• cümə, 29 Mart, 00:14
  • Baku Bakı 7°C

Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam

20.01.18 12:00 1758
Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam
Bu günlərdə prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.Aparılan təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir. 2025-ci ilədək qarşıya qoyulan məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan verəcək. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri, investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu, investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası, mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları nəzərdə tutulur.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, burada söhbət Azərbaycanda qeyri-neft iqtisadiyyatına xarici investisiya axınının daha da artırılmasından gedir: "Azərbaycan iqtisadiyyatına yönələn xarici investisiyanın böyük əksəriyyəti məhz neft sektoruna yönəldilir. Bu istiqamətdə oyun qaydaları da bir qədər fərqlidir. Eyni zamanda, investisiyanın özünü reallaşdırması və marjanın idxal olunması sektorda cəlbediciliyi artırır. Amma digər sahələrdə xarici investisiya qoyuluşunu çox az müşahidə edirik. Nəzərə almalıyıq ki, Azərbaycan iqtisadiyyatının inkişafında xarici investorlara və onların təcrübəsinə böyük zərurət var. Belə bir şəraitdə investisiyaların qoyulması, hüquqi bazanın daha da təkmilləşdirilməsi, zəmanət mexanizmləri, gəlirlərin bölüşdürülməsi və s. məsələlərdə daha optimal mühit yaradılmasına zərurət var. Bu baxımdan düşünürəm ki, sərəncam məhz bu istiqamətdə mövcud situasiyanın yaxşılaşdırılması məqsədilə qəbul edilən qərardır. Burada əsas məsələ xarici investorları hazırda ölkə iqtisadiyyatının ən müxtəlif sahələrinə cəlb etməkdir. Onlar bu sektorlarda öz təcrübə və vəsaitləri ilə iştirak etməklə, Azərbaycanda yerli istehsalın inkişaf etdirilməsi və həmçinin idxaldan asılılığın azaldılması, ixrac potensialının gücləndirilməsi məsələlərinə növbəti dövrlərdə dəstək göstərə biləcək. O baxımdan beynəlxalq təcrübənin öyrənilməsi çox mühümdür. Amma bu, böyük araşdırma tələb edir. Müxtəlif dövlət qurumları öz funksiyaları və vəzifələri çərçivəsində beynəlxalq təcrübəni öyrənməlidirlər. Mütərəqqi beynəlxalq təcrübələrin tətbiqi əsas məsələlərdən biridir. Çünki iqtisadiyyatın hər bir sahəsinin özünəməxsus xüsusiyyətləri var”.


İqtisadçı bəzi qaranlıq məqamlara da aydınlıq gətirdi: "Məsələn, diversifikasiya ilə bağlı daha çox Koreya, Malayziya kimi ölkələrin təcrübəsi uğurlu hesab olunur. Ona görə də beynəlxalq təcrübənin tətbiqi zamanı bu təcrübələrin ən müxtəlif formalarının öyrənilməsi vacibdir. Xarici təcrübənin tətbiqi isə bütün müsbət məqamların birləşdirilərək yerli şəraitə uyğunlaşdırılması yolu ilə mümkündür. Bu istiqamətdə ortaya qoyulan mövqeyin də məqsədi qeyd edilən təcrübələrin öyrənilməsidir. Sərəncamın imzalanmasında əsas məqsəd son nəticədə ölkəyə investisiya axınının ümumi həcmini artırmaqdır. Bu baxımdan qanunvericilik və mexanizmlər mühüm əhəmiyyət kəsb edir. Amma bununla yanaşı, bu qanunların tətbiqi mexanizmi də təkmilləşdirilməlidir. Hesab edirəm ki, mühitin əsas fundamental xüsusiyyətlərini dəyişə biləcək sərəncam son nəticədə xarici investisiya axınına ciddi təsir göstərəcək. Çünki xarici investor ilk növbədə hüququn aliliyi prinsipini əsas tutaraq ölkəyə yaxınlaşır. Bu mənada investisiya həssas bir məsələdir. Dövlət qurumları sərəncamın icrasına həssaslıqla yanaşmalıdır. Ehtiyatlı davranmaqla iqtisadiyyatın inkişafına böyük fayda vermək olar”.

Millət vəkili Azər Badamov deyir ki, sərəncam ölkədə sahibkarlıq mühitinin inkişafına öz təsirini göstərəcək: "Sərəncama əsasən, investisiya təşviqi sənədi alan sahibkarlar bir sıra güzəştlər əldə edəcəklər. Buraya vergi güzəştləri və istehsal sahələrində istifadə olunan avadanlıqlara tətbiq olunacaq gömrük güzəştləri daxildir. Aydındır ki, ölkədə qeyri-neft sektorunun inkişafı dövlətin prioritetidir. Sahibkarlığın inkişaf etdirilməsi üçün son illər ərzində müxtəlif tədbirlər həyata keçirilir. Bunlardan biri də investisiyanın təşviqi sənədinin verilməsidir. Bu sənədin tətbiqi ilə sahibkarlar üçün daha geniş imkanlar açılır. Belə ki, sahibkarlar artıq sərbəst şəkildə öz fəaliyyətlərini inkişaf etdirə biləcəklər. Sərəncam ölkəyə gələcək xarici sərmayə axınının həcminin artmasında da faydalı olacaq. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun daha da artması isə yeni iqtisadi sahələrin inkişaf etməsinə öz təsirini göstərəcək. Sahibkarlar üçün yaradılan münbit şərait, sahibkarlara tətbiq olunan güzəştlər xarici sərmayədarlar üçün cəlbedici olacaq”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər