kənddən Moskvaya yenicə gəlmiş Konstantin Levin üçün böyük şəhərdə yaşamaq ağılsızlıq kimi görünür, təsadüfi deyil ki, qəhrəman "ətrafa narahatlıqla boylanır”. İlk dəfə Levin onların qarşısına "enlikürək, qıvrım saqqallı, başına qoyun dərisindən papaq qoymuş, cəld hərəkətli insan kimi” çıxır.
Tolstoy Levini ətrafdakılarla birlikdə təsvir edib – o, hər zaman hərəkətdədir, hətta əmin olmadıqda belə həyatın içindədir. Əgər Levin "Ailə xoşbəxtliyi” arzulayır, böyük ümidlərlə məişət quruculuğuna can atırsa, Vronski "evlənməli olduğuna daha az inanmağa başlayır”.
 
Kiti ilə mənəvi bağlılığını hiss edən Levin tezliklə evlilik təklifi etmək fikrinə düşür, Vronski isə nə edəcəyini bilmir, çünki ilk dəfə idi ki, insanları iki növə ayıran kübar cəmiyyətin davranışları ilə razılaşmayan səmimi insanla qarşılaşırdı. Vronskiyə görə həqiqi insan növü məhz onun kimi işıqlı insanların surətidir, amma digər "aşağı növ var: axmaq, ən əsası isə bir kişinin evli olduğu bir qadınla yaşamalı olduğuna, qızın məsum, qadının utancaq, kişinin mərd, mülayim və sərt olmasına inanan, uşaqları tərbiyə etməyə, çörəyini qazanmağa, borcları ödəməyə və bu qəbildən ağılsız işlərə köklənən gülməli insanlar”.
 
Müəllifin Vronskinin Peterburqdakı həyatına geri dönən zaman əməl etdiyi yaşayış qaydalarını təsvir etməsi xüsusilə qeyd edilməlidir. Tolstoy Aleksey Kirilloviçin varlığı barədə bəhs edərkən Vronskinin xüsusi şərtlər altında tərbiyələndiyini dəfələrlə qeyd etmişdir, həmin şərtlərə əsasən qəhrəman üçün çıxış yolu yalnız öz gücünə başa gələ bilər ki, bu da olduqca çətindir.
Vronski və Levinin müqayisə parametri həm də onların ətrafıdır. Levinin ov öncəsi vəziyyətini (təbiətlə yaxınlaşması) Vronskinin cıdıra qədərki hərəkət və vəziyyəti ilə (insanlarla yaxınlıq) müqayisə edə bilərik. Sahibi kimi zəhmət çəkməyə çalışmayan prikazçiklə söhbət, Levinin Vasili və Mişka ilə söhbəti ilə əvəz edilir. Bununla belə, hər kəs ümumi işlə – otları alaq etməklə məşğuldur: "Levin Mişkanın nəhəng torpaq kəsəklərini tərpədərək, onları hər addımbaşı yığaraq necə yeridiyinə tamaşa etdi, atdan enib toxum olan torbanı Vasilidən götürdü və toxum səpməyə getdi”. Vronskini isə biz dostu qumarbaz Yaşvinlə birlikdə görürük. Qaydalara riayət etməyən həm də ədəbsiz hərəkətlərə yol verərək yaşayan bu adam həyat tərzinə görə elə Vronskini xatırladır. İki hərbçi ətraflarındakı zamanın əmək fəaliyyəti ilə deyil, vodka ilə ötdüyü hərb həyatının mənzərəsini tamamlayırlar... Levin və mujiklər üçün məhsul becərmək məsələsi, Yaşvinin içki marağı ilə eynidir: "Sən ən yaxşısı de görüm, nə içək – ağzım zəhər dadır...”
 
Romanda Anna ilə Vronski arasındakı romantik hisslərin vəhşi ehtirasa çevrildiyinin şahidi oluruq. Vronskinin karetada əyləşərkən cismini, əzələlərinin elastikliyini duyaraq baldırlarını ovuşdurmasını yada salaq. O, maksimum dərəcədə xoşbəxtdir.
Levin isə Kiti ilə danışmaq üçün səhərin açılmasını gözləyərkən "özünü cismindən uzaq, tamamilə azad hiss edirdi: əzələlərinin köməyi olmadan hərəkət edir və hər şey edə biləcəyini başa düşürdü”. Qəhrəman mənəvi tərəfdən o qədər yüksəkdir ki, heç bir cismani ağırlıq duymadan çəki məhfumunu itirir: "O, əmin idi ki, göyə uça və ya evləri yerindən tərpədə bilər”. "Levinə elə gəlirdi ki, qanadları çıxıb”.
 
Levinin həyatı təbiət hadisələrinə, Vronskinin həyatı böyük şəhərin ritminə uyğundur. Levin uzunboğaz çəkmə və mahud parçadan palto geyinir, Vronski isə ağ jilet və surtuk. Levin axına doğru gedir, Vronski əlləri ilə masaya dirsəklənərək əyləşir. Levin əməyin və zamanın qiymətini bilən sahibkar kimi həvəslə planlar qurur: "Levin sevimli təsərrüfatında hansı işlər görəcəyinə özü də əmin deyildi, amma hiss edirdi ki, çox saylı planla və ən yaxşı ümidlərlə doludur”.
O, öz xoşbəxtliyini bölüşməyə hazırdır, ömrünün bahar çağında duyduğu sevinci gizlətmək fikrində deyil. Vronski fransız romanı kitabına nəzər salır. Simvolik olaraq bu kitab boşqabın içərisindədir: yazıçı qeyd edir ki, o, mənəvi qida ola bilməz. Bundan başqa Vronski kitaba baxarkən onu oxumur. Amma qəhrəmanların təsvirindəki təzad mütləq deyil. Levinlə Vronskini yaxınlaşdıran və romanın digər personajlarından – məsələn, Oblonskidən fərqləndirən cəhətlərdən biri onların laqeydlik olmadan işə can yandıracaqlarının nəzərdə tutulduğu coşqunluğundadır. "Siz deyəsən hər şeyi coşqunluqla edirsiz” – Kiti Levinə deyir. "O, hər biri işi möhtəşəm şəkildə görür. O, həm darıxmır, həm də böyük həvəslə işləyir”. – Anna Vronski barədə deyir.
 
Bundan başqa qəhrəmanların romandakı hərəkəti də oxşardır, amma tərbiyə və valideynləri ilə münasibətlərində onlar hər ikisi tamamilə müxtəlif şərtlərlə təqdim edilir. Romanın səkkizinci fəslini oxuduqda oxucu artıq başa düşür ki, Levinin öhdəsindəki ailə və digər qayğılar onun bütünlüklə çaşqınlıq yaşamasına, ruhdan düşməsinə səbəb olur: "O, indi başa düşürdü ki, ancaq tərbiyə edildiyi etiqad sayəsində sağ qala bilər”.
Levin vəfat etmiş valideynlərinin "onun da öz arvadı ilə yaşamağı arzu etdiyi” "ideal dərəcədə mükəmməl” həyatını xatırlayır. Vronski isə nəsillərin varisliyini hiss etmir, amma bu, onun günahı deyil. Çünki o, müsbət nümunə, ideal çatışmazlığı yaşayır: "Vronski heç zaman ailə həyatı görməyib. Anası gəncliyində gözəl kübar cəmiyyətə mənsub qadın olub... Atasını isə demək olar ki, xatırlamırdı”.
 
Alekseyin anası oğluna məsləhət verə bilməz, çünki oxucunun da yəqin etdiyi kimi onun təcrübəsi ancaq əyləncə və intriqalar məsələsində zəngindir. Yaşa dolsa da qrafinya Vronskayanın qayğıları ancaq kübar cəmiyyətin nə düşünəcəyi fikri ilə məşğuldur (bu yerdə oğlunun əyləncələrinin artıb-çoxaldığı zaman qadının ona hiddət dolu məktublarını xatırlamaq yerinə düşər). Vronski tərəfdən isə biz təbii ki, oğulluq ehtiramı deyil, ancaq qeyri-səmimilik görürük: "O, ürəyində anasına hörmət hissi bəsləmir, onu sevməməsinin səbəbini isə araşdırmağa gərək duymurdu, amma yaşadığı mühitə uyğun olaraq tərbiyəsinə nəzərən anaya qarşı yüksək səviyyədə itaətkar və hörmətli münasibəti təsəvvür edə bilmirdi”.
 
Romanın oxucusu dərk edir ki, Vronski Levin kimi düzgün həyatın təminatı olacaq tərbiyə almayıb. Romanda Levinin keşişlə olduqca mənalı söhbəti səhnəsinə diqqət edək. Toy ərəfəsində qəhrəmandan şübhələri haqqında eşidən keşiş birdən tövbə edən şəxsin əməlləri ilə bərabər həm də onun gələcək övladları barədə söhbətlər etməyə başlayır: "Əgər daxilinizdə yuva salmış, sizi imansızlığa təhrik edən şeytanın yoldan azdırmaq cəhdlərinə qalib gələ bilməsəz, öz körpələrinizi necə tərbiyə edəcəksiz?”, "Siz ona (uşağınıza) necə cavab verəcəksiz? Onun gözəlliklərini dünya və şeytanın ixtiyarına həvalə edirsiz?”
 
Biz başa düşürük ki, dünyanın gözəllikləri L.N.Tolstoyun yüksək cəmiyyətin insanı vadar etdiyi şərtlər və vəziyyətlərin qeyri-adiliyini göstərdiyi nümunədə Aleksey Vronskiyə lap uşaqlıqdan yüksək dərəcədə təqdim edilib. Lakin Vronski romanda Annanın dəstəyi ilə ailə dəyərini anlaya biləcək səviyyəyə yüksəlir, o, gələcəkdə də özünüinkişaf yolunda xeyli irəliləyə bilərdi.
Maraqlıdır ki, Puşkinin ərli qadın Tatyanaya aşiq olan Onegini kimi Vronski də Kitinin sevgisini rədd edərək Anna Kareninaya aşiq olur. Bu "ağla gəlməyən” hadisə romanda Puşkinin şeirlərində tənqidçilərin hətta V.Q.Belinskinin də həmin faktı izah edərək qeyd etdiyi kimi, "diktatorluqla uyğun gəlməyən, birbaşa, instinktiv olaraq, təsadüfi şəkildə baş tutan” qəlb işləridir, ikincisi isə Oneginə xas olmayan poeziyadır: "Əgər onu şövq poeziyası hələ də maraqlı idisə, ailə haqqındakı poeziya maraqsız olmaqla bərabər, həm də ona qarşı idi”. Maraqlıdır ki, 1856-cı ilin sonu 1857-ci ilin əvvəlində Tolstoy Belinskini oxumaqla məşğul idi.
 
N.N.Qusev həmin dövrdə Tolstoyu ziyarət etmiş müxtəlif müxbirlərin məktublarını gözdən keçirərkən sübut edir ki, Tolstoyun Belinskini mütaliə etməsi bütün yanvar ayı boyunca davam etmişdir, həm də Tolstoyun qarşısında Belinskinin Puşkin haqqındakı məqalələri vardı. Düşünmək olar ki, kəbini gülməli hesab edən Vronskinin səkkiz illik nikah dövrünü səmimi və düzgün şəkildə ana obrazında yaşamış Annaya aşiq olması təsadüfi deyil. Şöbəyə daxil olarkən Annanın səsini dinləyən Vronski onun öz düşüncələri barədə bəhs edərkən nəyisə inkar etdiyini hiss edir. "Peterburqlu deyil, sadəcə qadındır”, – Anna öz baxışları haqqında danışarkən deyir.
 
Vronski Annaya olan sevgisinin təsiri altında dəyişir, başqalaşır, Kareninaya qarşı münasibətdə öz bütpərəst mövqeyinə üstün gəlir. Yeri gəlmişkən, bu fakt "romanda təkcə Vronskinin cismani qaldığını” iddia edən N.N.Straxov tərəfindən gözdən qaçıb. Qəhrəman əvvəlcə öz qaydalarının yeni həyat üçün uyğun gəlmədiyini hiss edir: "Vronski hiss etməyə başladı ki, onun qaydalar toplusu bütün şərtlərlə ayaqlaşmaq iqtidarında deyil...”, sonra isə romanda onun Vozdvijenski və Dolli ilə söhbəti zamanı ailə düşüncəsinə yaxınlaşması görünür. "Biz müqəddəs sevgi bağları ilə bağlıyıq. Bizim övladımız var, yenə uşaq sahibi ola bilərik. Elə sabah da oğlumuz dünyaya gələcək – mənim oğlum – o, qanunla Karenindir. O, nə mənim adımın, nə sərvətimin varisidir, biz nə qədər xoşbəxt ailə olsaq, neçə övlad sahibi olsaq belə, mənimlə onlar arasında heç bir bağ mövcud olmayacaq”, – Vronski Dolliyə deyir.
Vronski öz nəslinə, ailə tərbiyəsindən uzaqlığına, kübar cəmiyyətin şərtlərinə görə layiq görüldüyü cığırdan uzaqlaşır, amma böyük güc sərf etmiş Anna nə sahibə, nə ana olmadığı üçün hazırkı vəziyyətdə Aleksey Kirilloviçə kömək etmək iqtidarında deyil.
 
Vronskinin özünüinkişaf yoluna addımlamasının, həyatı düzgün anlamasının sübutu onun Kareninin rəftarı haqqındakı sözləridir. "Əlbəttə, bu ancaq onun kimi qəlbsiz insanların qadir olduğu riyakarlıqla dolu qəddarlıqlarından biridir. ”Vronski Karenində (Tolstoyun əsərdə Kareninin Lidiya İvanovna və şarlatan Landonun təsiri altına necə düşməsini göstərdiyi kimi) qəribə dəyişikliklər baş verdiyini doğru təsbit edir. Qrafinya Lidiya Kareninə yeni qəlb verildiyini görür, amma məhz Vronski bircə cümlə ilə oxucuya izah edir ki, riyakara çevrilən Karenin ruhdan, sevmək və anlamaq bacarığından məhrum olur. Elə yazıçının romanın yeddinci bölümündə qələmə aldığı Vronskinin Anna ilə olan mübahisələrindən birində Karenina onu "qəlbsiz insan” adlandırdıqda Vronskinin səbir kasasının daşması da təsadüfi deyil.
 
