• cümə axşamı, 25 aprel, 18:14
  • Baku Bakı 21°C

Ölkənin güclənən tranzit statusu

13.06.18 10:00 652
Ölkənin güclənən tranzit statusu
Azərbaycanın avtomobil nəqliyyatı ilə daşımalardan əldə etdiyi gəlir açıqlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır. Trend-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib ki, statistik göstəricilərə əsasən, 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. O bildirib ki, ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb. H.Həsənov qeyd edib ki, avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 milyard 273 milyon 879 min manat təşkil edib, sahə üzrə orta aylıq nominal əməkhaqqı isə təxminən 600 manat olub: "Göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəriciləridir".

İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, statistik göstəricilərdə qeyd olunan rəqəmlərdən daha çox gəlir əldə etmək potensialımız var: "Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra əsas strateji inkişaf istiqamətlərindən biri də ölkənin tranzit statusunun gücləndirilməsi olub. Bu istiqamətdə davam etdirilən siyasət nəticəsində, Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xeyli vəsait sərf olunub. İndiki halda infrastruktur müəyyən qədər tələblərə uyğunlaşdırılsa da, gömrük və s. sahələrdə bu proses tam dəstəklənmir. Eyni zamanda, nəqliyyat infrastrukturlarının uyğunlaşdırılması məsələlərində müəyyən problemlər qalmaqdadır. Digər tərəfdən, rüsum siyasəti beynəlxalq tələblərə uyğun deyil. Bu kimi problemlərin fonunda tranzit gəlirlərinin artmasına baxmayaraq, mövcud potensiala adekvat hesab edilə bilməz. Hesab edirəm ki, növbəti dövrlərdə ötürmə gücünün artırılması, gömrük-keçid məntəqələrində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, yaşıl zonaların daha da genişləndirilməsi və rüsum və digər tranzit xərclərinin aşağı salınması məsələlərinə daha çox diqqət ayrılmalıdır. Azərbaycanın tranzit rəqabətliliyinin artırılması yolu ilə potensialdan tam istifadə edilməlidir. İndiki halda, fundamental islahatlar aparılarsabüdcə daxilolmalarının miqdarını daha da artırmaq olar. Ümumilikdə, Azərbaycan növbəti beş ildə tranzit ötürmə gücünü beş dəfə artırmaq imkanına malikdir”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovbildirdi ki, növbəti illərdə bu rəqəm daha da arta bilər: "Son dövrlərdə Azərbaycanda tranzit nəqliyyatı sahəsində müxtəlif layihələr həyata keçirilir və islahatlar aparılır. Azərbaycan tranzit ölkəsi olaraq regionda ciddi nüfuza malikdir. Təsadüfi deyil ki, ölkədə əsas diqqət ayrılan istiqamət sahələrindən biri də məhz tranzit sahəsidir. Bu baxımdan statistik göstəricilərdə qeyd edilən rəqəmlər çox böyük rəqəmlərdir. Azərbaycan istər avtomobil, istər dəniz nəqliyyatı, istərsə də dəmiryolu nəqliyyatında ciddi nailiyyətlər əldə edib. Amma büdcəyə daxil olan gəlirlərin optimal olduğunu demək, bir qədər çətindir. Çünki bu barədə müqayisəli təhlillər və analitik araşdırma aparılmalıdır. Bütün hallarda, bu sahədən əldə olunan gəlirlər ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Növbəti illərdə bu rəqəmin artacağı da istisna deyil. Çünki Azərbaycan böyük nəqliyyat layihələrinin iştirakçılarından biridir”.

Şəbnəm

banner

Oxşar Xəbərlər