Ölkəmizdə aparılan uğurlu islahatlara beynəlxalq qiymət
Avropa Şurasının MONEYVAL
Komitəsi Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirib. Maliyyə
Monitorinqi Xidmətinin (MMX) bu barədə yaydığı məlumata görə, cari ilin 5
dekabr tarixində Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası
keçirilib. İclas çərçivəsində Azərbaycanın cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə
növbəti tərəqqi hesabatı dinlənilib. Müzakirələrin nəticələrinə uyğun olaraq
qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o
cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan tərəfindən
müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə
aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi,
institutsional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq
vurğulanıb. Bununla da, Azərbaycan cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud
standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.
Milli
Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirdi ki, bir sıra
beynəlxalq təsisatlar Azərbaycan qanunvericiliyi barədə tam məlumatlı deyillər.
Onun sözlərinə görə, əgər beynəlxalq qurumlar bizim qanunlarımızla ətraflı
tanış olsalar, görərlər ki, bu istiqamətdə bütün parametrlər üzrə Azərbaycan
digər dövlətlərə əsl nümunədir: "Məsələ burasıdır ki, biz qanunlarımızı təbliğ
edə bilmirik. Son illər qeyd olunan istiqamətdə müvafiq qanunvericiliyə əlavə
və dəyişikliklər edilib, daha da təkmilləşdirilib. Mükəmməl qanuna söykənərək,
real addımlar atılıb. Biz başa düşürük ki, terrorizmin milləti, dövləti yoxdur.
Bu, ümumilikdə bəşəriyyət üçün təhlükədir. Terrorizmə, onun maliyyələşməsinə,
çirkli pulların yuyulmasına qarşı bütün dünya, o cümlədən Azərbaycan mübarizə
aparır. Ona görə də, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Avropa
təsisatları tərəfindən təqdir olunmağa başlayıb. Bu hadisəni ədalətli
baxışların başlanması kimi də dəyərləndirmək olar”.
İqtisadi
və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov hesab edir
ki, Azərbaycanda aparılan islahatlar pulların leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurların
əldə edilməsinə imkan yaradıb. Ekspertin qənaətincə, Avropa Şurasının MONEYVAL
Komitəsinin qiymətləndirməsi göstərir ki, Azərbaycan son illər uğur əldə edən
əsas ölkələrdən biridir: "Nəzərə alsaq ki, söhbət Avropanın beynəlxalq baxımdan
kifayət qədər əhəmiyyətli qurumunun araşdırmasından gedir, aparılan islahatlar
ölkəmizdə çirkli pulların yuyulması, pulların leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, yeni bir
modelin tətbiqini də həyata keçirir. Azərbaycanın bu sahədə apardığı islahatlar
və tədbirlər beynəlxalq standartlara cavab verir. Mövcud qanunvericiliyin
təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq tətbiq edilən
qaydaların sözügedən sahədə uğurların əldə edilməsinə imkan verməsi ilə yanaşı,
Azərbaycan müasir texnologiya və innovasiyalardan istifadə etməklə, çirkli
pulların yuyulması, terrora qarşı mübarizədə uğurlara imza ata bilib.
Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar təqdirəlayiqdir. Ölkəmiz,
bütövlükdə, bu sahədə şəffaflığın gücləndirilməsi və pulların
leqallaşdırılmasına qarşı mübarizəni daim davam etdirir. Avropa Şurasının
MONEYVAL Komitəsinin Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirməsi ölkəmizdə
aparılan uğurlu islahatlara bir qiymət kimi xarakterizə olunur. Genişmiqyaslı
islahatlar həm də bu sahədə şəffaflığın artırılmasına, innovativ metoda
əsaslanan sistemin qurulmasına, ən əsası isə beynəlxalq standartlara uyğun
olaraq, Azərbaycanda yeni və müasir sistemin qurulmasına gətirib çıxarıb”.
Konstitusiya
Araşdırmalar Fondunun Prezidenti, korrupsiya ilə mübarizə üzrə QHT-lərin
məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev də
qəzetimizə açıqlamasında deyib ki, MMX həm beynəlxalq müqavilələrdən irəli
gələn tələblərə uyğun şəkildə yaradılıb, həm də fəaliyyətini bu istiqamətdə
qurub. O qeyd edib ki, Azərbaycan çirkli pulların yuyulmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mükəmməl qanun qəbul edib. Ekspertin sözlərinə
görə, bu qanuna, zaman-zaman müasir tələblər və təcrübə nəzərə alınmaqla, əlavə
və dəyişikliklər də edilib: "Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq
fərmanı ilə Maliyyə Monitorinq Xidməti müstəqil qurum kimi təsis edilib.
Halbuki, bu fərmana qədər həmin qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının,
ondan əvvəl isə Mərkəzi Bankın yanında idi. Lakin Avropa Şurasının MONEYVAL
Komitəsinin tövsiyələri də nəzərə alınmaqla, Maliyyə Monitorinq Xidməti
müstəqil quruma çevrildi. Bu, sözügedən xidmətin digər qurumlardan asılılığını
tam aradan qaldırır. Şəxsi müşahidələrim əsasında qeyd edə bilərəm ki, müstəqil
fəaliyyət göstərən xidmət öz işini günün tələbləri səviyyəsində qurmağı
bacarıb. Azərbaycanda çirkli pulların yuyulmasına, terrorizmin
maliyyələşdirilməsinə qarşı ən effektiv qurumdur. Xidmət müxtəlif təsisatlarla
da operativ işləyir, maksimum səviyyədə səmərəli fəaliyyət ortaya qoya bilir.
Təbii olaraq Maliyyə Monitorinq Xidmətinin fəaliyyətini beynəlxalq təsisatlar
da izləyir, müvafiq qiymətləndirmə aparır, hər zaman da xidmətin fəaliyyəti
barədə müsbət fikirlər qeyd edirlər. Bu baxımdan, Azərbaycanın cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasına,
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin beynəlxalq
səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilməsini
təbii hal sayıram. Azərbaycanda bu istiqamətdə səmərəli fəaliyyət, mexanizm
ortaya qoyulub”.
Rufik İSMAYILOV