AZE | RUS | ENG |

ÖLÜMSÜZLÜK

ÖLÜMSÜZLÜK
20 Yanvar qəhrəmanlığı məndən altı yaş böyükdür. Azərbaycan tarixinin bu qəhrəmanlıq səhifəsinin şahidi olmamışam. Sonradan eşitdiklərim, oxuduqlarım, şahidlərin və iştirakçıların danışdıqları mənə 20 Yanvarın necə əzəmətli bir gün olduğunu anlatdı.

Anladım ki, düz 28 il əvvəl,  yanvarın 19-dan 20-nə keçən gecə Vətən fədailəri ürəklərinin səsinə qulaq asdı, sinələrini düşmənin zirehli texnikasına sipər etdilər.

Bəzən belə bir fikir səslənir: «Onları əli yalın odlu silahların qarşısına çıxmağa kim və nə vadar etdi?” Hətta "gərək çıxmayaydılar” deyənlər də olur. Çox yanlış düşüncədir. Analoji olaraq başqa bir sual da vermək olar: «Bəs imperiyanın qaniçənlərini ölkəyə qonaqmı dəvət etmişdik?” Dünyanın bütün silahlarından qüdrətli olan bir silah var. Onun adı vətən sevgisi, müstəqillik arzusudur. Bu arzu olan yerdə istənilən atəşin qarşısını almaq olar.  O gecə şəhid olan 132, yaralanan 612 nəfər bunu qəhrəmanlıqla sübut etdilər. Bu, nəhəng bir imperiyanın dayaqlarının sarsılması demək idi. O zaman Londonda çıxan "Times” qəzeti yazıb: "Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir".

Bu dünyanın min cür ölümü var. Təkcə torpaqların müqəddəsliyi uğrunda canından keçənlərə şəhid deyirlər. Onlar ölümü ölümsüzlük zirvəsinə qaldırırlar. Ölüm var ki, ölənə, ölümə də bircə dəfə təəssüf edirsən, ölüm var ki, bir ömür. 20 Yanvar şəhidləri bizim üçün Vətəni sevməyin, qorumağın və yüksəltməyin ən yaxşı nümunəsini qoydular.

Fikir vermisiniz, yəqin ki… Ağır texnikanın qabağından qaçmayan millət Şəhidlər Xiyabanında sıralanmış qərənfillərin hökmünə tabe olur, onların düzülüşündən kənara çıxmır. Deyirlər ki, məzar evində yatanlara təkcə çiçəklərin səsi çatır. Gündüzlər məzar  üstündə dərdini danışanların harayını gecələr şəhid ruhlarına çiçəklər çatdırırlar. Ona görə də səhər tezdən hamısı solmuş olur. Bir şeirdə deyildiyi kimi:

Gecə ağlamağın yaxşıdı, çiçək,
Ağla, bu gecədə nə var, eşidir. 
Ellər ağlayanda şahidi sənsən,
Sənin də səsini ruhlar eşidir.

20 Yanvar hadisələrini daha ağrılı və faciəli ovqatda anmağa dəyməz. Axı, tarix boyu qəhrəmanlığa  ağlamayıblar, əksinə onu fəxr  və şərəf ünvanı biliblər. Bəlkə də 20 Yanvar hadisələri və şəhid qəhrəmanlığı olmasaydı, bizi daha böyük faciələrə ünvan eləyərdilər.

20 Yanvar hadisələri göstərdi ki,  xalqın mübarizəsi ilə oynamaq, millətin  qüruruna toxunmamaq olmaz.

20 Yanvar hadisəsinin tarixi əhəmiyyəti həm də onda oldu ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, indi fəxr etdiyimiz çağdaş demokratik Azərbaycan Respublikasının qurulması, məhz 1990-cı ilin 20 yanvarından başlayan bu tarixi proseslərin məntiqi nəticəsi oldu. Elə buna görə də, şəhidlərin qanı hədər getməyib, onların uğrunda can verdikləri Azərbaycan yenidən istiqlalına qovuşub, Azərbaycan dili dövlət dili kimi haqqını bərpa edib, milli himnimiz rəsmi tədbirlərdə qürurla səslənir, bayrağımız dünyanın bütün beynəlxalq təşkilatları, paytaxtları və siyasət mərkəzlərində dalğalanır.
20 Yanvar adi gün deyil. O, bir millətin, bir ölkənin şərəf tarixidir. 
 
Dinarə MUSTAFAYEVA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-ci kurs tələbəsi 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000