Ölkənin güclənən tranzit statusu
Azərbaycanın
avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb. Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı
Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin
tətbiqini planlaşdırılır. Trend-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib ki,
statistik göstəricilərə əsasən, 2017-ci il ərzində ölkəmizdə avtomobil
nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər
sərnişin daşınıb. O bildirib ki, ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan
yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan
sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.
H.Həsənov qeyd edib ki, avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir
1 milyard 273 milyon 879 min manat təşkil edib, sahə üzrə orta aylıq nominal
əməkhaqqı isə təxminən 600 manat olub: "Göstərilən statistik rəqəmlər ölkə
iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani
göstəriciləridir".
İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, statistik göstəricilərdə qeyd olunan rəqəmlərdən daha çox gəlir əldə
etmək potensialımız var: "Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra əsas
strateji inkişaf istiqamətlərindən biri də ölkənin tranzit statusunun
gücləndirilməsi olub. Bu istiqamətdə davam etdirilən siyasət nəticəsində,
Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xeyli vəsait sərf
olunub. İndiki halda infrastruktur müəyyən qədər tələblərə uyğunlaşdırılsa da,
gömrük və s. sahələrdə bu proses tam dəstəklənmir. Eyni zamanda, nəqliyyat
infrastrukturlarının uyğunlaşdırılması məsələlərində müəyyən problemlər
qalmaqdadır. Digər tərəfdən, rüsum siyasəti beynəlxalq tələblərə uyğun deyil.
Bu kimi problemlərin fonunda tranzit gəlirlərinin artmasına baxmayaraq, mövcud
potensiala adekvat hesab edilə bilməz. Hesab edirəm ki, növbəti dövrlərdə
ötürmə gücünün artırılması, gömrük-keçid məntəqələrində nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi, yaşıl zonaların daha da genişləndirilməsi və rüsum və digər
tranzit xərclərinin aşağı salınması
məsələlərinə daha çox diqqət ayrılmalıdır. Azərbaycanın tranzit rəqabətliliyinin
artırılması yolu ilə potensialdan tam istifadə edilməlidir. İndiki halda,
fundamental islahatlar aparılarsabüdcə daxilolmalarının miqdarını daha da artırmaq olar. Ümumilikdə,
Azərbaycan növbəti beş ildə tranzit ötürmə gücünü beş dəfə artırmaq imkanına
malikdir”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və
Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovbildirdi ki, növbəti illərdə bu rəqəm
daha da arta bilər: "Son dövrlərdə Azərbaycanda tranzit nəqliyyatı sahəsində
müxtəlif layihələr həyata keçirilir və islahatlar aparılır. Azərbaycan tranzit
ölkəsi olaraq regionda ciddi nüfuza malikdir. Təsadüfi deyil ki, ölkədə əsas diqqət
ayrılan istiqamət sahələrindən biri də məhz tranzit sahəsidir. Bu baxımdan
statistik göstəricilərdə qeyd edilən rəqəmlər çox böyük rəqəmlərdir. Azərbaycan
istər avtomobil, istər dəniz nəqliyyatı, istərsə də dəmiryolu nəqliyyatında
ciddi nailiyyətlər əldə edib. Amma büdcəyə daxil olan gəlirlərin optimal
olduğunu demək, bir qədər çətindir. Çünki bu barədə müqayisəli təhlillər və
analitik araşdırma aparılmalıdır. Bütün hallarda, bu sahədən əldə olunan
gəlirlər ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Növbəti illərdə
bu rəqəmin artacağı da istisna deyil. Çünki Azərbaycan böyük nəqliyyat
layihələrinin iştirakçılarından biridir”.
Şəbnəm