• şənbə, 20 Aprel, 00:34
  • Baku Bakı 15°C

Ölkəmizi avropalı qonaqlara sevdirməliyik – Şou-biznes

08.05.15 06:06 1986
Ölkəmizi avropalı qonaqlara sevdirməliyik – Şou-biznes
Əməkdar artist Abbas Bağırov bu həftə “Gəncik qəzeti”nin qonağı oldu. Həmsöhbətimizlə “Bakı-2015” Avropa Oyunlarından və hazırda gündəmdə olan televiziya verilişlərindən, əldə etdiyi uğurlardan danışdıq. A.Bağırov həmyaşıdlarına tövsiyə etməyi də unutmadı.
- Abbas bəy, “Bakı-2015” Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz?

- Bu hadisəni ölkəmiz üçün müsbət hal kimi dəyərləndirirəm. Qonaqların gözəl təəssüratlarla geri dönməsi bizim turizmimizi də inkişaf etdirəcək. Avropa Oyunlarının Azərbaycan üçün çox müsbət tərəfləri var. “Eurovision” yarışmasında qələbə özü bir düzgün tanıtım, PR idi. Avropa Oyunlarında qalib gəlmək çox çətin olsa da, idmançılarımız öhdəsindən gəlməyə çalışacaqlar. Bu yarışmanın həyata keçirilməsi həddindən artıq mürəkkəb və çətin məsələdir. Onun öhdəsindən gəliriksə, buna ancaq sevinməliyik. Bu oyunlar vasitəsi ilə ölkəmiz tez bir zamanda dünya arenasında tanınacaq və hər kəsin diqqət mərkəzində olacaq. Biz də bir Azərbaycan vətəndaşı kimi turistlərə qarşı diqqət və hörmət göstərməliyik ki, onlar ölkələrinə yaxşı təəssüratla qayıtsınlar. Əminəm ki, elə də olacaq. Çünki ölkəmiz günü-gündən inkişaf edir, gözəlləşir. Xalqımızın turistlərə yüksək səviyyədə diqqət göstərəcəyinə əminəm. Avropa Oyunlarına görə dünyanın diqqəti Azərbaycanda olacaq. Biz də Azərbaycan vətəndaşı olaraq əlimizdən gələni etməliyik ki, turistlər məmnun halda, gözəl təəssüratlarla öz ölkələrinə geri dönsünlər. Hətta ölkəmizin gözəlliyinə heyran olub, buraya bir də gəlsinlər.
- Deyirsiniz yəni turistlər daimi burda qalsınlar?

- (Gülür) Demirəm ki, daimi olaraq burada qalsınlar. Azərbaycanımıza o qədər heyran olsunlar ki, yenə də görməyə gəlsinlər. Bəlkə də ölkəmizdən o qədər xoşları gələcək ki, bir də öz ölkələrinə qayıtmayacaqlar. Bunu da bilmək olmaz.
- Özünüz Avropa Oyunlarında iştirak edəcəksinizmi?

- Əlbəttə. Bu bizim vətəndaşlıq borcumuzdur. Yarışmanın açılışı və bağlanışında mütləq iştirak edəcəm. Müəyyən yarışlar var ki, o yarışlarda da iştirak etməyi düşünürəm. Hətta biletim də var.
- Bəs, siz hansı idman növünə maraq göstərirsiniz?

- İdmanı çox sevirəm. Daha çox isə cüdo, üzgüçülük və atletika idman növləri ilə məşğulam. Ən çox da sadaladığım idman növlərini izləməyə gedəcəm.
- Abbas bəy, hazırda ailə-məişət məsələləri ilə bağlı hazırlanan verilişlərdə müğənnilərin ekspert kimi çıxış etməsi qınaq obyektinə çevrilir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Əslində, müğənni ekspert deyil, sənət adamıdır. Bu məsələdə müğənnilərdə bir günah görmürəm. Mən özüm o tip verilişlərə getmirəm. Demək olar ki, yemək və həkim məsləhətləri bağlı olan verilişlərdən imtina etmişəm. Bir də görürsən ki, müğənni mahnısını ifa edir, operator qazanın dibini, yeməyin bişirilmə formasını göstərir. Bunun ifaya nə aidiyyəti var? Və yaxud da həkim məsləhəti ilə bağlı verilişdə ginekoloji problemlərdən danışırlar, fasilədə deyirlər ki, ifaçı durub bir mahnı oxusun. Bu nə dərəcədə düzgündür? Mən bunu düzgün hesab etmirəm. Məhz buna görə də o tip verilişlərdə iştirak etmirəm. Belə hallar kənardan bir qədər gülməli görünür. Amma heç kimi qınamaq olmaz. Mən bütün müğənnilərin adından danışa bilmərəm. Bəlkə müğənnilər özləri istəyir ki, belə verilişlərdə iştirak etsinlər. Orasını bilmirəm. Öz adımdan deyə bilərəm ki, heç vaxt bu tip verilişlərə getmərəm. Elə verilişləri bəyənmirəm. Bir də görürsən ki, ailə məsələləri ilə bağlı olan hansısa verilişdə kimsə öz dərdini danışır, ardınca müğənni durub şux bir musiqi oxuyur, heç nə olmamış kimi veriliş davam edir. Bu halları normal qəbul edə bilmirəm.
- Siz özünüz ən çox hansı verilişləri bəyənirsiniz?

- Mənim sevdiyim veriliş – informasiya proqramları və xəbərlərdir. Ümumiyyətlə, mütəmadi olaraq hər gün xəbərləri izləyirəm. Bir də hansı kanalda köhnə filmlərimizlə rastlaşıramsa, oturub onları maraqla izləyirəm. Ümumiyyətlə yerli kanallarımızda çox az sayda verilişləri izləyirəm.
- Bu yaxınlarda şoumen Murad Dadaşovun layihəsi olan “Maşın şou”-da iştirak edəcəksiniz. Maşını udmağa iddialısınızmı?

- Mayın 9-dan “Maşın şou” verilişi yayımlanacaq. Maraqlı veriliş olduğuna görə həmin şouda iştirak edəcəm. Əslində mənim avtomobilim var, ona ehtiyacım yoxdur. Sadəcə olaraq şansımı sınamaq istəyirəm.
- Abbas Bağırovun uğurunun sirri nədədir?

- Uğurumun sirri hər şeyi öncədən düşünərək, yüz ölçüb, bir biçərək addım atmağımdadır. Ən əsası, özümü pis fikirlərdən uzaq tuturam. Çalışıram ki, pis insanlardan uzaq olum. Ən önəmlisi, uğur əldə etməyimə mane olan insanları çevrəmə yaxın buraxmıram. Məhz bunun üçün çox asanlıqla uğur əldə edirəm. Hər şeyi açıqladım, artıq sirr deyilən bir şey qalmadı (gülür).
- Yerinizdə olmaq istəyən gənclərə nələri məsləhət görürsünüz?
- Mən istəmirəm ki, kimsə mənim yerimdə olsun. Hərə öz layiqli yerində olsa, daha yaxşı olar. Yox əgər mənim kimi olmaq istəyirlərsə, bir qədər əziyyət çəkməlidirlər. Musiqini sevərək, zəhmətə qatlaşaraq öz yerlərini tutsunlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər