• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Ölməz Mixaylo - Fotolar

05.10.17 11:30 8542
Ölməz Mixaylo - Fotolar
Həm teatr səhnəsində, həm də kinoda oynadığı rollar tamaşaçıların yaxşı yadındadır. Azərbaycan teatrında oynadığı rolların sayı barmaqla sayılsa da, çəkildiyi filmlər adını kino tariximizə yazıb. Elə təkcə əfsanəvi partizan Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən "Uzaq sahillərdə” filmini, bu ekran əsərinin baş qəhrəmanı Mixaylonu xatırlamaq kifayətdir.Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun iki gün sonra Heydər Əliyev Mərkəzində qeyd ediləcək 90 illik yubileyi də aktyorun yaradıcılığına, həyat yoluna həsr olunacaq.Onu Azərbaycana bağlayan tellər isə çox dərindir. Nodar Şaşıqoğlunun soykökünün Azərbaycana bağlılığının maraqlı tarixçəsini aktyorun öz dilindən, "Kaspi”yə müsahibəsində eşitmişdik.
"Əcdadım türk olub”
Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Görkəmli aktyor Ülvi Rəcəb onun əmisi idi. O, 1937-ci ildə repressiyaya məruz qalanda, Nodarın 10 yaşı vardı. Ülvı Rəcəbin həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyan aktrisalardan olub. "Aktyorluq bizim ailəyə xas bir sənətdir”- deyə N.Şaşıqoğlu uşaqlığını xatırlayırdı: "Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Qanımda çox qarışıqlar var - türk, Azərbaycan, rus. Anam isə gürcüdür. Mən Türkiyə ilə sərhəd olan Acarıstanda doğulmuşam. Acarıstandakılar elə türklərdir. Onların dili də türk dilidir. Amma o vaxt türkləri düşmən sayırdılar. Atam yarı türk, yarı azərbaycanlı idi. İndi anlayıblar ki, onlar eyni millətdir”. N.Şaşıqoğlu Batumidə orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib: "On yeddi yaşım olanda atam məni Moskvaya təhsil arxasınca göndərdi. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil”, - dedi.Mən də Şukin adına institutu bitirəndən sonra bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. Daha sonra 5-6 il Taqanka Teatrında çalışdım”.

N.Şaşıqoğlunun kinoda ilk rolu "Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında filmdə olur. O, filmdə türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını oynayır. "Rejissor məndən "türk sultanının rolunda oynaya bilərsən?” deyə soruşanda, "mənim əcdadlarım türk olub” - deyə cavab verdim.Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş” filmində baş rola çəkildim. Film çəkilişlərindən sonra teatrdan məni kənarlaşdırdılar. O vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və mən yenidən Taqankaya dəvət olundum.Daha sonra "Odessa” kinostudiyasında çalışmağa başladım”.
Mixaylonun uğuru
Nodar Şaşıqoğlu əslində teatr aktyoru idi. Ona teatrda çalışmaq kinoda çəkilməkdən daha çətin gəlirdi. "Teatr tamam başqa aləmdir. O qədər məşhur kino aktyorları var ki, onlar teatrda oynaya bilmirlər, ya səsləri çatmır, ya da açıq səhnədə təbii oynamağı bacarmırlar. Kinoda elə-belə rol oynamaq pul qazanmağın ən asan yoludur. Ancaq aktyora ciddi rol düşübsə, onda yaxşı filmin alınması üçün xeyli zəhmət çəkməli olursan” - deyirdi.

Kinoda onu daha çox sevdirən və Bakıya bağlayan əfsanəvi Mixaylo obrazı olub. "Bu film olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm olmayacaqdı” - deyə etiraf edirdi. "Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə” filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan: "Sınaq çəkilişinə gəlin, Tofiq Tağızadə sizinlə söhbət edər”.

Bu rola onlarca namizəd var idi. Məşhur aktyor Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. AncaqTofiq Tağızadə Nodar Şaşıqoğlu ilə tanışlıqdan və sınaq çəkilişlərində iştirakdan sonra onu Mixaylo roluna təsdiq edir. "Mən "Uzaq sahillərdə” filmində çox böyük zəhmət çəkmişdim. Bu film bir neçə nəsli tərbiyə edib. Özümü tərifləmirəm, cavan bir oğlanın ağır bir rolu peşəkarcasına necə oynadığına həmişə təəccüblənirdim. Bu film Azərbaycan kinosu tarixində tamamilə başqa səhifədir və artıq kulta çevrilib” - deyə qürurunu gizlətmirdi. "Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kəşfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami” kinoteatrında keçirildi. "Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu”.

Nodar Şaşıqoğlu "Uzaq sahillərdə” filmindən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim küçə”, "Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən çox razı qalmışam” - deyə xatırlayırdı.

"Leyli və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə dəvət alır. Bu teatrın səhnəsində ilk rolu Don Juan olur. "Həyatda həmişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Mən məcnunluğuma nələri qurban verdim? Bütünlüklə həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum” - deyə aktyor gözəl qadınlara olan münasibətini etiraf edirdi. Bu onun yaralı yeri idi: "Düzdür, özümə qəti qadağa qoymuşdum - tərəf-müqabillərimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”. Aktyor rəsmi olaraq üç dəfə evli olduğunu da gizlətməmişdi.

Qu quşunun son nəğməsi
"Daha Bakıya həmişəlik gəlmişəm. Sankt-Peterburqun "İmperator” Teatrındakı karyeramı bitirmişəm. 15 il o möhtəşəm teatrda çalışdım. İndi nəsillər dəyişib. Mənim səhnə yaşıdlarımın hamısı dünyadan köçüb. İndi ora tamam başqa teatrdır. Ölçülər dəyişib, yeni artistlər gəlib. İndi o artistlərdir ki, onların səsini heç üçüncü sırada da eşitmirlər. Onların səhnəyə münasibəti də başqadır. Adlarını da müasir aktyorlar qoyublar” - deyə gileylənmişdi. Daha kino planları yox idi. Kino artıq onu maraqlandırmırdı. Bilirdi ki, artıq bu yaşda heç bir rolu nə "Mixaylo”nu əvəz edəcək, nə də əvvəlki şöhrəti yaşadacaq: "Amma bekar oturmaq həvəsində də deyiləm. Onsuz da faktiki olaraq nə kino var, nə də kinoteatrlar işləyir. Olsa da gedib qəpik-quruş alacağam. Bir çəkiliş üçün 50 dollar verirlər. Halbuki mən bu sahənin peşəkarıyam. Tamaşada oynamaq lazımdır” – söyləyirdi.

O zaman Rus Dram Teatrında "Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə başlamaq arzusunda idi. "Azərbaycanda teatrda oynamaq ürəyimdə çoxdan yaşayan arzudur. Kral Liri oynamaq istəyirəm. Bu rolla Şekspir festivallarında iştirak etmək arzusundayam. Əslində, "Kral Lir” bir aktyorun teatrıdır. Mən belə düşünürəm ki, bu mənim qəhrəmanım, mənim obrazım, mənim rolumdur. Amma əsərə səhnə həyatı vermək vəsait tələb edir. Belə bir inamım var ki, mən doğma məmləkətdə - doğma səhnədə bu rolu yaradacağam...” Aktyor çoxdan ürəyində gəzdirdiyi arzusuna qovuşdu. Rus Dram Teatrının səhnəsi onun sonuncu yaradıcılıq ocağına çevrildi. "Kral Lir” Rus Dram Teatrında səhnəyə qoyuldu. Nodar Şaşıqoğlu da Kral Lir obrazı ilə səhnəyə çıxdı. Özünün dediyi kimi: bu, "Qu quşunun son nəğməsi” kimi onun vida tamaşası oldu.

Nodar Şaşıqoğlu heç nəyin həsrətini çəkmirdi. "Deyirlər ki, səhvlərdən öyrənirlər. Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri edərdim” – fikrində israrlı idi. Aktyora nostalji hisslər yad idi. Həyatı necə vardısa, elə də qəbul edirdi: "Mən doğulduğumdan bəri çox yerlərdə yaşadım. Müxtəlif şəhərlər, teatrlar, kinostudiyalar dəyişdim, ayrı-ayrı insanlarla qarşılaşdım. İstənilən adamı və yeri asanlıqla tərk etməyi, səadətə də, əzaba da tez öyrəşməyi öyrəndim. Heç nəyə görə nostalji hissləri keçirməyi sevmirəm. Ən pis anlarda yalnız fantaziyalarımın məni xilas edəcəyinə inanan bir insanam”.

Aktyor 2013-cü ildə Bakıda vəfat etdi. Soykökünün bağlı olduğu torpaqda da dəfn olundu. Yaddaşlarda isə oynadığı rollar qaldı.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər