• şənbə, 20 Aprel, 06:25
  • Baku Bakı 14°C

“Ölkəmiz situasiyaya uyğun davranacaq”

26.05.16 10:35 1685
“Ölkəmiz situasiyaya uyğun davranacaq”
Vyana görüşündən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün 1 ay sonraya, yəni iyun ayına planlaşdırıldığı haqda məlumat vermişdik. Amma son günlər bu görüşün baş tutmayacağı ilə bağlı fikirlər artır. Buna səbəb kimi isə işğalçı tərəfin ziddiyyətli davranışları, verdiyi qeyri-ciddi və həqiqəti əks etdirməyən bəyanatlar və s. göstərilir.
Mövzu ilə bağlı fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Amma bu fikirləri qarşı tərəf haqda söyləmək mümkün deyil: "Azərbaycan ciddi ölkədir, öhdəliklərin məsuliyyətini anlayır. Vyana görüşündə növbəti ayda prezidentlərin yenidən görüşməsi barədə danışıqlar oldu. Ölkəmiz buna da ciddi yanaşdı. Amma Ermənistan yox. Onlar nəinki atəşkəsi pozmaqda davam edirlər, yenə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yersiz müharibə əhval-ruhiyyəli bəyanatlar verməkdə davam edirlər. Görüşün baş tutmayacağı haqda deyilənlər bu cür bəyanatlarla bağlıdır, görüşə gəlməyəcəkləri bildirilir. Hesab edirəm ki, ölkəmiz situasiyaya uyğun davranacaq”.
Millət vəkilinin fikrincə, əgər Ermənistan siyasətini bu şəkildə davam etdirəcəksə, cəbhə xəttində gərginlik qalacaqsa, hətta danışıqlar başlamamış Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alındığı barədə bəyanatlar veriləcəksə, o zaman ölkəmiz də görüşdən imtina edə bilər: "Yəni situasiya hər an dəyişə bilər. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdır. Danışıqların vaxtın uzanmasına, Ermənistanın işğal faktorunu davam etdirməsinə səbəb olmasına baxmayaraq, işğalçı dövlətə yenə də bir şans verilir. Bütün hallarda, Ermənistan bilməlidir ki, Azərbaycan situasiyanın uzun müddət bu şəkildə davam etməsinə razılıq verməyəcək”.
Politoloq Natiq Miri düşünür ki, ABŞ görüşün baş tutmasında maraqlıdır və Vyana prosesini də məhz onlar başladıblar. Bu məqam isə müsbət dəyərləndirilməlidir: "Əgər aprel döyüşlərindən sonra Rusiya münaqişə tərəflərini atəşkəsə məcbur edə bildisə və bununla öz gücünü ortaya qoydusa, ABŞ həmin döyüşlərdə yüzlərlə itkilər vermiş tərəfləri bir masada oturtmağı bacardı. Onu da xatırladım ki, bu proses Sarkisyan və bütün erməni çevrəsinin etirazına rəğmən baş tutdu. Vyana görüşünün baş tutması heç də atəşkəsin elan olunmasından kiçik məsələ deyil. Proses ABŞ tərəfindən başladıldığı üçün onların növbəti görüşün baş tutmasında da maraqlı olduqlarını düşünürəm. ABŞ-ın vitse-prezidenti Co Baydenin bir neçə gün əvvəl Ermənistan və Azərbaycan prezidentlərinə zəngini də təxminən bu kontekstdə dəyərləndirmək lazımdır. Görünür, ABŞ-da cəbhə xəttində təxribatlar törədilə biləcəyi haqda kəşfiyyat məlumatı var ki, narahatlıqdan telefon zəngi etməli olublar. Yəqin ki, atəşkəsin qorunması məsələsinə daha həssas yanaşılması istənilib. Düşünürəm ki, artıq bəzi işartılar var. Çünki Ukrayna ərazisi olan Donbasdan 300-ə yaxın terrorçunun Qarabağa gəlməsi haqda informasiyalar var. Bundan başqa, Yaxın Şərqdən də bəzi terrorçu qrupların Dağlıq Qarabağa transfer olması haqda informasiyalar dövriyyəyə buraxılıb. Bunların heç biri təsadüfi deyil. Belə deyilir ki, erməni terror təşkilatının təklifi ilə bəzi qruplar da Avropa və Amerikadan tədricən Dağlıq Qarabağa gəlirlər. Bunlar onu göstərir ki, bu qruplar dünya güc və maliyyə şəbəkələrinin idarə etdiyi terror qruplarıdır. Onların Dağlıq Qarabağda mövcud olması hər an hərbi təxribatların törədilməsinə gətirib çıxara bilər. İyun danışıqları öncəsi bu cür təxribatların olması sözün əsl mənasında ciddi təhlükədir. Təbii ki, belə hallar Minsk qrupunun həmsədrləri kimi Azərbaycanı da müəyyən qədər narahat edir”.
