• cümə, 29 Mart, 18:37
  • Baku Bakı 14°C

Ölkəmizin sabahına Prezident qayğısı

15.02.19 15:45 629
Ölkəmizin sabahına Prezident qayğısı
Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdə davam edir. Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün "Sabah” qruplarında təhsilin təşkili həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulmasının nəzərdə tutulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin edəcək.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib.
İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Sərəncamı müstəqil dövlətimizin Azərbaycanın sabahı olan tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir. Prezident Sərəncamı, ilk növbədə, ali və orta ixtisas təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin bütün pillələri və səviyyələrini, habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə edir. Yəni peşə məktəblərində təhsil alan tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər təhsildə akademik nailiyyətləri olan təhsilalanların dövlət qayğısı ilə əhatə olunması nəzərdə tutulur. Bütövlükdə dövlət qayğısı martın 1-dən etibarən mərhələli şəkildə təhsildə akademik nailiyyətləri olan tələbələrin mütləq əksəriyyətini əhatə edəcək. Belə ki, Prezident İlham Əliyevin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən martın 1-dən təqaüd alanların sayının 16 min vahid artırılaraq hazırda hazırkı 31 faizdən cəmi 6 ay sonra, növbəti tədris ilinin başlanğıcında 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilib. Qeyd edilənlər dövlətimiz üçün tələbə gənclər siyasətinin davamlı olduğunu və strateji xarakter daşıdığını aydın surətdə göstərir. Bu, müstəqil dövlətimizin ölkəmizin sabahı olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara özünün strateji xəttində ardıcıl olaraq yer verdiyini nümayiş etdirir. Bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə üzrə gənclərlə keçirdiyi tarixi görüşdə yeni nəslin inkişafı ilə əlaqədar səsləndirdiyi fikirlər ilk olaraq tələbələrin təqaüdlərinin artirlması ilə əlaqədar dövlət sərəncamında öz əksini tapıb. Bununla Azərbaycan Prezidenti növbəti dəfə də verdiyi vədləri həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir. Bundan başqa, tələbələrin təqaüdlərinin artırılması üçn akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin əsas faktor kimi qəbul edilməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış maddi stimul olduğunu nəzərə çarpdırır. Bu isə heç şübhəsiz, öz növbəsində ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılmasına ciddi təkan verəcək. Xüsusən, Prezidentin "Azərbaycan Respublikasının ali məktəblərində Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Fərmanı bu məsələyə də yenidən qayıtmağı və Prezident təqaüdünün mövcud 180 manatdan 210 manata çatdırılması yüksək istedadlı tələbələrə əlavə qayğının göstərildiyini nəzərə çarpdırır. Bu, həm də respublikamızda Prezident təqaüdlü tələbələrin və məzunların reytinqinin yüksəldilməsinə də meydan açacaq.
Akademik bildirib ki, eyni zamanda, Prezident Sərəncamına uyğun olaraq təqaüdlərin artırılması ödənişli əsaslarla oxuyan tələbələri də əhatə edəcək. Bu da ölkəmizdə özəl ali təhsil sektorunun da inkişaf etdirilməsinə, təhsilin bu sektorunda təhsil alan tələbələrin də normal ali təhsil almalarına stimul verəcək. Sərəncamda peşə məktəbi müdavimlərinin də nəzərdə tutulması son illərdə özünün yenidən inkişafına başlamış peşə təhsilinə marağı bir qədər də artırmağa xidmət edəcək. "Tələbə təqaüdləri faktorunun dövlət siyasətinin diqqət mərkəzinə çəkilməsi təhsil kredit fondu yaradılması məsələsini yenidən gündəmə gətirir. Məlum olduğu kimi, həmin istiqamətdə artıq ilk addımlar atılıb. Təhsil Nazirliyi xətti ilə yaradılmış "Maarifçi” təhsil kredit mərkəzi 2016-cı ildən ödənişli əsaslarla oxuyan tələbələrə kiçik faizlə uzunmüddətli kreditlərin verilməsini həyata keçirməkdədir. Maarifçi” təhsil kredit mərkəzi hələlik ölkəmizdə fəaliyyət göstərən 14 ali məktəbin ayırdığı müəyyən bir maliyyə vəsaiti hesabına fəaliyyət göstərdiyi üçün ehtiyacı olan tələbələrin yalnız az bir qismini əhatə edə bilmişdi. Bizdə olan məlumata görə, bu vaxtadək iki yüz nəfərdən bir qədər artıq tələbə kredit fondundan faydalana bilib. Nədənsə ölkəmizin sahibkarları bu cəlbedici sahəyə maraq göstərmirlər. Təhsil kredit fondu ilə əlaqəli işləmək bir qədər uzun vaxt tələb edən məsələ olmasına baxmayaraq, dünyada sərfəli biznes sahələrindən biri hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, ehtiyacı olan tələbələrin təhsilini davam etdirməsinə və başa çatdırılmasına qoyulan maliyyə vəsaiti nəticə etibarilə ölkəmizin gələcəyinə yatırılmış yatırım olduğu üçün maddi qazncdan çox mənəvi borc kimi də mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, sahibkarlar ölkə gəncliyi üçün əhəmiyyətli olan bu sahəyə diqqət yetirəcəklər”, - deyə İsa Həbibəyli bildirib.
AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisində "Təhsil kreditləri haqqında” xüsusi Qanunun hazırlanmasına təşəbbüslər göstərilib, hətta müəyyən Qanun layihəsi də hazırlanıb. Qanun layihələrini yalnız ilkin kapital qoyuluşu məsələsində mövcud olan problemə görə gündəmə gətirmək mümkün olmayıb. Ümid edirik ki, Azərbaycan Prezidentinin tələbə gəncliyinə göstərdiyi müstəsna qayğıdan sonra sahibkarlar mühitində də bu istiqamətdə canlanma baş verəcək.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantların, magistrlərin və tələbələrin təqaüdlərinin artırılması sahəsində atdığı böyük addımlar ölkəmizin tələbə gəncliyinə göstərilmiş böyük qayğının daha bir əməli ifadəsidir. Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr – ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər. Bütün bunlar həm də tələbələrin üzərinə böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar”, - deyə İsa Həbibəyli əlavə edib.
banner

Oxşar Xəbərlər