Beləliklə L.N.Tolstoy "Anna Karenina” əsərində ailə düşüncəsini qəhrəmanın imana gəlməsi imkanı ilə uzlaşdırır. Vozdvijenskidə Vronski ilk dəfə ailə həyatının cavabdehliyini dərk edir, onun Dolliyə şikayətlənməsi, şeytan və azğınlıqla mübarizəsi isə təsadüfi deyil: "Mən özüm barədə danışmıram, amma mənim üçün çətindir, olduqca çətindir”, – kimisə təhdid edirmiş kimi söylədi.
Çox güman ki, Vronskinin qeyd etdiyi çətinlik Annanın sanki dekorasiyaya çevrilməsi fonunda onun təsərrüfatı təkbaşına idarə etməsində deyil: Vozdvijenskidə Dolli görür ki, hər şey – hətta masadakı yemək də "ev sahibinin zəhməti sayəsində meydana gəlmişdir”. Keşişin Levinə bəhs etdiyi şeytanın yoldan sapdırmaları ilə mübarizəsi də Vronskiyə çətinlik törədir. Vozdvijenskidəki həyat və məişət barədə çox sayda qeyri-adilik var, amma Vronskinin özünü bütünlüklə ata və ev sahibi rolunda hiss etdiyi həyat tərzi onu Levini dərk etməyə doğru yaxınlaşdırır. "Mən yalan danışmaq məcburiyyətindən qurtuldum, sahibimi tanıdım”, romanın finalında Levin deyir. Vronski özünə də məlum olmayan, onu Levinlə yaxınlaşdıran gizli həyat eşqi ilə doludur.
 
Anna Vronskini Tatyana Larinanın Yevgeni Onegində gördüyü mənəvi yüksəlişinin mümkünlüyünü hiss edərək sevmişdi, Y.V.Lebedev də Puşkinin qəhrəmanlarından bəhs edərkən qeyd edir: "Məsələ bundadır ki, öz həyatını başqa səmtə, əks istiqamətə doğru dəyişən Tatyana kübar cəmiyyətin "oneginliyinin” azğınlıq və düşkünlüyünün mənəvi mahiyyətini Onegində dərk edir”.
Tolstoy Aleksey Vronski obrazını yaradarkən sözsüz ki, Yevgeni Oneginin xarakterinə köklənmişdir – Y.V.Lebedevin qeyd etdiyi kimi Puşkin "Turgenevin və Qonçarovun, Tolstoyun və Dostoyevskinin gələcək qəhrəmanlarının bədii formulasını yaratmışdır”. Tolstoy "Anna Karenina”da Puşkindən daha irəli gedərək qəhrəmanların mənəvi yüksəlişini konkretləşdirir və onların davranışlarında məhz xristianlığı önə çəkir. Həmin hərəkəti müzakirə edərkən İsa Məsihin sözlərini xatırlamaq yerinə düşər: "Mən sizə bu səbəbdən dedim ki, əgər ona izn verilməzsə Mənim yanıma heç kim gələ bilməz”. Və məsələ onda deyil ki, Vronski və Levin əvvəlcə, məsələn Oblonski və ya Karenindən daha çox hansısa istedada malikdirlər. "Elə düşünmə ki, Tanrı kiməsə lütf edir, digərlərinə isə yox. Tanrı iradəsi möhkəm olan kəslərə lütf edib iman qabiliyyəti verir ”, – deyə bolqar arxiyepiskopu Feofilakt qeyd edir. Artıq bilirik ki, xarici bər-bəzəyinin altında Vronskinin qəlbi canlıdır, o, həyatını dəyişməyə hədəflənir, ətrafda baş verənlərə qarşı biganə deyil.
 
Personajların mənəvi imkanlarını duymaq bacarığı müəllif tərəfindən Kitiyə bəxş edilib. "Unutmayın, sevgi həm baxışları, həm bəsirət gözü ilə baxdıqda borcdur, əməkdir” deyə N.P.Bextereva yazır. Kiti Vronski və Levinin həyat eşqini, bütün qəlbi ilə Tanrıya inam bacarığını, çətinliklərdən keçmək, şübhələr və gələcəkdə var ola bilmək üçün mühüm olan inama doğru yol almaq bacarıqlarını duyaraq sevə bildi.
 
Valeriya Gennadiyevna Andreyeva 
Mənbə: Vestnik N.A.Nekrasov adına KQU, 2011
Rus dilindən tərcümə edən: Xatirə Nurgül