Politoloqun fikrincə, artıq danışıqlar status-kvonun dəyişilməsi yönündə olmalıdır. Müzakirə predmeti Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun boşaldılması olmalıdır: "Ancaq Ermənistan siyasi hakimiyyəti buna hazır görünmür. Onların verdiyi siyasi bəyanatlar ziddiyyətlə doludur. Görünən odur ki, erməni ictimai rəyi və Dağlıq Qarabağda mövcud olan hərbi xunta da buna hazır deyil. Hadisələr, olanlar, açıqlamalar göstərir ki, iyun danışıqları baş tutsa belə, ondan hər hansı bir ciddi nəticə gözləmək çətindir. Ola bilsin ki, bu vəziyyətdən çıxmaq üçün hansısa yeni təxribatların törədilməsi baş verər ki, görüşü müəyyən qədər təxirə salsınlar. Ona görə də bu cür narahatlıqlar mövcuddur. Amerikalı həmsədr Uorlikin də açıqlaması bu yöndədir, iyun görüşünü təşkil etmək üçün prezidentlərlə görüş baş tuta bilər. Düzdür, hələ ki, mənzərə ürəkaçan deyil, amma düşünürəm ki, yaxın həftələrdə bu proses öz açılımına doğru inkişaf edəcək. Onda Ermənistanın prosesə nə qədər hazır olduğu məlum olacaq. Əgər status-kvonun saxlanması üçün yenidən zaman udmağa çalışacaqlarsa, bu, cəbhə xəttində növbəti hərbi əməliyyatların başlamasına rəvac verə bilər. Azərbaycanın ortaya qoyduğu münasibət bu yöndədir. Birmənalı şəkildə bildirilib ki, status-kvonun saxlanılmasına, zamanın uzadılmasına imkan verməyəcəyik. Ona görə də konkret fəaliyyətə keçmək zamanıdır. Fransa XİN-in də narahatlığı diqqət çəkir. Dağlıq Qarabağda cəbhə xəttində bəzi təhlükələr mövcud olduğunu bildirirlər. Bu təhlükələr mən dediyim kontekstdədir. Onu aradan qaldırmağın yeganə yolu status-kvonun dərhal dəyişməsidir. Çünki bütün təhlükələrin səbəbi işğal faktorudur. O aradan qaldırılacaqsa, erməni ordusu işğal olunmuş ərazilərdən çıxarılacaqsa, Azərbaycanın suverenliyi bərpa olunacaqsa, bölgədə hər hansı bir təhlükədən söhbət gedə bilməz. Təhlükəni yaradan səbəb idarə olunmayan ərazi, oralarda terrorçuların mövcudluğu və geosiyasi maraqların varlığıdır. Ona görə də işğal olunan ərazilər azad olunmalıdır. Belə olarsa, atəşkəsin möhkəmləndirilməsi mexanizmlərinə, araşdırmalar aparılmasına ehtiyac qalmayacaq. Minsk qrupu səbəbləri deyil, ümumi nəticəni aradan qaldırmalıdır. Status-kvonun aradan qaldırılması Vyana görüşündə bütün tərəflər arasında razılaşdırılmış məqamdır. Sadəcə, dünya gücləri bunun gerçəkləşdirilməsi yönündə ciddi fəaliyyətə başlamalı, Ermənistanı buna vadar etməlidirlər. İşğalçını aprel məğlubiyyətindən sonra masa arxasında oturda bildilərsə, onu status-kvonun dəyişməsinə razı sala bildilərsə, düşünürəm ki, digər məsələlərdə də onları güzəştə getməyə, yəni torpaqları işğaldan azad etməyə razı sala bilərlər. Onları buna məcbur etmək üçün ortada siyasi iradə olmalıdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər