• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir

11.10.18 14:00 600
Ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir
Öz hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Pespublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi parad zamanı fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr Ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır.
Bu il Bakıda iki dəfə möhtəşəm hərbi paradın keçirilməsi sadəcə Azərbaycanın hərbi imkanlarının təqdimatı olmadı, bu həm də xalqımızın müdafiə potensialının, gücünün nümayiş etdirilməsi ilə düşmənə ötürülən ən təsirli mesaj idi. Azərbaycan Pespublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: "Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Trend-in məlumatına görə, bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.
C.Xəlilov həmçinin bildirib ki, bu hərbi parad həm də xalqımızın öz ordusu ilə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Belə imkanların yaradılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir.
Sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad isə Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya göstərdi. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib.
C.Xəlilov qeyd edib ki, Azərbaycan hazırda öz Ordusunu yalnız ən müasir silahlar və texnika ilə təchiz etməklə, maddi-texniki imkan baxımından nəinki 15-20, hətta son 5 illə müqayisəedilməz səviyyəyə yüksəlmişdir. Bu il Bakıda "ADEX-2018” üçüncü müdafiə sənayesi sərgisində bir çox aparıcı şirkətlərin uğurla nümayiş etdirdikləri müasir məhsulları bu imkanların getdikcə artdığını göstərir. Hazırda hərbi texnika istehsalında uğurlar əldə edən Azərbaycan hərbi potensialını yüksəltməkdə yalnız bir məqsəd güdür, Ermənistan respublikasının işğalı altında olan torpaqlarımızı azad etmək. Əlbəttə, Ali Baş Komandanın daim diqqəti və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində və bu il Naxçıvanda qazandıqları qələbələri bir daha təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəklər. "Vətənpərvər Azərbaycan əsgəri həmin günü yaxınlaşdırmaq üçün hər cür fədakarlığa qadirdir”, - deyə polkovnik vurğulayıb.
banner

Oxşar Xəbərlər